Ermənilər Azərbaycan dilindən bəhrələniblər

 

Sönməz Abbaslı: «Bir çox gürcü və erməni sənətçiləri Azərbaycan dilində yazıb-yaradıblar»

Azərbaycan qədimdən bəri türkdilli mədəniyyətin beşiyidir. Eləcə bu bu bölgədə yaşayan müxtəlif xalqların nümayəndələri həmişə özlərin doğma bir mühitdə hiss ediblər. Dilimizin, mədəniyyətimizin yüzillər boyunca başqa xalqların mədəniyyətində, ədəbiyyatında, folkorunda ciddi rol oynaması xalqımızın ruhunun, xarakterinin ucalığından, insanlara, xalqlara doğma yanaşmasından irəli gəlir. Ancaq çox hallarda doğmalığımız bəziləri tərəfindən düzgün anlaşılmayıb. Elə ermənilərin türklərə qarşı amansız davranışı, sui-istifadəçiliyi fikrimizə gözəl sübutdur.

Araşdırmaçı Sönməz Abbaslı Türk (Azərbaycan) dilinin Qafqaz xalqlarının folklorunda rolu ilə bağlı maraqlı araşdırma aparıb. O, bildirir: «Türk (Azərbaycan) dili XVIII-XX əsrlərdə bütün Qafqazda hakim dil olub desək, yəqin ki, yanılmarıq. Azərbaycanlılarla yanaşı, Qafqaz xalqını təmsil edən bir çox gürcü və erməni sənətçiləri də məhz Azərbaycan dilində yazıb-yaradıblar. Bu da türkcəmizin nə qədər zəngin, incə, qəlbə yaxın bir dil olduğunu təsdiq edir.

Araşdırmalardan bəlli olur ki, qeyd olunan əsrlərdə Aşıq Ruhani, Aşıq Pəktayi, Səfil Lado kimi onlarla gürcü aşıq və şairləri türk dilini şeir, mahnı, dastan dili olaraq seçmişbu dildə yazıb-yaradıblar.

Araşdırmalardan bəllidir ki, Ruhani təxəllüsü ilə tanınan, əsl adı isə İoseb-Mose Beridze olan gürcü aşığı şeirlərini həm öz doğma dili olan gürcü, həm də türkcə qoşub. O məşhur gürcü aşıqlarından sayılan Şivğanın atasıdır. «Bəyəndim» rədifli gözəlləməsi və oğlunun vəfatına ithafla yazdığı «Sənin ucundan» qoşması məşhurdur. Bu kimi şeirlər şairin dilimizin incəliklərinə bələd olmasını təsdiq edir. Azərbaycan dilində yazıb-yaradan digər gürcü ustad aşığı Aşıq Pəktayi də öz dövrünün (XIX-XX əsr) tanınmış ustad aşıqlarından hesab olunur. Pəktayi əlinə saz alıb, özünə «aşiq» deyəni kəskin tənqid edir, əsl sənəti, sənətkarı layiqincə qiymətləndirməyi lazım bilir. Həm türk, həm də gürcü dillərində əsl sənət nümunələri yaratmış gürcü aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Səfil Lado təxəllüslü (əsl adı Vladimir Beruaşvili) olan gürcü aşığı isə demək olar ki, bütün şeirlərində qafqazlıları birliyə səsləyib. Bu aşıqlarla yanaşı, onlarla digər gürcü sənətkarları da türk dilini sənət, şeir, poeziya dili olaraq qəbul edib, ən yaxşı şeirlərini bu dildə yaradıblar. Türk dili qeyd olunan əsrlərdə (XVIII-XX) gürcü xalqı ilə yanaşı digər Qafqaz xalqları olan ermənilərin də folklorunda, söz yaradıcılımında önəmli yer tutub».

Azərbaycan dilinin, mədəniyyətinin nə qədər əhəmiyyətli, yüksək olduğunu digər bir erməni ədəbiyyatşünası A.Arşaçuni belə səciyyələndirir: «Azərbaycan dili (türk dili-red.) erməni aşıqları və erməni xalqı üçün demək olar ki, doğma dil olub. Əks təqdirdə onlar tamaşaçıların rəğbətini qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı. Erməni aşıqlarının Azərbaycan, erməni və hətta gürcü dillərində uğurlu şeir yazmaları haqqında danışmaq yersiz olardı. Erməni xalqı daim Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə edib, erməni xalqı bu ədəbiyyata və folklora həmişə məhəbbətlə yanaşıb».

Araşdırmaçı bu qənaətə gəlir ki, erməni xalqı və onun aşıqları doğma türkcəmizə dərindən bələd olubbu dildə danışmaqda heç bir çətinlik çəkməyiblər: «Aşıq poeziyamızla yanaşı, folklorumuzun nəsihətamiz, ibrətamiz, məna tutumlu janrı hesab edilən atalar sözləri də erməni folklorşünaslığında dərin iz buraxıb, bu xalqın məişətinə, adət-ənənələrinə daxil olub. Təsadüfi deyil ki, onlar ünsiyyətdə, məişətdə bizim atalar sözlərimizə tez-tez müraciət ediblər. Tanınmış erməni yazıçısı və pedaqoqu Qazaros Ağayan erməni dilinin qrammatikası ilə türk dilinin qrammatikası arasında oxşarlıq olduğunu qeyd edib, Azərbaycan atalar sözlərinin hətta erməni uşaqlarının da nitqində tez-tez eşitdiyinin şahidi olub: «İlahi, Vartiter uşaqdır, onun hələ on dörd yaşı var. Buna baxmayaraq o, yaşına görə çox şey bilir, nəinki təkcə uşaq kimi danışır, hətta danışanda «Zər qədrini zərgər bilər» kimi türk (Azərbaycan) atalar sözünü işlədir».

Digər tanınmış erməni folklorşünası E.Arustamyan isə Azərbaycan atalar sözlərinin ermənicəyə tərcümə edilməsindən istifadəsini belə izah edir: «Azərbaycan atalar sözləri və məsəllərin çoxu ermənilər tərəfindən ilkin halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, onların dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir».

Folklorumuzun lirik, həzin, axıcı janrlarından olan bayatılarımız da erməni folklorşünaslığında iz buraxmaya bilməzdi. Azərbaycan xalqının canına, ruhuna bağlı olan bayatıları erməni millətinin də məişətində, xeyrində, şərində özünə yer tapıb. Azərbaycan dilində çoxlu sayda ikimənalı və çoxmənalı sözlərin olduğunu əsas gətirən ermənilər bu səbəbdən türk (Azərbaycan) bayatılarını oxuduqlarını etiraf ediblər. Ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik Manuk Abeqyan türk (Azərbaycan) dilindən istifadəyə belə aydınlıq gətirir: «Bizim əlimizdə bayatıların 1700-dən çox variasiyası var. Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər, oxşar məna daşıyan ifadələr cəhətdən kasıbdır və buna görə də biz yaxşı tanıdığımız türk (Azərbaycan) dilinə müraciət edirik».

Erməni şairi, akademik Avetik İsaakyan ermənilərin bayatılara bağlılığını belə ifadə edir: «Erməni xalqı da bayatıları çox sevir, həm də Azərbaycan bayatılarını oxuyurlar. Ancaq Qarabağ və Zəngəzur erməniləri azərbaycanlılar kimi bayatını çox yaxından duyuronun vasitəsi ilə öz arzularını ifadə edirlər».

S.Abbaslı sonda bildirir ki, türk (Azərbaycan) dilində yazıb-yaradan erməni sənətkarlarından söz düşdükdə Sayat Novanın adı daha çox çəkilir: «Dəqiq doğum tarixi elmə müəmmalı qalan Sayat Novanın 1712, 1717, ya da 1722-ci illərdə doğulduğu ehtimal edilir. Tiflisdə, kasıb bir ailədə doğulan S.Nova hələ uşaq ikən şeirlər yazıb, şərq musiqi alətlərində, xüsusən də kamançada ifa etməyi öyrənib, yazdığı şeirlərə mahnılar bəstələyib. Bu versiyalarda S.Novanın sistematik məktəb təhsilinin olmadığı irəli sürülür, digər mənbələrdə onun Sanainedəki erməni mədrəsəsində oxuduğu göstərilir. Bütün bunlara baxmayaraq o, Qafqaz xalqlarının dillərinə — gürcü, Azərbaycan, hətta fars dilinə yiyələnmiş bir şəxs olub. S.Nova 123 azərbaycan, 63 erməni, 35 gürcü, 6 rus dilində yazılmış şeirin müəllifidir. Onun Azərbaycan və erməni dillərinin müştərək işləndiyi 2 poeması da elm aləminə məlumdur. Yaradıcılığının əsas məğzini sosialsevgi lirikası təşkil edir. Azərbaycan ədəbiyyatşünası H.Araslı S.Novanın 40 şeirindən ibarət toplu nəşr etdirib. S.Novanın türk (Azərbaycan) dilinin gözəlliklərindən maksimum şəkildə yararlandığının şahidi oluruq. Göründüyü kimi, yalnız haqlarında söz gedən gürcü və erməni aşıq-şairləri deyil, Qafqazda yaşayan digər xalqların nümayəndələri də Azərbaycan türkcəsində yazıb-yaradıb, bu dilin poetik zənginliklərindən gərəyincə istifadə ediblər. Bu isə onu təsdiq edir ki, Azərbaycan türkcəsi folklor dili olaraq bu mühitdə aparıcı mövqe qazanıb».

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 13 iyun.-S.14.