Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə

 

 

Bu sahədə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi

Hər bir dövlətin varlığının təsdiqində onun vətəndaşlarının sağlıq durumunun qorunması vacibdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin zamanda varlığını qorumaq yönündə addımlar atdı. Ölkə vətəndaşlarının sağlığının qorunması üçün səhiyyənin inkişaf etdirilməsi bu baxımdan gərəkli idi. Təxminən 100 il əvvəl dünyada səhiyyə xidmətinin, təbabətin indiki dövrlə müqayisədə zəif inkişaf etdiyini nəzərə alsaq, durumun çətinliyi aydın olar.

1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Xalq Cümhuriyyəti Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Milli kadr olaraq nazir vəzifəsində 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyovun təyin edilməsi bu sahədə işlərin irəliləməsinə təkan vermişdi. Nazirliyin 5 əsas şöbəsi — şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımi avadanlıqlar alınmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın milli şüurunun oyanmasında, milli özünüdərkində müstəsna rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi.

Hökumət əhaliyə tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi. Qərarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında ciddi vəzifələr qoymuşdu. Bunlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımı şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.

Bununla yanaşı Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması, onların tibbi kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzində idi. «Azərbaycan» qəzeti 1918-ci ilin sonlarında çıxan saylarından birində yazırdı: «Şəhər tibb-sanitar təşkilatları bu ağtır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb». Azərbaycan Səhiyyə Nazirliyi müalicə müəssisələrinin bərpasına belə çətin şəraitdə başladı. Arxiv sənədlərinin verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərmişdi. Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi olmuşdu. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılırdı. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olmuşdu. Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmişdi. Bunun üçün 43,3 milyon manat pul ayrılmışdı. Bu qərara əsasən Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulmuşdu. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindəndir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınmasını əlində cəmləşdirmişdi.

Azərbaycanın tibb tarixi qədim zamanlardan başlayır. Ancaq elmi təbabətin yaradılması və inkişaf etdirilməsi istiqamətində ilk addımlar XIX əsrin II yarısında atılıb. Bu, həmin dövrdə Rusiyanın və başqa ölkələrin müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin sayəsində mümkün olub. Belə mütəxəssislərdən biri Mirzə Kazım bəydir. 1887-ci ildə «Ürəyin innervasiyasına dair materiallar» mövzusunda dissertasiya müdafiə edərək doktorluq dərəcəsi almış Mirzə Kazım bəyin terapiya elminin inkişafında, difteriyaya qarşı mübarizədə və s. böyük xidmətləri olub.

Ölkəmizdə ambulator xidmətin ilk təşkilatçısı isə M.Vəkilovdur. O, Bakıda ilk pulsuz müalicəxananı (poliklinikanı) yaradıb, daha sonra onların sayının artırılması barədə məsələ qaldırıb. Bakı şəhərində 6 müalicəxana açılmasına nail olub. İ.Rəhimov ilk azərbaycanlı psixiatr, M.İ.Şərifov ilk sanitar həkim, Ə.Axundov ilk ruhi xəstəliklər klinikasının təşkilatçısı olub. Azərbaycan təbabətinin inkişafında, səhiyyə ocaqlarının, elmi-tibbi müəssisələrin təşkilində N.Nərimanovun rolu olub. Mirzə Məmmədqulu Qayıbov, Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli Azərbaycan elmi cərrahlığının bünövrəsini qoyublar.

XX əsrin əvvəllərində azərbaycanlı gənclərin çox az hissəsi Rusiyada və digər xarici ölkələrdə təhsil ala bilirdi. İ.Mehmandarov, K.Mehmandarov, X.Rəfibəyov, M.Axundov, M.Sultanov, M.Mirqasımov, S.Ağamirzəyev və başqaları bu şansı qazanmış tibb mütəxəssisləri idilər. XX əsrin əvvəllərində Azərbaycanda elmi təbabət, kütləvi tibbi xidmət yenicə inkişaf edirdi. Müalicə ocaqları, milli tibb kadrları çatışmadığı üçün səhiyyənin inkişafı ləngiyirdi. Təkcə onu demək kifayətdir ki, 1913-1914-cü illərdə Azərbaycanın ambulatoriya və müalicəxanalarında ümumilikdə 45 həkim çalışırdı və onlardan cəmi 11 nəfəri azərbaycanlı mütəxəssis idi. Yalnız Bakı və Gəncə şəhərlərində müstəqil sanitar xidməti fəaliyyət göstərirdi. Əhalinin böyük əksəriyyətinin tibb təhsilli əsl həkim əvəzinə ara həkimlərinə, dəlləklərə, hətta falçılara, mollalara, cadugərlərə müraciət etdiyi bir dövrdə ölkəmizdə səhiyyənin inkişafı üçün çalışan fədakar ziyalılarımız həm müalicə işi, həm də cəmiyyətin maarifləndirilməsi ilə məşğul olurdular. Bu işdə azərbaycanlı tibb kadrları ilə yanaşı, digər millətlərdən olan həkimlərin də xidmətləri böyükdür.

ADR dövründə Azərbaycan səhiyyəsinə dövlət qayğısının yüksək olmasına baxmayaraq ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlər onun fəaliyyətinə ciddi təsir edirdi. Bu amil səhiyyə nazirlərinin tez-tez dəyişməsində də özünü göstərirdi. Belə ki, 1919-cu ildə səhiyyə naziri vəzifəsinə Y.Gindes təyin olundu. Azərbaycanda pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə yaxın elmi əsərin müəllifi idi. Onun nazir olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açıldı, pediatriya sahəsi inkişaf etdi. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi sanatoriyası tikdirdi. Azərbaycan Demokratik Respublikasının sonuncu səhiyyə naziri isə M.Rəfiyev oldu.

Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyənin bütün istiqamətlərdə inkişafını sürətləndirmək üçün tədbirlər görüldü. Hökumət əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün hərtərəfli planlar işləyib hazırladı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də milli təbabət kadrlarının hazırlanması idi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərildi. Bu, kifayət etmirdi. Ancaq ADR hökumətinin 1919-cu ildə sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərarından sonra vəziyyət dəyişdi. Demək olar ki, Azərbaycanda tibb elminin inkişafı Bakı Dövlət Universitetinin açılması ilə sürətləndi. Universitetdə tarix-filologiya və tibb fakültələri açıldı. Bakı Dövlət Universitetinin ilk rektoru, görkəmli cərrah, professor V.İ.Razumovski, tibb fakültəsinin ilk dekanı isə professor İ.İ.Şirokoqorov oldu. Onlar qısa müddətdə Bakıda yaşayan tibb kadrlarının istedadlılarını BDU-da işə cəlb etdilər. Tibb fakültəsini bitirənlər arasında gələcəyin görkəmli alimləri yetişdi. Universitetin ilk məzunlarından akademik C.Əfəndiyevin, professorlar K.Balakişiyevin, Ə.Sultanovun, A.Tahirovun, A.Qarayevin, A.Sadıqovun və başqalarının adını vurğulamaq olar. Artıq bir neçə ildən sonra universitetdə ilk azərbaycanlı elmlər doktorları — M.Mirqasımov, M.Topçubaşov, M.Sultanov, S.Vəlixan, A.Cəfərov var idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş ənənələrdən AXC-nin süqutu və ölkədə sovet hakimiyyətinin qurulmasından sonra yeni yaranan Xalq Səhiyyə Komissarlığı və onun səhiyyə orqanları da bəhrələndi. Komissarlığın ümdə vəzifəsi respublikada geniş yayılmış vəba, çiçək, malyariya, qarın yatalağı, qızılca kimi yoluxucu xəstəliklərlə mübarizə aparmaq idi. Bu və digər sahələrdə islahatlar aparmaq üçün səhiyyə komissarı (səhiyyə naziri) vəzifəsinə 1921-ci ilin 28 noyabrında M.Qədirli təyin edildi. Onun səhiyyə komissarı kimi fəaliyyət göstərdiyi dövrdə vahid tibbi-səhiyyə sistemi yaradıldı, kadr hazırlığına, kənd səhiyyəsinin yüksəldilməsinə, əhalinin dərman təminatının yaxşılaşdırılmasına, qadın və uşaqlara tibbi xidmətin inkişafına xüsusi fikir verildi. Bir çox qəza mərkəzlərində, böyük yaşayış məntəqələrində xəstəxanalar, ambulatoriyalar, apteklər və digər tibb müəssisələri təşkil olundu. Xalq Komissarları Sovetinin təşkili, apteklərin milliləşdirilməsi, uşaqlara pulsuz yeməklərin paylanması və əhaliyə pulsuz tibbi xidmətin göstərilməsi ilə bağlı ilk dekretlər həyata keçirildi.

Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdu. Səhiyyə tibb-ocaqların dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil olunmuşdu. Bütün bunlarla yanaşı, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlamış və xəstələrə pulsuz xidmət göstərmişdi.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 5 iyun.- S.14.