«Ümidimiz yalnız Azərbaycan ordusunadır»

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti ordu quruculuğuna son dərəcə zəruri bir iş kimi yanaşdı. Milli dövlətçiliyin bərqərar olmasının ən vacib amillərindən, atributlarından biri milli ordunun yaranması idi. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan türkcəsinin orduda dövlət dili kimi tətbiq edilməsinə başlandı. Bu dövrdə Azərbaycan ordusunda Azərbaycan dilini öyrənmək və hətta savadsızlığın ləğvi ilə bağlı kurslar açmağa başladılar. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə çatdırmaq məqsədilə dövlət büdcəsindən 400 milyon manat vəsait ayırdı. Gürcüstandakı hərbi məktəblərdə təhsil almaq üçün ora yüzlərlə azərbaycanlı zabit və əsgər göndərildi. Gürcüstan Azərbaycan ordusuna 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşatılan tüfəng, 211 qılınc, 295 nizə və hərbi ləvazimat verdi. 1919-cu il yanvarın 11-dən orduda hərbi qulluqçular üçün yeni hərbi geyim forması tətbiq edildi. Türk qoşunlarının Gəncədə olduğu vaxtda fəaliyyət göstərən praporşiklər məktəbinin işi yenidən quruldu. Onun əsasında hərbi məktəb təşkil edildi. Ordunu milli-hərbi kadrlarla təmin edəcək hərbi dəmiryolçular, istehkamçılar və hərbi feldşerlər məktəbləri açıldı.

Tarixçi Əzizağa Ələkbərov bildirir ki, müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə razılıq verdi: «Martın 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində yerləşəcək hərbi hissə və bölmələr müəyyənləşdirildi. Həmin qüvvələrə 1 piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə birinci süvari alayının komandiri polkovnik Fərhad Ağalarov rəhbərlik edirdi. Bakı qarnizonunun rəisi vəzifəsi də ilk dəfə ona həvalə olunmuşdu. 1919-cu il aprelin 15-də hərbi qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. İngiltərə hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra hərbi nazirliyin rəhbər orqanları iyunun 28-dən iyulun 10-a qədər Bakıya köçürüldü. 1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakının möhkəmləndirilmiş müdafiə rayonunun yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılıq işləri sayəsində 1919-cu ilin avqust ayında ingilis hərbi birləşmələri Azərbaycanı tərk etdikdən sonra hərbi dəniz qüvvələri yaradıldı. Bu donanmanın tərkibində 75, 3 və 120 millimetrlik kalibrli toplarla silahlanmış iki gəmi vardı. Bura digər gəmilər, katerlər də daxil idi. Xəzər hərbi donanmasının şəxsi heyəti 1170 nəfərdən ibarət idi.

1920-ci ilin aprelində Azərbaycan ordusunda 3 piyada diviziyalarında birləşmiş 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə, 4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan, 8-ci Ağdaş piyada alayları, süvari diviziyasında isə birləşmiş olan olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alayları və 2 topçu briqadaları vardı».

Yenicə yaranmış olan Milli Ordunun döyüşçülərinin sonrakı taleyi faciəvidir. 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək olan müddətdə Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdu. Təkcə 1921-ci ilə qədər ancaq Azərbaycan-türk hərbçilərindən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan, 266 nəfər hərbi işçi güllələnmişdi. Suskeviç, Usubov, Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar, Həmid Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy Şıxlinski, İsgəndər bəy Seyfulin, Ziyadxanov və digər tanınmış hərbçilər güllələnənlər sırasında idilər. Azərbaycan Milli ordusunun əsgərləri «qırmızıların» gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də XI Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər «qırmızılardan», üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Hargin adasına aparılaraq orada güllələnmişdi. Cavanşir bəy Şəfibəyovun başçılığı ilə hərbçilərdən bir qrupu mühasirədən çıxaraq Qarabağ üsyançılarına qoşulmağa getmişdilər. Onların arasında təqsiri olmayan generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski də vardı. Həriman Hərimanovun böyük səyilə bu iki general həbsdən azad olunmaqla hərbi xidməti istifadə üçün Moskvaya göndərilmişdilər. Qarabağda hərbçilərin üsyanı 1920-ci il iyunun əvvəllərində başlanmışdı. Üsyana özünü Qarabağın hakimi elan etmiş türk generalı Huru paşa başçılıq edirdi. Üsyanın əsas qüvvəsini Milli Ordumuzun Qarabağın müxtəlif yerlərində olan hissələri, Ağdam, Cavanşir və başqa süvari alayları, Bakı piyada alayı, 2 topçu diviziyası təşkil edirdi. Tərkibində 6 minə yaxın zabit və əsgəri olan bu birləşmələr əslində Qarabağa tam nəzarət edirdilər. Ehsan xan Haxçıvanskinin rəhbərlik etdiyi Şəki alayı Gəncədən Yevlax istiqamətində hərəkət edərkən bir qrup hərbçi ilə 11-ci Qızıl Ordu qərargahında güllələnmişdilər. 32 nəfər üsyançı — döyüşçü düşmənlə vuruşa-vuruşa mühasirədən çıxmışdı. Tarixi mənbələrdə bu məqam hətta «32-lər əfsanəsi» kimi xatırlanır.

İyulun 10-da Tərtər, iyulun 11-də Ağdam, iyulun 14-də Xankəndi, iyulun 15-də Şuşa 11-ci Qırmızı Ordu hissələri tərəfindən tutuldu. Yerli dinc əhaliyə də amansız divan tutulurdu. Kəndlər tamamilə qəsb edilir, əhalisi didərgin salınırdı. Üsyançılara qarşı döyüşlərdə ermənilər də ruslara yaxından kömək göstərirdilər.

Əzizağa Ələkbərov sonda deyir: «1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Milli Ordusunun taleyi uğurla nəticələnməsə də, Vətən tariximizdə, xalqımızın azadlıq mübarizəsində silinməz izini qoydu. O zaman rusların mövqeyi və onların müttəfiqlərinin siyasəti, siması bu gün də həmin hadisələrin eyniyyətlə təkrarlandığını əyani şəkildə bizə göstərir. Qoca, qarı düşmən yenə də öz ənənəsini davam etdirir. Bütün bunlar bizə deyir ki, tariximizdən, dünənimizdən ibrət dərsi götürməliyik. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Bizim ümidimiz yalnız Azərbaycan ordusunadır. Qarabağımızın, itirilən torpaqlarımızın taleyini, həmçinin müstəqilliyimizin gələcək inkişafını da Milli Ordumuz həll eləyəcək».

O zaman Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərqərar olunması eşqiylə yaşayan neçə-neçə şəxsləri sovet rejimi ailəlikcə məhv etdi, sürgünlərdə çürütdü. Bu gün həmin şəxslərin nəvə-nəticələri o dövrlərdə soylarının başlarına gələnlər barədə eşitdiklərini ürəklərində yaşadırlar.

Respublika Milli Arxivinin rəisi, tanınmış araşdırmaçı Ataxan Paşayev bildirir ki, «1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Gəncədə çətin şəraitdə fəaliyyətə başlamışdı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş «Hərbi mükəlləfiyyət haqqında qanun»a müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan edildi. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və hərbi nazirlik bunun üçün əlindən gələni edirdi». Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində özünün sülh yaratma cəhdlərinə baxmayaraq daim Ermənistanla rəsmən elan edilməmiş müharibə vəziyyətində olmuşdu. Ermənistan 1918-ci ilin dekabrında qədim Azərbaycan torpaqları olan Lori və Borçalı uğrunda Gürcüstana qarşı rəsmi müharibə elan etdi. O, Cənubi Qafqazın çox hissəsini «tarixi erməni torpaqları» elan edərək onları ələ keçirməyə, nə olursa-olsun, ərazilərini genişləndirməyə çalışırdı. Təsadüfi deyil ki, 1920-ci ilin aprelində 11-ci Ordu Azərbaycanı işğal edərkən Azərbaycan Cümhuriyyəti ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni qiyamçılarına qarşı mübarizə ilə məşğul idi.

1918-ci ilin 15 sentyabrı isə dövlətçiliyimizin tarixində əvəzsiz məqamlardandır. Hər şeydən əvvəl 15 Sentyabrın siyasi əhəmiyyəti vardı. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin 15 sentyabrına kimi Gəncədə fəaliyyət göstərirdi. Xüsusən Sovet Rusiyası gənc Cümhuriyyəti yıxmaq üçün hər cür fitnə-fəsada əl atırdı. Təsadüfi deyil ki, bir neçə ay əvvəl — 1918-ci ilin martında Bakıda bəşər tarixində ən dəhşətli soyqırımlardan biri törədilmişdi. 2-3 gün ərzində Bakıda 12 min türk soydaşımız qətlə yetirilmişdi. Belə bir zamanda gənc cümhuriyyətin ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün Bakı kimi strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşmiş, əhalinin daha çox cəmləşdiyi, sənayenin inkişaf etdiyi, xüsusən zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə vüsət alması demək olacaqdı. Bu mənada Bakının azad olunmasının iqtisadi əhəmiyyəti barədə də bizcə, geniş danışmağa ehtiyac qalmır. Xarici dövlətlər, o cümlədən də Rusiya Bakı neftini ələ keçirmək uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Belə bir zamanda qəhrəman türk ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dövrdə də olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən də bu hadisə iki qardaş türk xalqının mənəvi birliyinin sübutu oldu. Beləliklə, 1918-ci il sentyabrın 15-də Bakı azad olundu. O zaman neçə aydan bəri Gəncədə müvəqqəti məskunlaşan ADR hökuməti Bakıya köçdü. Məhz hökumətin Bakıya köçməsi yeni yaranmış cümhuriyyətin müəyyən müddət mövcudluğunu qoruyub saxlamasında əhəmiyyətli rol oynadı.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 26 iyun.- S.14.