Xəzərlər

 

I yazı

 

Hər halda bu, tarixin acı dərsidir: bu gün türksoylu Xəzərlər tarix səhnəsindən silinib. Ancaq bir vaxtlar Xəzərlərin çarpışdıqları millətlər ayaq üstədir. Görəsən, bu itkilərin köklü səbəbi nə idi? Niyə tarixən türklər yaratdıqlarına axıracan yiyəlik edə bilməyiblər? Niyə türk özünü sevməyib, niyə türk xalqları arasında birlik çox hallarda zəif olub? Hansı ki, türk soylarına Orxon-Yenisey abidələrindən də bəllidir ki, türklər bir-birlərini sevdikləri, doğma olduqları dərəcədə bir olur, var olurlar

Türk xalqlarının birliyinin yeni səviyyədə gündəmə gəldiyi bir zamanda qədimliyimizin, bənzərsiz tariximizin daha diqqətlə öyrənilməsinə gərək var. Professor Nizami Tağısoy xəzərlərlə bağlı araşdırma aparmasının səbəbini belə izah edir: «Həyatı, etnogenezi, tarixi, mədəni-mənəvi ənənələri yüzillərin dolanbaclarında itib-batmış etnoslardan biri də Xəzərlərdir. Azərbaycan türklərinin etnik təşəkkülündə və inkişafında Xəzərlər digər tayfa və qəbilələrlə yanaşı mühüm rol oynayıblar. Buna görə də ulu əcdadlarımızla bağlı məlumatları hərtərəfli bilmək daha məqsədəuyğun olardı. Dionisi Periyeqet Xəzər ətrafında məskunlaşmış xalqlarla bağlı burada hunların, skiflərin, kaspilərin, albanların, tapirlərin, kirkanların yaşadığını qeyd edir. Hunların Asiyadan Avropaya ikinci əsas axını başlayanda İdili adlayan yeni hun tayfaları Şimali Qafqaza yayılırlar. Azov və Xəzər dənizləri arasında yerli əhalini məğlub etdikdən sonra onlar indiki Serbiya, Macarıstan ərazilərində də möhkəmlənə bilmişdilər. Bundan sonra hunlar Dunay sahillərini tutmuş, daha sonra Midiya ərazisinə yaxınlaşa bilmişlər. Hadisələrin canlı şahidi olmuş romalı Yevseniy İyeronim yazırdı ki, bütün Şərq, Qafqaz hunların hücumundan dəhşətə gəldi, onlar İskəndər bəndini aşıb sasaniləri və bizansları öz tabeliyi altına alaraq, həm də Suriyanı, Kappadokiyanı, Finikiyanı, Fələstini, Misiri aşıb, Abşerona Dərbənddən keçərək yenidən öz yerlərinə — Xəzər sahillərinə dönmüşdülər. Xəzərlərin Qafqaz, Azərbaycan (Dərbənd) ərazisində yerləşməsi ilə bağlı digər məlumatlar da var və yüzilliklər ərzində Sasanilər üçün daim böyük təhlükə mənbəyi hesab olunmuşdular. Xəzərlər digər etnoslar alban, kəngər, qarqar, hun, barsillər və b. ilə birlikdə Azərbaycanın digər ərazilərində də geniş şəkildə yaşayırdılar».

Azərbaycanda hərbiləşmiş ərəb yaşayış məskənlərinin yaranması bu dövrdə aparılan ərəb-xəzər müharibələri ilə əlamətdar idi: «Bu dövrlərdən başlayaraq ərəblər zəbt etdikləri Arran və Azərbaycan torpaqlarında yerləşir və Bərdənin, Beyləqanın, Qəbələnin, Dərbəndin, Varsanın (yaxud Varaçanın), Təbrizin, Mayanın, Barzanın, Nazirin yerli əhalisinin torpaqlarına sahib çıxırdılar. Bu dövrdə xəzərlərin Azərbaycanda hərbi-siyasi təsiri heç də uzunmüddətli olmamışdı. Belə ki, Azərbaycanı işğal etmiş ərəblər Dərbəndə yetişib xəzərlərin və digər türk qəbilələrinin şimaldan bura daxil olmalarına mane olmuş, Xəzərlərlə ərəblər arasında ardı-arası kəsilməyən müharibələr getmiş, Azərbaycan sanki hərbi teatr meydanına çevrilmişdi. Ərəblərin Xəzəristana ilk müvəffəqiyyətsiz yürüşü 653-654-cü illərdə olmuşdu. Daxili çəkişmələr və xarici həmlələr nəticəsində xilafət zəifləmiş, bundan istifadə edən xəzərlər 684-cü ildə yenidən Qafqaza hücum edib, Albaniyanı ələ keçirmişdilər. Yalnız 692-ci ildə ərəb orduları Albaniyadan keçərək Dərbənd şəhərini ələ keçirə bilmişdi. Döyüşkən xəzərlər 710-cu ildə yenidən Dərbəndə sahib olmuşdular. Ancaq Dərbənd sakinlərindən birinin satqınlığı nəticəsində ərəb sərkərdəsi Həbib ibn-Məslam xəzərləri (713-cü ildə) Azərbaycandan yenidən vurub çıxarmışdı. 717-ci ildə Xəzərlər yenidən Azərbaycanı tutdular: ət-Təbari yazır ki, 717-718-ci illərdə türklər Azərbaycan üzərinə hücuma keçərkən müsəlmanlar çoxsaylı itki vermişdilər. Bundan 4 il sonra Xəzərlər Ərməniyyəyə hücum edib oradakı bütün ərəb ordusunu məhv etmişdilər. Ərəb ordusunun komandanı əl-Cərrahı nəinki xəzərləri Qafqazdan çıxarmış, Dərbəndi tutub, Xəzəristanın içərilərinə daxil olmaqla Həmzin, Tərqu, Bələncər kimi şəhərləri işğal edib, xeyli qənimət ələ keçirmişdi. Ərəblərin Xəzəristana yürüşü nəticəsində adları çəkilən şəhərlərin əhalisi Azərbaycan ərazilərinə, xüsusən Qəbələ ətrafına köçürülmüşdü. 726-727-ci illərdə Xəzərlər Xaqanın oğlunun başçılığı altında yenidən Azərbaycana daxil olmuş, ancaq ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur olmuşdular. Araz çayı üzərində güclü döyüşlər gedərkən türklər böyük itki verib geri çəkilmişdilər. 730-cu ildə Xəzərlər yenidən yürüşə çıxıb Azərbaycanın Şərq torpaqlarını tutmuşdular. Ərəb sərkərdəsi Mərvan o dövrlər misli görünməmiş bir ordu yığaraq Xəzəristan üzərinə yenidən hücuma keçir. Vəziyyət gərgin olduğundan Xəzər xaqanı Mərvanı sülh müqaviləsi bağlamağa çağırır. Mərvan əvəzində Xəzər xaqanından islamı qəbul etməyi tələb edir. Xaqan razılıq vermək zorunda qalır. Mərvan Xaqanın müsəlman dinini qəbul etməsi ilə kifayətlənərək onu yenidən öz hakimiyyətində bərpa edib Qafqaziyaya qayıdır. Mərvan geri qayıdarkən Qafqaziyaya 40 mindən artıq xəzər və burtaslardan ibarət olan əsirləri Samur, ŞabiranKaxetiyada yerləşdirir. M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan — Bələncər, yaxud Bulker-Bolqar kimi əraziləri əhatə edirdionun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər bir hissəsinə — Səməndər şəhərinə köçürüldü».

Xəzərlər 762-ci ildə Qafqaziyaya böyük qüvvə ilə hücuma keçib Mussa ibn Kəəbənin komandanlığı altında döyüşən ərəb ordusunu darmadağın edir, 50 min nəfərdən artıq insanı əsir aparırlar. 764-cü ildə Xəzərlər yenidən Astarxanın, yaxud Rastarxanın başçılığı altında Qafqaziyaya hücum edirlər. Əl-Bərmaki məğbuliyyətə uğradıqdan sonra özünün şimal qonşusu ilə vəziyyəti normallaşdırmaq məqsədi ilə Xəzər xaqanının qızı ilə evlənmək qərarına gəlir. 798-799-cu illərdə Xəzər xaqanı öz qızı Subtu Qafqaziyaya göndərir. Lakin Subt hələ Bərdəyə çatmamış yolda vəfat edir. Şahzadəni müşayiət edənlər geri qayıdıb Xaqana qızının ərəblər tərəfindən qətlə yetirildiyini söyləyirlər. Qəzəblənmiş Xaqan böyük ordu ilə Qafqaziyaya daxil olub ərəbləri yerlə yeksan edir. Akademik Z.M.Bünyadov müxtəlif mənbələrdəki məlumatlara istinad edərək Xəzərlərin sonuncu müharibədə 100 mindən artıq ərəbi əsir apardıqlarını göstərir. Bundan sonra ərəblərlə xəzərlər arasında sülh bərqərar olur».

N.Tağısoy daha sonra deyir: «Ərəblər Azərbaycana gələnə qədər bu yerlərdə hökmranlıq edən Xəzərlər Azərbaycana öz doğma əraziləri kimi baxıb və onun xilafətin qapalı bir vilayətinə çevrilməsinə imkan verməmişdilər».

Xəzərlərin etnogenizindən danışan araşdırmaçı deyir ki, Xəzərlərin böyük xaqanı Yusufun məktubunda xəzər camisini təşkil edən 10 uruğ içində Nazir sülaləsinin mənsub olduğu uyur (yəni uyğur) qəbiləsindən başqa, türk, yaxud türgiş olan bir qəbilə, 7 xəzər, 9 bulqarla 10 sabir uruqları göstərilir ki, bu 10 qəbilədən başqa burtas, vondır, bəznə (Peçeneq) və çeremislərlə birlikdə bir də ayrıca cuvar qövmi qeyd olunur: «Xəzər dövlətində hakim qüvvə uyğurtürk zümrələri içində həm də savirsuvarlardan da təmsil olunmuşdu. «Xəzər» adına gəlincə, bu məsələ heçsona qədər müəyyənləşdirilməyib: «Bu adın da — «ar» ilə bitən bulqar, qacar, əfşar, türkavar kimi digər qövmlərin adına bənzədiyi nəzərdə tutulur. Xəzərin həm də «Kazar» şəklində olmasının da mümkünlüyü vurğulanır. Çin qaynaqlarında xəzərlərə «ko-sa» və «kass-at» da deyilib. Dolayısı ilə bu adın türkcə «kaz» kökündən gəldiyi irəli sürülüb. Burada hakim olan türklərdən 10 uruğun adı çəkilib. Bunlar əvvəl qeyd edilmiş uyur, turgiş (türk), kazar, savirbizaldan, birsaldan (barçoludan) başqa yenə də tarixi qaynaqlarda əks olunan əvəz (avar), uğuz, tarna, yanurbulqar uruqlarıdır. Yusuf xaqan 10 uruğdan başqa qalan qövmlərdən məmləkətinin sərhədlərindən kənarda yaşadıqları haqda bəhs edir. «Xəzər» adı mənşə və kök baxımından izah edilməsə də «-ar», «-ər» şəkilçisiylə əmələ gəlmiş türkcə bir ad olduğu nəzərdə tutulur. Bizans tarixşünaslığında Bersiliya ölkəsinin Xəzərətrafı düzənlikdə və Şimali Dağıstan ərazisində olduğu göstərilir. Periyeqet, FeofanNikifor Bersiliyanı xəzərlərin vətəni adlandırırlar. Feofan yazırdı ki, Xəzərlər Berziliyanın daxilində yaşamış böyük xalqdır».

Sübut olunub ki, xəzər və bulqar dillərini türk dillərinin qərbi-hun qoluna aid etmək daha məqsədəuyğundur. Barsillərlə qədim bulqar dili arasındakı yaxınlığa gəldikdə isə bu haqda suriyalı müəllif Mixailinondan bəhrələnmiş İoann Efesin əsərlərində söylənilmiş əfsanə maraqlıdır: «Əfsanədə deyilir ki, Bizans imperatoru Mavrikinin dövründə (582-602-ci illər) Skiflər ölkəsindən çıxmış üç qardaş özlərilə 30 min skifi götürüb uzaq yola çıxırlar. Səfər qış vaxtına təsadüf edir. Onlar donmuş Tanais çayını (indiki Don), Meotid gölünü (Azov) və Ponti dənizini (Qara dəniz) keçib romeylərin (bizanslıların) sərhəddinə yaxınlaşırlar. Bulqar adlı qardaş özü ilə 10 min nəfər götürür, qardaşlarından ayrılıb Tanais (Don) çayını keçib Dunaya istiqamətlənir. (Zənnimizcə, burada sonrakı dövrlərdə onların qarapapaq, qaraqalpaq, «çernıye klobuki», yaxud qaqauz və qaraimlər kimi təşəkkül tapıb inkişaf etdiklərini görmək mümkün olacaq). Burada Mavrikidən Bulqar romeylərə kömək, arxa olması və oralarda yaşaması şərtilə torpaq istəyir. Mavriki Bulqarın xahişini yerinə yetirirona Yuxarı və Aşağı Meziyanı və Dakiyanı verir. Bulqar öz adamları ilə birlikdə romeylərə kömək edib avarlara qalib gəlir. Bu skifləri romeylər o vaxtdan «bulqar» adlandırmağa başlamışlar». Digər iki qardaş isə romeylər tərəfindən salınmış Barsiliya (Xəzər) adlanan alanların (osetinlərin) şəhərlərinə gəlirlər. Bulqarlar xristianlar idilər. Lakin ölkəyə özgələri hökmranlıq edən dövrdə onlar Xəzərin adını daşıyan böyük qardaşın şərəfinə «xəzərlər» adlandırıldılar. Bu çox güclügeniş yayılmış xalq idi».

Xəzərlərin antropologiyası ilə bağlı da xeyli fikirlər mövcuddur: «V.V.Qunzburq qeyd edir ki, xəzərlərin Sarkil şəhərinin xarabalıqlarında qəbirlərdəki qazıntılar bu şəhərdə yaşayan əhalinin heç də hamısının xəzərlərdən ibarət olmadığını göstərir. Əgər xəzərlərin bir hissəsi hindliləri andırırsa, tip etibarilə onlar digər türklərdən heç nə ilə fərqlənmir, gözlərinin dərinliyinə görə digər türklərə nisbətən onlar daha aydın ifadəli təsir bağışlayırlar. İbn Fakih xəzərləri digər xalqlarla müqayisəli xarakterizə edən gözəl bir deyim işlədib. O, türklərin vəfalı, rumların saxalı, xəzərlərin həyalı, islavların (slavyanların) şücaətsiz olduğunu qeyd edib».

 

(ardı var)

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 20 iyun.- S.15.