Bəxtiyar Vahabzadə və milli yaddaş
Hər
bir xalqın tarixində elə şəxsiyyətlər olur
ki, onların yaşam və mübarizəsi, fəaliyyət və
yaradıcılıq yolu öz xalqının taleyi ilə
qovuşaraq milli tarixin fövqünə qalxır. Belə
şəxsiyyətlər milli yaddaşda əbədi qalır
və heç vaxt unudulmur. Görkəmli Azərbaycan
şairi Bəxtiyar Vahabzadə belə şəxsiyyətlərdəndir.
Onun adı Azərbaycan xalqının milli yaddaşına əbədi
yazılıb, «Bəxtiyar Vahabzadə» imzası azərbaycançılığın,
vətənsevərliyin simvoluna çevrilib.
Şair
Bəxtiyar
Vahabzadə sözün həqiqi mənasında şair idi.
İlahi özü onun taleyinə şairlik
yazmışdı. O, öz şair adını rəsmi titul
olaraq yox, xalqının milli varlığının
qorunması və yaşadılması uğrunda bütün
ömrü boyunca apardığı milli mübarizə məktəbində
qazanmışdı.
Bəxtiyar
Vahabzadənin ömür yolu və ədəbi irsi bu gün
bizim üçün öyrənildikcə tükənməyən
qiymətli xəzinədir. Bu xəzinəni həm obrazlı,
həm də hərfi mənada «milli yaddaş xəzinəsi»
adlandırmaq olar. Bu milli yaddaş xəzinəsini Azərbaycan
və türk dünyası, o cümlədən «millilik»
adlı ilahi qədəri və dəyəri anlayan dünya
insanları öyrəndikcə tükənməyəcək.
Hələ bundan sonra Azərbaycan xalqı və türk
dünyası yaşadıqca Bəxtiyar Vahabzadənin ilahi dəyərlərlə
süslənmiş milli yaddaş xəzinəsi bizim
dünyamızın milli, mədəni, siyasi, sosial
düzümünə ilahi nizam verəcək.
Milli
yaddaşa bağlılıq
Bu gün
Bəxtiyar Vahabzadənin poetik irsi bizlərə son dərəcə
cazibədar və əlçatmaz görünür. Lakin bu
uca poetik zirvəyə gedən yolun, bu ucalığın, bu
fövqəlliyin sirri çox sadə olub, millətə və
xalqa sevgidən keçir. Bəxtiyar bütün
varlığı — canı və qanı ilə xalqa
bağlı idi. Bağrından qopduğu xalqa
bağlılıq onun poeziyasının hər mənada dərkinin,
o cümlədən elmi dərkinin əsasında durur. «Bəxtiyar
Vahabzadə və milli yaddaş», yəni əslində folklor
mövzusunun da elmi-metodoloji əsasları məhz bu məqama,
sənətkarın milli düşüncənin ulu
qaynaqlarına müncər olunur.
Yanlış
yanaşma
Adətən
bir sənətkarın milli yaddaşın ulu qaynağı
olan folklora bağlılığını araşdırarkən
onun yaradıcılığında işlənmiş atalar
sözləri və məsəllərə, nağıl-dastan
hikmətlərinə, əfsanə-rəvayət motivlərinə
diqqət verirlər. Lakin bu yol Bəxtiyar Vahabzadə
yaradıcılığını qiymətləndirmək
üçün heç bir halda problem yaratmır.
Böyük şairin xalq qaynaqlarına, folklora münasibətini
bu şəkildə və bu səviyyədə qiymətləndirmək
əslində, Bəxtiyarla folklor, Bəxtiyarla milli yaddaş
arasında kağız üzərində bir sədd çəkmək,
sənətkarı süni şəkildə milli yaddaşdan
ayırmaq deməkdir. Çünki Bəxtiyar Vahabzadə
milli yaddaşdan heç vaxt uzaq düşməyib, bir an belə
ondan qopmayıb, əksinə, həmişə milli
yaddaşla baş-başa, iç-içə,
könül-könülə olub. Bu mənada Bəxtiyar
yaradıcılığında xalq qaynaqlarını
araşdırmaq üçün şairin poeziyasının
özünə birbaşa milli yaddaşın, folklor
yaddaşının ulu hikmətlərinin qorunduğu qaynaq
kimi yanaşmaq lazımdır.
Bəxtiyar
Vahabzadə üçün folklor birbaşa milli
yaddaşın özü idi. Çünki hər bir
xalqın milli tarixi onun folklorunda yaddaşlaşır. Milli
tarix — milli varlığın tarixi deməkdir. Milliyin dərki
milli yaddaşın dərkindən keçir. Böyük sənətkar
folkloru müqəddəs milli-mənəvi sərvət hesab
edir və onun qorunmasını, onun yaşadılmasını
milli-mənəvi dəyərlərin, ümumiyyətlə,
milli varlığımızın yaşadılmasının
başlıca şərti hesab edirdi.
Dil
yaddaşı
Bəxtiyar
üçün folklor yaddaşı ilk növbədə dil
yaddaşı idi. Məhz ona görə də sənətkarın
yaradıcılığında ana dili mövzusu fövqəladə
yer tutur, mühüm əhəmiyyət kəsb edirdi.
Böyük sənətkar dili milli
varlığımızın ruhu və canı hesab edirdi:
Bu dil —
bizim ruhumuz, eşqimiz canımızdır,
Bu dil —
bir-birimizlə əhdi-peymanımızdır,
Bu dil —
tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil — əcdadımızın
bizə qoyub getdiyi
Ən
qimyətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə
biz də hədiyyə verək.
Şair
üçün ana dili niyə bu qədər böyük əhəmiyyət
kəsb edirdi? Çünki ana dili milli yaddaşın
daşıyıcısı, milli yaddaşın
açarı, milli yaddaşın özüdür. Ana dili
yoxdursa — milli yaddaş da yoxdur. Milli yaddaş yoxdursa — artıq
milli varlığın, millətin özü yoxdur, xalq,
kütlə var:
Ana dilim,
səndədir xalqın əqli, hikməti,
Ərəb
oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə
yol açan Füzulinin sənəti,
Ey dilim,
qüdrətinlə dünyalara yol açmış.
Səndə
mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi
varaqlanır.
Səndə
neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim
saxlanır.
Bəxtiyar
üçün milli yaddaş eyni zamanda torpaq-yurd
yaddaşı demək idi. Sənətkar «Torpaqdan pay olmaz»
şeirində deyir:
Yatır
bu torpaqda əcdadım mənim,
Şərəfim,
şöhrətim, öz adım mənim…
Cəddimin
yatdığı ulu torpağı,
Sinəsi
sərvətlə dolu torpağı,
Mən sənə
pay verim?
Mən —
qul, sən — ərsən?
Sən məni
bu qədər axmaq bilirsən?
İsa
bulağının zümzüməsini,
Cabbarın,
Seyidin, Xanın səsini,
Dalğalı
Qarabağ şikəstəsini,
Babək
türbəsini necə pay verim?
Sənətkara
görə, milli yaddaş eyni zamanda tarixi yaddaşın
özüdür. Bunlar biri-birindən ayrılmaz anlayışlardır.
Tarixi yaddaş yoxdursa, milli varlıq bir heçdir. Şair
«Tarix yaddaşı» şeirində deyir:
Tarixdir hər
daşın, qayanın yaşı,
Tarixlə
bağlıdır insan yurduna.
Yox isə
bir xalqın tarix yaddaşı,
Vətən
də adicə torpaqdır ona.
Lakin
şair üçün bütün yaddaşların
fövqündə duran bir yaddaş da var — ilahi yaddaş. Bəxtiyar
Vahabzadə bütün ömrü boyu Allahdan gələn
haqq uğrunda vuruşub. O, bütün ömrü boyu ilahi dəyərləri
arayıb, axtarıb. Şair «Allaha gedən yol» şeirində
deyir:
Boşalıram,
dolmuram,
Çaşdırmışam
sağı-solu,
Axtarıram,
bulmuram,
Allaha gedən
yolu.
Beləliklə,
Bəxtiyar Vahabzadə üçün milli yaddaş fərdin,
etnosun yaddaşı, millətin, xalqın yaddaşı idi. O
aydın şəkildə dərk edirdi ki, milli yaddaş xəzinəsi
olan folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli
yaddaşa nə dərəcədə
bağlılığından asılıdır.
Yaddaşına qayıda bilən xalq onu millətlər
içində millət edən zirvəyə qalxa bilir…
Böyük sənətkar bütün poeziyası ilə bizləri
millətlər içində millət edəcək milli
yaddaşımıza qayıtmağa
çağırırdı.
Seyfəddin RZASOY
Xalq Cəbhəsi.- 2013.- 20 iyun.- S.14.