«…O teatr yoxdur»

 

Rafiq Əzimov: «İstedadlı gənclərə baxanda ürəyim ağrıyır. Onların ömrü gedir, enerjiləri xərclənir»

 

Azərbaycanın xalq artisti Rafiq Əzimovun APA-ya müsahibəsi

 

- Rafiq müəllim, çoxdandır jurnalistlərə müsahibə vermirsiniz:

- Jurnalist gərək teatrı sevib müsahibəyə gəlsin, sənətdən xəbəri olsun. Necə deyərlər, piyada adam, qaşınmayan yerdən qan çıxarmaq məqsədilə gələn jurnalist mənim adamım deyil. Bir də görürsən gəlir, hiss edirəm bu adamın teatra qarşı böyük nifrəti var, yaxud son on ildə bir tamaşaya belə baxmayıb və s. Məqsədi də müğənnilər sayaq dava salmaqdır.

- Səyavuş Aslanla vida mərasimində xeyli yorğun və ümidsiz görünürdünüz:

- Mən eşitməmişəm, gəlinim danışırdı ki, vida mərasiminə görə bəzi adamlar giley edirmişlər. Bilirsiniz, heç kimi heç nəyə məcbur etmək olmur. Heç kimə demək olmur ki, filankəsi sev, filankəsə sərin münasibət göstər. Əlli bir ildir Milli Dram Teatrında çalışıram. Bu illər ərzində o qədər xoşagəlməyən hadisələrin şahidi olmuşam ki.

- Giley-güzarın səbəbi nə idi?

- Açığı, danışılanları özüm eşitməmişəm. Deyirmişlər ki, Səyavuşun adına layıq vida mərasimi keçirilməyib. Vida mərasimi necə olmalıydı ki? Allah rəhmət eləsin, Səyavuş Aslan haqq dünyasına qovuşmamışdan iki gün qabaq «Şərəf» ordeni ilə təltif olundu. Bu, nadir hadisədir. Səyavuş Aslanla mən bir məhəllədə böyümüşük, onun haqqında xatirələrimi danışdım. Bu sənətə gəlməyimdə Səyavuşun da hardasa rolu olub, teatra olan sevgimə təsir göstərib. Mən xalq artisti adını alanda rəhmətlik sevincək gəlib təbrik elədi, qayıtdı ki, day bu olmadı da, bir məhəllədə bir xalq artisti olar, iki yox! (Gülür) Dedim, Səyavuş, bizim məhəllədə gör kimlər fəxri ad alıblar: Qəmər Almaszadə, Qurban Pirimov, Əliağa Kürçaylı, Qabil və s. Uşaqlığımızın üstündən çox illər keçəndən sonra Səyavuş məni səhnədə görüb fikirləşirmiş ki, görəsən, bu Rafiq Əzimov bizim məhəllədəki o Rafiqdir? Hətta bir dəfə qardaşımdan soruşubmuş ki, sənin o balaca qardaşın indi nə işlə məşğuldur? Qardaşım da deyib, əşşi, artist olmaq istəyir. «Nişanlı qız»da tərəf müqabili olduq, mənə dedi, sənin kimi aktyorla tanış olduğuma çox şad oldum.

- Nazim Hikmətin Mikayıl Rəfilinin ölümünə yazdığı şeirdəki bir misra sonralar zərb-məsələ çevrildi: «Nəslimin yarpaq tökümü başladı». Bir az naqolay səslənsə də, deyəcəm: sizinki yarpaq tökümündən keçib.

- Teatra gələndə mağazada bir kişi məni saxlayıb nə desə yaxşıdır: Rafiq müəllim, Səyavuş da getdi, köhnələrdən qalan bircə sənsən. Çətindir, çox çətin. Gənclər gəlirlər, istedadlı uşaqlar yetişir, ümid edirəm, onlar teatrı yaşadacaqlar. Tofiq Kazımov dünyasını dəyişəndə Səməndər Rzayev teatrda dizlərini qucaqlayıb oturmuşdu. Yaxınlaşıb əlimi çiyninə qoydum, «Səməndər, Səməndər» çağırdım. Handan-hana başını qaldırdı, gördüm gözləri qızarıb, elə bil bu dəqiqə ağlayacaq. Bircə cümlə deyə bildi: «Əzimov, teatr qurtardı!» Mən ona bir az təskinlik verdim, sakitləşdi. Amma Səməndərin dediyində böyük həqiqət vardı. Mən demirəm ki, ondan sonra teatrı bağladılar, müvəffəqiyyətli tamaşalar olmadı, yox. Uğurlu tamaşalarımız da olub, uğursuz tamaşalarımız da. Amma həqiqətən o teatr yoxdur.

- Milli Dram Teatrı haqqında tez-tez tənqidlər səslənir. Məsələn, İlham Namiq Kamal müsahibəsində demişdi ki, bu teatr getdikcə cılızlaşır…

- Siz İlham Namiq Kamaldan niyə soruşmadınız ki, buna səbəb nədir? O vaxt aktyor seçimində qayda başqa idi. Biz dövlət imtahanında beş tamaşa təhvil verdik, Akademik Milli Dram Teatrında üç tamaşa oynadıq. Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov tamaşalara baxandan sonra bizi teatra qəbul etmək haqqında rəy verdilər. Çox təəssüf ki, indi elə seçimlər yoxdur. Gənc aktyorların qəbulunda biz gərək onların tamaşalarına baxaq, öz seçimimizi edək. İlham teatr haqqında bir tənqidi yazı da yazmışdı. Xoşagəlməz yazı idi. İlham Namiq Kamalın Milli Dram Teatrından incikliyinə səbəbin nə olduğunu bilmirəm. Bu yaxınlarda ona «Şöhrət» ordeni də verdilər. Burda işləyəndə bu sözləri niyə demirdin, gedəndən sonra deyirsən?

- Doğrudanmı Milli Teatra istedadsız adamlar yol tapır?

- Biz institutu qurtaranda 22 nəfər idik, teatra cəmi üç nəfəri qəbul etdilər. Soruşsanız ki, indi qəbul necədir, mən istərdim, yenə belə olsun. Yəni biz aktyorlar tamaşanı da, gənc aktyoru da görməliyik, sonra nazirlikdə o tamaşalara baxıb işə qəbul haqqında qərar verməlidirlər.

Mən arzu edərdim, Akademik Milli Dram Teatrına gənclərin yaxşısının yaxşısı daxil olsun. Mən ancaq bunu arzu edə bilərəm. Kimlər qəbul olunur, niyə qəbul olunur, buna mən cavab verə bilmərəm. Yaxşı olardı institutu qurtaran, fəal, boy-buxunlu aktyorlar bura vəsiqə ala bilsinlər. Sonra biz giley eləməyək ki, bu adamlar niyə qəbul olundu, necə qəbul olundu və s. Yəni bu dediklərimdən sonra sualın kimə ünvanlandığı konkret bəlli olardı. İndi teatr aləmi elə sürətlə inkişaf edir ki, bizim çox şeydən xəbərimiz yoxdur. İstedadlı gənclərə yol açmaq lazımdır. Artıq böyük sənətkarlarımızı itirmişik, ona görə onların yerini tuta bilən aktyorlar lazımdır.

- Aktyorlar nəyə görə ancaq rejissor kimi Adil İsgəndərovun, Tofiq Kazımovun adını çəkirlər? Yəni son illərdə yetişən rejissorlar yoxdurmu? Məsələn, mən Bəhram Osmanovun,

Mehriban Ələkbərzadənin, Mikayıl Mikayılovun tamaşalarına baxmışam…

- Cavanların içində uğurlu tamaşa hazırlayan rejissorlar var. İradə xanımın Qoqolun «Evlənmə» tamaşasına baxdım, çox razı qaldım. Onun çox böyük gələcəyi var. Bundan başqa, Nicat Kazımovun tamaşaları xoşuma gəlib. Bəhram Osmanov çox istedadlı rejissordur. Gənc rejissorların bəzi tamaşalarına baxmışam, bəzilərinə baxmağı arzu edirəm. Ona görə köhnə rejissorların adlarını çəkirik ki, onların səhnəyə qoyduğu tamaşalar mənim beynimə həkk olunub. Rejissorluq çox çətin sənətdir. Biz arzu ilə yaşayırıq ki, adını çəkdiyiniz bu rejissorların tamaşalarına bilet tapılmasın. Axın-axın tamaşaçılar gəlsin, anşlaq tamaşalar olsun.

- Sirr deyilsə, teatrdan nə qədər maaş alırsınız?

- Bu hamımızın yaralı yeridir. Mən ən yüksək maaş alıram — 400 manat. Əlimə gəlib çatır 355 manat. Sağ olsun ulu öndərimiz, o vaxt bizi mükafatlandırdı, ömürlük təqaüdlə təmin elədi ki, ancaq sənət haqqında düşünək. Aylıq 1000 manat həmin təqaüdü alıram. Bu, mənim dolanışığıma çox kömək edir. Heç bir yerdə aktyora ömürlük təqaüd verilmir. Bizim də vəzifəmiz odur ki, gözəl tamaşalar hazırlayaq. Dövlət bizim üçün daha nə etməlidir ki? Teatrın binasını yüksək səviyyədə təmir etdirdi. İndi bəzi adamlar dodaq büzürlər ki, tamaşaçı gəlmir, teatr ölüb, aktyor yoxdur-filan. Həmin adamlardan soruşuram: sonuncu dəfə teatrda nə vaxt olmusunuz? Cavab nə olsa, yaxşıdır: mən təzə teatrda olmamışam. Təzə teatr bu teatra deyir ki, biz bu binaya 60-cı ildə köçmüşük. Deməli, 60-cı ildən bu yana teatrda olmayıb.

- Bütün müsahibələrinizdə gənclərə görə bir narahatlığınız var: onların maaşından, dolanışığından, ailə vəziyyətlərindən razı deyilsiniz

- Sizə bir söz deyim. Bizim teatrın rəhbəri İsrafil İsrafilov köhnə dostumuzdur, teatrı sevir, savadlı oğlandır. Şəxsən bizimlə söhbət edəndə deyib ki, bu məsələlərlə bağlı müraciət etmişəm. Bəlkə də bu yaxınlarda həll olundu. Həm mənzil şəraitinin yaxşılaşdırılması, həm də onların maaşlarının artırılması haqqında müraciət edib. Mən elə bilirəm, onun sözünü eşidəcəklər, məsələ həll olunacaq. İstedadlı gənclərə baxanda ürəyim ağrıyır. Onların ömrü gedir, enerjiləri xərclənir. Onlar da istəyirlər evlənsinlər, yaxşı maaşları olsun. Bizim vaxtımızda gənclərə xüsusi qayğı vardı. Məsələn, onları növbədənkənar evlə təmin edirdilər. O gənclərdən biri də mən idim. Gənclərə qarşı hərtərəfli qayğı artmalıdır ki, onlar başqa yerə qaçmasınlar.

- Gənclər hara qaçırlar?

- Söz yox, yenə də yaradıcılıq işi ilə məşğuldurlar. Dublyaja qaçırlar, seriallara çəkilirlər. Amma teatrdakı məşqləri onlara mane olur. Tofiq Kazımov bizi tez-tez televiziyada görəndə xoşu gəlmirdi. Çünki aktyor hər rola çəkilməz, hər şey üçün televiziyaya çıxmaz. Aktyor tez-tez efirdə olanda nüfuzunu, əlçatmazlığını itirir. Mən istərdim ki, aktyorlarımız adiləşməsin.

- Milli Dram Teatrının aktyorlarından tamadalıq edən varmı?

- (Sükut) Var. Amma onlar da etiraf edirlər ki, əgər bizim maddi durumumuz yaxşı olsaydı, toylara getməzdik. Adam da fikirləşir, nə deyim? Ailə var, uşaq var. Onların da ailələri, övladları adam arasına çıxırlar, istəyirlər üst-başları yaxşı olsun. Cavanlar belə şeyləri sadalayanda, adam bilmir nə desin, necə eləsin.

- Rafael Dadaşovla aranızda narazılıq yaranmışdı. Hətta əlbəyaxa olduğunuzu yazdılar. Düzdür, siz də, rejissor da bunu təkzib etdiniz. Ümumiyyətlə, bu məsələ nə yerdədir?

- Hazırda tamaşaya yeni aktyor cəlb olunub, məşqlərimiz davam edir. Mən çox təəssüf edirəm ki, bu məsələ ortalığa çıxdı. Sadəcə, bizi, teatrı sevməyənlər bu məsələni qərəzli şəkildə ortalığa atdılar.

- Sonradan Rafael Dadaşovla əlaqə saxlamadınız?

- Rafael teatra gəlməyib, ona görə görüşə bilməmişəm. Amma mən ondan nəyə görə küsülü qalmalıyam? Səhhəti ilə bağlı rəhbərliyə müraciət edib ki, onu roldan azad etsinlər.

- Mən Rafael müəllimlə danışanda əsəbi idi…

- Ona görə ki, vaxt az qalmışdı, tamaşanı təhvil vermək lazım idi. Fəaliyyətə eyni vaxtda başlamışdıq. Mənim üçün əsas rejissor mizanıdır. Yəni biz əvvəlcədən bu pyesi oxuyub razılıq vermişik.

- Rejissor İradə Gözəlova deyir ki, Rafael Dadaşov əvvəlcədən ona inamsızlıqla yanaşırdı…

- Məşq prosesində mübahisələr olurdu, inamsızlıq var idi. Mən elə bilirəm ki, aktyorun müdaxilə etməyə ixtiyarı yoxdur. Rejissor deyir, mən bütün günü tamaşa haqqında düşünürəm, öz mizanımı qururam, nə isə əlavə ediləndə, o xətt qırılır. Amma bu yaradıcılıq mübahisəsidir də. Bunu ortalığa çıxarmağa, şişirtməyə ehtiyac yox idi.

- «Qoca kloun axtarılır» tamaşası Rafael Dadaşovun getməsi ilə nə itirəcək?

- Bilirsiniz, Rafael istedadlı aktyordur, dünənki aktyor deyil. Onun çiynində xeyli rolu var. Müdiriyyət bu tamaşanı qəbul edəndə yaşlı nəslin nümayəndələri üçün götürmüşdü. Bizim ikimiz də cərrahiyyə əməliyyatı keçirmişik, yaşımız az deyil. Kloun rolu dinamikdir, səhnədə hərəkət tələb edir. Görünür, bütün bunlar öz təsirini göstərdi.

- Sonda tamaşaçılara və oxucularınıza sözünüz varmı?

- Sözüm odur ki, müsahibəni məni sevərək yaz (Gülür). Bu yaşda çək-çevir bilirsən də nə deməkdir?

 

Xalq cəbhəsi.- 2013.- 9 iyul.- S.15.