Xiyabaninin ömrü, yaradıcılığı necə araşdırılıb?

 

Sübhan Talıblı: «Tarixçi alimlərimiz ciddi basqılar şəraitində olsa da, müəyyən əsərlər qələmə alıblar»

 

Xiyabaninin ömür yolu, yaradıcılığı xüsusilə son dövrlərdə ardıcıl araşdırma mövzusudur. AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Sübhan Talıblı bildirir ki, bu sahədə həm Güney, həm də Quzey Azərbaycanda müəyyən tədqiqatlar aparılıb, yazılıb ortaya çıxsa da, tarixşünaslıqda Xiyabani və onun adı ilə bağlı olan hərəkatın dolğunluqla və ətraflı verilməsi demək deyil: «Bu tərəfdə sovet hakimiyyətinin mövcud olması, İranda Pəhləvi rejiminin şovinist siyasəti, bir sıra başqa mövzular kimi Xiyabani mövzusunun da istənilən səviyyədə tədqiqinə və oxuculara çatdırılmasına imkan verilməmişdi. Buna baxmayaraq Arazın hər iki sahilində yazıb-yaradan tarixçi alimlərimiz ciddi basqılar şəraitində olsa da, müəyyən əsərlər qələmə almışlar.

1945-1946-cı illərdə Güney Azərbaycanda olmuş, sovet ordusu sıralarında xidmət etmiş məşhur jurnalist, tədqiqatçı-alim Qulam Məmmədlinin də bu sahədə tədqiqatları olub. Q.Məmmədli Güney Azərbaycanda olduğu müddət ərzində Ş.M.Xiyabani ilə maraqlanıb, onun doğulduğu kənddən başlamış Təbriz kitabxanasına qədər araşdırma aparıb və Xiyabani hərəkatında iştirak etmiş, onu yaxından tanıyan insanlarla təmasda olub. Əldə etdiyi materiallar ona sonrakı illərdə Xiyabani haqda dəyərli kitab yazmağa imkan verib. Q.Məmmədlinin bu kitabı Xiyabani Azərbaycanın quzeyində ictimaiyyətə tanıtdırmaqda ilk vasitə olub. Kitab 1949-cu ildə Bakıda «Azərbaycan» nəşriyyatında çap edilib. «Xiyabani» (Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixindən)» adlı 160 səhifədən ibarət olan bu dəyərli əsər sovet dövründəki siyasi mühitin basqılarına baxmayaraq Xiyabani haqqında, onun elmi, siyasi, dini, fəlsəfi görüşləri barədə oxucuda müəyyən təsəvvür yaradır. Kitabda Xiyabaninin çıxışlarından verilmiş iqtibaslar gənc nəslin vətənpərvərlik ruhunda və tərbiyəsində mühüm rol oynamış və oynamaqdadır».

M.Xiyabani mədəni-maarif, xüsusilə siyasi tərbiyə və təlim məsələlərinə də əhəmiyyət verirdi. Q.Məmmədli Xiyabaninin ana dilimizin qorunması ilə bağlı apardığı mübarizə haqqında yazır: «O, Azərbaycanda aparılan farslaşdırma siyasətinə qarşı mübarizə aparırdı, xalqın maariflənməsinə və mədəni olmasına çalışırdı. Mədəni-maarif işlərinin tərəqqisi yolunda var qüvvəsi ilə fəaliyyət göstərirdi. 1918-ci ilin baharında Bakıdan Təbrizə gəlmiş teatr heyəti Xiyabani tərəfindən məmnuniyyətlə qarşılanmışdı. Əksəriyyətlə Cənubi Azərbaycan gənclərindən olan həmin artistlər iqtisadi cəhətdən çətinlik çəkirdilər. Tamaşaları hazırlamaq üçün vəsait yox idi. Buna görə də artistlərin əhval-ruhiyyəsi düşkün idi. Bundan xəbəri olan Xiyabani artistləri qəbul etdi və ruhdan düşməməyə çağırdı: «Siz biletlərinizin satılıb-satılmamağına baxmayın, tamaşanı hazırlayın, oynayın, qoy camaat gəlib baxsın; pul məsələsi haqqında düşünməyin, onu mən yerbəyer elətdirərəm».

S.Talıblı bildirir ki, Xiyabaninin Azərbaycanın dil, maarif və mədəniyyətinin inkişafı yolundakı siyasəti düşmənlərin xoşuna gəlmirdi. Onlar hər cür vasitə ilə bu gözəl təşəbbüsə mane olurdular. Lakin xalq Şeyxin ətrafında toplaşır və onu diqqətlə dinləyirdi. O, xalqın ana dilində danışdığı üçün sözləri əhaliyə çatır və təsir bağışlayırdı. «Təcəddüd qəzeti» 1917-ci ilin aprelin 9-da nəşrə başladı. Tədqiqatçı Qulam Məmmədlinin göstərdiyi kimi, «Onun imtiyaz sahibləri və baş mühərrirləri ilk zamanlarda dəyişdirilsə də, siyasi rəhbərlik əsas etibarilə Xiyabaninin üzərində qalırdı. Qəzetin 65 nömrəsi, yəni 137 və 202-ci nömrələr rəsmən Xiyabaninin müdirlik və baş mühərrirliyi ilə çap olunmuşdu».

Tarix elmləri doktoru, professor Şövkət xanım Tağıyevanın 1956-cı ildə rus dilində çap olunan «1917-1920-ci illərdə İran Azərbaycanında milli azadlıq hərəkatı» monoqrafiyasında Güney Azərbaycanda ingilis imperializminə və İran irticaçılarına qarşı aparılan mübarizələrin sosial-iqtisadi köklərini araşdırmış və milli azadlıq hərəkatı və onun məğlubiyyətinin səbəblərini göstərməyə çalışıb: «Burada Xiyabaninin ictimai-siyasi fəaliyyəti geniş şəkildə əks olunub. Ş.Tağıyeva «1920-ci il Təbriz üsyanı» əsərində Şərqin müstəmləkə və asılı ölkələrində I Dünya müharibəsinin sonlarına doğru başlamış milli azadlıq inqilabları dövrünün təbii nəticəsi olan Güney Azərbaycandakı 1917-1920-ci illər milli azadlıq və demokratik hərəkatı, ölkədəki sosial-iqtisadi və siyasi zəmin üzərində meydana gələn bu hərəkatın ən yüksək mərhələsi olan 1920-ci il Təbriz üsyanı, üsyan nəticəsində yaranan Milli Hökumətin fəaliyyəti tədqiq edilir. Kitabda inqilaba rəhbərlik etmiş Azərbaycan Demokrat Partiyası və onun başçısı Şeyx Məhəmməd Xiyabaninin İran irticasına və İngiltərə imperializminin ölkədə işğallar siyasətinə qarşı yönəlmiş mübarizədəki rolundan danışılır, beş aydan çox davam etmiş üsyanın yatırılması və hərəkatın məğlubiyyət səbəbi araşdırılır.

Filologiya elmləri doktoru, professor Vüqar Əhmədin «Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyətı» adlı monoqrafiyasında Xiyabaninin ictimai, siyasi fəaliyyəti, fəlsəfi görüşləri, publisistikasi tədqiq və təhlil edilib. İlk dəfə olaraq fars dilində yazılmış İran alimlərindən Əli Azərinin, Əhməd Həsənin Xiyabani haqqında kəlamlar müəllif tərəfindən tərcümə edilərək münasibət bildirməklə onlara istinad edilib, Xiyabaninin ədəbi fəaliyyəti, redaktorluğu, publisistikası, publisistikanın mövzu dairəsi və s. təhlil süzgəcindən keçirilib».

S.Talıblı daha sonra bildirir ki, Pəhləvilər hakimiyyəti illərində (1925-1979-cu illər) Güney Azərbaycanda milli hərəkat və bu hərəkata başçılıq edən şəxsiyyətlər haqqında yazmaq rəsmən yasaq edilmişdi: «Bu cəhətdən Ş.M.Xiyabani şəxsiyyəti və başçılıq etdiyi hərəkat haqqında İran tarixşünaslığında böyük boşluq var idi. Doğrudur, 1960-cı illərdə görkəmli tarixçi Əli Azərinin «Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanı» adlı fundamental əsəri yazılıb oxuculara təqdim edilmişdi. 512 səhifədən ibarət olan bu dəyərli kitab rejimin nəzarətindən kənarda çap edilmişdi. Mərhum alim Əli Azərinin bu kitabı Şeyx Məhəmməd Xiyabani və onun başçılıq etdiyi hərəkat haqqında ən müfəssəl mənbə hesab olunur, 3 iri fəsildən ibarət olan kitabda Xiyabaninin həyatı və keçdiyi mübarizə yolu geniş səpkidə əks olunub. Əli Azərinin Xiyabani haqqında kitabında diqqəti çəkən mühüm cəhətlərdən biri həmin dövrün sosial-siyasi və mədəni durumunun şərhi, Xiyabaninin silahdaşlarının fəaliyyəti, Azərbaycan Milli hakimiyyətinin 5 ay ərzində icra etdiyi tədbirlər və nəhayət, Xiyabaninin nitqlərinin bir hissəsi kitabda verilib. Ümumiyyətlə, Əli Azəri Güney Azərbaycan tarixşünaslığında Xiyabani və onun başçılıq etdiyi hərəkat haqqında dəyərli salnamə yazan müəllif kimi çox qiymətlidir. Əli Azərinin xiyabanişünaslıqda açdığı cığır Xiyabani haqqında sonralar yazmış müəlliflər üçün zəngin və etibarlı mənbə olub. 1979-cu il İran inqilabından sonra Xiyabani irsinə müraciət edənlər sırasında tarixçi-alim Səməd Sərdariniyanın, Zəhra Vəfalının, Hüseyn Düzgünün, Salamulla Cavidin, S.C.Pişəvərinin, Əhməd Kəsrəvinin və başqalarının adlarını qeyd etmək olar. Səməd Sərdariniya «Azərbaycan məşhurları» adlı kitabın II cildində Ş.M.Xiyabaniyə, onun silaodaşlarından olan Hacı Məmmədəli Badamçıya, Hacı Mirzəli Gəncəviyə və başqalarının xüsusi yer verib. S.Sərdariniyanın əsərində Xiyabani Güney Azərbaycan xalq hərəkatının qorxmaz və dönməz zəkalı xadimi kimi təqdim olunur. Kitabın 41-52-ci səhifələri bilavasitə Ş.M.Xiyabaniyə həsr edilib. Oçerkvari yazılmış bu yazıda oxucu Xiyabani şəxsiyyətinin böyüklüyünü onun geniş elmi, fəlsəfi və dini dünyagörüşünün müxtəlif çalarlarını görür. İnqilabdan sonra Xiyabani haqqında yazan müəlliflərdən biri də Zəhra xanım Vəfalıdır. Zəhra xanım özünün çap etdirdiyi «Azərbaycana şöhrət gətirənlər» kitabında Azərbaycanın görkəmli şəxsiyyətləri sırasında Ş.M.Xiyabaniyə xüsusi yer ayırıb».

Xiyabaninin Güney Azərbaycan tarixşünaslığında yeri haqqında danışarkən Azərbaycan Milli Hökumətinin rəhbəri Pişəvərinin Şeyxin «Gülüstan» bağında nitqini xüsusi qeyd etməliyik. Pişəvəri 1946-cı il oktyabrın 2-də Xiyabani büstünün açılışı ilə əlaqədar söylədiyi tarixi nitqində demişdi: «Rəşidlik zirvəsinə baxsaq, Səttar xan qəhrəman imiş. O, düşmən qabağında təslim olmamışdı. Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Sərdar rəşid imiş, Şeyx o xasiyyətlərə malik halda, bir də onun alimlik məqamı var idi».

Azərbaycan Milli Hökumətinin mövcud olduğu bir il ərzində Xiyabaniyə büst qoymaqla yanaşı, Xiyabaninin adına məktəb də verilmişdi. Sübhan Talıblı sonda bildirir ki, Xiyabaninin ailəsi üçün Azərbaycan Milli Hökumətinin qərarı ilə xüsusi təqaüd də ayrılmışdı: «Güney Azərbaycanın görkəmli siyasi xadimi, yazıçı doktor Salamulla Cavid «Xatirə dəftərindən» adlı kitabında Xiyabani şəxsiyyətinə və onun başçılıq etdiyi hərəkata xüsusi yer vermişdi. Doktor Salamulla Cavid öz yazısında təkcə Xiyabanini yox, onun silahdaşlarını da yad etməklə bərabər, «İnqilabyun» və «Tənqidiyyun» cinahlarının mövqelərindəki fərqli cəhətləri açıqlamış, Xiyabaniyə tərəfdar olan «İnqilabiyyun» cinahını xüsusi rəğbətlə oxuculara təqdim etmişdi. Güney Azərbaycanın müasir alimlərindən olan Hüseyn Düzgün həm də bir şair kimi tanınır. O özünün Xiyabaninin həyat və mübarizəsinə həsr etdirdiyi poemasını, 1990-cı ildə (1379) «Şeyx Məhəmməd Xiyabani həmmaməsi» kitabında dolğun lövhələrdə əks etdirib. Güney Azərbaycanın görkəmli ədəbi simalarından olan Həmid Nitqi Şeyx Məhəmməd Xiyabani haqqında şeirində Xiyabani hərəkatını, onun böyük şəxsiyyət olduğunu qeyd edir. Güney Azərbaycan tarixşünaslığında Xiyabani şəxsiyyəti və onun başçılıq etdiyi hərəkat haqqında yazan müəllifdən biri də Xiyabani məfkurəsinə düşmən olan Əhməd Kəsrəvi olub. Ə.Kəsrəvinin Azərbaycan xalqının milli kimliyi, mədəniyyəti və tarixi haqqında fars şovinist mövqeyindən yazılmış əsərləri bizə məlumdur. Kəsrəvi Xiyabani hərəkatının əvvəlində hərəkata qoşulmuş, özünü Xiyabaniyə yaxın adam kimi göstərməyə çalışmışdı. O, Xiyabaninin milli ruhu və hərəkatın milli yön aldığını gördükdə hərəkatdan uzaqlaşmış, sonra isə «Tənqidiyyun» adlı dəstəyə başçılıq edərək, Xiyabaniyə və onun başçılıq etdiyi hərəkata düşmən mövqeyi bəsləmişdi. Buna baxmayaraq Kəsrəvi sonralar Ş.M.Xiyabani qiyamı adlı kitabının bir çox yerində Xiyabani şəxsiyyətinin böyüklüyünü, savadlı olmasını, alovlu nitqləri ilə kütləyə təsirini etiraf etməyə məcbur olmuşdu. Onun kitabının son «İşin başa çatması və Xiyabaninin öldürülməsi» adlı bölməsində bir sıra həqiqətləri ortalığa gətirmiş və Xiyabani şəxsiyyətinin böyüklüyünü yazmaq məcburiyyətində qalmışdı».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 16 fevral.- S.14.