Müharibə şəraitində yaşayan kənd

 

Cəfərli kəndinə çəkilmiş kanalı ermənilər kəsdiyinə görə yerli sakinlər susuz qalıb

 

Qazaxın Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məskəni sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranıb. Ağstafa çayının üzərində yaradılmış su anbarı kənd ərazisində yerləşdiyinə görə ərazini iki hissəyə bölüb: Böyük Cəfərli, Bala Cəfərli. Bala Cəfərlidə əhali sayı çox az qalıb. Kənd əhalisinin əksəriyyəti Qarabağ müharibəsinin alovlu illərində kənddən köçüb.

Cəfərli kəndi erməni mövqelərinin 200 metrliyindədir. Əhali sayı 1300 nəfərdir. Birinci Qarabağ müharibəsi başlayan zamandan erməni qarşısında dim-dik duran kəndlərdəndir. Düz 20 ildir ki, kənd müharibə şəraitindədir. Düz 20 ildir ki, güllə səsi insanlar üçün küçədən gələn uşaq səsi qədər «doğmadır». 20 ilə yaxındır ki, əhali evini təmir etməyə belə həvəs göstərmir. 20 ilə yaxındır ki, insanlar — «dolanırıqsa, qoçaq adamıq» — deyirlər

 

5 manata uzunqulaq

 

Cəfərliyə daxil olduğumuzda bizi ilk qarşılayan arteziandan su daşıyan uşaqlar oldu. Hay-küylü kənd uşaqları ilə tanışlığımız da bulaq başında baş tutdu. Arabaya qoşduqları eşşəkləri haraylayaraq evə su daşımaqla məşğul idilər. Diqqətimizi bu balacaların əmrinə sözsüz tabe olan uzunqulaqlar çəkdi.

- Burda uzunqulaq çoxdur?

- Çoxdur. Su, ot daşıyırıq onunla. İşimizə yarıyır.

- Birini neçəyə almaq olar?

- Baxır eşşəyin yük götürməsinə. Qiymət 5-30 manat arası dəyişir. Əsgərlərdən almaq olar, ucuz verərlər. (biri o birinə eşşəyini 50 manata deyir).

- Əsgərlər uzunqulaq satır?

- Bax bu eşşəyi Qəndigil əsgərlərdən alıb, onlara da biz satmışıq.

Uşaqlar səs-küylə su bidonlarını doldurublar. Aralananda balaca İsmixan fotolarını çəkdiyimi görüb çağırdı:

- Şəklimizi internetə verərsən, yaxşı?

- Yaxşı

Əvvəl onu deyək ki, su Cəfərli kəndinin ən böyük problemlərindən biridir. Vaxtilə Ağstafa çayından Cəfərli kəndinə çəkilmiş kanalı ermənilər kəsdiyinə görə kənd sakinləri susuz qalıb.

Əhalinin dediyinə görə, Cəfərlinin ağacları düz 10 ildir ki, suya həsrətdir. Bu il Ağstafaçayın digər dəryaçasından, Daş salahlı kanalından Cəfərliyə 6 km uzunluğunda kanal çəkilib, nasos stansiya qurulub. Bu nasos stansiya kəndi lazımi qədər su ilə təmin edir. Əhali deyir nəhayət ki

Kənd ərazisində 4 artezian quyusu var: üçündən suvarma, birindən isə içmək üçün istifadə edilir. Yeri gəlmişkən, Qırmızı Xaç Cəmiyyətinin yardımı ilə kənd ərazisindəki su boruları su çənləri təmir bərpa edilib. Cəmiyyət kəndin çox kasıb 11 ailəsinə mal-qara alması üçün 1100 manat da ödəyib.

Vaxtilə Ağstafaçayın üzərində, kəndin ərazisində salınmış süni göl bütün gözəlliyi ilə bərq vururdusa, hazırda çayın suyu quruduğundan yerində yalnız gölməçə qalıb. Vaxtilə bütün kəndi su ilə təmin edən gölün ətrafı indi zibillikdir. Yeri gəlmişkən, yerli əhali arasında Didvan adlandırılan bu gölün karas (dabanbalığı) balığının dadı indi dillərdə dastandır. Balıqçı qayıqlarını hazırda gölün qurumuş, mamır basmış, zibilli sahillərində görmək olar. Vaxtilə məşhur Didvan gölünün ətrafında salınmış kəndə xüsusi görkəm gözəllik gətirən meşə zolağı indi qurumuş gölün fonunda yaman boynu bükük görünür.

 

Adı qalmış savxoz

 

Cəfərli kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik maldarlıqdır. Sakinlərin dediyinə görə, vaxtilə Böyük Bala Cəfərli, Sofulu Barxudarlı kəndləri birlikdə savxozun tərkibinə daxil imiş. Sonuncu iki kənd ermənilər tərəfindən işğal edilib. Savxoz isə indiyə kimi fomal olaraq qalır əhali indiyə kimi pay torpaqlarını almayıblar. Ümumiyyətlə, Cəfərli əhalisi torpaq deyəndə köks ötürüb gözündən az qala torpaq tökür. İnsanlar atəş xəttinə yaxın yerlərdə əkin əkməyə çəkinir. Bura adətən örüş kimi istifadə olunur. Əkin sahələrində düşmən gülləsinə tuş gələnlərin sayı az deyil. Savxozun 100 hektar digər torpaqları isə kənar şəxslərə kartof əkini üçün icarəyə verilib.

Əhalinin bir hissəsi narazılıq etsə sonradan susmağa məcbur olublar. Müvəqqəti olan kartof yığımına yerli sakinlər cəlb edilir. Dediklərinə görə, rejimi səhər 8-dən axşam 8-ə kimidir. Bu gününün müqabilində onlara 10 manat günəmuzd verilir. Kartof yığımında uşaqlar da işləyir. Sakinlərin digər problemi yerli məhsulu satmaq üçün bazarın olmamasıdır. Vaxtilə Cəfərli kəndi taxılçılıq, tərəvəzçilik meyvəçiliklə məşğul olub. Hasil edilən məhsul isə İrəvana aparılıb. Hazırda isə məhsul yalnız Qazax bazarına çıxarılır. Sakinlərin bilidirdiyinə görə isə bu kimsəyə sərf etmir, çünki alverçilər kəndlilərə istehsal etdikləri məhsulu satmağa imkan vermirlər.

 

Reaksiya verilməyən atışmalar

 

Cəfərli kəndi atəş xəttinə çox yaxındır. Baxanda ətraf ovuc içi kimi görünür. Ermənilərin yaşadığı Lələ kənd, işğal edilmiş Barxudarlı, Sofulu Cəfərlinin ətrafında yerləşən kəndlərdir. Sakinlərin dediyinə görə, ötən ilə kimi kənd mütəmadi olaraq atəşə tutulurdu. Hazırda atəş səngiyib. Ara-bir gecələr olan atəş isə kimsəni narahat etmir. Əksinə əhali indi evini təmir edir, təsərrüfatını daha da yaxşılaşdırmağa çalışır.

Mobil telefon Cəfərli ərazisində çətin tutur. Amma insanlar erməni gürcü kanallarına baxa bilirlər. Atışmaların gərgin olduğu zamanlarda əhali atılan oddan qorunmaq üçün «teplisa» kimi tanıdığı ting zavodunun zirzəmisində gizlənirdi. Zavodun zirzəmiləri betonla örtüldüyündən çox etibarlı idi. Hazırda isə bura da bərbad gündədir. Yəni müharibə başlayacağı təqdirdə ahalinin təhlükəsizliyinə təminat yoxdur. Kənd ərazisində yiyəsiz evlərin sayı da az deyil. Müharibə dövründə evlərin bir hissəsi sakinlər tərəfindən tərk edilib, bir hissəsinin sakinləri isə müxtəlif səbəblərdən dünyadan köçüb

Qeyd edək ki, kəndin məktəbi atəş xəttinə yaxın yerləşir. Məktəbin ətrafı beton örtüklə hasarlanıb. Yeri gəlmişkən, bu il məktəbin 11-ci sinifini 4 nəfər, birinci sinifi isə 13 nəfər bitirib. Məktəbin doqquzuncu sinif şagirdi 15 nəfər olub. Onların neçə nəfərinin onuncu sinifə keçəcəyi məlum deyil. Müəllimlərin bildirdiyinə görə, şagirdlərin bir çoxu Xanlıqlar kəndində yerləşən peşə liseyinə gedir.

 

Yol

 

Cəfərlinin yolundan danışağa dəyməz. Yəni bərbad gündədir. Özü bineyi qədimdən belə olub. Yolun düzələcəyinə hələ söz verən yoxdur. Yol mədəniyyətdir, Cəfərli isə mədəniyyətdən kənarda, sıxıntı içində

 

Ülviyyə Tahirqızı

 

Xalq cəbhəsi.- 2013.- 30 iyul.- S. 11.