Yenə o bağ olaydı…
Mikayıl Müşviqin şeirlərində insanın yerə-göyə sığmayan arzularıyla zamanın amansızlığını dərkdən doğan ağı, gerçək təəssüratlar var
«Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar! Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdır». Bu, 1937-ci il iyunun 3-də Azərbaycan K(b)P XIII qurultayında M.C.Bağırovun çıxışındandır. Bu çıxışdan sonra Azərbaycanda yaradıcı insanların repressiyası daha da kütləvi xarakter aldı. Bu repressiyaların ilk qurbanlarından biri isə istedadlı gənc şair Mikayıl Müşviq idi.
Mikayıl Müşviqin ölümü imperiyaya gərək idimi? O, doğrudanmı
imperiyaya qarşı çıxırdı? Əslində belə deyildi. Ümumiyyətlə, Müşviqin istedadı, özünəməxsusluğu, fitrətən xalq ruhunu sevməsi, şeirlərinə bu tipli mövzuları gətirməsi zamanın ruhuna yad idi. Müşviqlərə qarşı kin o qədər güclü oldu ki, onların Sovetlərə verəcəyi xeyrə belə inanmadılar. Məqsəd onları məhv etmək idi, etdilər də.
Bugünlərdə Mikayıl Müşviqin anadan olmasından 105 il ötdü. O, 1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdı. Bakının orta məktəblərində 7 il müəllimlik etmişdi. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdu (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Mikayıl Müşviq bədii tərcümə ilə də ciddi məşğul olub. 6 il evli olub: 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin «Müşfiqli günlərim» adlı xatirələr kitabı nəşr olunub. Kitab çap olunan kimi oxucular arasında böyük maraqla qarşılanmışdı. Kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə «Gənclik» nəşriyyatında işıq üzü görüb.
Mikayıl Müşviq 1938-ci il yanvarın 6-da güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib. Onun «Yenə o bağ olaydı», «Oxu, tar» və başqa şeirləri populyardır. Öldürülənə kimi Mikayıl Müşviqin 10 kitabı çap olunmuşdu.
Tərcümələri bunlardır: Yeqişe Çarens. Şeirlər. Bakı: Azərnəşr, 1934; Taras Şevçenko. Kobzar. Bakı: Azərnəşr, 1934; A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1930; Marşak. Huşsuza bax, huşsuza; A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1937 və s.
Şirin xanım Kərimbəyli Şadiman Müşviq haqqında fikirlərini belə bölüşür: «Bəxtinə 29 il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət dolu şeirlərinin axıcılığı da bizlərə diqtə edir. Cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan faciə qəhrəmanlarından biri də yəqin ki, Müşfiqdir… Həyatının baharında cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri də çox gördülər… Bu nurun işığından gözləri qamaşanlar öz alayarımçıq bacarıqlarından qorxdular, qorxdular ki, Müşfiq sağ olsa, onlar Müşfiqin yanında çox solğun, üzgün, cılız, aciz görünəcəklər. Elə ona görə də şeirləri ilə könülləri ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı, kitab rəfini bəzəyəcək Müşfiqin doğulmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza zərbə vurdular — Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairləri məhv etməklə… Bu gün pula-vara hərislər, beşgünlük ailə həyatı quranlar, doğulan uşaqların həyatını faciə dolu ömürlə qol-boyun edənlər Mikayıl Müşfiq şeirlərindən bəhrələnsəydilər, sevginin ucalığını, həyatın şirin olduğu qədər də acı olduğunu dərk edərdilər. Çünki Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi insan ürəyində məhrəmanə hisslər bəsləyir. Onu nəinki öz sevdiyinə kəc baxmağa, əksinə, adamı bu ilahi hissə sadiq qalmağa səsləyir. Cismən onu məhv etdilər, həyatının çiçəkləndiyi vaxda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu gülüzlü yarından ayırdılar, ona «vətən xaini», «xalq düşməni» damğası vurdular. Onun şair ruhunun qarşısında tələ qurdular, bir səd kimi durdular. Fəqət mənən onu həyatdan apara bilmədilər».
1937-ci ildə isə xalqın ürəyini parçaladılar. Bu dəfə zərbə daha çox ədəbiyyat adamlarına dəydi. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu tamamilə sarsıtsın. Ədəbiyyat mahiyyətcə əbədiliyi ifadə edir. Ümumən sənət görünənin arxasındakı görünməzlikdən soraq verir. Zaman-zaman məşhur sənət əsərləri məhz zamanı aşdığına, əbədiliyi bu və ya digər səviyyədə təsdiq etdiyinə görə mövcud olub, bu gün də yaşayır. 30-cu illərdən başlayaraq Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı və həyata keçirdi. 1937-ci il yaradıcı adamların ürəyində və ağlında elə dəhşətli xof yaratdı ki, bu gün də həmin xof ürəklərdən çıxmayıb. Hə qədər acı səslənsə də, bu, gerçəklikdir. 37-ci il repressiyaları zamanı biri-birlərini satanlar, xəyanətlər selində insanların halsızlığı, imperiyanın mütləq hakimliyi bütün aydınlığı ilə göründü, bilindi. Mikayıl Müşviqlərin Məmməd Rahimlər tərəfindən basqılara məruz qalması, müxtəlif adlarla çağırılması, bunun ictimaiyyətə hay-küylə təqdim edilməsi onların həbsi üçün imkan yaratmış oldu. Ədəbiyyat adamlarının 1937-c ilin oktyabrında başlanan kütləvi həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi oldu.
Yazıçılar İttifaqının 60-a yaxın üzvünün 27 nəfəri represiyaya məruz qaldı. Sovet imperiyası daha da azmanlaşdıqca məhvini yaradırdı, ancaq anlayırdı ki, yerində saymaq daha pis ölümdür. Bütün imperiyaların axırı yoxdur, ancaq imperiyalar çökərkən balaca sayılan, yüzillər boyunca qanı sorulan xalqların üstünə yıxılanda vəziyyət daha da acınacaqlı olur. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulması onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib. Sovet dövründə yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi. Repressiya dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları məhv edildi.
Mikayıl Müşviqin məşhur şeirlərindən bir neçə bənd təqdim edirik.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz
Biz də muradımızca
fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Arzuya bax,
sevgilim,
tellərindən
incəmi?
Söylə
ürəyincəmi?
Burada
insanın, sevən gəncin heç bir quruluşun
sınırına sığmayan duyğuları təqdim
olunur: yarımçıq sevgi olmur, yarımçıq
duyğu olmur, yarımçıq aşiqlik olmur. Ona görə
də zamanlar ötür, yalnız böyük duyğular,
böyük aşiqlər, böyük özünüifadələr
qalır.
Oxu,
sevdiciyim, öz həvəsinlə!
İlham
qanadlanır sənin səsinlə.
Nəğməndə
oynasın sellərin səsi,
Dan yerindən
əsən yellərin səsi!
***
Oxu, tar,
oxu, tar!
Səsindən
ən lətif şeirlər dinləyim.
Oxu, tar,
bir qadar!
Nəğməni
su kimi alışan ruhuma çiləyim,
Oxu, tar!
Səni
kim unudar?
Ey
geniş kütlənin, şirini, şərbəti-
Alovlu sənəti!…
Müşviqin
təkcə tarı müdafiəsi ilə bağlı deyil bu
şeir. Bu, həmin çağlar idi ki, Süleyman Rüstəm
yazırdı:
Oxuma tar,
oxuma tar,
Səni
sevmir proletar.
Ancaq
Müşviqin bu məşhur şeiri ilə sanki tarın
ömrünə yeni bir nəfəs gəldi. O, zamanında
tara qarşı olan qadağanı aşdı, tarı vəsf
etdi.
Ah, mən
gündən-günə bu gözəlləşən
İşıqlı
dünyadan necə əl çəkim?
Bu yerlə
çarpışan, göylə əlləşən
Dostdan,
aşinadan necə əl çəkim?
Həyat
dedikləri bu keşməkeşdən,
Qəlbimdə,
qanımda yanan atəşdən,
Gecədən,
gündüzdən, aydan, günəşdən,
Bu əngin
fəzadan necə əl çəkim?
Bu
şeirdə insanın yerə-göyə sığmayan
arzularıyla zamanın amansızlığını dərkdən
doğan ağı, gerçək təəssüratlar var:
zaman insanın ülvi duyğularına qarşıdır.
Müşviqə deyirdilər ki, bizim kimi ol, yoxsa məhv
olacaqsan. Müşviq isə tamamilə onlar deyən kimi ola,
onlar deyən kimi yaza bilmirdi…
Azərbaycan
Xalq Cümhuriyyətinin 23 aylıq varlığı ərzində
millilik yönündə çabaların, istəklərin
böyük mənada inkişafı mümkün olmadı.
Sovet imperiyası millilik donunda sovetizmi təbliğ edən
beynəlmiləlçilik istəyirdi, buna nail oldu da.
Yuxarıda
təqdim edilən Müşviq şeirlərinin ruhən, dil
sarıdan duruluğu, ürəyəyatımlığı
diqqəti çəkir. Bu cür nümunələrin onilləri
aşaraq günümüzə gəlib çatıbsa, o deməkdir
ki, bundan sonra da yaşayacaq.
İndi poeziyaya yeni nəfəs gətirmək çətinləşib. Ancaq əgər Mikayıl Müşviq elə bir çətin vaxtda poeziyaya yeni söz, yeni nəfəs gətirməyi bacardısa, deməli, bu imkan həmişə mümkündür. Ancaq o imkanı bizə zaman verməyəcək, zamandan üstünlüyümüz verəcək.
Uğur
Xalq Cəbhəsi.- 2013.- 12 iyun.-
S.14.