Depressiya — çağımızın bəlası

 

Babək Abuşov: «Depressiya hazırda qazanılmış immun çatışmazlığı sindromu və ya xərçəng xəstəliyi ilə müqayisədə daha geniş yayılıb»

İnamsızlıq — çağımızın ən böyük bəlasıdır. İnsanın özünəinamsızlığı xəstəliyə çevrilir, depressiyalarla müşaiyət olunur. Araşdırmaçı Babək Abuşov depresiyalarla bağlı maraqlı araşdırma aparıb. O, bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) inkişaf etməkdə olan ölkələrdə və inkişaf etmiş ölkələrin yoxsul təbəqələrində depressiyanın əhatə dairəsinin durmadan genişlənməsindən olduqca narahatdır: «Hazırda dünya əhalisinin 20%-i bu və ya digər şəkildə depressiya ilə üzləşir. ÜST-nin səlahiyyətli nümayəndəsinin açıqlamasına görə, depressiya hazırda qazanılmış immun çatışmazlığı sindromu və ya xərçəng xəstəliyi ilə müqayisədə daha geniş yayılıb və 2030-cu ilə qədər insanların əlil olması və vaxtsız ölməsilə nəticələnən səbəblər sırasında birinci yerə çıxacaq. Hər il dünya miqyasında depressiyadan əziyyət çəkdiyinə görə əmək qabiliyyətini itirənlərə 100 milyardlarla ABŞ dolları xərclənir».

Elə isə depressiya nədir? Depressiya psixi (ruhi) xəstəlikdir: «Gündəlik qayğılar, ehtiyac həyatı bu xəstəliyə düçar olmuş insanların gözündə boz-bulanıq, maraqsız edir. Yeganə qazanc mənbəyi olan iş yerinin əldən çıxması, ər-arvad, valideyn-övlad münasibətlərinin gərginliyi, əziz bir adamın vəfatı və s. insanın ahəngdar həyatını tamam korlayır. Belə insanlarda əhvalın pisləşməsi, yuxunun və iştahanın pozulması, nitqin ləngiməsi, astagəllik, həyata marağın sönməsi, əsəbilik, əmək qabiliyyətinin itirilməsi, özünü günahkar bilmə, beyində özünə qarşı sui-qəsd fikirlərinin dolaşması müşahidə olunur. Depressiv vəziyyətdə olan şəxs dünyanı boş, ədalətsiz və qəddar təsəvvür edir. Depressiv vəziyyət bəzən də güclü həyəcanlanma, səbəbsiz qorxuya düşmə, hönkür-hönkür ağlama, pal-paltarını cırma ilə müşayiət olunur. Depressiv vəziyyətin geniş planda mənzərəsi belədir».

Depressiyanın formalarına gəldikdə isə olduqca müxtəlifdir və bu formalar rəngarəng simptomlar kompleksi ilə üzə çıxır: «Depressiyanın ayrı-ayrı formaları emosional sferada, davranış reaksiyalarında və idrak proseslərində əmələ gətirdiyi pozuntularla bir-birindən xeyli fərqlənir.

Çox insanlar güman edirlər ki, depressiya xəstəlik deyil, boş şeydir, guya bəzi adamların iş-gücü qurtarıb, ağzına gələni danışır. Belə düşünənlər səhv edirlər. Bu problemə barmaqarası baxmaq olmaz. Depressiya həqiqətən ciddi psixi xəstəlikdir. Xəstə fiziki deyil, mənəvi əzab çəkir. Depressiya ekzogen və endogen olmaqla iki qrupa ayrılır. Ekzogen depressiya xarici səbəblərdən (məsələn, iş yerinin itirilməsi, əziz adamın vəfatı və s.) irəli gəlir. Endogen depressiya isə çox zaman anlaşılmaz qalan daxili səbəblər üzündən meydana çıxır. Xarici depressiya ağır xroniki pozuntuların başlanğıcı, daxili depressiya isə yalnız depressiv epizod ola bilər. Depressiyanın xarici əlamətləri vəziyyətin ağırlığını heç də həmişə tam əks etdirmir. Buna görə də xəstə vəziyyətini qiymətləndirə bilməz. Depressiv vəziyyətdə olan şəxslərə hətta dostlar və qohumlar da kömək edə bilməzlər. Mütləq mütəxəssisə — psixiatra müraciət etmək lazımdır. Eləcə də həkim məsləhəti olmadan özünə və yaxınlarına antidepressantların (depressiya əleyhinə dərman preparatlarının) təyin olunması son dərəcə təhlükəlidir. Güclü təsir effektinə malik kimyəvi birləşmələr olan antidepressantlar xəstələrə fərdi şəkildə təyin edilməlidir, əsas məsələ gündəlik dozanın seçilməsidir ki, bunun da həkim tərəfindən həyata keçirilməsi olduqca vacibdir. Bir məsələni də hər kəsin bilməsi və əməl etməsi gərəklidir. Depressiyanın simptomlarının zəiflədiyini hiss edən kimi bəzi xəstələr həkimin təyin etdiyi müalicə kursunu yarımçıq dayandırırlar. Bu, tamamilə səhv və yolverilməz addımdır. Belə ki, həkimin təyinatını pozmaq onun apardığı müalicənin effektinə olduqca mənfi təsir göstərir, mütəxəssisin müalicə taktikasını zərbə altında qoyur. Həkim adətən əvvəlcə kiçik doza təyin edir, sonra dozanı tədricən artırır, daha sonra — dərmanın qəbulunu dayandırma ərəfəsində onu yenidən azaldır. Müalicənin qızğın vaxtı xəstə dərmanların qəbulundan özbaşına imtina edərsə, depressiya daha da şiddətlənə bilər. Bu hal həm də onun müalicəsinə sərf edilmiş vaxtın, çəkilmiş zəhmətin və xərcin itirilməsi deməkdir».

Araşdırmaçı bildirir ki, depressiv xəstələrin bir qrupu vəziyyətini dumanlı şəkildə anlasa da, çoxu ağır psixi xəstə olduğunu ağlına belə gətirmir: «Bu, onunla əlaqədardır ki, depressiya çox zaman özünü pərdələyir. Pərdələnmiş, yaxud maskalanmış depressiya bədənin müxtəlif nahiyələrinin (məsələn, ürək-damar sisteminin, mədə-bağırsaq traktının və s.) ağrıması, yuxunun və iştahanın pozulması şəklində meydana çıxır. Statistik araşdırmalara görə, bədənin müxtəlif nahiyələrinin ağrıları şikayəti ilə həkimə müraciət edən xəstələrin 30%-ə qədərində məhz maskalanmış depressiya aşkar olunur. Diaqnostik araşdırmalar nəticəsində patoloji əlamət müəyyən olunmasa da, xəstə özünü pis hiss etməsi və diskomfort barədə şikayətini davam etdirir».

Depressiya necə yaranır? «İnsanın fiziki və psixoloji sağlamlığı üçün onun ətrafda baş verən hadisələr üzərində hakim olması və onları müstəqil şəkildə nəzarətdə saxlamaq imkanı olmalıdır. İnsan öz həyatını dəyişdirməyə qadir deyilsə və bütün baş verənlər onun iradəsindən asılı deyilsə, ilk növbədə həmin şəxsin varlığına köməksizlik hissi hakim kəsilir və o, vəziyyəti dəyişmək üçün heç bir fəaliyyət göstərmir. Bütün bunlar həmin şəxsdə depressiv vəziyyətin başlanması deməkdir. Davranış reaksiyalarının öyrənilməsi sahəsində məşhur alim — Martin Seliqman (ABŞ) təsdiq edir ki, hadisələr üzərində nəzarəti ələ alma imkanı hər kəsin həyat təcrübəsindən asılıdır. Əgər insanın hadisəyə nəzarəti ələ almaq cəhdləri dəfələrlə uğursuzluğa düçar olursa, sonda insan həmin sahədə istənilən cəhddən imtina edir, yəni depressiv vəziyyətə düşür. Depressiyanın bu növünü M.Seliqman «qazanılmış köməksizlik» adlandırır. Amerika alimləri aşkar ediblər ki, yeniyetmə dövründə televiziya, kompyuter, mobil telefonlar və digər elektron vasitələrinə aludəlik gənc yaşlarında depressiv vəziyyətin inkişaf etməsi təhlükəsini yüksəldir. Pitsburq Universitetinin (ABŞ) alimləri yeniyetmələrin sağlamlığının öyrənilməsinə həsr etdikləri çoxillik tədqiqatların nəticələrindən istifadə ediblər. Tədqiqatların başlanğıcında (1995-ci ildə) depressiyadan əziyyət çəkməyən 4142 yeniyetməyə onların televiziya və videokasetə, videooyunlara və radio dinləməyə (o zamanlar DVD və internet indiki qədər geniş yayılmamışdı) nə qədər vaxt sərf etmələri barədə suallara cavab alıblar. Məlum olub ki, sorğuda iştirak edənlər sutka ərzində orta hesabla 5,68 saat informasiyanın elektron vasitələrindən istifadə edirlər. 7 ildən sonra tədqiqat iştirakçılarının yaşı 21,8 ilə çatdıqda onların sağlamlığı yoxlanılıb. Bu cavanlardan 308 nəfərdə (7,4%-də) depressiyanın simptomları müəyyənləşdirilib. Özü də xəstəliyin inkişaf etmə təhlükəsi televiziya və digər informasiya vasitələrinə baxarkən proporsional şəkildə yüksəlir. Həm də müəyyən olunub ki, belə təsirlərə oğlanlar qızlara nisbətən daha həssasdırlar. Tədqiqatçıların mülahizələrinə görə, informasiya vasitələri depressiyanın inkişafına bir neçə yolla təsir edə bilər. Bundan əlavə verilişlərə və s. gecə baxmaq yuxunu pozur, əldə olunan informasiya aqressiya, qorxu və ya həyəcan əmələ gətirir ki, bu da depressiv pozuntulara səbəb olur. Depressiv vəziyyətin müddəti bir neçə gündən bir neçə aya qədər davam edə bilər. Depressiv vəziyyətin tezliyi də fərqlənir. Residivlər (təkrar baş vermələr) fəsli xarakter daşıyır. Belə ki, residivlər tez-tez payız və yaz fəsillərində baş verir». Depressiyanın ağır formaları stasionarlarda, yüngül formaları isə ambulatoriyalarda müalicə olunur: «Depressiv vəziyyətdə olan xəstələrin müxtəlif dərman preparatlarının köməkliyi ilə müalicə olunması böyük tarixə malikdir. Depressiyalı xəstələrin 83-99%-də yuxu prosesi pozulur. Depressiyalı xəstələrdə gecə yuxusunu poliqrafik üsulla tədqiq edərək onun dərinliyinin azalmasını və yuxu zamanı hərəki fəallığın artmasını müəyyən ediblər. Depressiyanın müalicəsində başqa formalarına nisbətən total yuxu deprivasiyası (TYD) daha yüksək effektə malikdir. Odur ki, depressiyalı xəstələr adətən TYD ilə müalicə olunurlar. Xəstələr bir qayda olaraq 36 saat yuxudan məhrum olunduqdan sonra iki gecə normal yatırlar (bəzən interval daha böyük olur). Daha sonra TYD təkrar olunur. Təkrar deprivasiyadan sonra xəstənin vəziyyəti yaxşılaşarsa, iki sutkalıq fasilədən sonra TYD yenə (üçüncü dəfə) təkrar olunur. TYD-nin təsiri müsbət effekt verdiyi təqdirdə hər ay iki seans deprivasiyanın keçirilməsi məsləhət görülür. TYD ilə müalicə zamanı depressiv xəstələrin əhvalı yaxşılaşır, lakin bunun mexanizmi bu yaxınlarda bizim tədqiqatlarımız sayəsində aydınlaşdırılıb. Tədqiqatlarımız göstərdi ki, 36 saat davam edən TYD zamanı siçovul beyninin somnogen strukturlarının (yuxunun neyrofizioloji mexanizmində iştirak edən beyin strukturlarının) neyronlarında müşahidə olunan submikroskopik dəyişikliklər distrofik (destruktiv) xarakter daşıyır, nəticədə heyvanların davranış reaksiyaları nəzərəçarpacaq dərəcədə pozulur. Odur ki, siçovullar üçün TYD-nin davametmə müddətini azaltmalı olduq. TYD-nin davametmə müddətini 24 saata endirdikdə siçovulların beyninin somnogen strukturlarında neyronlar əsasən dəyişikliklərə uğrayır. Belə heyvanlarda qida və su tələbatı, hərəki və cinsi fəallıq, beyin və bədən kütləsi ən yüksək səviyyəyə çatır. Sinir hüceyrələrində reparativ proseslər əsasən zülal sintezedici aparatın fəallaşması şəklində meydana çıxır. Belə dəyişikliklər TYD zamanı sintetik proseslərin yüksəlməsinə dəlalət edir. Deməli, TYD-nin baş-beyin neyronlarında biosintez proseslərini intensivləşdirərək xəstələri depressiv vəziyyətdən çıxardığını düşünməyə əsas var. Depressiyanın simptomlarından biri də yuxunun pozulması (yuxunun səmərəli müddətinin və dərinliyinin azalması) olduğundan düşünmək olar ki, depressiv vəziyyət mərkəzi sinir sistemində (MSS-də), ilk növbədə somnogen strukturlarda biosintez proseslərinin kəskin şəkildə enməsi ilə əlaqədardır. Qısa müddət davam edən TYD şəraitində MSS-də biosintez proseslərinin intensivləşməsi nəticəsində depressiv vəziyyətin aradan qalxması faktı bu ehtimalın doğruluğuna inamı xüsusilə artırır. Düşünürük ki, depressiv vəziyyətdə, eləcə də əksər xəstəliklər zamanı yuxu prosesinin pozulması qoruyucu-kompensator xarakterli prosesdir, potogen amillərin təsirinə orqanizmin universal cavab reaksiyasıdır. Bu fikrin formalaşması yuxu deprivasiyasının antidepressant effektə malik olması ilə bağlıdır. Yuxunun pozulması hesabına onun səmərəli müddətinin qısalması və dərinliyinin azalması da bir növ yuxu deprivasiyasıdır və xəstəlik zamanı orqanizmin hansısa qoruyucu mexanizmlərinin fəaliyyətə gəlməsi sayəsində həyata keçirilir».

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 19 iyun.- S.14.