Millət fədaisi M.T.Sidqi və ardıcılları

 

Sidqi dünyəvi elmləri öyrətməyi başlıca məqsəd hesab edirdi

XIX yüzilin əvvəllərində Azərbaycan iki yerə parçalandıqdan sonra Güney Azərbaycanda fars, Quzey Azərbaycanda isə rus imperiya idarəçiliyi bərqərar oldu. Rus imperiyası təhsil sahəsində islahatlara diqqət yetirir, istəklərinə uyğun müstəmləkə yaratmaqda israrlı görünürdü. Bütün hallarda isə təhsildə nəsə irəliləyişin yaradılması qaçılmaz görünürdü, ona görə də çarizm bu prosesdən mümkün qədər bəhrələnməyə çalışırdı. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev XIX əsrin sonları, XX əsrin əvvəllərində Haxçıvandakı maarifçilik hərəkatını araşdırıraraq maraqlı qənaətlərə gəlir. O, bildirir ki, XIX əsrin 60-cı illərində Rusiyada mütərəqqi qüvvələrin təsiri ilə aparılan siyasi-iqtisadi islahatlar təhsil və mədəniyyət sahəsində də yeniləşmələr nəzərdə tuturdu: «İmperiyanın mühafizəsi mənafelərinə istiqamətlənmiş bu islahatlar zamanı hökumət ictimaiyyətin maarif sahəsindəki tələblərinə güzəştə getməyə, məktəb təhsilinin qeyri-mükəmməl sistemində dəyişikliklər etməyə məcbur qaldı. Bu cəhət özünü Qafqazda da göstərirdi. Hər şeydən əvvəl Qafqaz Tədris Dairəsi yenidən bərpa edildi. Mövcud dövlət məktəblərinin struktur-məzmununda dəyişikliklərin aparılması, zəruri olan yeni məktəblərin yaradılması nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstanda mədəni-milli tərəqqi uğrunda mübarizə genişlənir, qabaqcıl ziyalılar xalqın maariflənməsində, tərbiyə olunmasında, milli oyanış hərəkatının güclənməsində təhsilə strateji sahə kimi baxırdılar. XIX əsrin 70-80-ci illərində Azərbaycanda maarifçilik güclü hərəkat səviyyəsinə yüksəldi. Məktəb, teatr, mətbuat, müxtəlif cəmiyyətlər, ictimai-mədəni təsisatlar vasitəsilə xalqı tərbiyə etmək, milli birliyə, Avropa sivilizasiyasına qovuşmaq çağırışı vətənpərvər qüvəllərin mübarizə amalı idi. Bu dövrün maarifçiliyi üçün xarakterik cəhət əyalət və qəza mərkəzlərinin (Şuşa, Şamaxı, Bakı, Gəncə, Nuxa) inişaf edərək mədəni mühit mərkəzləri kimi tanınması idi.

Ümumazərbaycan naminə intişar tapan ideyaların daşıyıcılarından biri də Naxçıvan mədəni mühiti idi. Bu mühit mərkəzi ölkənin maarifçi hərəkatını yeni əlamət və keyfiyyətlərlə zənginləşdirdi. Dünyəvi təhsil verən milli məktəblərin yaradılmasında əhəmiyyətli addımlar atıldı. Məşhur pedaqoq Məhəmməd Tağı Sidqi Ordubadda «Əxtər» (1892), Naxçıvanda «Tərbiyə» (1894), məktəbini açdı. Sonuncu məktəb «Üsuli-cədid» — yeni məktəb hərəkatında unikal bir hadisə idi. M.T.Sidqi «Əxtər» və «Tərbiyə» məktəbləri ilə Azərbaycanda «Üsuli-cədid» mütərəqqi pedaqoji cərəyanın yaradıcısı Seyid Əzim Şirvani ənənələrinin ilk və uğurlu davamçısı idi. Dini məktəb və mədrəsələrdən fərqli olaraq burada yeni tədris forma və üsullarından bacarıqla istifadə edilmişdi. «Tərbiyə» məktəbində dərslər ana dilində keçirilir, rus dili isə müstəqil fənn kimi tədris olunurdu. Tədris planına ümumtəhsil xarakterli fənnlər daxil edilmişdi. Bu isə o demək idi ki, Məhəmməd Tağı Sidqi təlim biliyi kimi dünyəvi elmləri öyrətməyi başlıca məqsəd hesab etmişdi. Bu sahədə o, ömrünün sonuna qədər dönməzlik, mübarizlik nümunəsi göstərmişdi. Yəqin etmişdi ki, millətin cəhalət dərdinin dərmanı elm və maarifdir. «Tərbiyə» məktəbinə bir təhsil müssisəsi, pedaqoji təsisat kimi müasirlik ruhu, duyğusu verən təkcə o deyil ki, məktəb maddi təchizat, quruluş etibarilə (sinif-dərs sisteminin tətbiqi, partalarda oturmaq, taxta lövhədən istifadə etmək və s.) dini məktəblərindən fərqlənirdi. Bu, çox vacib olsa da, əsas cəhət məktəbin daxili məzmununda yenilik, müasirlik ruhunun daha qabarıq görünməsində idi. Hər şeydən əvvəl savad təlimində səs üsulun tətbiqi əlifbanı asan və yaxşı mənimsəyə bilmək bacarıqlarını inkişaf etdirmək baxımından xüsusi əhəmiyyətə malik idi. Ustad pedaqoq görürdü ki, o dövrə qədər milli məktəb kimi daha çox dini təhsil verən tədris müəssisələrində savad təliminin həyata keçirilməsi zamanı istifadə olunan köhnə üsullar nə qədər antipedaqoji üsullardır».

Araşdırmaçı bildirir ki, «Tərbiyə» məktəbində fiziki cəza tətbiq edilmirdi: «Burada şagirdlər üçün məktəb daxili qaydalar («Ədəb qaydaları») müəyyənləşdirilmişdi ki, bu da həmin tədris müəssisəsində tərbiyə işlərinin yüksək səviyyədə pedaqojiləşdirildiyini bir daha təsdiq etmiş olur. Məktəbdə şagirdlər bilikləri yaxşı mənimsəyir, dünyəvi elmlərin tədrisi metodikasının düzgün qurulduğuna rəğmən yüksək təhsil müvəffəqiyyətləri əldə edirdilər. M.T.Sidqinin pedaqoji görüşlərinin mütərəqqi məzmun istiqaməti bir də onunla müəyyən olunur ki, o, təlimin tərbiyəvi xarakterini yüksək qiymətləndirir, ayrıca etika dərslərini tədris planına daxil etməklə (III siniflərdə) şagirdlərin əxlaqi saflığı, mənəvi təmizliyinə xüsusi diqqət yetirirdi.

«Tərbiyə» məktəbi az müddət ərzində rəsmi dövlət məmurlarının və qabaqcıl ziyalıların diqqətini çəkdi. Cəlil Məmmədquluzadə, S.M.Qənizadə, N.Nərimanov, R.Əfəndiyev, M.T.Şeyxzadə kimi görkəmli Azərbaycan maarifçiləri M.T.Sidqinin Vətən və millət qarşısında xidmətlərini yüksək qiymətləndirir, maarifçi ziyalı, nəzəriyyəçi pedaqoq kimi qiymətini uca tutmağı, ideallarını yaşatmağı tövsiyə edirdilər. Sidqinin xalq arasında qazandığı böyük nüfuzu dövlət idarəçiliyinin məmurlarını təmin etmirdi. Bu cəhət ona qarşı şübhələrin yaranmasına səbəb oldu ki, bu da böyük pedaqoqu siyasi cəhətdən etibarsızlıqda günahlandırmağa «əsas» verirdi. Çünki əsrə, zamana görə milli təhsil və tərbiyə müəssisəsi təsis etmək, xalqı sivilizasiya məkanına qoşmağa səy göstərmək özü belə kifayət idi ki, məşhur pedaqoqun müstəmləkəçi çar məmurlarının «siyasi cəhətdən etibarsızdır» siyahısında adı yer alsın. Ona görə də «Tərbiyə» məktəbi çox keçmədən (1896-cı ildə) rus-Azərbaycan məktəbinə çevrildi və xalq məktəbləri direksiyasının tabeliyinə verildi. Sidqinin başladığı nəcib, müqəddəs işin müxtəlif bəhanələrlə qarşısı alındı. «Tərbiyə» məktəbi rus-Azərbaycan məktəbinə çevrilərkən Sidqinin müəllimlik şəhadətnaməsi olmadığı bəhanə edilərək o, məktəbin müdiri vəzifəsindən azad edildi. Lakin bununla belə sonralar da rəsmi idarələrdə, ictimaiyyət arasında rus-Azərbaycan məktəbi «Tərbiyə» məktəbi, yaxud «Sidqinin məktəbi» kimi adlandırılırdı. Bu isə Sidqiyə, onun əməllərinə və ideallarına dərin hörmətin ifadəsi idi. XIX əsrin sonlarında ümumən Qafqazda, həmçinin Gürcüstan və Azərbaycanda mütərəqqi pedaqoji fikrin təsiri altında qadın təhsili və tərbiyəsi məsələsi kəskin şəkildə qoyulur və onun həyata keçirilməsi məqsədilə müxtəlif yol və vasitələrdən istifadə edilirdi. Böyük demokrat Cəlil Məmmədquluzadə Nehrəm kəndindəki ikisinifli məktəbin müdiri vəzifəsində işləyərkən 8 nəfər azərbaycanlı qızı dövlət məktəbinə cəlb etməklə Azərbaycanda qız təhsilinin əsasını qoyanlardan biri kimi tanındı. C.Məmmədquluzadə 1893-cü il yanvarın 18-də İrəvan məktəblər direksiyasına göndərdiyi raportunda qeyd edirdi ki, ona tapşırılan məktəbə 8 nəfər azərbaycanlı qız daxil olub. O, həmin qızlardan xüsusi bir hazırlıq sinfi təşkil etdiyini, həmin siniflə özü məşğul olduğunu bildirirdi. Böyük maarifçi C.Məmmədquluzadənin bu təşəbbüsü Naxçıvan ictimai-mədəni həyatında mühüm hadisə idi. Dini mövhumat və xurafatın dərin kök saldığı Nehrəm kəndində qızların təhsilə cəlb edilməsi hünər, cəsarət tələb edirdi ki, C.Məmmədquluzadə bu işin öhdəsindən bacarıqla gəlmişdi. Azərbaycanlı qızların təhsili, onları dünyəvi baxışlı həyat tərzinə qovuşdurmaq idealı Cəlil Məmmədquluzadənin sonrakı fəaliyyətində də əzmkarlıqla davam etdirilmişdi. Qeyd edək ki, qadın azadlığı, təhsili və tərbiyəsi məsələsi Naxçıvan mədəni mühitində mütərəqqi ziyalıları düşündürən başlıca problemlərdən olmuşdu. Yazıçı-publisist Eynəli bəy Sultanov «Azərbaycan qızı» pyesini yazmış, 1884-cü ildə Naxçıvanda tamaşaya qoymuşdu. Bütün bunlar qabaqcıl Azərbaycan ziyalılarının qadınları ictimai həyata çıxarmaq uğrunda mübarizəsinin gerçəkləşməsi timsalı kimi Naxçıvan rus-Azərbaycan qız məktəbinin yaradılmasına səbəb oldu. Bu məktəbin Nazlı Nəcəfova kimi müəllimləri bütün Naxçıvanda və İrəvanda maarif carçısı kimi tanındılar».

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 14 iyun.- S.14.