Mustafa Nuri Eserin ilk filmi
— «Bədən»
«Din
uğrunda özlərini fəda edənlər bədəni
qorumaz, əksinə, çarmıxa layiq görərək
şərəfləndirərlər; buna görə,
düşmənləri ilə eyni şəkildə
davranırlar». F.Kafka
«Bədən» (2012), rejissor-ssenarist Mustafa Nuri Eserin ilk
filmidir. Filmin əsas materialı, eynilə Mustafa
Altıokların «Ağır Roman»ında (1996) və ya Zeki
Demirkubuzun «Üçüncü Səhifə»sində (1999)
olduğu kimi, cəmiyyətin «o biri üzləri»idir. Filmdə ilk toxunulan məsələ, insan bədənlərini
işğal edən, insan bədənləri üzərində
hakimiyyət quran bioiqtidarlar və bu bioiqtidarların
ideologiyalarıdır. Filmin ssenarisinə «xəstəlikli
realizm» hakim olmaqla yanaşı, mətndəki
«anormallıqlar», pərdəyə necə lazımdısa o
cür əks olunmuş deyil… Bəli, bu filmdə
«söyüş» də var, «zorakılıq» da, «erotizm» də.
Ancaq mənə qalsa, cəmiyyətin
kanalizasiyalarında (ya da bir başqa deyimlə
bağırsaqlarında!) gəzişərkən yazılan
bir ssenari, nisbətən daha cəsur, daha estetik bir formada
ekrana gətirilə bilərdi. Məsələn,
tamaşaçını, İzzətin balaca olanda
yaşadığı faciəyə aparan səhnələr həmin
faciəyə heç də uyğun gəlmir. Bu
baxımdan yanaşsaq, filmdən bir az əyləc
səsi, bir az da senzura iyi gəlir. Ya da belə deyək də:
filmin bəzi səhnələrində rejissor
tamaşaçını, əvvəl şəhərin
kanalizasiyalarında, yəni yer altında gəzintiyə
çıxarır, daha sonra isə tamaşaçılardan
oradakı pisliyi, böcəyi gizlətməyə
çalışır və etdiklərindən peşman olub
üzr istəyir! Digər tərəfdən,
Leyla ilə İzzətin «ayaqüstü məhəbbəti»
səhnəsi estetik mənada, filmdəki ən mükəmməl
səhnə sayıla bilər. Bundan başqa, əsl
toxunmaq istədiyim məsələyə keçmədən
ifadə etməliyəm: filmin musiqi qanadını Mehmet Erdem
hazırlayıb. Erdemin xüsusilə «Həyat bu» adlı
mahnısının sözləri və musiqisi,
özünü artıq yolun sonunda sayan Leyla ilə hələ
yolun başında olan, işsiz İzzət arasındakı
qeyri-adi eşqin sanki xülasəsidir:
«Nə
desəm sənə boş gəlir
Nə qədər
çox görsən yenə az gələr
Həyatdır
bu, incidər…
Həyatdır
bu, belədir
Nə
qalıbsa səndən geriyə
Nə
varsa, hələ təzədir
Gəl,
haydı gör özünü
Gel
haydı hələ bitmədi…
İndi,
gələk «Bədən» filminin ilk məsələsinə,
yəni insan bədəni üzərində hakimiyyət quran
bioiqtidarlara və bu bioiqtidarların ideologiyalarına… Əvvəla bir şeyi qeyd etməliyəm ki, «Bədən»
bioiqtidar faktına toxunmaq baxımından kafi genişliyə
sahib olmaqla yanaşı, eyni zamanda elə də dərinliyə
sahib olan bir film deyil. Çünki filmdə
bioiqtidar faktını təmsil edən hadisələrə
çox yer verilsə də, həmin hadisələrlə əlaqəsi
«dayanıb-düşünmək» müddəti çox
azdır. Aydındır ki, rejissor Mustafa Nuri dialektik təhlili
tamaşaçının öhdəsinə buraxıb: qədərin
(yəni bioiqtidar faktının örnəkləndiyi hadisələrin!)
xüsusiyyətə (yəni siyasi tənqidə!) yönəlməsi
faktını tamaşaçının yaratmasını istəyib.
Yaxşı, bəs Mustafa Nuri tərəfindən
bioiqtidar faktı məzmununda tamaşaçıya təqdim
edilən nümunələr görəsən
hansılardır? Bu sualın cavabını qısaca belə
vermək mümkündür: birinci nümunə, Leyladır. Leyla illərlə porno film sektorunda sevgilisi
Yılmazla birlikdə çalışmış bir qadındır.
Yenə Yılmazla birlikdə çəkiləcəkləri
son filmdə İzzətlə tanış
olurlar və əvvəl İzzət təsirində qalıb
Leylanın arxasınca düşür, sonra da Leyla İzzətə
aşiq olur. Bu eşqin əvvəlində porno sektorundan kənarlaşdırılan
depressiv halı ilə «qadın bədəninin
satılması» faktını təmsil edən Leyla, sonradan 21
yaşındakı «gənc» və «yaraşıqlı»
sevgilisinə özünü bəyəndirmək məqsədi
ilə getdiyi estetik cərrahiyyə mərkəzindəki vəziyyəti
ilə də «gənc və gözəl bədən» fikrini təmsil
edir. Necə ki, Leyla, İzzəti gözlədiyi bir səhnədə
də, oturacaqda oturan gənc və gözəl iki qızdan
birinin digərinə, İzzəti nəzərdə tutaraq,
«diqqətlə bax, bir uşaq gəlir, çox
yaraşıqlısan!» — sözünü
eşidir və yanına gəlib: «Hava çox gözəldir,
bəlkə bir az gəzişək?» — deyə
soruşan İzzətə, — «Yox, alınmır, biz
yaraşmırıq bir-birimizə» — deyə cavab verir. Əlbəttə ki, Leylanın təmsil etdiyi bu
faktlar, filmdə təkcə Leylanın həyatında da yox,
məsələn, Leylanın, «əri tərəfindən
(artıq) bəyənilməyən, hətta Leyla ilə
müqayisə edilib kinayə ilə alçaldılan»
bacısında da özünü zaman-zaman göstərir.
Bu baxımdan Leylanın bacısı ikinci
nümunədir.
Üçüncü nümunə isə İzzətin
«saçları tökülmüş» kök anası, yenə
yaşına görə kök olan, bu səbəbdən də
həmişə məktəbdə yoldaşları tərəfindən
lağ edilən bacısıdır. İzzətin anası və
bacısı İlknurun fonunda bioiqtidar faktı, bu dəfə
Leyladan ya da Leylanın bacısında olduğu kimi «gözəl-çirkin»
və «gənc-yaşlı» ziddiyyətində yola
çıxaraq yox, «zəif-kök» ziddiyyəti ilə
tamaşaçıya çatdırılır.
Dördüncü nümunə isə, İzzətin məhəllədən
olan bir tanışıdır. Bu tanış
filmdəki «bədən inkişaf etdirmə mərkəzi»nin
bir nümayəndəsidir. Filmin
axırlarına yaxın, hələ 22 yaşındaykən və
pul qarşılığı bir «emo» ilə birlikdə olanda
yataqda infarkt keçirib ölür. Beşinci
nümunə, Leylanın köhnə sevgilisi Yılmazdır.
Yılmaz Almaniyada illərcə porno sektorunun və bu sektor
içərisində fırlanan çirkli pulların sehrinə
özünü o qədər qapdırır ki, yeni sevgilisi ilə
öz aralarında olan münasibətləri belə gizlicə
çəkərək bu çəkilişi evə gələn
«iş» yoldaşlarına «qardaşınız arvadı ilə
mən» — deyə təqdim edib, «peşəkarlıq nümunəsi»
kimi izlətdirir. Mən elə gəlir ki,
Yılmazın bu halı ilə təmsil etdiyi faktor, bioiqtidar
məzmununda, «anormallığın normallaşması»
halıdır. Əlbəttə ki, bu
«normallaşma» prosesini Yılmazla yoldaşları həmin
çəkilişə tamaşa etdikləri əsnada evə
gəlib onları görən və görən kimi
özündən çıxan yeni sevgilisinə şamil etmək
olmaz. Filmin sonunda da göründüyü
kimi, patoloji münasibətləri bir növ «sağlam həyat
tərzi» kimi təqdim etməyə çalışan
pornoçu Yılmazın aqibətini yeni sevgilisinin mətbəxdən
götürdüyü bıçaq müəyyən edir.
Altıncı və son nümunə isə, təxmin edəcəyiniz
kimi İzzətdir. İzzət Leyla ilə tanış
olmadan əvvəl, problemli, işsiz-gücsüz bir gəncdir.
Gənc İzzət aktyor»olmaq istəyir və
anası da İzzətin bu istəyini oğlunun boyuna-buxununa,
yaraşığına təriflər yağdıraraq dəstəkləyir.
Leyladan əvvəl də Qəmzə adında
bir sevgilisi olub İzzətin. Amma Qəmzə, filmdə əhəmiyyətli
bir rol oynamır, təkcə kiçik bir bioiqtidar nümunəsi
kimi öz funksiyasını həyata keçirir. Bir gün görüşəndə, Qəmzə,
öz rəfiqələrindən birinin İzzətdə
gözü olduğundan dəm vurur və İzzətdən
uzaq dayanmasını istəyir. Ancaq əsl
mühüm olan, xəbərdarlığın özü yox,
məzmunudur. Çünki Qəmzə, davamlı, ətrafındakı
rəfiqələrindən fiziki qüsurları ilə bəhs
edir: «fətirsifət», «gombul», «bücür»,
«sızanaqlı», «sarı dişli», «əyriayaq»… İzzətdən
xoşu gələn qız haqqında danışanda da onu
eynilə belə vəsf edir: «Çənəsində ət
var onun! Saqqallı, tüklü iyrənc məxluq! Utanmır
da, heç! Yəni artıq onun da üzünə baxsan, səni
təbrik edəcəyəm!»
Leyla ilə
tanış olduqdan sonra isə artıq
İzzət, təkcə bir avara kimi yox, eyni zamanda fədakar
bir aşiq kimi qarşımıza çıxır. Bioiqtidar
faktı, filmdə suveren olduğu kimi, İzzətin eşqində
də suverendir: Leylaya olan sevgisini, ondan əsla imtina etməyəcəyini
sübut etmək üçün İzzət Leyla ilə
mübahisə edəndən sonra gedib şüşə
parçasıyla üzünü iz qalacaq dərinlikdə kəsir!
Beləliklə İzzət, Leylaya, «Bax! Mən
artıq körpə uşaq deyiləm! Artıq fiziki mənada
bərabərik!» — mesajını
verir. Leyla İzzəti üzünü belə
görəndə huşunu itirir və İzzət onu da
götürüb xəstəxanaya aparır. Xəstəxanada
isə Leylanı müalicə edən həkim cütlüyə
«eşqlərinin ilk meyvəsi»nin
muştuluğunu verir: Leyla hamilədir və artıq
onları tamamilə fərqli bir həyat gözləyir. Hamiləliklə
birlikdə eşq də bədən üzərində dilə
gəlir!
Göründüyü kimi filmdə cəmiyyətlə
fərd arasındakı problemlər bədən vasitəsi ilə
dilə gətirilir. Ancaq unutmamaq lazımdır ki, burda «bədənlər»dən
məqsəd təkcə fərdlərin bədənləri
yox, eyni zamanda «ictimai bədən»dir. Bir az sosiologiyadan
anlayışı olanlar bilirlər ki, bəzi ictimai nəzəriyyələrinə
görə cəmiyyətlər də bir orqanizmdir, onlar da bir
bədənə malikdirlər. Belə
düşünüldüyü təqdirdə; necə ki, fərdlər
baxımından bədənin «bütövlüyü»,
«sağlamlığı» ya da «estetikası» kimi mövzular əhəmiyyətli
(hətta həyati!) sayılmalıdırsa, bir bədənə
sahib olan ictimai mühit üçün də eyni mövzular
eyni dərəcədə əhəmiyyətlidir. Bu ciddi problemlər kimi
adlandırdığımız bəzi problemlərdə tam
olaraq bir məqam olduqca əhəmiyyətlidir. Bəzən «ictimai bədən» öz
bütünlük, sağlamlıq və estetikasını
qorumaq üçün bəzi fərdlərin bədənlərini
səhmana salmaq, bəzi fərdlərin bədənlərindən
isə ictimai sistemi tamamilə ayırmaq istər. Həmin şəxslərin bədənlərinin
ictimai bədən içərisindəki mövqeyi kobud səslənsə
də ya bədəndən atılan mayelər
(bütünlük, sağlamlıq), ya da epilyasiya ilə
bağlı olan «istənməyən tük»lər (estetik
görünüş) kimidir. İlk
qrupdakılar (bədəndən atılan mayelər) nəticə
etibarilə «təbii» bir nizamın, yəni bütövlük
və də sağlamlığa dair məqamlarla birbaşa
bağlı olduğu üçün ikinci qrupdakılar kimi
çıxdaş edilməyib, bir nöqtə kimi normal qəbul
oluna bilər.
Ancaq məsələ
«istəməyən tük»lər, yəni estetik problemdirsə,
artıq məsələ bir qədər tündləşir:
artıq qarşı-qarşıya olduğumuz müddət «təbii»
deyil, «süni» bir müddətdir və halıyla fərdlərin
bədəni də bu «ideoloji layihə»nin nəsnəsidir. Bir başqa deyişlə söz mövzusu «istənməyən
tük»lər olduğu vaxt şiddətlənən
narahatlıq, artıq həyati (bütünlük,
sağlamlıq) bir narahatlıqdan ziyadə, estetik, bu səbəbdən
də ideoloji bir narahatlıqdır. Bu kobud
ayrıseçkilikdən sonra ilk qrupdakı insanlar
üçün verilə biləcək nümunə, məsələn
bir «qatil» ya da bir «təcavüzkar» ola bilər.
İkinci qrupdakılar üçün isə, ən
məqbul nümunələrdən biri, heç şübhə
yox ki, «şişman insan» nümunəsidir. Bir qatil ya da
bir təcavüzkarın ictimai bədəndən imtinası,
demək olar ki, «nəcis»in bədəndən imtinası kimi
«təbii» bir proses ikən, şişman bir fərdin bəzən
intihara kimi gedəcək formada ictimai bədəndən imtina
etməsi, ideoloji müdaxilə mənasında, qətiyyən
ilk ikisi kimi «məsum» deyil!
Freydin fikrincə; «təbiətin bir parçası olan»
bədənimiz, «hər zaman keçici, uyğunlaşmaq və
səmərəliliyin artırılması baxımından
olduqca məhdud bir quruluş» olduğu üçün zəifdir. Təbiətindəki
bütün bu zəifliklər kifayət etmirmiş kimi bədənimiz
mədəni cəmiyyət qanunları ilə daha da zəiflədilib
tam bir xaosa sürüklənir! «Bədən» filmində,
yuxarıda sadalanan bioiqtidar varlıqla bağlı nümunələr
bir xeyli genişdir, ancaq yazının əvvəlində də
qeyd etdiyim kimi, filmdəki əsas nöqsanlardan biri, həmin
nümunələrə dair bir əvvəlki bənddə
yekunlaşdırdığım mənada dərin bir siyasi tənqidin
olmamasıdır… Yəqin ki, rejissor Mustafa Nuri
filmin bir çox məsələlərdə verəcəyi
mesajı gizli saxlayıb və tamaşaçının
öhdəsinə buraxıb.
Oktay
Xalq Cəbhəsi.- 2013.-21 fevral.-
S.13.