Qəhrəman dilimiz
21 fevral — Beynəlxalq
Ana Dili günüdür
Dil —
xalqın ruhunu tam mənasıyla ifadə etmək qüdrətinə
malikdir. Dil hər bir xalqın müəyyənliyi,
özünəməxsusluğudur. Dünyada hər mənada
gərginliklərin artdığı bir vaxtda xalqlar, dövlətlər
dil qoruyuculuğu məsələsində daha da ciddiləşiblər.
Dil uğrunda mübarizə əslində xəlqi müəyyənlik,
təsdiq uğrunda mübarizəsi deməkdir. Hazırda
dünyanın 25 müxtəlif regionunda 210 milyondan çox
insan türk dilinin 25 dialektində danışır. Tarixən
türk dilinin digər dillərə təsiri məsələsiylə
bağlı göstəricilər isə belədir. Erməni
dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban
dilində 2422, ərəb dilində 1801, rus dilində 1576,
rumın dilində 1542, ingilis dilində 1500, macar dilində
1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli
söz qeydə alınıb.
Zamanlar bir-birini
əvəz edir, ancaq dil ölmür,
yaşayır. Hər bir xalqın
dili o xalqın təfəkkürünü, hər
mənada səviyyəsini
göstərir. Ən əski
dövrdən bəri,
yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda
dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər
yaşayıb, sonradan
təkmilləşmə dövrü
keçib, nəsildən-nəsilə
ötürülüb, bugünümüzə
gəlib çıxıb.
Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır.
Qəhrəmandır dilimiz, ona görə
ki, biz bir xalq olaraq sarsıldığımız,
hətta özümüzdən
ayrıldığımız çağlarda belə ruhumuzun soraqlarını özündə kamil bir şəkildə qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi
Azərbaycanda yaşayan
xalqların nümayəndələri
üçün doğma,
birləşdirici bir ünsiyyət dilidir.
Professor İsmayıl Məmmədov
bildirir ki, Azərbaycanda bütün
dillərə sayğı
var. Heç kəs heç kəsə demir ki, sən
lahıc, eləcə
də talış, ya da ləzgi
dilində danışma.
Quba rayonunun Xınalıq kəndi qəribə bir məkandır. Bu kənddə yaşayan
əhali xınalıq
dilində danışır.
Azərbaycanda başqa dillərə
sayğının nəticəsidir
ki, xınalıq dilinin daşıyıcısı
olduğu yeganə kənd əsrlərdir bu bölgədə mövcudluğunu nəinki
qoruyub saxlaya, hətta artıra bilib. Bütövlükdə götürdükdə Azərbaycan dili burada yaşayanlar üçün ümumi,
birləşdirici, anlaşma
dilidir».
Bu gün Güney Azərbaycanda yaşayan 30
milyondan çox soydaşımız fars şovinizminin əsarəti altındadır,
onlara ana dilimizdə istənilən
səviyyədə danışmasına
belə imkan verilmir. Güney Azərbaycanda ana
dilimizə qarşı
olan bütün basqılara baxmayaraq ana dilimiz ölmür,
itmir, daim mövcudluğunu hünərvərliklə
qoruyub saxlayır.
Güney Azərbaycanda dövlət
səviyyəsində dilimiz
qəbul edilmədiyinə,
ana dilimizdə məktəblər olmadığına
görə daha çox şifahi ədəbiyyatımız inkişaf
edib. Habelə aşıq
sənəti Güneydə
çox intişar
tapıb. Güneydə yaşayan şairlərimiz
ana dilində yazıb-yaratmağa üstünlük
veriblər. Xalq öz
dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın
«Heydər babaya salam» poeması
ana dilimizin soraqlarını çatdıran
gözəl ədəbi
abidələrdən biridir.
Şəhriyar yaşlaşandan
sonra dərk etdi ki, o, yalnız
ana dili ilə bir olduqda
güclü ola
bilər. Adətən insan yaşlı
dövründə Vətənə,
yurda və dilinə daha çox bağlanır.
Şəhriyar dərk
edəndə ki, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir;
«Heydər babaya salam» poeması
milli ruhunun izharı oldu.
Dilçi-alim İsmayıl Kazımov
isə deyir ki, hər bir
xalqın milli dəyərlərinin əsasını
onun ana dili təşkil edir: «Dilimiz türk dilləri arasında özünəməxsusluğu
ilə seçilir. Ana dilimiz yaşam
qaydamızdır». Müstəqillikdən
sonra ana dilimiz tədricən beynəlxalq aləmdə tanınmağa başladı:
«Əgər sovet dövründə alınma
terminlər, beynəlxalq
sözlər dilimizə
rus dili vasitəsilə gəlirdisə,
hazırda Avropa dillərindən birbaşa
bəhrələnmə üstünlük
təşkil edir. Habelə dilimizdə Avropa terminlərinə meyl artıb».
Şübhəsiz, heç bir dil özünə qapanıb qalmır, onun başqa dillərlə əlaqəsi,
təbii ünsiyyəti
olur. Həticədə bir
dildən bu və ya digər
dillərə çoxlu
sözlər keçir
və ya əksinə: əksər
hallarda bu, qarşılıqlıdır. Ancaq faktdır
ki, tarixin çox dönəmlərində
işğalçılıq motivləri bu və ya digər
dilin başqa dili üstələməsinə,
nəticədə «dilin
dili işğal etməsinə» səbəb
olub. Fars dilində Azərbaycan Türkcəsinə məxsus
min söz belə yoxdur. Tarixən türk qılıncının
zəhmini dadmış
çinlilərin dilində
belə bu gün türk sözlərinin sayı azdır. Türklər fitri yaradıcılıq,
bənzərsizlik keyfiyyətlərinə
malik olduqları dərəcədə həm
də təəssüf
ki, arxayınlaşıblar.
Dilimizi təəssübkeşliklə qorumamışıq. Bu arxayınçılıq indi
də xarakterimizdə
mövcuddur. Dili qorumaq
milləti qorumaq deməkdir. Eləcə də dövləti,
dövlətçiliyi təsdiq
etməkdir. Bu, hər şeydən əvvəl aydınlarımızdan
mümkün qədər
ana dilimizin tələbinə uyğun
səviyyədə köklənməyi
tələb edir.
Əks təqdirdə bundan sonra dilimizə daxil olacaq çoxsaylı
yeni terminlərin qarşısında yenə
də «ağ bayraq» qaldıracaq, nəticədə dilimiz demək olar, əlimizdən gedəcək.
Hə qədər bədbin səslənsə də, gerçəklik budur.
Ona görə də Azərbaycan dialektlərində
olan, bu və ya digər
bölgədə işlədilən
sözlərin çalarlı,
ümumişlək xarakterli
olmağa layiqlilərini
seçərək onların
əcnəbi sözlərin
qarşılığında işlədilməsinə çalışmalıyıq.
Bu gün əksər
ucqar kəndlərimizdə
«dialekt» deyə işlədilən sözlərin
varlığı əslində
o bölgələrə «mədəni
inqilabın» gedib çıxmaması ilə
bağlıdır. Ancaq bu gün qloballaşma həşiri artıq ucqar yaşayış bölgələrimizi də
fəth etməyə girişib.
Bu gün də Azərbaycanda söz yaradıcılığı ilə
məşğul olmaq
ənənəsi yaranmır. Təəssüf ki, sovet vaxtında
da barmaqla sayılası qədər
söz yaranıb.
Bu gün Azərbaycan
dilçiləri söz
yaratmaq məsələsini
yenə də səyli şəkildə
şair və yazıçıların üzərinə
atırlar. XX yüzildə
şair-yazıçılarımız tərəfindən çox
az söz
yaradılıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq
xüsusi bir hadisə səviyyəsində
mütəxəssislər tərəfindən
olmalıdır. «Dədə Qorqud dastanları»nda söz yaradıcılığı ilahi
bir səviyyədə
ənənələşib. Bu mənada Azərbaycana indi ifrat səviyyədə
dalğası çatan
elmi-texniki inkişaf dövründə yeni gələn termin və sözlərə qarşı mümkün qədər «sipər çəkilməli», yəni
onların qarşılığının
tapılmasına səy
etməliyik. Başqa bir fəlakətli
hadisə isə Azərbaycanın şəxs
adlarının əksəriyyətinin
özgə adlardan ibarət olmasıdır.
1828-ci ildə Azərbaycanın
Güney torpaqlarının
İran tərəfindən
qəsb edilməsindən
sonra bu bölgələrdə tədricən
ana dilimizin farslaşması mərhələsi
başlandı. Bu gün
Azərbaycan Türkcəsinin
ardıcıl şəkildə
farslaşdırılması üçün İran əlindən gələni
edir. Şəhriyar
yazır:
«…Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsəl dil əsil olmaz…».
Bəxtiyar Vahabzadə isə
ana dilimizi belə öyür:
Bu dil tanıtmış bizə bu dünyada
hər şeyi,
Bu dil əcdadımızın
bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də
hədiyyə verək!
Ey öz doğma dilində danışmağı
ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq. Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir. Özünü Azərbaycan yazıçısı, şairi sayan türkcəmizi incəliklərinə kimi bilməlidirlər. Var olsun ana dilimiz!
Uğur
Xalq Cəbhəsi.- 2013.- 21 fevral.- S.14.