İnsan alveri

 

Qadın və uşaqlar məcburi əməyə, o cümlədən zorla dilənçiliyə cəlb edilirlər

 

«Moonbeam Films» beynəlxalq şirkətinin direktoru və prodüsseri Anna Reevell insan alverinin büdcəsinin 32 milyard olduğunu deyir. O bildirib ki, bəzi hallarda valideynlər övladlarını kölə kimi satırlar. Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşşəkil Cinayətkarlığa qarşı konvensiyanı tamamlayan insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, kökünün kəsilməsi və cəzalandırılması haqqında protokolda insan alveri belə təsvir edilir: «İnsan alveri, güc işlətmə və ya güc işlədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu ilə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, başqasına verilməsi, gizlədilməsi və ya əldə edilməsi deməkdir. İstismar ən az başqa şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarının digər formalarını, məcburi əməyi və ya xidmətləri, köləliyi və ya köləliyə bənzər adətləri, asılı vəziyyəti və ya bədən üzvlərinin çıxarılmasını əhatə edir (Maddə 3).

BMT-nin baş katibinin xüsusi məsləhətçisi Nafis Sadik insan alverinin geniş yayılmasına gətirib çıxaran amillər arasında yoxsulluğu və işsizliyi xüsusi qeyd edir: «İnsan alverinə qarşı uğurla mübarizə aparmaq üçün bu sosial bəlanı yaradan amillər aradan qaldırılmalıdır. Təəssüf ki, bu gün narkotiklərə qarşı mübarizəyə diqqət yetirildiyi qədər insan alverinə fikir verilmir. Bu, ildə külli miqdarda gəlir gətirən dövrümüzün ən ağır və mürəkkəb problemlərindən biridir. İnsan alveri insanların azadlıq, sülh və təhlükəsizlik şəraitində yaşamasına böyük maneə yaradır.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton çıxışlarının birində qeyd edirdi: «Quldarlığın milyonlarla qurbanının yalnız 50 mini rəsmən qurban kimi tanınır. Qalanlarına ya əhəmiyyət verilmir, ya da daha pis, cinayətkar münasibəti göstərilir». Qeyd edək ki, dünya üzrə insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən çox gəlir gətirən sahə hesab olunur.

Azərbaycan məcburi əməyə cəlb edilmiş kişi, qadın və uşaqlar, eləcə də seksual istismara məruz qalmış qadın və

uşaqlar üçün mənbə, tranzit və təyinat ölkə rolunu oynayır. Azərbaycandan olan kişi və gənc oğlanlar Rusiyada məcburi əməyə cəlb edilirlər. Azərbaycandan olan qadın və uşaqlar isə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda seksual istismara məruz qalırlar. Azərbaycanlı qadın və uşaqlar ölkə daxilində məcburi əməyə, o cümlədən zorla dilənçiliyə cəlb edilirlər. Azərbaycan eyni zamanda əsasən tikinti sənayesində məcburi əməyə cəlb etmək məqsədilə kişilərin Türkiyə, Əfqanıstan və Çindən

gətirilməsində təyinat ölkəsidir. Çinli qadınlar Azərbaycan daxilində küçə ticarəti və kənd təsərrüfatında məcburi

əməyə məruz qalırlar. 2011-ci ildə Azərbaycanın vətəndaş cəmiyyəti qrupları tərəfindən azərbaycanlı qurbanlar

Əfqanıstan və Türkmənistanda, eləcə də Türkmənistan, Pakistan, Ukrayna və Filippindən olan qurbanlar isə

Azərbaycanda müəyyən edilmişlər.

Daxili İşlər Hazirliyinin bildirdiyinə görə, 2012-ci ilin 10 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib. Müvafiq dövrdə məcburi əməklə bağlı 2 fakt aşkarlanıb, həmçinin 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqa zidd əməllərə görə 20 nəfər tutulub, beynəlxalq axtarışa verilən şəxslərdən 3-ü saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İnsan alveri cinayətlərinə görə məhkəmələr tərəfindən 10 nəfər 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrum edilib.

Bu dövr ərzində Azərbaycanda insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiyaya aparılıb. İnsan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub. Qurbanlardan 4-ü təhsilsiz, 4-ü natamam orta, 45-i orta təhsilli, 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub. O cümlədən, ölkə polisi tərəfindən aparılmış reydlər zamanı küçə həyatı yaşayan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalar zamanı həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar aidiyyəti dövlət strukturlarına göndərilib.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın bildirdiyinə görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi daha çox cinsi istismarla mübarizə ilə məşğul olur. Çünki bu, daha rahatdır: «Bizdə fahişəliklə yanaşı əxlaqsızlıqla məşğul olmanı da birləşdirib rəqəmləri şişirdirlər ki, statistika çox olsun. Könüllü fahişəlik ümumiyyətlə insan alverinə aid deyil».

BMT-nin Narkotika və Cinayətkarlıqla Mübarizə İdarəsinin bildirdiyinə görə, hazırda dünyada 2,4 milyon adam insan alverinin qurbanıdır. Onlardan 80 faizi cinsi istismara məruz qalır. Qurbanların 17 faizi evlərdə və mağazalarda məcburi əməyə cəlb olunur. İnsan alveri şəbəkələrini idarə edən cinayətkarlar ildə 32 milyard dollar qazanır. Hər üç qurbandan ikisi qadındır. Yalnız 100 qurbandan birini xilas etmək mümkün olur.

ABŞ Dövlət Departamenti ötən ilki hesabatında Azərbaycanı insan alverinə qarşı mübarizədə 2-ci qrupa aid edib. Azərbaycan artıq beşinci ildir ki, 2-ci sırada, Xüsusi Nəzarət Qrupunda yer tutur. Ötən ilki hesabatda deyilir ki, məcburi əməyə cəlb edilmiş kişi, qadın və uşaqlar, eləcə də seksual istismara məruz qalmış qadın və uşaqlar üçün Azərbaycan mənbə, tranzit və təyinat ölkə rolunu oynayır.

Hesabatda o da qeyd edilir ki, Azərbaycan hökuməti insan alverinin qarşısını almaq üçün müəyyən edilmiş minimum standart tələblərə tam cavab vermir. İl ərzində hökumət əvvəlki illərlə müqayisədə insan alveri ilə əlaqədar şübhəli bilinən daha az sayda işi məhkəmələrdə araşdırıb. İnsan alveri ilə məşğul olan şəxslər barədə məhkəmə hökmlərinin də sayı azalıb.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev çatışmazlıqlarla razılaşır, amma əvvəlki illərlə müqayisədə inkişaf olduğunu da vurğulayır: «2012-2013-cü illər Azərbaycanın insan alverinə qarşı ən yaxşı mübarizə apardığı illərdir. İlk dəfə olaraq mütəşəkkil qruplar zərərsizləşdirilib. Azərbaycandan İrana aparılmış böyük bir qrup insan alverinin qurbanları kimi üzə çıxarılıb. Müqəssirlər cinayət məsuliyyətinə cəlb edilib. 20 nəfərdən çox Azərbaycan vətəndaşını Rusiyaya aparan cinayətkar qrup da zərərsizləşdirilib».

Ekspertin fikrincə, Azərbaycan Orta Asiya ölkələri üçün tranzit ölkə rolunu oynayır. Özbəkistan, Türkmənistan və Tacikistan vətəndaşları Azərbaycan ərazisindən Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyə və İrana daşınır. Eyni zamanda Baltikyanı, Orta Asiya ölkələri, Gürcüstan və hətta Əfqanıstan üçün Azərbaycan qəbuledici ölkə, son ünvan da sayıla bilər.

İnsan alveri qurbanlarının siması fərqli olsa da, problemləri eynidir. Dünyada quldarlıqla mübarizə aparan səfir Luiz Sdebakanın dediyinə görə, insan alveri daxili problem olduğu qədər beynəlxaqdır. Hazırda Amerikada bu problemə, xüsusilə azyaşlı fahişəlik probleminə ciddi diqqət yetirilir. ABŞ Dövlət Departamentinin illik hesabatları buna əyani bir misaldır.

İnsan alveri qurbanları müxtəlif yerlərdəndir. Onların çoxu ABŞ-a öz ölkələri tərəfindən gətirilib. Hazırda Amerikada bu cinayətə əl atanların kimlər olduğu araşdırılır. İnsan qaçaqmalçılığı ilə mübarizə aparan təşkilat vətəndaş cəmiyyəti və korporasiya sektoru da daxil edilməklə, federal və ştat səviyyəsində bu insanlara yardım proqramlarını genişləndirir. Təlimlər və agentliyin əməkdaşlığı ilə ABŞ hökuməti insan alveri qurbanlarının azad edilməsi yolları üzərində işləyir. Amerika hökuməti müxtəlif qurumlarla yaxından əməkdaşlıq etməklə, informasiya mübadiləsi və beynəlxalq, habelə ölkə miqyasında bu cinayətə əl atanların məsuliyyətə cəlb edilməsinə çalışır.

Əlövsət Əliyevin fikrincə, Azərbaycan tək-tək ölkələrdəndir ki, insan alverçiləri arasında tutulanların heç biri nə məmur, nə də dövlət qulluqçusudur: «Halbuki başqa ölkələrin təcrübəsinə görə, mütəşəkkil cinayətkar qruplar, insan alverçiləri əsasən vəzifəli şəxslər, sərhəd-buraxılış məntəqələrinin əməkdaşlarıdır. Yəni, onlar polis də ola bilər. İnsan alveri vəzifəli şəxslərin himayəyə götürdüyü cinayətlər kateqoriyasına aid olduğuna görə, beynəlxalq təşkilatlar narahatdır və soruşurlar: nə üçün Azərbaycanda ayrı-ayrı vəzifəli şəxslər tutulub cinayət məsuliyyətinə cəlb edilmirlər? İnsan bir ildə iki dəfə ayrı-ayrı ad və soyadla xaricə aparılıb-gətirilirsə, bunu sərhəddə görmürlər?».

«Təmiz Dünya» Təşkilatının rəhbəri Mehriban Zeynalova son vaxtlar insan alveri qurbanlarının azaldığını düşünür: «Əvvəlki illərə nisbətən daşınmalar azalıb. Daşınmalar əvvəlki marşrutlar üzrədir. Yeni təyinat ölkələri qeydə alınmayıb. Əvvəllər Pakistan, Hindistan da mövcud idi, indi bu ölkələrlə bağlı daşınmalar yoxdur. İrana da az miqdarda daşınır. Əvvəllər olmasa da, sonra aşkarlandı ki, Rusiyaya da daşınmalar mövcuddur. Ən çox daşınma Türkiyəyədir. Türkiyə ilə yaxın əməkdaşlığa böyük ehtiyac var».

Qeyd edək ki, Azərbaycan insan alveri ilə 2005-ci ildən mübarizə aparır. 2011-ci ildə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 69 fakt qeydə alınıb, 20 cinayətkar ifşa edilib. Ötən ildə insan alveri qurbanı olan 29 nəfər müəyyən olunub, insan alveri ilə məşğul olan 5 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib, insan alveri cinayəti törətdiklərinə görə 3 nəfər İnterpol kanalları vasitəsilə tutularaq respublikaya ekstradisiya olunub, istintaq və məhkəmə orqanlarına təhvil verilib. İfşa edilən şəxslərin əksəriyyətini qadınlar təşkil edib. Son üç ildə isə cinayət məsuliyyətinə cəlb edilən insan alverçilərinin 14 nəfəri kişi olub.

2009-2013-cü illəri əhatə edən «Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı»na əsasən qəbul edilən Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə verilən müavinət 33 manatdan 200 manatadək artırılıb.

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 19 iyun.- S.13.