Fətəli Xan Xoyski hökuməti

 

  Hökumətin bu dövrdəki fəaliyyətini Xoyski obrazlı şəkildə «təlatüm içərisində qayalar arasında nazik taxta qayıqda gedən gəmiçinin vəziyyətinə» bənzədir və göstərir ki, gərək həmin gəmiçi vəziyyətində bulunan hökumət qayığını elə aparmalı idi ki, daşa dəyib dağılmasın

Bu gün biz Azərbaycanda dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar olması, bu sahədə çatışmamazlıqlardan danışmazdan öncə varisi olduğumuz Cümhüriyyətin yaradıcılarının gördüyü işləri və bu yolda göstərdikləri fəaliyyəti xüsusi qeyd eləməliyik.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri də Fətəli Xan Xoyskidir. Demokratik Respublika hökumətinin başçısı olan Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində dünyaya göz açıb. Atası rus ordusunun general-leytenantı olub. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə — Eçmiədzinə sığınıb. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilib. O, 1807-ci ildə Şəki xanı təyin olunub və general-leytenant rütbəsinə layiq görülüb. Cəfərqulu xan 1810-cu ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxıb. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klassik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləyib. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutur. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edir. Fətəli Xan sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı — müvəkkil vəzifəsini icra edir.

 

xxx

 

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verir. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir və həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak edir.

Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi-mərkəziyyət partiyası Müsavatın birinci qurultayında iştirak edir və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiəyə qalxır. Fətəli Xan 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olur.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilir. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırılır.

Həmin gün Xoyskinin təqdimatı ilə Nazirlər Şurasının tərkibi təsdiqlənir.

May ayının 30-da o zamankı dünyanın 20-yə yaxın əsas mərkəzlərinə aşağıdakı məzmunda radio-teleqram göndərilir: «Xarici işlər nazirinə. Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetopol şəhərində yerləşir. İmza Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri».

Azərbaycan hökumətinin ilk addımlarından biri 1920-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə «Sülh və dostluq» müqaviləsi imzalaması olur. Bu müqavilə ilə Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk xarici dövlət kimi ona hərbi yardım göstərir. Sonralar bu müqavilənin zəruriliyi Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışındakı nitqində belə şərh edilirdi: «Türkiyə Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaxt lazım olsa, hüququmuzun müdafiəsi üçün türklər bizə bir qədər əsgər verməli idilər. Ona görədir ki, darda qaldıqda bu çarəyə tənəssül edildi.

Bizim xaricdən qüvvə almaq üçün başqa millət və dövlətə müraciət etməyimiz bəzi şəraitdən mümkün deyildi: müraciət etsəydik də bir nəticə hasil olmazdı, ona görə də dindaş və millətdaşımız olan Türkiyəyə müraciət edildi».

 

xxx

 

1918-ci il iyunun 16-da Milli Şura və hökumət Gəncəyə köçür. İyunun 17-də isə Milli hökumət o zaman türklərlə münasibətdə yaranmış gərginliyi aradan qaldırmağa müvəffəq olur. Həmin gün Milli Şuranın Gəncədə keçirilən iclasında Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icra hakimiyyətinin Azərbaycan müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqda iki mühüm qərar qəbul edilir. Milli Şura Xoyskinin müxtəlif partiyaların nümayəndələrindən təşkil etdiyi yeni hökuməti təsdiqləyir. Hökumət proqramı ilə çıxış edən Xoyski bildirir ki, onun başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə aparmaqdır. Xoyskinin rəhbərliyilə Azərbaycan hökuməti ilk növbədə dövlət aparatının təşkili işini davam etdirir. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin aparatı yaradılır. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olunur. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edilir. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanun qəbul olunur. Bir sözlə, paytaxt Bakıya köçürülənə qədər Xoyski hökuməti ölkənin iqtisadi və siyasi həyatı ilə bağlı bir sıra mühüm tədbirlər də həyata keçirir. Hökumətin bu dövrdəki fəaliyyətini Xoyski obrazlı şəkildə «təlatüm içərisində qayalar arasında nazik taxta qayıqda gedən gəmiçinin vəziyyətinə» bənzədir və göstərir ki, gərək həmin gəmiçi vəziyyətində bulunan hökumət qayığını elə aparmalı idi ki, daşa dəyib dağılmasın.

 

xxx

 

1918-ci il sentyabrın 15-də Bakı şəhəri azad edildikdən dərhal sonra, yəni sentyabrın 17-də ADR hökuməti Bakıya köçür. Bakı Azərbaycan dövlətinin paytaxtı elan olunur.

1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək deyir: «Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.»

1918-ci il noyabrın 9-da Xoyskinin məruzəsi üzrə Azərbaycan hökuməti Azərbaycanın üçrəngli milli bayrağını təsdiqləyir.

Məlum olduğu kimi həmin dövrdə Azərbaycanda çox mürəkkəb bir vəziyyət yaranmışdı. Yəni Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyə hökuməti 1918-ci il oktyabrın 30-da imzaladığı Mudros barışığı əsasında öz qoşunlarını Azərbaycandan çıxarmış, noyabrın 17-də isə ingilislər Bakıya gəlmişdilər. Hələ daha əvvəl Ənzəlidə ingilis komandanlığı ilə aparılan danışıqlar heç bir müsbət nəticə verməmişdi.

Azərbaycan Milli Şurası belə çətin bir anda 1918-ci il noyabrın 19-dakı iclasında 120 nəfərdən ibarət Azərbaycan parlamenti yaratmaq haqqında hökumətin təqdim etdiyi qanun layihəsini bəyənir.

Yeni yaradılmış Azərbaycan Respublikası parlamentinin 1918-ci il ilk iclasında Xoyski hökumətin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında hesabat verir. Parlament hökumətin təşkilini və ona rəhbərliyi yenidən Xoyskiyə tapşırır. Dekabrın 26-da Fətəli xan hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə çıxış edir. Bu hökumətdə Xoyski həm də xarici işlər naziri vəzifəsini tutur. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulur. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəzlənməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanıb.

1919-cu ilin martında yaranmış böhranla əlaqədar Xoyski hökuməti istefaya gedir. Lakin Xoyski bundan sonra da siyasi fəaliyyətini davam etdirir. 1919-cu ilin dekabrında N.Yusifbəylinin təşkil etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini tutur və 1920-ci ilin aprel hadisələrinə qədər həmin vəzifədə çalışır.

 

xxx

 

Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olur.

1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarı G.V.Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət edir. Ayın 19-da Xoyskinin verdiyi cavabda göstərilir ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir.

Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR-lə əməkdaşlığa dəvət edir və yazır ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirir və onun təklifini rədd etdir.

1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunur. Martın axırında Çiçerin sonuncu notasını göndərir, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınır. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedir. 1920-ci ilin iyunun 19-da muzdlu qatilin gülləsinə tuş gəlir və Mirzə Fətəli Axundovun yanında dəfn edilir.

 

xxx

 

Yeri gəlmişkən, ADR-in tanınmış xadimlərindən biri X.Xasməmmədov 1933-cü ildə İstanbulda çıxan «Azərbaycan yurt bilgisi» jurnalında dərc etdirdiyi məqalədə Fətəli Xan Xoyskini 28 mayın böyük qurbanı adlandırır və böyük bir ümidlə bildirir: «Şübhəsiz bir gün gələcək, Azərbaycan türkləri də milli cümhuriyyətin bu fətrət (durğunluq) dövründən qurtulmuş olacaqdır. İştə o zaman hürr məmləkətimizin mədyun (borclu) və həqiqətli övladları, qürbət ellərin mətruk (tərk edilmiş) məzarıstanında istirahət edən mərhum Fətəli xanın baniyələrini, onun qəlbimizdə yaşayan əziz ruhu ilə bərabər milli yurda, çox görmüş və keçirmiş zavallı ölkəmizə nəql edəcək və şairin dediyi kimi ona kimsənin irişəməyəcəyi iftixarlı bir abidə dikəldəcəkdir».

Nə yazıq ki, o gün gəlsə də Xasməmmədovun arzuları hələlik çin olmayıb.

 

 

 Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2013.- 26 fevral.- S.10.