Ozan-aşıq sənəti

 

Şumerlər yüzdən çox ədəbiyyat nümunəsini gil lövhələrə köçürüblər.

Ozan-aşıq sənətinin tarixi qədimdir, qürurvericidir, Türk xalqının zəngin mədəniyyətinin sübutudur. Professor Qara Hamazovun fikrincə, Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaşadıb, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmin zirvəni yaradıb. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında körpü kimi ozan-aşıq sənəti Azərbaycan ədəbiyyatının onurğa sütunu olub, yazı ədəbiyyatı zamanın siyasətini ruhuna hopduranda xalq ədəbiyyatı, ozan-aşıq sənəti siyasətlə üz-üzə dayanıb bütün qüdrəti ilə sözünü deyib, tarixin sınaqlarından şərəflə çıxıb. Belə əzəmətli abidələri xalq minillər boyu hafizəsinə köçürüb, nəsillərdən-nəsillərə ötürüb, cilalayıb, sığallayıb və zamanında bir zəka sahibi onu yazıya alıb ilkinini qoruyub yaşadıb. Əlbəttə, zaman öz vərdişindədir, sənət də öz işində. Sənət zamanın yaxşısını da, pisini də, doğrusunu da, əyrisini də, demək olar, bütün simasını öz ruhuna hopdurur. Məhz buna görə də klassiklər doğru deyiblər ki, xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır. Bu baxımdan ozan-aşıq sənəti tarixin çeşidli anlarını özünün sənət süzgəcindən keçirib, onun tərcümanı olub. Böyük tarixi dönəmlərdə elmi-texniki ixtiralar təkamül tapdıqca bədii sənət də, söz sənəti də istər-istəməz onu ehtiva edir, ona təsir edir, onu öz fantaziyasına yönəldir. Bütün mütərəqqi təkamül, ictimai-siyasi inkişaf, istərsə ədəbiyyat və incəsənət həmişə bir-biri ilə ayaqlaşıb, bir-birini tamamlayıb. Təəssüf ki, belə zəngin və çoxşaxəli xalq yaradıcılığı irsinin toplanılıb öyrənilməsinə əslində (XIX yüzildə az-çox görülsə də) XX yüzildə başlanıb.

Yaşadığımız XX yüzildə klassik irsimizin bütün sahələri — həm xalq bədii yaradıcılığı, həm də yazı ədəbiyyatı öyrənilməyə başlandı. İlk dəfə olaraq «Dədə Qorqud» abidəsi, arxasınca «Koroğlu», eləcə də xalq arasında tanınmış yaradıcı ustad aşıqların ədəbi irsi toplanıb çap olundu. Belə bir müqəddəs işə milli duyğularla yaşayan Salman Mümtaz, Hümmət Əlizadə, Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Əhliman Axundov kimi yetişmiş mütəxəssislərlə yanaşı, yeni-yeni həvəskarlar və müəllimlər də girişdi. Nəsillər bir-birini əvəz elədi, daha mütəşəkkil toplama və araşdırma təşəbbüsü vüsət aldı. Toplama və araşdırma işi həm AMEA-nın Ədəbiyyat İnstitutunda (Folklor şöbəsi), həm də ali məktəblərin ədəbiyyat kafedralarında görülməyə başladı. Müəllimlərdən Paşa Əfəndiyev və Vaqif Vəliyev ali məktəblər üçün «Xalq ədəbiyyatı» dərsliyi yazdılar. Ozan-aşıq sənətinin toplanılıb, araşdırılıb tədqiq edilməsi müxtəlif istiqamətdə aparıldı; oğuznamələrin və «Dədə Qorqud» boylarının türk dünyasında qarşılıqlı öyrənilməsi, orta yüzillərdə «Koroğlu» dastanlarının müqayisəli tədqiqi, eləcə də aşıq yaradıcılığının toplanılıb çap edilməsi və araşdırılması, ayrı-ayrı aşıqların — Qurbani, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı və Ələgər kimi ustadların haqqında dissertasiyalar, elmi işlər yazıldı. Hələ 1960-cı illərdə professor M.H.Təhmasib «Orta əsrlər Azərbaycan dastanları» monoqrafiyasında dastan janrının təsnifini apararkən qeyd edirdi ki, Azərbaycan xalq dastanları bütövlükdə toplanıb öyrənilmədiyindən onu tam halda təsnifləşdirmək mümkün deyil. M.Təhmasibin bu qeydlərində böyük həqiqət var. Çünki sovet hakimiyyəti dövründə mədəniyyətə, qədim irsə, xüsusən Azərbaycan xalqının soykökünə qarşı ideoloji təxribat qədim türk-Azərbaycan, eləcə də türk xalqlarının ortaq dastanlarının öyrənilməsinə imkan vermirdi. Hətta «Kitabi-Dədə Qorqud» dastanının araşdırılmasına qadağa qoyulmuşdu».

Araşdırmaçı bildirir ki, müstəqillik dövründə soykökümüzə qayıdışla bağlı olaraq qədim xalq bədii yaradıcılığının araşdırılması da aktuallıq qazanmaqdadır: «İndi qədim Azərbaycan torpaqlarında yaranan dövlətlərin, həmçinin qədim türk dövlətlərinin ərazilərindəki xalq ədəbiyyatının, xüsusən dastanların araşdırılmasına böyük ehtiyac duyulur. Belə ki, «Türklər dastan yaratdılar» məşhur kəlamında deyildiyi kimi, qədim türk xalqları, eləcə də qədim azərbaycanlılar öz tarixi torpaqlarında yaranan dövlətlərin qorucuları haqqında minillərdən bəri yaşanan dastanların yenidən öyrənilməsi problemi həm tarixə yenidən dönüş, həm də soykökümüzə qayıdış baxımından böyük əhəmiyyət kəsb edir. Axı «Kitabi-Dədə Qorqud»dan daha öncə qədim Azərbaycan torpaqlarında təşəkkül tapan dövlətlərin, eləcə də Azərbaycan türklərinin ortaq olduğu ilkin türk dövlətlərinin quruculuğunu özündə yaşadan dastan nümunələri türk xalqlarının bədii təfəkkürünün bizim eradan əvvəlki minilliklərdən süzülüb gəldiyindən xəbər verir.

Bizim e.ə.IV-II minilliklərdə İkiçayarası və onun şimalında Urmiya gölünün cənubunda şəhərtipli dövlətlərin mədəniyyəti formalaşır, sonrakı əsrlərdə Şərqdə törəyib Qərbə doğru genişlənən türk dövlətləri özlərindən əvvəlki nəsillərin yaratdıqları epik mədəniyyəti tarixi qaynaq kimi qorumaqda davam edir. Buna görə də həm «Aratta-Şumer dastan məktəbi»ni, həm də sonrakı türk dövlət quruculuğunu yaşadan islamaqədərki dastan nümunələrini şərti olaraq iki tarixi epoxanın epik mədəniyyət ənənəsi kimi izləmək lazımdır. Birinci «Aratta-Şumer dastan məktəbi»nə İkiçayarasına və Güney Azərbaycanda fəaliyyət göstərən dövlətlərin bir-biri ilə münasibətlərindən və münaqişələrindən bəhs edən tarixi dastanlar daxildir. E.ə.IV-II minilliklərdə İkiçayarasının quzeyində və Güney Azərbaycanın (Urmiyanın cənubunda) bölgələrində müstəqil dövlətlər (Uruq, Aratta, Lullubi, Kiş, Turuk, Kuntum, Erdu, Larsa, Ur, Laşaq, Umma, İsin, Sippar, Şuruppaq, Nippur) yaşayıb, bir-biriləri ilə münasibətlərdə və münaqişələrdə olublar. Bu şəhər-dövlətlər üç min ildən çox fəaliyyət göstərib bəşər mədəniyyəti tarixində silinməz izlər buraxıblar. Şumer əfsanələrinə görə, onların dövlətləri Nuh daşqınından təxminən 30 min il əvvəl yaranıb. İslam dinində Nuh, Tövratda Noy, akkad əsatirlərində Utnapiştimlə bağlı yaşanan hadisə Dəclə və Fərat çaylarının güclü daşqını ilə əlaqələndirilir. Bu daşqının təfsilatı «Bilqamıs dastanı»nda daha ətraflı təsvir olunub. Şumer tarixinə, mədəniyyətinə, dininə, ədəbiyyatına, şifahi xalq yaradıcılığına zəngin qaynaqlar və onların nümunələri m.ö. III minillikdə gil tabletlərə köçürülüb, beş minillik bir tarixi yol keçərək dövrümüzə qədər gəlib çıxıb. Onların arasında Şumer əfsanələri və dastanları xüsusi yer tutur. Sonrakı minilliklərdə də yaranan əfsanə və dastanlar da dərin iz buraxıb, dini kitablarda da öz əksini tapıb. Şumerlərdə bu əfsanələr dünyanı yaradan ali Allahdanonun əməllərindən bəhs edir. Əfsanədə deyilir: Ali Allah Enlil bir-biri ilə bitişik yaşayan ər-arvad EnKini ayırıb, beləliklə, GöyYeri yaradıb. Sonra o, Nippur şəhərini inşa edib və allahları orada məskunlaşdırıb. Müdrik Enki torpaqları suvarıb, buna görə də hər yerdə otağaclar göyərmişdi. Lakin dünyadaheyvan, nə də insan varmış. Allahlar yoxsul həyat sürürdülər, çörəyin dadını belə bilmirdilər. Allahlar ilahə Laharı və Aşnanı gildən yoğurub yaratdılar. Lahar qoyun-quzu saxladı, Aşnan taxıl biçdi. Enki Aşnan üçün toxa icad etdi, o da yer şumlayıb arpa, buğda əkdi. Sonra Enki ona xış da düzəltdi. Aşnan ilk məhsuldan allahlar üçün kökə bişirdi. Lahar isə allahları süd, ət və yunla təmin edirdi. Lakin göydə və yer altında allahların sayı getdikcə artmaqda idi, ərzaq isə onlara çatmırdı. Allahlar nə süddən, nə də çörəkdən doyunca yeyə bilirdilər. Allahlar müdrik Enkiyə müraciət etdilər ki, vəziyyətdən çıxış yolu tapsın. İlahə Nammu ona dedi: «Allahlardan zəif və onlar üçün səbirlə işləyən insanları yarat». Enki ulu ana Nammunun çağırışına qulaq asıb işə başlayır. Enki böyük ana Aninhursaqdan xahiş edir ki, dulusçular gil hazırladıqca o, yaradacağı məxluqa allahların görkəmini versin. Gil hazır olduqdan sonra Ninmah ilk insanı yoğurur, amma alınmır, ikincisini yoğurur, yenə alınmır. Bunlar ilk sonsuz kişi və qadın idilər. Belə olduqda Enki özü gildən allahlara oxşar güclü və ağıllı kişi və qadın yaradır. Lakin onlara əbədi həyat verilmir.

Şumer əsatirlərini əks etdirən belə əfsanələr çoxdur. Şumerlər ilk yazı növünü — piktoqrafiyanı icad edib, 100-dən çox ədəbiyyat nümunəsini bu yazı ilə gil lövhələrə köçürüblər. Bunlar müxtəlif əfsanələr, mif və əsatirlər, allahların şərəfinə deyilmiş himnlər, fəlakətli hadisələr, müxtəlif mərasim və mərsiyələr, məhəbbət nəğmələri, atalar sözü və məsəllər, təmsillər, pritçalar və dövlətlərarası savaşlardan bəhs edən qəhrəmanlıq dastanlarından və s. ibarətdir».

Q.Hamazov bildirir ki, Şumeronun ətrafında yaranan ədəbiyyatın və mədəniyyətin gil lövhələrə köçürülüb saxlanılması, onların dövrümüzə qədər gəlib çıxması göstərir ki, xalq ədəbiyyatında yaşayan bir çox sözlərin, əsatir və mifik anlamların, əfsanə motivlərinin bizim minilliklərdə «Dədə Qorqud» boylarında, oğuznamələrdə və ümumən ozan-aşıq sənətində izləri, əlamətləri qalıb: «Məhz buna görə də qədim Şərq ədəbiyyatındakı dastanları, əfsanələri, mif və əsatirləri, mərasim və mərsiyələri, təmsilləri, himnləri, nəğmələri, atalar sözlərini Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri ilə tutuşdurub paralellər və müqayisələr aparmaq, beləliklə də tarixilik baxımından əsil varisi müəyyənləşdirmək böyük əhəmiyyət kəsb etmiş olardı.

Şumer dastanları daha çox tarixi hadisələri, xatirələri, dövlətlər arasında baş verən müharibə və münaqişələri, qarşılıqlı münasibətləri özündə ifadə edir. Bu dastanlardan «UruqAratta», «EnmerkarAratta», «LuqulbandaEnmerkar», «LuqulbandaHurrum», «Bilqamıs və Aka (Ağa), «Bilqamıs haqqında dastan» və başqalarını xatırlamaq olar. Tarixçilərin qeyd etdikləri kimi, dastanlarda adı çəkilən Enmerkar, Luqulbanda, Bilqamıs, En-Sukuş Siranna, Aka (Ağa) tarixi şəxsiyyətlər olublar. Dastanlardakı adların bəziləri bu gün də dilimizdə işlənən sözlərdir. «Uruq» sözünü «Oğuz Kağan» dastanında, «Dədə Qorqud» boylarında, Mahmud Kaşğarlının «Divani lüğət-it türk» əsərində soy, kök, hətta toxum mənasında işləndiyi qeyd olunur. «Bilqamıs» dastanında «uruq» sözüUruq şəhəri, Uruq qalası, Uruq xalqı kimi mənaları daşıyır. Uruq sözünə türklərin qədim «Ergenekon» dastanında soy, nəsil, yurd, oymaq mənalarında rast gəlinir. «Uruq» sözü bu günQafqaz və Asiyanın türk xalqlarında «uruq-turuq» şəklində soy, nəsil, kök mənasını bildirir.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 25 iyun.- S.14.