Özbək xalq çalğı
ansamblları
Özbəkistanda ansambl ifaçılığı zəngin ənənələrə malikdir. Bu ənənələr müxtəlif tərkibli ansamblların ifaçılıq imkanları, akustik — tembr xüsusiyyətləri və daşıdığı funksiyalarla bağlıdır. Bütün bunlardan asılı olaraq, ənənəvi ansambllar iki qrupa bölünür: 1) kəskin və ucadan səslənən musiqi alətlərindən ibarət ansambllar; 2) nisbətən yumşaq səslənməyə malik alətlərdən ibarət ansambllar.
Birinci qrupa aid instrumental ansambllar qədimdə olduğu kimi, müasir dövrdə də surnay, karnay və naqoradan (və ya doyradan) ibarətdir. Onlar, əsas etibarilə açıq havada çıxış edirlər. Ənənəvi xalq bayramlarını, kütləvi tamaşaları (kəndirbazları, kukla tamaşalarını) müşayiət edən bu ansamblların çıxışı tətbiqi xarakter daşıyır. Keçmişdə bu cür ansambllar hərbi yürüşləri də müşayiət edirdi. Bu halda onların tərkibi şəraitdən və icra etdiyi funksiyadan asılı olaraq dəyişikliyə uğrayır. İkinci qrupa isə bütün digər alətlər daxildir. İkinci qrupdakı alətlər tam tərkibdə çox nadir hallarda — böyük bayramlarda, xüsusi təntənəli hallarda istifadə edilir. Çox zaman onlar kamera tərkibli olur: makomların vokal şöbələrinin ifası zamanı tanbur və doyra; xalq rəqslərinin və ailə şənliklərində qadın rəqslərinin müşayiətində dutar istifadə olunur. Xarəzmdə isə epik rəvayətlərin — dostanların müşayiətində balaman, dutar və gicak öz yerini tapır.
Özbək xalqının musiqi irsində dörd əsas lokal üslub — Xarəzm, Buxara — Səmərqənd, Fərqanə — Daşkənd, Surxandarya — Kaşkadarya — müşahidə olunur. Bu lokal üslubların yaranması bu və ya digər ərazidə etnik qruplaşmalar və ictimai-ekoloji həyat şəraiti nəticəsində baş vermişdir. Özbəkistanın cənub vilayətlərinin (Surxandarya, Kaşkadarya) əhalisi hələ yaxın keçmişdə, ölkənin digər əyalətlərindən fərqli olaraq, köçəri həyat tərzi keçirərək, əsasən heyvandarlıqla və bəzən əkinçiliklə məşğul olmuşlar. Buradan da bu vilayətin musiqi folklorunda maldarların əməyi ilə bağlı mahnılar, keçmişdə isə köçəri həyat tərzi ilə bağlı mahnılar üstünlük təşkil edirdi. Xalqın musiqi həyatında baxşılar — epik rəvayət — dostan ifaçıları mühüm yer tutur. Musiqi alətlərinin məhdudluğuna baxmayaraq, digər ərazilərdən fərqli olaraq, bu ərazidə dombra aparıcı musiqi aləti kimi çıxış edir.
Surxandarya və Kaşkadarya ərazilərindən fərqli olaraq, Orta Asiyanın mədəniyyət mərkəzləri sayılan Buxara və — Səmərqənddə özbək musiqi irsinin digər spesifik cəhətləri özünü göstərir. Onlar həm yaradıcılığın mövzu və janrları, həm də musiqi həyatının xarakteri ilə bağlıdır. Buxara və Səmərqənd lokal üslubunun əsas fərqləndirici xüsusiyyəti musiqinin və musiqi ifaçılığının differensasiya olunaraq şifahi ənənəli professional musiqiyə və xalq musiqisinə (bilavasitə folklor) bölünməsidir. Xalq musiqisinin adları naməlum qalan daşıyıcıları ilə yanaşı, burada professional musiqiçilər — xanəndə (hafizlər) və musiqi aləti ifaçıları, makomların və şifahi ənənəli professional musiqinin digər janrlarının bacarıqlı ifaçıları böyük yer tutur. Eyni zamanda sazandalar — xanəndə və rəqqasə qadınlar, məzmununa görə müxtəlif kiçik həcmli rəqs-mahnıların ifaçıları çox məşhurlaşmışlar.
Bu ərazilərdə, həmçinin, zəngin musiqi alətləri, mərasim musiqisinin rəngarəng formaları mövcuddur. Burada həmçinin, ən yaxşı ifaçıların iştirakı ilə evlərdə musiqi və poeziya gecərinin keçirilməsi də geniş yayılmışdı. Şəhər həyat tərzi xanəndə, rəqqasə və musiqi aləti ifaçıları ansambllarının populyarlaşmasına şərait yaratmışdır. Buxara və Səmərqənd vilayətlərinin özbək musiqi folkloru tacik musiqisi ilə ümumi cəhətlərə malikdir. Ayrı-ayrı janr və formalar tarixi taleləri oxşar olan bu iki xalqın — özbək və tacik xalqlarının musiqi yaradıcılığının məhsuludur. Şaşmakom kimi böyük inkişaflı silsilə əsər buna parlaq misaldır.
Xarəzm lokal üslubu Buxara — Səmərqənd üslubu ilə ümumi cizgilərə malik olsa da, hər şeydən əvvəl, öz koloritinə görə fərqlənir. Bu da ifa olunan mahnıların intonasiya — melodik quruluşunda və təfsirində özünü büruzə verir. Xarəzm üslubunun türkmən və Azərbaycan musiqisi ilə ümumi cəhətləri mövcuddur.
Xarəzmin xalq musiqisinin səciyyəvi lokal xüsusiyyətləri dostan ifaçılığı ilə bağlıdır. Əgər Özbəkistanın bütün vilayətlərində dostanlar adətən reçitativ — deklamasiya və ya reçitativ — oxuma xarakterli ifa tərzinə malikdirsə, Xarəzmdə onların ifasında mahnıvarilik özünü aydın şəkildə göstərir. Burada dostanlar dutarın müşayiətilə ifa olunur (digər ərazilərdə isə dombradan istifadə olunur). Çox vaxt isə ənənəvi ansambllara da dostan ifaçılığına yer verilir, ansamblın tərkibi balaman, qicak və dutardan ibarətdir, bəzən ansambla dombra da daxil edilir.
Xarəzmdə musiqi alətləri arasında
balaman geniş yayılmışdır. Eyni zamanda, burada dombradan, demək
olar ki, istifadə edilmir. Xarəzm üslubunun özünəməxsus
xüsusiyyətlərindən biri kimi, burada XIX ərsin ikinci
yarısında birsıralı qarmon alətinin geniş yayılmasını
qeyd etməliyik.
Bu günə
kimi bu ərazidə istifadə olunan ayrı-ayrı xalq
çalğı alətləri özünəməxsus
quruluşu və tembr xüsusiyyətləri ilə diqqəti
cəlb edir. Məsələn, Xarəzm dutarı
özünün konstruksiya və akustik — tembr xüsusiyyətlərində
görə Özbəkistanın digər vilayətlərində,
bilavasitə Fərqanədə mövcud olan dutar növlərindən
fərqlənir.
Fərqanə
vadisinin musiqi folkloru da səciyyəvi cəhətləri ilə
fərqlənir. Burada forma baxımından sadə, kiçikhəcmli,
lakin mövzusuna görə çoxcəhətli olan
mahnılar xüsusi yer tutur. İçkari adlanan qadın
mahnıları çox populyardır. İnkişaflı
formaya və deklamasiyalı — reçitativ quruluşa malik
mahnı janrı — panıs aşula (və ya katta aşula) bu ərazinin
sırf lokal cəhəti hesab olunur. Qeyd etdiyimiz janr Daşkənd
vilayətində (Tacikistanda isə Xocəntdə) geniş
yayılmışdır. Səciyyəvi yerli cizgilər oxuma
manerasında, xanəndə və instrumental
ifaçılardan ibarət ansambllarda da özünü
büruzə verir. Xalqın həyatının müəyyən
tarixi şəraitdə inkişafı ilə bağlı
meydana gələn səciyyəvi yerli üslubların
çarpazlaşmasından yaranaraq, vahid milli mədəniyyətə
qovuşmuş və özbək xalqının, özbək
millətinin formalaşması prosesində mühüm əhəmiyyət
kəsb etmişlər.
Özbək
xalq musiqi irsinin yaradıcıları adları naməlum olan
xalq ifaçıları və professional musiqiçilərdir.
Özbək musiqi sənətinin geniş janr rəngarəngliyi
sayəsində professional xanəndə və instrumental
ifaçılar müəyyən bir sahədə
ixtisaslaşmışlar. Belə ki, makom ifaçıları
xanəndə və çalğıçıların
böyük bir qrupunu təşkil edərək, öz
növbəsində vokal və ya instrumental hissələrin
bilicilərinə və ifaçılarına
bölünmuşlər. O cümlədən, vokal
ifaçılığında Saraxbor, Savt kimi makom bölmələrinin
ifaçıları da ayrılırlar. Mahnı
janrının ifaçıları (katta aşula və s.) da
fərqləndirilir. Kütləvi xalq tamaşalarını
müşayiət edən musiqiçilər sənət
yönümünə görə seçilirlər. Fərqanə
— Daşkənd üslubunda özünəməxsus mahnı
janrının — katta aşula ifaçıları, bir qayda
olaraq, makom ifa etmirdilər və əksinə. Dostan
ifaçıları — şair və baxşılar xüsusi məktəb
yaratmışlar. Buxarada görkəmli şaşmakom
ifaçıları tanınmışlar ki, onlardan da
yaşlı nəslə mənsub xanəndə Ota Calol
Nasırov, çalğıçı Ota Qiyas Abduqani, Səmərqənddən
xanəndə Xoca Abduləziz Rəsulov, Daşkənddən
Soraxim Soumarov, və başqalarını qeyd etmək olar.
Oktay
Xalq Cəbhəsi.-
2013.- 26 fevral.- S.13.