«Mən kasıb bakılılara su vermək istəyirəm»
Dövlət Məmmədov:
«Şollar layihəsinin unudulmuş qəhrəmanı Vilyam
Lindley həm də Bakının fəxri vətəndaşıdır»
Bu
gün içdiyimiz, işlətdiyimiz Şorlar suyunun çəkilməsini
çox zaman Hacı Zeynal Abdin Tağıyevin adı ilə
bağlayırlar. Arxiv sənədlərinin
danışdığı isə başqadır. Hacı
Zeynal Abdin Tağıyev, Musa Hacıyev, Şıx Əli
Dadaşov, Mövsüm Xanlarov, Fərrux bəy Vəzirov,
İ.Hacıyev bu kəmərin çəkilməsinin
qızğın tərəfdarı olub və əllərindən
gələn köməyi əsirgəməyiblər. Amma Bakının
susuzluğunu yatıran unudulmuş qəhrəman var — mühəndis
Ser Vilyam Lindley… Şollar kəmərinin çəkilməsi
ilə bağlı arxiv sənədlərini araşdıran
Su İstehsalçıları İctimai Birliyinin sədri
Dövlət Məmmədovla söhbət etdik.
-
Şollar kəmərinə qədər Bakının su təchizatı
necə idi?
-
1892-ci ilə qədər əsasən quyu sularından istifadə
edilirdi. Suvarmaq məqsədilə bir çox quyulardan istifadə
edilsə də içmək üçün yalnız 61
quyunun suyuna şəhər sanitar idarəsi tərəfindən
icazə verilmişdi. Qeydiyyatdan keçmiş 121 nəfər
su satan var idi ki, onlar da dövlətin vergisini ödəyirdilər.
Xolera xəstəliyi meydana gələndən sonra bir çox
quyular bağlandı. Varlı təbəqə içməli
suyu bulaqlardan da çəkirdi.
Qala divarları çəkiləndən sonra su üç qapı tərəfdən çəkilib şəhərə verilmişdi. O zaman su əsasən saxsı borularda çəkilirdi və ya yonulmuş daşlardan istifadə edilirdi. Həmin su şəhərin içərisinə gəlir, kəhrizlərə tökülürdü. Əhali də suyu qablarla ordan daşıyırdı. Tarixi mənbələrə istinad etsək Bakıda XIX əsrdə üç su kəməri olub; Şah kəməri, Məmmədqulu xan kəməri və Hüseynqulu xan kəməri. Rus imperiyası Bakını işğal edəndən sonra 1806-cı ildən sonra şəhərdə su qıtlığı yaranır. Belə ki, rus ordusu şəhərin içində və kənarlarında yerləşdirilir və əhalinin istifadə etdiyi suya onlar da şərik çıxırlar. Həmçinin şəhər əhalisinin sayının artması, istehsalatın inkişafı su qıtlığını daha kəskin hiss etdirir. Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi Bakıya köçürülür. Məsələ Şəhər Dumasının gündəminə gəlir. O zaman Dumanın iclasları axşam 8-dən gecəyədək davam edirdi. Şamaxının hərbi qubernatoru Tarxan Maurovyev Bakının qubernatoru vəzifəsinə keçir. Qafqaz canişini knyaz Bratinskiyə məktub yazıb bildirir ki, təzə təşkil olunmuş quberniya şəhərinin içməli suya böyük ehtiyacı var. Belə ki, əhalinin istifadə etdiyi Xan kəhrizinə suyu 32 pilləkən aşığı düşüb götürdüklərindən qablardan tökülən su pilləkənlər boyu aşağı axaraq təmiz suya qarışır. Ona görə də şəhərin digər qapısına əlavə su xəttinin çəkilməsini təklif edir. Çarhovuz tikilməli və əhali də suyu çarhovuzdan çəkilmiş kran vasitəsilə götürməli idi. Qafqaz canişini şəhərin gəlirindən layihəyə min rubl ayırır. Sisyanov heykəlinin yanında çarhovuz tikilməsinə icazə verilir. İşə min rubl bəs etmədiyindən Hacı Şıx Əli və Hacı Ağa Dadaşov qardaşları əlavə 200 rubl xərcləyirərək işi başa çatdırırlar. Əlavə üç dənə su anbarı tikilir. Qeyd edək ki, ümumi kanalizasiya sistemi olmadığından su quyuları da bir-bir sıradan çıxırdı. Amma təmiz su qıtlığı yeni su mənbələrinin axtarışını vacib edirdi. Məsələ ilə əlaqədar Şəhər Dumasının tərkibində su komissiyası formalaşdırılır.
O zaman ilk olaraq Dumada Hacı Zeynal Abdin Tağıyev və Musa Hacıyev su komissiyasına üzv seçilir. Komissiyanın qərarı ilə Bakıya su tapmaq məqsədi ilə xarici mütəxəssislər dəvət olunur. Gələnlər müxtəlif variantlar təklif etsə də şəhərin büdcəsində kifayət qədər pul olmadığından məsələ baxılmamış saxlanılır. Heft sənayesi inkişaf etdikcə şirin suya təlabat getdikcə xüsusilə güclənir. Belə məsləhət olunur ki, su Kürdən çəkilsin. 1892-ci ildən Acıqabul yaxınlığındakı Meyniman kəndindən suyun çəkilməsi nəzərdə tutulur. Layihə hazırlanandan sonra su xətti dəmir yolu ilə paralel çəkilməli idi və Qurd Qapısına kimi gəlməli idi. Orada tikiləcək rezervuarlardan bütün şəhərə paylanmalı idi. Kürün suyu analiz edilir. Çayın Tiflisdəki hissəsindən Azərbaycan hissəsindəki suyun tərkibi daha təmiz çıxır. Lakin şəhərin vəsaiti olmadığından layihə yenə də qalır. Suyun Şamaxıdan, Vəndamdan, Göygöldən çəkilməsi təklifləri də illər boyu müzakirə edilir.
- Kəmərin çəkilməsinə qədər Bakı hansı suyla təmin edilirdi? — Bu aralar Bakı susuz qalmırdı. Su təmizləyici qurğular vasitəsilə dəniz suyu təmizlənərək şəhərə gündə 30 min vedrə su verilirdi. Həmin su isti və paslı halda gəldiyindən içmək üçün istifadə edilmirdi. Ümumiyyətlə, şəhərin müsəlman əhalisi içməli suyu quyulardan götürüdü. Şəhərin kanalizasiyasının olmaması müxtəlif infeksiyaların yayılmasına da səbəb olurdu. O zaman hər məhəllədən arx çəkilmişdi, sonda arxlar birləşərək bulvarın indiki ərazisindən dənizə tökülürdü. Qeyd edək ki, şəhərə su həm də Adamov qardaşları tərəfindən gəmi ilə Volqadan və Kürdən gətirilirdi. Bu su da çox zaman dəniz suyuna qarışmış halda olurdu. Amma əhali və neft sənayesi bu suyu istifadə etməyə məcbur idi.
- Suyu Şollarda çəkmək kimin ideyasıdır?
- 1898-ci ildə Odessa şəhərində su mühəndislərinin keçirilmiş qurultayında Bakı şəhərin nümayəndəsi Smolenski ingilis mühəndis ser Vilyam Lindleylə tanış olur. Qeyd edək ki, ser Lindleyin atası da Avropanın 33 şəhərinin su və kanalizasiya xətlərinin müəllifidir. Lindley Smolenskidə çox böyük təəssürat yaradır və 1899-ci ildə Bakıya dəvət edilir. Şəhər Duması ser Lindleyin qarşısına iki məsələ qoyur; su ya Kürdən, ya da Samurdan çəkilməlidir. Qeyd edək ki, Lindley və onun mühəndislərinin səfər və yaşamaq xərcləri şəhər büdcəsindən ödənilir. Lindley Kür və Samur çaylarına baxış keçirir, onların coğrafi şəraitini, iqlimini dərindən öyrənir. Ser Lindley Samur boyu yuxarı irəlidikcə burada müxtəlif bulaqlarla da rastlaşır. Həmin bulaqların suyunu çox bəyənən Lindley şəhərə suyu məhz bu bulaqlardan çəkilməsini Şəhər Dumasına təklif edir və sınaq quyusunun qazılması üçün əlavə 25 min rubl istəyir. Dumanın üzvləri buna etirazlarını bildirirlər. Hacı Zeynal Abdin Tağıyev çıxış edərək bildirir ki, öz vəsaitindən 25 min rubl ayıra bilər, bir şərtlə ki, su tapılandan sonra pul qaytarılsın. Hacı Zeynal Abdin Tağıyevin pulu 1901-ci ildə özünə qaytarılır. Həhayət, su bütün sınaqlardan keçir və yararlılığı təsdiqlənir. 1901-ci ildə Vilyam Lindley hazır layihələrlə Bakı gəlir. Dumanın üzvləri nədənsə etiraz edirlər və yalnız Kür və ya Samurdan çəkilən su kəmərinə üstünlük verdiklərini bidirirlər. Şəhər Dumasındakı çıxışında Ser Lindley suyun təmizliyini və bu su kəmərinin uğurlu alınacağını sübut edəcək dəlillər gətirir və hətta Duma üzvlərini sözügedən suyu gözləri ilə görməyi təklif edir. Suyun mənbəyinə olan səyahətdən sonra şəhərin rəhbəri Hovikov Şəhər Dumasında çıxış edərək bildirir ki, su kəməri mütləq həmin bulaqlardan çəkiləcək. Layihə tutulur və qiymət müəyyənləşdirilir. Yeri gəlmişkən, Lindley layihə başa çatandan sonra 200 min rubl mükafat tələbi də qoyur. Lakin, layihənin baş tutması üçün əvvəla şəhər büdcəsində pul olmur. İkinci, suyu almaqdan ötrü Sankt Peterburqdakı Əmlak Komitəsinə bildirmək və razılıq almaq lazım gəlir. Dəmir yolunun kənarı ilə kəmərin çəkilməsi üçün razılıq alınır və bildirilir ki, əvəzində su dəmir yoluna pulsuz veriləcək. Qərara gəlirlər ki, torpaq əhalidən ya satın alınsın və ya arendaya götürülsün. Su gələcək ərazinin xəritəsi tutulur. Lakin Tiflisdən bildirilir ki, onlar yerin altındakı suya cavabdeh deyillər. Yenidən Sankt-Peterburqdakı Əmlak Hazirliyinə müraciət olunur.
- Şorların çəkilməsi ilə bağlı qərar nə zaman təsdiqlənir?
- Vilyam Lindley Bakının meri Hovikovla Berlində görüşür və ona Şorlardan su kəməri çəkilməsi fikrini gətirdiyi sübutlarla əsaslandırır. Bildirir ki, kəmər Şolların mənbəyini götürdüyü və Bakıdan 110 metr yüksəkdə olan Gildən çəkilərsə, su Bakıya öz axarı ilə gəlib çıxacaq. Bundan əlavə suyu filtirdən keçirmək lazım deyil. Qeyd edək ki, hazırda gələn Şollar suyu da heç bir təmizləmə əməliyyatına məruz qalmır. Hovikov xatirələrində yazır: «Mən gördüm ki, heç nədə tamahı olmayan bu insanın dedikləri düzdür. Onun məqsədi susuz insanlara su verməkdir. Mən onun əleyhidarlarının yerinə onun qarşısında utandım. Qarşıma məqsəd qoydum ki, Dumanı inandırıb düz yola gətirməliyəm və şəhəri pis suyun əvəzinə keyfiyyətli və ucuz başa gələn suyla təmin etməliyəm».
Beləliklə, məsələ Dumada yenidən qalxır və yenidən pul problemi qabarır. Lindley Kür, Samur və Şollar kəmərlərinin çəkilməsi üçün 125 min pul tələbi qoyur. Ona 125 min deyil, 80 min verilir. Bu pulla Şolların bütün analizlərini hazırlayır və Şəhər Dumasına təqdim edir. Dumada müzakirələr kəskinləşir. Fransız və ingilis dillərində danışan ser Lindley üzərinə yağdırılan ittihamlara cavab verir. Arxiv sənədləri həmin müzakirələri belə qeydə alır. Lidleyin qızğın tərəfdarı olan Hacı Zeynal Abdin Tağıyev onu müdafiə edir. Ser Lindley söz alır: «Siz ingilis buldoqlarını tanımırsınız. Mən ingilis buldoquyam. Onlar dişi ilə tutduqlarını buraxmırlar, onları kəssələrdə. Mən Bakıdan bu cür tutmuşam. Bakıya su verəcəyəm. Özü də yaxşı su… Mən sizə qulluq etmirəm və sizinçün işləmirəm. Mən kasıb bakılılara su vermək istəyirəm. Siz bu işi məhv edə bilməzsiniz».
Beləliklə, Şəhər Duması Lindleylə razılaşır. 1909-cu il mayın 5-də Bakıya Şollar suyunun çəkilməsi ilə bağlı Şəhər Duması sərəncam imzalayır. Hökumətin 23 milyon 500 min manatlıq zayom verməsini xahiş edirlər. Zayom London birjasında yerləşdirilir. Hazirlər Kabineti öz növbəsində Bakı şəhərinə icazə verir ki, Şollar suyunun çəkilməsi üçün ili 5 faizdən zayom buraxılsın. 1911-ci ilə qədər hazırlıq işləri gedir. Bura torpaq müqavilələrinin bağlanması aiddir; söhbət özəl, dövlət və dəmiryol torpaqlarından gedir.
1915-ci ildə Vilyam Lindley tikintiyə şəxsən nəzarət etməkdən ötrü Bakıya köçür və iki il burada yaşayır. Bu müddət ərzində müharibə başlayır və materialların qiyməti bahalaşır. 1915-ci ilin axırına artıq işi davam etdirməyə vəsait qalmır və yenidən 8 milyon rubl üçün müraciət edilir. Lindleyin əleyhidarlarının əlinə yeni fürsət düşür. Lakin şəhərin o zamankı meri Bıç heç kəsə qulaq asmadan Tiflisə yazaraq əlavə 8 milyonu almağa nail olur və iş yekunlaşır. 1917-ci il yanvarın 22-də bazar günü su Bakıya çatır. Bir həftə sudan istifadə edilmir. İndiki Torpaq Komitəsinin arxasında biri sağda və solda almanlar tərəfindən tikilən su anbarları var. Hər gün su birinə yığılaraq şəhərin istifadəsinə verilir.
Bakı şəhəri Lindleyi
fəxri vətəndaşı seçir.
İstədiyi 200 min rubl
mükafat ona təqdim edilir. Eyni zamanda Şollar suyunun çəkilməsi
ilə əlaqədər
tələbələrə stipendiya da kəsilir.
Zaqafqaziya dəmir yolu o sudan
paravozlarda istifadə etdiyi üçün ser Lindleyə ömürlük
bilet verir. Bu il isə
aprelin 11-12-də Bakı
şəhərində keçiriləcək
su sərgisinə Lidleyin iki yaxın
qohumunun dəvət edilməsi planlaşdırılır.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.-
2013.- 26 fevral.- S.15.