XX əsr Azərbaycan musiqisinə baxış

 

Hər bir yeni kitabı əlimə alarkən qəribə, izahı çətin olan hisslər keçirirəm: görəsən, bu görüş bəxş edəcək? Sevindirəcək, zənginləşdirəcək, yoxsa laqeyd qoyacaq, bəlkə məyus edəcək?

«XX əsr Azərbaycan musiqisi»… Bu yaxınlarda işıq üzü görən kitabın adıdır. Bu kitabda musiqişünas Aida Tağızadənin elmi yaradıcılığı boyu müxtəlif nəşrlərdə dərc etdirdiyi məqalələr toplanıb. Müəllifin xüsusi təqdimata, yəqin ki, ehtiyacı yoxdur. Professor, əməkdar incəsənət xadimi, uzun illər BMA-da musiqi tarixi kafedrasının müdiri, bir neçə sanballı monoqrafiyanın müəllifi, lakin hər şeydən öncə həmkarlarının, tələbələrinin, yəni ən ali peşəkar çevrənin ehtiramını qazanmış bir alim, pedaqoq. Əlbəttə, mən fəxri, elmi adların əhəmiyyətini əsla danmaq istəməzdim, lakin indiki zamanda bir mütəxəssis kimi nüfuz sahibi olmaq, məncə, daha dəyərlidir. Aida xanım Azərbaycan musiqi elmində xüsusi mövqe tutur: onun mülahizələri dərin dəqiq, qənaətləri inandırıcı, tənqidi sərrastdır. Başqa sözlə, bu müəlliflə bəzi hallarda polemikaya girmək həvəsi yaransa da, yazılarının əsas müddəaları ilə sonucda razılaşırsan, ona bir mütəxəssis kimi etibar edirsən.

Alimin yeni kitabı öz biçimli, məntiqli quruluşu ilə fərqlənir. Birinci bölümdə Azərbycan bəstəkarlarınınÜ.Hacıbəylidən üzü bəri-əzəmətli fiqurları ucalır, onların həll etdikləri taleyüklü çeşidli problemlər barədə düşüncələr şərh olunur. İkinci bölüm ölkəmizin həyatında baş vermiş müxtəlif musiqi hadisələrinəkonsert, plenum, qurultaylarda səslənən yeni musiqiyə, opera teatrında təzəcə səhnə üzü görən tamaşalara dair Aida xanımın tənqidi qeydlərini ehtiva edir. Üçüncü bölüm milli ifaçılıq məktəbinin parlaq nümayəndələrinin portretlərini sərgiləyir. Nəhayət, sonuncu hissə musiqişünasın əsərləri, onun elmi fəaliyyəti şəxsiyyəti haqqında müxtəlif sənət adamlarının fikirlərini əks etdirir.

Topludakı məqalələr janrca, üslubca fərqlidir. Ciddi araşdırıcılıq işinin bəhrəsi olan, müxtəlif elmi kitab, toplu, jurnallarda, məsələn, «Sovetskaya muzıka»da dərc olunmuş analitik yazılar qısa, yığcam reportaj rəylərlə ardıcıllaşır. Başqa sözlə, toplu Aida xanımıtanınmış alim, Azərbaycan musiqisi barədə bir sıra kitabların, məsələn, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə yaradıcılığına dair ilk ciddi dərin tədqiqatların müəllifi kimi , incə müşahidə qabiliyyətinə, həssas musiqi duyumuna, iti yazar qələminə malik bir musiqi tənqidçisi kimi təqdim edir. Onu da deyim ki, şəxsən mənim üçün hər iki növ maeriallarla tanışlıq eynilə maraqlı idi. Çünki, məsələn, elmi məqalələrdə bu ya digər əsərin bütün bədii məziyyətləri, sənətkarın musiqi tarixində rolu açıqlanırsa, qəzet qeydlərində zamanın nəbzi döyünür, əsərlərin yarandığı atmosfer duyulur.

İstər-istəməz bir sual meydana çıxır: məqalələr toplusu olan bir kitaba belə başlıq — «XX əsr Azərbaycan musiqisi» — vermək məqsədəuyğundurmu? Axı, burada musiqi tarixi müəyyən metodika əsasında ardıcıl olaraq təqdim olunmur, əsərlərin təhlilində xronoloji ardıcıllıq da izlənilmir. Lakin toplu ilə müfəssəl tanışlıq bu növ sualları aradan götürür. Çünki ayrı-ayrı məqalələr Azərbaycan musiqisinin tarixində yeni mərhələni yaradan sənətkarlara onların davamçılarınaistər bəstəkar yaradıcılığında, istər ifaçılıqdahəsr olunub. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov. A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, M.Quliyev haqqında, onların yaradıcılığının ən önəmli xüsusiyyətləri barədə məqalələri ardıcıl oxuyarkən təsəvvürümüzdə XX əsr Azərbaycan musiqisinin dolğun, rəngarəng panoramı canlanır. Çünki məhz bu sənətçilər, habelə kitabda «müzakirə» olunan T.Quliyev, Ə.Abbasov, R.Hacıyevin timsalında Azərbaycan musiqisinin ayrı-ayrı mərhələlərdə həll etdiyi məsələləri aydın təsəvvür edir, ən əsasıÜ.Hacıbəylidən başlayaraq sənətkardan-sənətkara ötürülən bədii tapıntılar estafetini izləyə bilirsən.

Elə toplunu açan «Dahilik zirvəsi» adlı ilk məqalədə alimin aşağıdakı tezisi diqqəti cəlb edir: «Ü.Hacıbəylinin yaradıcılığı, sadəcə, tarixi nailiyyət deyil, ölməz canlı müasirlikdir. Ü.Hacıbəylinin çoxşaxəli yaradıcılığı Azərbaycan mədəniyyətinin inkişaf trendini müəyyən edən amillərdəndir». Əslində bütün məqalələr elə bu tezisin isbat olunmasına həsr olunub. Axı gələcək nəslin nümayəndələri olan bəstəkarlardan hər biri Üzeyir bəydən təkan alaraq milli ümumbəşər musiqinin nailiyyətlərinin ən müxtəlif simbiozu yollarını təklif etmiş, heç zaman qazanılan uğurlarla məhdudlaşmayaraq, irəli, yeni sənət zirvələrinin fəthinə can atmış, sonucda XX əsr musiqisini öz unikal bədii kəşfləri ilə zənginləşdirmişlər. Özü Aida xanımın təqdim etdiyi hər bir portret qabarıq fərqlidir. Musiqişünas bu ya digər sənətkarın özəl xüsusiyyətlərini üzə çıxarmağa çalışır. Yəni o, bəstəkarlarımızın yaradıcılıq axtarışlarının, estetik mövqelərinin müxtəlifliyini aşkarlaya bilir: bu müxtəliflik sonucda bəstəkarlıq məktəbinin gücünə dəlalət edir.

Başqa bir yerdə müəllif söyləyir ki, «yeni zaman musiqi sənətkarlarımız qarşısında yeni mövzular onlara müvafiq olan yeni forma axtarışları zərurətini doğurmuşdur. Onların ifadəsində əvvəlki dil resursları bəzən kifayət deyil». Musiqişünas XX əsr sənətinin artıq klassiklərinə çevrilmiş Stravinski, Prokofyev, Şostakoviç, Bartok, Hindemit başqalarını öyrənən, müasir musiqinin texnoloji vasitələrindən yararlanan müəllifləri təqdir edir. Ümumiyyətlə, bu, yəni daim yeniləşmək, müasir musiqinin təklif etdiyi ən yeni vasitələrlə silahlanmağın zəruriliyi tezisi qırmızı xətlə bütün məqalələrdən keçir bəstəkarlarımızın, ilk növbədə Q.Qarayevin elə eyni zaman kəsimində söylədiyi fikirlərlə səsləşir. Təsadüfi deyil ki, məqalələrindən birində Qarayevi publisist, parlaq natiq kimi səciyyələndirərkən Aida xanım sənətkarın söylədiyi — «Musiqiçi üçün tarixin ab-havası ilə nəfəs almaq olduqca önəmlidir»- kəlməsinin yaddaşına möhkəm həkk olunduğunu, bu misranın arxasında gizlənən mətləbin dərinliyini vurğulayır.

Aida xanımı tanıyan, bu insanla auditoriyada, həyatda ünsiyyətdə olan hər bir kəs onun erudisiyasının şahidi olmuş, kitabaözü təkcə musiqi ilə bağlı olmayan, ən müxtəlif elm sahələrinə aid ədəbiyyata sevgisindən irəli gələn geniş dünyagörüşünə həmişə heyran olmuşlar. Öz məqalələrində musiqişünas hər bir sənətçini kifayət qədər geniş müstəvidə nəzərdən keçirir, maraqlı paralellər spektrinəbədii nəsrdən, poeziyadan, kinodanmüraciət edərək qənaətlərinə əlavə sanbal, əlavə həcm aşılayır, hekayətinə yerli-yerində qatdığı poetik misralar (Puşkindən, Vazehdən) isə onların ümumi ovqatına səmimi intonasiya aşılayır. Məsələn, Arif Məlikovun Dördüncü simfoniyasında romantik ikialəmlilik dünya duyumunun məxsusi tərzdə təzahür etdiyini incəliklə qeyd edən alim buradakı müxtəlif üsluba, müxtəlif texnikaya əsaslanan layların estetik dissonansını Çingiz Aytmatovun «Gün var əsrə bərabər» romanındakı metodla (zaman-məkan yerdəyişmələri ilə) müqayisə edir. Alim ancaq estetik baxımdan özünə yaxın sənətkarlar haqqında yazır, həm «düzü düz, əyrini əyri» deməyə çalışır

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 20 fevral.- S.13.