Türkləri
birləşdirən ulusal düşüncə — ilkin yaddaş
Professor Minaxanım Təkləli:
«Topladığımız türk xalqları əfsanələri
özündə bir sıra dərin, çox erkən mifoloji
detallar — ünsürlər daşımaqdadır»
Türk xalqlarının ilkin yaddaşı, zəngin mədəniyyət
soraqları daha çox onun folklor soraqlarında qorunub. Professor
Minaxanım Təkləli türk xalqlarının əfsanələri
ilə bağlı araşdırmalarında maraqlı qənaətlərə
gəlib. Bu istiqamətdəki
araşdırmalarını alim belə ümumiləşdirir:
«Türk xalqlarının dili, mədəniyyəti və
tarixi üzrə bir çox illərdən bəri
apardığımız elmi tədqiqat işləri əsnasında
Altaylardan başlamaqla Sibir ölkələrindən Qara dəniz
boylarınadək yerləşən xalqların dil-təfəkkür
tərzinə, adət-ənənələrinə,
sözünə, hikmət-inanc aləminə, mənəvi
abidələri sayılacaq nağıl, əfsanələrinə
də bələd olub mənimsədikcə müşahidə
etdiyim milli folklorun toplanması, nəşri və
araşdırılması ilə məşğul oldum. Həmin əfsanə və rəvayətlərdən
əldə olunan materialları yazıya alıb, işləyib
məzmunu saxlanılmaqla hekayələr şəklində
çap etdirməkdəyəm. Ümid
edirəm ki, uzaq illərdən xəbər verən və əsrlərin
arxasından keçib gələn əfsanələrin
öyrənilməsi hər bir halda qədim türklərin
dünyagörüşü, əxlaqi dəyərlərinə
yaxından bələd olmağa kömək edəcək.
Bu çalışmalar fikrimizcə, əfsanələrin
yazıya alınması və onların mühafizə
olunması kimi ciddi niyyətlərlə bağlıdır.
Ona görə də bu işi, mədəni-tarixi
irsimizin hər bir örnəyi kimi əfsanələrin də
sistemli öyrənilməsinə, nəticədə xalqın
yaddaşında möhkəm saxlanılmasına səbəb
olacağı kimi dəyərləndirmək lazım gəlir.
Ədəbiyyatımızda xalq əfsanələri
və rəvayətlər əsasında yazılmış ədəbi
əsər örnəkləri yetərincə olmaqla
çoxdur. Bu baxımdan Azərbaycan ədəbiyyatı
tarixində buna misal olaraq Cəfər Cabbarlının
«Qız qalası», Mikayıl Müşfiqin «Quzğun»,
«Çoban», Səməd Vurğunun «Ayın əfsanəsi», Rəsul
Rzanın «Sum və Ceyran», İlyas Əfəndiyevin «Apardı
sellər Saranı», «Qarı dağı», «İsa-Musa», Ayaz Vəfalının
«Turacın nəğməsi», Aslan Qəhrəmanlının
«Ceyran əfsanəsi», «Daşa dönmüşlər şəhəri»,
«Tutuquşu» və s. kimi onlarla örnək göstərmək
mümkündür. Bundan başqa bədii
söz sənətində daha geniş şəkildə
yayğın olan ədəbi bədii parçaları — xalq
yaradıcılığı elementləri əsasında
meydana çıxan və artıq yazılı ədəbiyyat
nümunəsi sayılmaqda olan pritçaları da göstərmək
olar. Ədəbiyyatımızdakı bu təşəbbüslər
əfsanə və rəvayətlərin yazıya
alınması ilə onların mühafizə olunması kimi
ciddi niyyətlərdən sayılmalıdır. Bununla mədəni-tarixi irsimizin hər bir örnəyi
kimi əfsanələrin də sistemli öyrənilməsinə,
nəticədə xalqın yaddaşında möhkəm
saxlanılmasına şərait yaradılması kimi dəyərləndirmək
lazım gəlir».
Tarixən
böyük ərazilərdə yaşamış, ekvator
boyunca Şərqə, Şərqdən də Qərbə
doğru hərəkət edən, düzlənib sıralanan
türk boyları belə bir həyat tərzi üzündən
ən çoxu da sözə tapınıb, nağıllar, əfsanələr,
uzun-uzadı söylənən dastanlara sahib olublar.
Araşdırmaçı bu fikirdədir: «Epik növün ən
qədim janrı olmaqla bu qəbil folklor örnəkləri
içərisində əfsanə və rəvayətlər əsas
yeri tutur. Əfsanə və rəvayətlər
uzun əsrlər boyu ağızdan-ağıza keçib,
ancaq xalqın yaratdığı və
yaşatdığı bu bədii nümunələr
ayrı-ayrı dövrlərdə məzmununu dəyişdirsə
belə, janrın özünəməxsusluğuna o qədər
də təsir etməyib; nəticədə inkişaf edib, təkmilləşib,
bütövləşib. Bu mənada
Türk folklorunun ortaq mövzularının və türk həyati
problemlərinin bədii-mifoloji əksini tapdığı əfsanə
və rəvayətlərin bir və ya iki qrup, insan dəstəsi
deyil, bu örnəklərin bütöv toplumun, xalqın
dünyagörüşünü əks etməsi faktı nəzərə
alınmalıdır. Çox hallarda bu
örnəklər ayrı-ayrı məkanla, zamanla, konkret
mühitlə uyğunlaşdırılır. Bu faydalı cəhəti ilə əfsanə
nağıldan fərqlənir. Adətən
nağıl zaman və məkandan uzaq olduğu
üçün onu hər bir millətin mənimsəyib
özününküləşdirməsi mümkündür.
Əfsanələr və rəvayətlər isə
özlərində əks olunan coğrafi faktların köməyi
ilə müəyyən mənada bir etibarlı qaynaq və sənədə
çevrilə bilir. Bu əfsanələr
xalqların bədii-mifik dünyagörüşünü
özündə cəmləyib saxlamaqdadır.
Əfsanələr, rəvayətlər xalqın əski,
mifik dünyagörüşü, mifoloji düşüncə
tərzi; xalq ruhu hopan fövqəltəbii əhvalat və
hadisələri əks edir; burada mifoloji düşüncə
aparıcı motiv kimi çıxış edir. Təsadüfi
deyil ki, bütün xalqların həm yazılı, həm
şifahi ədəbiyyatının ana xətti olan yüksək
bəşəri ideyalar, mütərəqqi fikirlər ilk
olaraq əfsanə və rəvayətlərdə təzahür
etmişdi. Xalq təfəkküründə
xeyirlə şərin ziddiyyəti bu örnəklərdə
xeyirlə şərin barışmazlığı deyə
silinməz, davamlı xətt kimi keçir. Odur ki, əfsanə və rəvayətlərdə
gözəlliyə (yəni Xeyrə) hüsn-rəğbət,
məhəbbət, eybəcərliyə (Şərə) nifrət
hakimdir. Bir rəvayətin və ya əfsanənin,
eləcə də başqa bir xalq ədəbiyyatı
nümunəsinin harada, ilk dəfə hansı xalq tərəfindən
yaradıldığını dürüst göstərmək,
mənbəyini, tarixini müəyyən edib tədqiq etmək
çətin görünmür. Beləliklə,
mövzu ilə bağlı bir məqsədimiz də qədim
türklərin mifoloji təxəyyülü bünövrəsində
yüksəlmiş inanc-kult sistemini, əski
dünyagörüşü, adət-ənənələri bərpa
edib bitkin rəy əldə etməkdən ibarətdir. Belə ki, toplanılan əfsanə və rəvayətlərdə
təzahür edən mifoloji düşüncənin
ümumtürk dünyagörüşü ilə
ortaqlığının, həm də bu düşüncənin
əsil mənbəyinin ortaya qoyulmasıyla üzə
çıxarılması bunların həlli nəticəsində
mümkün olur».
M.Təkləlinin fikrincə, əfsanələrdən fərqli
olaraq rəvayətlərdə gerçək bünövrə
mövcuddur. Tarixilik özünü bir çox cəhətlərilə
büruzə verir. Daha qədim bir tarix daşıyan əfsanələrdə
mifoloji-əsatiri motivlər üstünlük təşkil
edir: «Əfsanələrdə güclü olan daş, su,
ağac motivininin mərkəzi yerdə dayanması insanın
ibtidai inanclarının təzahürü olub, bir çox
hallarda hətta insani obrazlarından da önə
çıxarıldığını göstərməkdədir.
Təsvir
etdiyi obyekt və hadisələrin məzmununa görə
Türk xalqları əfsanələri kosmoqonik, zoonimik,
toponimik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri
daşıyır. Odur ki, mövzusuna və məzmununa görə
toplanmış əfsanələr və rəvayətlərin
aşağıdakı növləri üzə
çıxarılır:
Təbiət
(zoonimik, bitki, astral-kosmoqonik mənşəli); məişət
mövzulu («Daraqlı gəlin»; «Turacın nəğməsi»,
«Apardı sellər Saranı»); dağ, qaya, daş (Qarı
dağı, Daşların dili; Daş ürəkli
oğlanın nağılı, Üç bacı
üç ağac), su «çay, dəniz, bulaq» və s.
yaşayış məntəqələri adları (toponimik)
ilə bağlı əfsanə və rəvayətlər. Bu
mənada əski Kırım ibrəti indiki Kırım vilayətinə,
Sel-Sebil əfsanəsinin həqiqi qaynaqlarına aid əldə
etdiyimiz nağıl, tarixi şəxsiyyətlər barədə
«Dayə xatun» Səlcuqlu dövrünün (IX-XII yüzilliklər)
məşhur şəxsiyyətlərinə və
Kırım xanı Toxtamış xanın qızı, fədakar
şahzadəyə həsr olunmuş «Yaralı ürəyin
nağılı» rəvayətlərini örnək göstərmək
olar. Əfsanələr ilk insan cəmiyyətinin
bədii təfəkkür məhsuludur. Topladığımız
türk xalqları əfsanələri özündə bir
sıra dərin, çox erkən mifoloji detallar-ünsürlər
daşımaqdadır. İnanc
ünsürü də öz növbəsində xalq ədəbiyyatında
rəmzlərin, işarə və müqayisələrin də
varlığını şərtləndirir. Bu mənada daş, ağac, su motivləri bu örnəklərin
başlıca hərəkətverici qüvvəsidir. Bu motivlər coğrafi mühitin, zəngin təbiətin,
rəngarəng aləminin ifadəçiləridir. Məsələn, su ilə bağlı əfsanələr
suyun təmizliyi, paklığı, aydınlığı
şərtlərinə əsaslanmaqla təbii olaraq məqsədyönlü
nəticələri əks edirlər. Su (o
cümlədən çay, dəniz, bulaq) motivi ilə
bağlı toplayıb qələmə aldığım («Xəstə
baş çayının sehri»; «Yenisey bahadır və
gözəl Anqara») əfsanələrində əsasən su
hövzələrinin niyə belə
adlandırıldığı əsas məqsəd kimi
götürülərək sanki bu səbəb üzündən
həmin əfsanələr ortaya çıxıb. Məsələn, Baykaldan axan və Yenisey
çayına qovuşan Anqara gözəl, artıq hədd-buluğa
çatmış bir qız olaraq təsvir edilir. Yeri gəlmişkən
qeyd edim ki, ətraf xalqların müqəddəs
sandıqları Baykal haqqında bir çox əfsanə və
rəvayət örnəkləri olmaqla yanaşı bu gölə
tökülən çaylar və habelə ondan qaynaqlanan
Anqara, gölün ətrafındakı dağlar, qayalar,
göldəki adalar haqqında da cazibədar nağıllar
var. Baykala axan, öz məcrasına sığmayan dəli-dolu
İrkut, Turka, Barquzin çayları Anqaraya elçi
düşür, lakin sakit-sakit axan və hələlik
kiçicik bir irmaq olan Anqara uçan quşlardan Yenisey
bahadırın sorağını eşitmişdi. Onun ürəyi bol sularını böyük
okeanlara qovuşduran, bu gur nəhrə yetişməkdən
ötrü çırpınır. Onun bu
eşqdən qabaran köksü sayaq eynən suları da
artır, indi o özü bir gur nəhrə dönüb,
öz yatağına daha sığmır. Qoca Baykal isə bircəcik qızının uzaqlara
getməsinə dözə bilməz. Odur
ki, indi artıq coşaraq sahillərini yeyib tökən Anqara
Yeniseyə qovuşmaq üçün atasını yuxuya
verib gizlicə qaçır. Yuxudan oyanan
Baykal ata onun yalvarışlarına məhəl qoymayan
qızının ardınca iri bir daş atır. Bu daş indi də çayın ortasında iri qaya
şəklində durmaqdadır. Deyirlər
ki, Baykal da bax beləcə Dünya yaranandan narahat-narahat
çalxalanmağındadır. Baykal
gölündə daim baş verən dəhşətli
fırtınaları da bu hadisə ilə bağlayırlar.
Təəssüf ki, Anqara su anbarı tikildikdən
sonra suyun səviyyəsi artdığına görə Sibir
türklərinin bir çox folklor örnəklərinin əsasında
dayanan bu nəhəng daşın da çox hissəsi sular
altında qalıb görünməz olmuşdu».
Uğur
Xalq cəbhəsi.- 2013.- 17 iyul.- S.
14.