Milli-mənəvi dəyərlərin təbliğində QHT-lərin rolu

 

Bu gün qloballaşan dünyada hər bir ölkənin milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan milli-mənəvi dəyərləri təbliğ etmək zərurəti yaranır ki, burada media ilə yanaşı QHT-lərin də üzərinə yük düşür. QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilərlərmi?

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin Sədri Elməddin Hacılının fikrincə, hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir: «Mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf etdirilməsi vətəndaş cəmiyyətinin aparıcı inistitutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün həmin istiqamətdə fəaliyyət göstərən hər bir QHT-in üzrərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür». Onun sözlərinə görə, son illərdə QHT-lər milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliğilə əlaqədar olaraq bir sıra layihələr və tədbirlər həyata keçiriblər. Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə zidd hallara qarşı mübarizədə və tərbiyəvi əhəmiyyəti yüksək olan məsələlərə həmişə həssaslıq və ictimai fəallıq göstəriblər: «Həmçinin, onlar daimi olaraq bu sahədə mövcud olan qusurların ictimai əhəmiyyətini nəzərə alıb bu problemləri önə çıxarmaq cəhdində bulunublar. Kimliyindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bu gün bütün QHT-lər məhz milli-mənəvi dəyərləri qorumalı və onu daim təbliğ etməlidirlər. Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər Milli Qəhrəman, şəhid ailələri, mədəniyyət və milli adət-ənənələrimizi təbliğ edən qurumlardır və işini də məhz bu istiqamətdə qurur. Bütövlükdə bu qrup QHT-lərin fəaliyyətində vətəndaşaların milli-mənəvi dəyərlər sisteminin qorunmasında gördüyü işi də yüksək qiymətləndirmək olar. Bununla bərabər QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almlıdırlar». Elməddin Hacılı əlavə edib ki, bundan əlavə QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında, milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar: «Milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Bir məsələni də qeyd etmək lazımdır ki, QHT-lər barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada da milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlər də öz əksini tapıb. QHT-lər qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. Ekspertlərə görə, də çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur. Bbəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihələr icra edirlər. Ümumiyyətlə, ictimai təşkilatlar milli-mənəvi dəyərlərlə məşğul olmaq, onu təbliğ etmək imkanında olan praktiki qrumlardandır. Və onlar bu istiqamətdəki fəaliyyətlərində mövcud imkanlardan maksimum şəkildə həmişə yaralanmalıdırlar».

«Gənclərin İqtisadi, Sosial və Mənəvi inkişafına Yardım» İctimai Birliyinin idarə heyətinin üzvü Şahin Nəbiyev deyib ki, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunması vacib məsələ kimi önə çəkilməlidir. Onun sözlərinə görə, xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi hər bir ziyalının məqsədi olmalıdır: «Bu isə millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində son dərəcə həlledici amildir. Bizim təşkilatımız yarandığı dövrdən hazırkı zamana qədər bu mövzuda bir çox layihələr həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə «Gənclərin zərərli vərdişlərdən çəkinməsi üçün davranış qaydalarının formalaşmasına dəstək» layihəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə «Gənclərin asudə vaxtının təşkilində milli-mənəvi dəyərlərin rolu» layihəsidir». Onun fikrincə, bu gün Azərbaycan QHT-lərinin də əsas amalı, ideyası Vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etmək olmalıdır: «Bu baxımdan ölkə QHT-lərinin qarşısında bir sıra mühüm vəzifələr durur. İlk öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə layihə və fəaliyyətləri gücləndirmək, daha da təkimilləşdirmək lazımdır. Qeyd etməliyik ki, bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayişi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihələr həyata keçirirlər». O, eyni zamanda, əlavə edib ki, bu gün QHT-lərin beynəlxalq və yerli əməkdaşlığı çox aktualdır: «Bizim də əsas məqsədlərimizdən biri bu tip əməkdaşlıqları genişləndirmək və inkişaf etdirməkdir. Bu əməkdaşlıqlar beynəlxalq təcrübənin Azərbaycana gətirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Yerli QHT-lər öz potensiallarının artırılması üçün bu kimi resurslardan lazımi səviyyədə istifadə etməlidir. QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında Milli Qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, həmin layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması ilə məşğul olmaq, onu təbliğ etmək imkanında olan QHT-lər işlərini praktik qurmalıdır».O, bildirib ki, günümüzdə dövlətlə bərabər, QHT-lərin də işinin əsas qayəsi vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etmək olmalıdır: «Təəssüf ki, milli-mənəvi, mədəni dəyərlərin təbliğində QHT-lərin də işlərində bir sıra nöqsanlar və çatışmazlıqlar mövcuddur. Bəzən bir sıra QHT-lər tərəfindən mədəni, milli-mənəvi dəyərlərin təbliğinə, demək olar ki, heç bir əhəmiyyət verilmir. Azərbaycan mədəniyyətinin təbliği, mədəni inkişaf siyasəti təkcə dövlətlə məhdudlaşmır, bu siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Bu gün vətəndaşlarımızın milli ruhda tərbiyəsi, dövlətlə bərabər, QHT-lərin də prioritet istiqamətlərindən biri olmalıdır. Bir şeyi də qeyd etmək lazımdır ki, QHT-lərin inkişafı barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlər də öz əksini tapıb. Xalqımızın zəngin mədəniyyəti və tarixi var. Vətəndaş cəmiyyətinin aparıcı institutu kimi QHT-lər heç zaman unutmamalıdırlar ki, bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir».

«Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə hesab edir ki, ölkəzdə milli-mənəvi dəyərlərin qorunması və yaşadılması Azərbaycanın milli dövlətçilik ənənələrinin mühafizə olunmasına ən böyük xidmətdir: «Xalqımızın milli mənafelərini düşünən hər bir kəs millətinin keçmişinə hörmət göstərməli və ona sahib çıxmalıdır. Əsrlərdən gələn milli adət-ənənələrimizin yaşadılması və mühafizə olunması ən vacib milli prinsiplərimizdən biridir. Belə ki, ölkəmizin ümumi inkişafının təmin olunması baxımından milli-mənəvi dəyərlərin qorunaraq yaşadılması dövlətimizin mənbəyi olan xalqımızın keçmişinə hörmət, gələcəyinə isə işıqlı səhərlərin açılması deməkdir. Tarixdə öz soykökünə, keçmişinə bağlı olmayan xalqların gələcəyi hər zaman təhlükəli məqamlarla üz-üzə qalıb. Milli özünüdərki anlamadan hər hansı bir ölkə gəncinin vətənpərvər ruhda mükəmməl ölkə vətandaşı kimi dövlətinə və millətinə yararlı olması mümkünsüzdür. Sevindiricidir ki, ölkəmizdə milli-mənəvi və mədəni irsimizin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir. Ölkəmizdə milli-mənəvi dəyərlərin mühafizə və təbliğ olunması yolunda Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasəti bütün ölkə müsəlmanlarının təqdir etməsi vacibdir». O, əlavə edib ki, bu istiqamətdə müxtəlif layihələr həyata keçiriblər: «Bunlardan «Xeyriyyəçilik-saflığa aparan yol», «Mövlanə mənəviyyatının işığında», «Biz sizi unutmadıq», «Yazarlarla görüş» adlı layihələrimizi və digərlərini misal çəkə bilərəm. Bunlardan əlavə çoxlu sayda tədbirlər də keçirmişik. Belə ki, müqəddəs Qurban bayramı ərəfəsində sərhəd rayonlarında yüzlərlə qazi, şəhid və məcburi köçkün ailələri ilə görüş keçirərək onların ailələrinə bayram sovqatı vermişik. Eləcə də Bakıda şəhid və kimsəsiz ailələlər ilə ölkəmizin əlamətdar günlərində görüşlər keçirilərək hədiyyələr təqdim etmişik. Onu da qeyd edim ki, «Yeni Üfüq» İctimai Birliyinin təşəbbüsü ilə bu yaxınlarda susuzluqdan əziyyət çəkən müsəlmanlara Afrikada su quyusu qurdurulub. Sevindirici olan odur ki, uzaq diyarda inşa etdirdiyimiz su quyusunun üzərində müstəqil Azərbaycan dövlətinin bayrağı dalğalanır».

 

Əli

 

Xalq Cəbhəsi.- 2013.- 25 iyun.- S.10.