Hüquqi dövlət quruculuğundə informasiyanın əhəmiyyəti

 

Hüquqi dövlət quruculuğu prosesində informasiya texnologiyalarının inkişafını izləmək və yenilikləri daim öz inkişafında tətbiq etmək çağımızda varlığını qoruyub yaşatmaq istəyən hər bir dövlətin başlıca qayğılarından biridir. Çünki informasiyanın əhəmiyyəti dünyada getdikcə artır. İndi adamlararası münasibətlərdən tutmuş dövlətlərarası münasibətlərə kimi informasiya almaq, istifadə etmək, zamanında dəyərləndirmək, bəhrələnmək və s.vazkeçilməz üstünlük göstəricisi kimi qəbul edilir. İnformasiya isə həyatımızın hər sahəsini əhatə edən çağdaş texnologiya amilidir.

İnformasiya texnologiyaları üzrə mütəxəssis İradə Ələkbərova problemin aktuallığına diqqət çəkir: «İnformasiya texnologiyasının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etmək baxımında ideal vasitə hesab edilir. Bu səbəbdən son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbdə «informasiya əməliyyatı» və «İnformasiya müharibəsi» terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara tez reaksiya verilməsi, gerçək vaxt çərçivəsində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaq. Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır.

İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider ölkə olmaq ideyasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompyuter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücümu təhlükələrinin çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olub».

İnformasiya müharibəsi və onun tətbiqi texnologiyalarının kökü qədim dövrlərə təsadüf edir: «Fiziki müharibə aparılarkən eyni zamanda onun tərkib hissəsi kimi informasiya müharibəsinin aparılması zəruridir. Ən qədim tarixi və dini kitablarda belə hadisələr insanlar arasında informasiya müharibəsi üzərində qurulub. Məsələn, Çingiz xanın yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından digər məşhur sərkərdələr (Makedoniyalı İsgəndər, Əmir Teymur və s.) tərəfindən də istifadə edilib».

Hətta II dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı anlayır və bu üsuldan məharətlə istifadə edirdilər: «O zamankı informasiya əməliyyatlarının indiki əməliyyatlardan yeganə fərqi o idi ki, onlara hərbi əməliyyatlar kimi baxılmırdı. Çünki həmin dövrlərdə informasiyanın ötürülməsində texniki vasitələrdən istifadə edilmirdi».

Bu gün informasiya müharibəsi problemlərinin informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir çox ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırıldığını bildirən İ.Ələkbərovanın fikrincə, bu ölkələrdə dövlətin informasiya infrastrukturunun kompleks müdafiəsi konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir: «Müasir informasiya müharibəsi texnologiyalarının yaranmasının, inkişafı və geniş tətbiqinin müxtəlif izahları var: hesablama texnikası və kommunikasiya vasitələrinın sürətli inkişafı, şəbəkə texnologiyasının təkmilləşdirilməsi cəmiyyətdə əsas resurs kimi informasiyanın rolunun artmasına səbəb oldu. Effektivliyinə görə informasiya maddi resurslardan daha yuxarıda dayandı. Elmi-texniki naliyyətlər hərbi sahədə istifadə edilən ənənəvi silahlarla yanaşı bir sıra İKT vasitələrinin kütləvi istehsalına şərait yaratdı; İnsanların beyinlərinin və davranışlarının öyrənilməsində əldə edilən naliyyətlər insanlara müxtəlif istiqamətlərdə psixofizioloji təsirlərin yollarını və vasitələrini daha yaxşı başa düşməyə imkan verdi».

Amerika tədqiqatçılarının fikrinə görə, informasiya əməliyyatı vasitələrilə realizə olunan informasiya qarşıdurması hərbi qüvvələrin, elmi mərkəzlərin, müxtəlif siyasi təşkilatların hazırlığında və fəaliyyətində informasiya müharibəsi texnologiyalarından geniş istifadəni nəzərdə tutur: «İnformasiya qarşıdurmasında əsas məqsəd qarşı tərəfin informasiya da daxil olmaqla, bütün növ resurslarına təsir göstərməkdir. İnformasiya qarşıdurmasının effektivliyinin əsas meyarı kimi qarşı tərəfə məxsus şəbəkə və kommunikasiya texnologiyalarına, nəhayət, kompyuterlərə icazəsiz müdaxilələr nəzərdə tutulur. Digər tərəfdən informasiya qarşıdurmasında demoqrafiya, təbliğat, «beyinlərin yuyulması», ictimai rəyin və şüurun manipulyasiyası və s. üsullardan geniş istifadə edilir. Qeyd etmək lazımdır ki, irformasiya müharibəsi prosesində kompyuter şəbəkəsinə daxil olmaqla, həmçinin internet vasitəsi ilə qarşı tərəfin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür. Bu məqsədlə internetdə veb-briqadalar və hakerlər fasiləsiz işləyirlər. Onlar xüsusi təşkil edilmiş, fəaliyyətləri müəyyən hədəflərə yönəldilmiş peşəkarlardır. İnformasiya müharibəsi — təsiredici tərəfin öz məqsədinə çatmaq üçün informasiya təsirinin müxtəlif üsul və vasitələrindən istifadə etməklə insanların psixologiyasına, ilk növbədə onların fərdi və ictimai şüuruna, həmçinin fəaliyyət göstərən texniki vasitələrə qarşı həyata keçirdiyi geniş miqyaslı informasiya əməliyyatıdır. İnformasiya hücumları dedikdə informasiya massivlərinin məhvi, təhrif edilməsi və ya oğurlanması; mühafizə sisteminin dəf edilməsi; hüquqi istifadəçilərin müraciətlərinə məhdudiyyətlərin qoyulması; kompyüter sistemlərinin, texniki vasitələrin işlərinin pozulması ilə nəticələnən əməliyyatlar nəzərdə tutulur».

Gələcəkdə dövlətə əsas təhlükə müxtəlif ölkələrin nizami ordusu tərəfindən deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar tərəfindən gözlənilir. Araşdırmaçı daha sonra bildirir ki, son dövrdə müxtəlif cinayətkar qruplar informasiya hücumunda elm və texnikanın ən yeni nailiyyətlərindən fəal istifadə etməkdədirlər: «İnformasiya müharibəsində həmçinin informasiya-kommunikasiya sistemlərinin normal iş fəaliyyətinin pozulması, psixoloji-ideoloji informasiyanın yayılması, informasiya blokadası, şayiələrin yayılması və s. informasiya əməliyyatlarından geniş istifadə edilir.

Son illərin lokal müharibələri və silahlı münaqişələri hərbi mütəxəssisləri informasiya vasitələrinin hərbi sistem və komplekslərə effektiv təsrlərinin qlobal analizini aparmağa məcbur edib. İnformasiya müharibəsinə qarşı tərəfin dövlət və hərbi potensialından istifadə etməklə öz potensialını qorumaq və inkişaf etdirmək məqsədi ilə informasiya potensialı sahəsində münaqişə aparan tərəflərin rəqabəti və təşkil olunmuş fəaliyyətidir. İnformasiya müharibəsi bilik uğrunda müharibədir — «nə?, nə zaman?, harada?, nə üçün? və nə dərəcədə?» suallarına cavab tapmaq uğrunda müharibədir».

Elektron müharibə — elektron kommunikasiya vasitələrinə qarşı yönəlmiş müharibədir: «Elektron kommunikasiya vasitələri dedikdə — radioəlaqə, radarlar, kompyuter şəbəkəsi nəzərdə tutulur. Onun əsas bölməsi kriptoqrafiyadır (elektron informasiyanın şifrələnməsi və ya şifrədən çıxarılması). Psixoloji müharibə — təbliğat, beyinlərin yuyulması, əhalinin davranışlarına nəzarət və vətəndaşlar üçün nəzərdə tutulmuş informasiyanın emalıdır.

Libiki psixoloji müharibəni 4 hissəyə ayırır: vətəndaş ruhunun sındırılması; hərbi qüvvələrdə mənəvi duruma və əhval-ruhiyyəyə nəzarət; komandanlığa dezinformasiyanın ötürülməsi; mədəniyyətlər müharibəsi. Haker müharibəsi — qarşı tərəfin vətəndaş obyektlərinə yönəlmiş diversiya əməliyyatlarıdır. Libiki haker fəaliyyətlərindən danışarkən onların törətdiyi fəsadları belə sadalayır: şəbəkənin total iflici, informasiya əlaqələrində fasilələr, verilənlərin ötürülməsi zamanı təsadüfi səhvlərin çoxalması, informasiyanın oğurlanması, informasiya xidmətlərinin ələ keçirilməsi (şəbəkəyə icazəsiz müdaxilə), şəbəkənin gizli monitorinqinin aparılması, şantaj məqsədi ilə gizli verilənlərin aşkar edilməsi. Libikiyə görə, hakerlərin silahı viruslardır — «troyan atları», məntiqi bombalar, sniferlər (izləyicilər), şəbəkə soxulcanları və s. Libiki hakerləri ABŞ üçün ciddi təhlükə hesab edir və bu fikrini onunla əsaslandırır ki, digər ölkələrlə müqayisədə Amerikada müxtəlif lokal və qlobal şəbəkələrdən istifadə daha genişdir».

İqtisadi informasiya müharibəsi — Libiki bu müharibəni iki formada təsvir edir: informasiya blokadası (ABŞ-a qarşı yönəlmiş) və informasiya imperializmi və ya texnoimperializm (ABŞ tərəfindən): «İnformasiya blokadası dedikdə ilk növbədə informasiya və ticarət əlaqələrinin kəsilməsi (fiziki ticarətə qadağanın qoyulması) nəzərdə tutulur. Bank şəbəkələrinin sındırılması bu kateqoriyaya daxil deyil və haker fəaliyyəti hesab olunur. İnformasiya imperializmi — ümumi iqtisadi imperializm siyasətinin bir hissəsidir. Libiki bildirir ki, «ticarət özü də müharibədir».

Deməli, bu proseslərdə dövlətin ayaqda qalması, informasiya savaşında yenilməməsi üçün hər bir kəsin çağdaş elmi-texniki yeniliklərdən xəbədar olması və xalqa, dövlətçiliyə qarşı gedişlərə qarşı durması vacib amildir.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 21 iyun.- S.10.