Mizrabın və tellərin sevdası

 

Milli ifaçılıq sənətinin inkişaf edib formalaşmasında əvəzsiz xidmətləri olan sənətkarlardan biri də görkəmli tarzən, pedoqoq, alim, əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovdur. O, çoxşaxəli yaradıcılığında seçilib sayılan qayğıkeş müəllim kimi bir neçə nəslin nümayəndəsini tərbiyə edən və nüfuz qazanan dəyərli musiqi xadimlərimizdəndir.

Məmmədağa Kərimov Bakı şəhərində dünyaya göz açıb. Hələ kiçik yaşlarından musiqiyə olan həvəsini görən valideyinləri onu Bakı şəhərindəki 1 saylı yeddillik uşaq musiqi məktəbinin tar sinfinə qoyurlar. Onun burada ixtisas müəllimi G.Qasımova olur. O, həmin məktəbi 1964-ci ildə bitirir, elə həmin ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə daxil olur. M.Kərimov bu təhsil ocağında bəstəkar əsərlərinin təfsir xüsusiyyətlərinin sirlərini görkəmli pedoqoq Akif Novruzovdan, muğam sənətini isə istedadlı ifaçı, təcrübəli pedoqoq, muğam bilicisi, əməkdar mədəniyyət işçisi Kamil Əhmədovdan öyrənir.

M.Kərimovun fitri istedadını səciyyələndirən bu dövr haqqında yazılmış bir məqalədə oxuyuruq: «…M.Kərimov istedad və bacarığı ilə hələ orta ixtisas məktəbində oxuduğu illərdən öz yaşıdlarından fərqlənmiş, respublikamızda keçirilən müsabiqələrdə iştirak etmiş, qalib olmuşdur. İllər ötdükcə o, digər müsabiqə və festivalların iştirakçısına çevrilərək yüksək admükafatlara layiq görülür. Beləliklə, o, Asəf Zeynallı adına musiqi məktəbini qırmızı diplomla başa vurur…»

Yeri gəlmişkən burada bir haşiyə çıxaq. Orta təhsil illərində gənc musiqiçini dinləyən görkəmli bəstəkar, respublikanın xalq artisti, professor Əşrəf Abbasov M.Kərimovun gələcəkdə mütləq təhsilini Konservatoriyada davam etdirməsini məsləhət görür. (M.Kərimov eyni zamanda D.Bünyatzadə adına Xalq Təssərüffatı İnstitutunu da bitirib)

Bu minvalla o, 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. M.Kərimov burada görkəmli bəstəkar, dirijor, xalq artisti, professor S.Rüstəmovun tələbəsi kimi tarda Azərbaycan, rus, qərbi Avropa bəstəkarlarının əsərlərinin interpretasiya xüsusiyyətlərinə daha dərindən yiyələnir. Eyni zamanda o, görkəmli bəstəkar, respublikanın xalq artisti, professor S.Ələsgərovdan dirijorluq sənətinin incəliklərini də müvəffəqiyyətlə mənimsəyir. Tez-tez Konservatoriyanın keçirdiyi müxtəlif solo çıxışlarında istedadlı tarzən muğamlarla bərabər, tar üçün orijinal və işlənmə əsərlərdən də seçmə nümunələri zövqlə ifa edərək tamaşaçı rəğbətini qazanır. Elə təkcə onu demək kifayətdir ki, 1972-ci ildə Azərbaycan Dövlət OperaBalet teatrında Konservatoriyanın 50 illik yubileyinə həsr olunmuş təntənəli gecədə çıxış edən M.Kərimov tələbkar tamaşaçılar tərəfindən səmimi qarşılanmışdı.

M.Kərimovun 70-ci illərdə ifaçı kimi fəaliyyətindən danışarkən onun ifaçılıq fəaliyyətinə də önəm verməliyik. Onun ilk fəaliyyət göstərdiyi ansambl məhz Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri ansamblı olmuşdur. Gənc istedadlı tarzəni bu ansambla Əhməd Bakıxanov özü dəvət etmişdi. O, burada çalışdığı illərdə xalq musiqisinin incəlikləri ilə əyani olaraq yaxından tanış olur.

M.Kərimovun parlaq qabiliyyəti həmin illərdə görkəmli pianoçu bəstəkar, alim, əməkdar incəsənət xadimi Gülarə xanım Əliyevanın nəzər-diqqətini cəlb ediro, gənc Məmmədağanı «Dan ulduzu» instrumental ansamblına dəvət edir.

M.Kərimov «Dan ulduzu» instrumental ansamblında, solist-tarzən kimi çalışmaqla Azərbaycan və keçmiş SSSRİ-nin bütün respublikalarında qastrol səfərlərində iştirak edib. Onun repertuarından musiqi nümunələri Moskvada Ostankino televiziyasında lentə yazılaraq qızıl fonda da daxil edilib.

Azərbaycan radiosunun qızıl fondunda qorunub saxlanan «Dan ulduzu» instrumental ansamblının ifa etdiyi C.Cahangirovun «Rəqs suita»sı G.Əliyevanın «Şüştər rapsodiyası» adlı instrumental əsərlərində solo tar partiyasının ifaçısı M.Kərimovdur.

Bu lent yazılarını dinləyərkən biz Məmmədağa müəllimin incə qəlbli tarzən olduğunu müşahidə edirik. Lent yazılarında qəlb döyüntüsünün əksini eşidirik. Keçən əsrin 70-ci illərində konsert ifaçılığı ilə intensiv məşğul olan M.Kərimov Moskva şəhərində keçirilən yubiley gecələrində -Konservatoriyanın 50-illik yubiley tədbirlərində müvəffəqiyyətlə çıxışlar edib. Bu illərdə M.Kərimovun Ümumiittifaq Estrada artistlərinin IV müsabiqəsində və Leninqrad şəhərində keçirilən — SSRİ və Almaniya gənclərinin musiqi festivalında iştirak etməsinidə xüsusi qeyd etmək lazımdır. Bundan başqa 70-ci illərdə M.Kərimov 3 iri həcmli əsəri lentə aldırıb. Bu əsərlər F.Listin «2 saylı rapsodiya»sı, A.Bəbirovun «Konsert pyesi», və S.Ələsgərovun Tar ilə xalq çalğı alətləri orkestr üçün «I saylı Konserti»dir.

M.Kərimovun vaxtı ilə dərs dediyi tələbələr arasında beynəlxalq və respublika müsabiqə laureatları, tanınmış ifaçı tarzənlər, müəllimlərə çox rast gəlmək olar. Onun yetişdirdiyi ilk tələbələrdən biri görkəmli tarzən, respublikanın xalq artisti, Milli Konservatoriyanın dosenti Möhlət Müslümov artıq xalqın sevimlisinə çevrilmişdir. Digər tələbələr sırasında Azərbaycan İncəsənət Universitetinin kafedra müdiri, dosent Gülağa Zeynalov, Əhməd Bakıxanov adına müsabiqə laureatı, dosent Səbuhi Cəfərov, bir neçə beynəlxalq və respublika müsabiqələri laureatı, Azərbaycan Mill Konservatoriyasının müəllimi Sahib Paşazadə, Arslan Növrəsli, Ələkbər Ələkbərov, Murtuz Əsədullayev, Elçin Nağıyev və başqalarını göstərmək olar.

Məmmədağa müəllimin müəllimlik sahəsində ümdə cəhətlərdən biri odur ki, o, ilk məşğələlərdə tələbə ilə ustalıqla ünsiyyət yarada bilir. Tələbənin bir fərd kimi psixologiyasını, xarakterini çevikliklə duyur. O, dərs dediyi fərdə sənəti sevmək keyfiyyətini məharətlə aşılayır. M.Kərimov həm də istedadlı alimdir. O, 1987-ci ildə Tbilisi şəhərində dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. Onun indiyə qədər bir sıra elmi tədqiqat və publisistik məqalələri müxtəlif qəzet, jurnalelmi məcmuələrdə nəşr olunmuşdur. Bunlardan «Ü.Hacıbəyovun yaradıcılığında xəlqilik», «Muğamların yaranması tarixinə dair», «Unudulmaz tarzən», (Ə.Dadaşov-O.H.), «Azərbaycan muğamlarına arxeologiya, etnoqrafiyatarixi baxımdan bir nəzər», «Ü.Hacıbəyov və Gürcüstan», «Səid Rüstəmovun mahnıları», «S.Ələsgərovun kamera instrumental musiqisi», «Əhsən Dadaşovun həyat və yaradıcılığı» məqalələrinin adlarını çəkə bilərik.

 

 

 Oktay

 

 Xalq Cəbhəsi.- 2013.- 22 fevral.- S.13.