ZÜLMƏTDƏN
aydınlığa doğru
Türkiyənin sabiq Baş naziri B.Ecevitin bu deyimində böyük həqiqət var. Mən də o xoşbəxtlərdənəm ki, XX əsr Azərbaycan tarixinə layiqli imza atan, əslində bu şərəfli tarixin böyük bir fəslini yaradan ulu öndər Heydər Əliyevlə birbaşa təmasda olmuş və onun xeyir-duasını almışam. Gənc nəslə diqqət və qayğı Heydər Əliyevin fəaliyyətinin aparıcı istiqamətlərindən olmuşdur. Heydər Əliyev deyirdi ki, “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”.
Ölkəmizdə ali təhsil, onun keçmişi və inkişafı ilə maraqlananda təxminən bir əsrə yaxın zaman kəsimində mürəkkəb və bəzi məqamlarda dramatik siyasi dialoqların, güzəştsiz çəkişmələrin və qarşıdurmaların şahidi oldum. Azərbaycanda cümhuriyyət dövründə, sovetlər dönəmində və müstəqillik illərində bütünlükdə ali təhsil inkişaf edir, yeni təhsil müəssisələri qurulur, vacib fakültələr açılır, zəruri ixtisaslar yaradılır. Zahirən dinamik görünən bu tərəqqinin ayrı-ayrı məqamlarını araşdıranda ölkənin tarixində baş verən siyasi hadisələrin: cümhuriyyətin elan olunması və süqutu, sovet hakimiyyətinin qurulması, repressiyalar və nəhayət, yenidən müstəqilliyimizin bərpa edilməsi birbaşa və ya dolayısı institut və universitetlərə təsir edir – onların açılmasına, birləşməsinə və bəzən də bağlanmasına səbəb olurdu. Dahi öndər Heydər Əliyev hakimiyyətə gələnə kimi uzun illər respublikanın reallıqları nəzərə alınmır, bütün tətbiq edilən yeniliklər mərkəzin maraqlarına xidmət edirdi.
Respublikamızda ali təhsilin qərinələrlə ölçülən tarixini diqqətlə araşdırıb, müəyyən dövrləri və şəxsiyyətləri müqayisə edərkən onun şahidi oldum ki, ulu öndər Heydər Əliyev ölkədə ali təhsilin inkişafında həm sovetlər dönəmində, həm də müstəqillik illərində dövlət quruculuğuna təkan verən, onun elmi potensialını və müdafiə qüdrətini zəmanəsinin tələbləri səviyyəsinə qaldıran nadir və bənzərsiz tarixi şəxsiyyətdir. Bu gün bir daha belə başa düşürəm ki, o dahi şəxsiyyət bütün əzəməti və qüdrəti ilə hamını kölgədə qoyur, tariximizin bütün dönəmlərində ən müdrik, uzaqgörən dövlət xadimi kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazır.
Türkmənçay
“qaranlığı” və cümhuriyyətin işartısı
Azərbaycanda ali təhsilin inkişaf tarixini araşdırmaq üçün, qısaca da olsa, XIX əsrdə təhsilin vəziyyətinə nəzər salmaq vacibdir. Bütün müharibələr sülh sazişi bağlandıqdan sonra başa çatır. İranla Rusiya arasında bağlanan Türkmənçay müqaviləsindən sonra yerli xanlıqların tədricən məhvi, zəngin təbii sərvətlərin amansız istilası başlayır. Ərazilərimizə ermənilər köçürülür, sərhədlər boyu rus kəndləri salınır və onlar yerli əhalidən fərqli olaraq çar hökumətinin qəyyumluğuna alınırdı. Təhsil, demək olar ki inkişaf etmirdi. Neft fontan vurduqdan sonra isə əyalətdə polis nəzarəti gücləndirilir, polis kursları və neft sənayesində çalışmaq üçün mütəxəssislər yetişdirən texniki məktəb açılırdı. Müsəlman əhali təhsildən aralı düşmüşdü. O illərin ən savadlı adamı, oxuyub yazmağı bacaran mirzələr sayılırdı. Maraqlısı odur ki, hətta Zeynalabdin Tağıyev kimi mesenatlar belə adi qızlar seminariyasını yaratmaq üçün imperatorun sarayı ilə uzun sürən yazışmalar aparırdılar. Ona görə də Rusiyanın əsarətinə keçdikdən sonra ölkədə nəinki ali təhsildən, ümumiyyətlə, təhsilin, inkişafından söz salmaq belə mümkün deyildi. Çar üsul-idarəsini uzun illər mirzəlik səviyyəsində oxuyub-yazmağı bacaran müsəlmanlar qane etdi.
Müstəqil Azərbaycanın təhsil sahəsində həyata keçirdiyi ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyətlə bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, varidatını təhsilin inkişafı üçün əsirgəmirdi. 1918-ci il iyunun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaitlərinin tədarükü haqqında xüsusi qərar qəbul etdi. 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olundu.
Azərbaycan Demokratik Cümhuriyyəti
Parlamentinin 1 sentyabr 1919-cu il
tarixli iclasında Bakıda universitetin təsis edilməsi
barədə qərar qəbul edildi və onun nizamnaməsi təsdiq
olundu. Şərqin ilk universiteti azadlıq məşəli
kimi böyük ümidlər verirdi. Universitet ilk tədris
ilinə 1094 tələbə ilə iki – tarix-filologiya və
tibb fakültələri ilə başladı. İlk rektor Kazan Universitetinin
professoru, məşhur cərrah V.İ.Razumovski
təyin edildi. Təhsilin sürətli
inkişafı üçün yeni hökumət ciddi
addımlar atmağa başladı.
Zəncirvari faciələrin
aramsız təkrarı və proletar diktaturasının təhsil
siyasəti
Azərbaycana
sovet hakimiyyətinin gəlişi yeknəsəq faciələrin
aramsız təkrarı ilə yadda qaldı. “Qızıl
Ordu” Bakıya daxil olan kimi cümhuriyyətin
azadlığı uğrunda vuruşan, ölkənin elmi və
iqtisadi potensialının inkişafı üçün
canlarını əsirgəməyən kadr ordusu birmənalı
şəkildə yeni sovet respublikasının düşməni
elan edildi. Bakıya “Qızıl Ordu” ilə
birlikdə təşrif buyuran Leninin silahdaşlarından
Mikoyan, Kirov və Serebrovskinin adlarını çəkmək
vacibdir. Çünki onların hər birinin
ayrı-ayrılıqda və bir komandanın üzvləri kimi birlikdə Azərbaycan
tarixində bu günədək hələ də tam
araşdırılmayan xüsusi fəaliyyət proqramı və
missiyaları var idi. Bolşevik ideallarına səmimi qəlbdən
inanan Nəriman Nərimanov isə öz Vətəninə
azadlıq bəxş edəcəyinə, bolşeviklərlə
birlikdə azad ölkə quracağına bütün varlığı
ilə inanırdı.
Bakıda 10 minlərlə dinc müsəlmanı qətlə
yetirdikdən sonra rəsmi sovet versiyasına görə
26-larla birlikdə Ağcaqum çölündə güllənən,
hələ təsdiqini tapmayan başqa versiyaya görə isə
Hindistana ötürülən Şaumyanı Stalin
özünə rəqib sayırdı. Belə ki, hələ
ötən əsrin əvvəllərində Stalin nüfuzlu
Bakı qoçusu
və həm də fəhlə tətillərinin və
etirazlarının mahir təşkilatçısı
sayılsa da, Şaumyan siyasi lider, natiq kimi ondan daha
böyük nüfuza malik idi.
26-larla birlikdə müəmmalı şəkildə
Şaumyan da aradan götürüldükdən sonra, 27-ci
komissar Mikoyanın qeybə çəkilməsi və yenidən
bolşeviklərin, əsasən də Stalinin etibarlı adamı kimi Azərbaycanda
peyda olması N.Nərimanovun Azərbaycan hökumətində
mütləq hakimiyyətinin qarşısını alan ciddi qərar
idi.
“Qızıl ordu”nun nəzdindəki “Xüsusi siyasi
şöbə” cümhuriyyət liderlərinin qanlı təqiblərinə
başladı.
Azərbaycan siyasi elitasının, köklü ziyalılarının bir qismi Gürcüstana
mühacirət edərək təqiblərdən xilas
olmağa çalışırdı. Lakin Fətəli xan
Xoyski, Həsən
bəy Ağayev Tiflisdə erməni terroristləri tərəfindən
qətlə yetirildilər. Nəsib bəy Yusifbəyli Gürcüstana gedərkən
Quruçay dərəsində, Yusif İbrahimli
Gürcüstanın Siqnax şəhərində
öldürüldülər. Erməni
terror dəstələri, daşnaklar bu qətilləri
Türkiyədə və başqa xarici dövlətlərdə
davam edirirdilər. Mikoyanın və ondan ehtiyat edən
Azərbaycan bolşeviklərinin əlindən qurtulmaq
üçün dünyaya səpələnən cümhuriyyət
liderləri, adlı-sanlı ziyalıların bir qismi erməni
terrorundan qurtula bilmədi. Mikoyanla sıx əlaqəsi olan
daşnak qatilləri Azərbaycan elitasının qara
siyahısını tərtib edərək, uzun illər təqiblərə
ara vermədilər. Eyni
zamanda, yeni qurulan hökumətin Fövqəladə
Komissiyasının sədr müavini L.Beriya Azərbaycanda
qalan görkəmli xadimləri, ziyalıları,
inqilabçıları ləkələyərək məhv
etdirirdi.
Sovet
hakimiyyətinin ilk günlərindən ali
təhsilin inkişafında Azərbaycan özəllikləri
nəzərə alınmadan kortəbii surətdə RSFSR-in təcrübəsindən
istifadə edildi. Rusiyada olduğu kimi,
ziyalılardan imtina edildi, təhsilin proletarlaşması əsas
götürüldü. Cümhuriyyət dövrünün kadrlarına
etinasızlıq, ana dilində savadlı mütəxəssislərin
yox dərəcəsində olması, ziyalı təbəqəsinin
mühacirətə üz tutması, bina və zəruri
avadanlıqların çatışmazlığı, təsərrüfat
dağınıqlığı və maddi bazanın zəifliyi
təhsil sisteminin qurulmasında ciddi maneələr
yaradırdı. Ölkədə iqtisadi
çətinliklərə və siyasi durumun gərginliyinə
baxmayaraq, Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin
sədri kimi təhsilin inkişafı üçün ciddi
addımlar atırdı. Ölkə
iqtisadiyyatının aparıcı sahələrində kadr
çatışmazlığı var idi. Yeni qurulan
respublikanın inkişafı üçün milli
kadrların, o cümlədən texniki ixtisaslar üzrə
mütəxəssislərin Bakıda yetişdirilməsinin zəruriliyini
hiss edən N. Nərimanov bu məqsədlə 1920-ci ilin
dekabrında Bakı Texniki Məktəbinin ali məktəbə
çevrilməsi haqqında qərar verdi. 1921-ci
ilin yanvarında RSFSR Xalq Maarif Komissarlığının qərarı
ilə Petroqrad Politexnik Texnikumu Bakıya
köçürüldü və onun bazasında Azərbaycan
Politexnik İnstitutu (APİ) yaradıldı. Azərbaycan İnqilab Komitəsinin sədri institutun
milli kadrların hazırlanmasında roluna böyük ümid
bəsləyirdi.
Vacib bir amili də nəzərə almaq lazım idi ki,
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi
xüsusi nəzarətə götürüldü və
bolşevik A.Serebrovskiyə həvalə edildi. 1921-ci ilin sentyabrında yaradılan “Azərneftkom”
müstəqil “Azərneft” Trestinə çevrilsə də,
Azərbaycanın tabeçiliyindən çıxarılaraq
birbaşa Mərkəzə tabe edilir və ümumittifaq əhəmiyyətli
müəssisə kimi RSFSR
YXTŞ-yə (Xalq Təsərrüfatı Şurası) verildi. “Azəripək”,
“Azərtoxuculuq”, “Azərduz”, “Azəruntrest” kimi böyük təsərrüfat birlikləri yaradılır. Bütün istiqamətlərdə Azərbaycanın
mərkəzdən asılılığı gücləndirildi.
Kirov və Orconikidze Kremldən gələn
bütün direktivləri yerli əhalinin maraqlarını nəzərə
almadan həyata keçirirdilər. Nərimanovla
Kremlin vassalları arasında yaranan qarşıdurma getdikcə
dərinləşirdi.
N.Nərimanov bolşevik ideyalarının sovet hakimiyyətinin
ilk illərindən tədricən süquta
uğradığını, istilaçılıq siyasətinin
diktatura şəklində yeridildiyini aydın görür və
müqavimət göstərir, etirazlarını bildirirdi. Digər tərəfdən
isə, yorulmadan ali təhsilin
inkişafı, milli kadrların yetişdirilməsi
üçün çalışırdı. O, müəllim
kadrların hazırlanması üçün 1921-ci ilin
payızında Azərbaycan Pedaqoji İnstitutunun
yaradılmasına nail oldu. Həmçinin 1921-ci ilin əvvəllərində
Qadın Məktəbəqədər Tərbiyə
İnstitutu yaradıldı və elə həmin ilin noyabrında Ali Qadın Pedaqoji İnstitutuna
çevrildi.
Dostu bolşevik olana düşmən
lazım deyil
Bakı bolşeviklərinin elitasında qeyri-azərbaycanlılar
daha geniş hakimiyyətə malik idilər. Bu da milli
kadrların yetişdirilməsini asanlıqla arxa plana atmağa
imkan verirdi. Bircə onu qeyd etmək kifayətdir
ki, Sovet hakimiyyəti qələbə çaldıqdan sonra
1921-ci ildən ta 1933-cü ilə kimi Azərbaycan Kommunist
Partiyasının birinci katibləri əsasən erməni,
rus, yəhudi əsilli olublar. Bolşeviklərin birinci
katib tacını Sergey Kirov (1921-1925), Levon Mirzoyan
(1926-1929), Nikolay Gikalo (1929-1930),
Vladimir Polonski (1930-1933), Ruben Rubenov (1933-1933) uzun illər
bir-birlərinə ötürürdülər. Azərbaycanlılardan yalnız Ruhulla Axundov
1925-1926-cı illərdə birinci katib vəzifəsində
çalışmış, onu da 1938-ci ildə güllələdirlər.
Ən məsul sahələrdən biri sayılan “Azərneft”in
rəisi vəzifəsi, dediyimiz kimi, Serebrovskiyə etibar
edilmişdi. Belə tərkibdə Azərbaycan hökumətini
istədikləri kimi idarə edən bolşevik rəhbərləri
üçün yerli kadrların hazırlanmasından daha
vacib məsələlər var idi. Bolşeviklər nefti
ələ keçirməklə yanaşı Azərbaycanı “Ümumittifaq
bostanı”na çevirmək, pambıq və
digər kənd təsərrüfatı məhsulları
istehsal edən aqrar respublika statusunda saxlamağa cəhd edirdilər.
Pambıq istehsalına təkan vermək məqsədilə
1923-cü ildə Azərbaycanda Pambıq Komitəsi
yaradıldı. Respublikanın ucuz
pambıq bazalarından birinə çevrilməsi Bakı
bolşeviklərinə yuxarıdan gələn
tapşırıq idi.
Öz
xalqını, onun inkişafını, yerli mütəxəssislərinin
hazırlanmasını
düşünən N.Nərimanov Bakı fəhlələrinə
müraciət edərək hər bir ixtisaslı fəhləni
10 müsəlman kadrı hazırlamağa
çağırdı. Ali məktəbə
köhnə ziyalıların, fəhlə mühitindən
çıxan milli kadrların cəlb edilməsi azərbaycanlı
müəllim və müdavimlərin sayının
artmasına müsbət təsir etdi. Nərimanov
Azərbaycan İnqilab Komitəsinin sədri kimi, 1920-ci ildə
Bakı Universitetinin professor və müəllimlərini səfərbərlikdən
azad etdi. Ali məktəbləri fəhlə
və kəndlilərin üzünə açan bir sıra
dekretləri imzaladı. Pulsuz təhsil və
təqaüdlərin verilməsi həyata keçirildi. Ali təhsil müəssisələrinə gənclərin
güclü axını başladı. 1922-23,1925-26-cı tədris illərində Rusiya, digər
sovet respublikaları və həmçinin Almaniya, Fransa,
İtaliya və İstanbula
oxumağa 250-yə yaxın tələbə göndərildi.
Bu, Azərbaycan təhsili tarixində maraqlı, covet hakimiyyətinin
ilk illərində görünməmiş bir hadisə idi. Lakin nəzərə
alaq ki, 1922-ci ildə Nəriman Nərimanov İnqilab Komitəsinin
sədri, 1925-ci ildə isə Ruhulla Axundov Azərbaycan KP(b) MK-nın birinci katibi idi.
Nəriman Nərimanovun mərkəzin
qarşısında qaldırdığı məsələlərin
sırasında Azərbaycan dilinin dövlət dili kimi
nüfuzunun qorunması, milli kadrların hazırlanması
dururdu. Təbii ki, belə mövqe çoxlarını qane
etmirdi. Getdikcə Bakıda ona qarşı artan təzyiqlərdən
cana doyan N.Nərimanov
1923-cü ilin dekabrında birbaşa Kremlin rəhbərlərinə
müraciət etdi, yerli rəhbərlərin “müttəfiq
respublikanın” bayrağı altında mərkəzin yeritdiyi
simasız diktatura siyasətindən yazdı və
Zaqafqaziyanın iqtisadi siyasətində Azərbaycan
xalqının maraqlarının pozulmasını qətiyyətlə
pislədi.
1922-ci ildə
Zaqafqaziya Federasiyasının yaradılması nəticəsində
3 respublikanın birləşdirilməsinin kökündə də
erməni daşnaklarının Bakının sərvətlərinə
şərik çıxmaq niyyətləri dururdu. Kremlin Şərq siyasətində aparıcı
mövqelərdə qərarlaşan ermənilər müsəlman
dünyasının “Bakıda baş qaldıran təhlükələri”
qabardır, Azərbaycanın yerli kadrlarını zərərsizləşdirərək
uzaqlaşdırmağa çalışır, vacib vəzifələri
ələ keçirirdilər. Zaqafqaziya
Federasiyası boş yerə yaranmırdı. Rusiya öz mənafeyini güdsə də,
reallıqda erməni planları baş tutur, onların siyasi,
iqtisadi maraqları istədikləri kimi təmin olunurdu.
S.Şaumyanın Bakı qırğınları, əslində,
şəhəri müsəlmanlardan təmizləyərək
neft səltənətini ermənilərin ovcuna qoymaq niyyətini
güdürdü. Ona görə də Zaqafqaziya Federasiyası tərkibində
büdcə ayırmalarında Azərbaycana Gürcüstan və
Ermənistandan daha az maliyyə vəsaiti
ayrılırdı. Belə bir acınacaqlı faktı da qeyd
etmək olar ki, Azərbaycan kəndlərində ağ neft qonşu
respublikalara nisbətən
daha baha qiymətə satılırdı.
N.Nərimanovun
AK(b)P, Bakı rəhbərləri və “gənc
kommunistlərlə” münasibətləri getdikcə gərginləşirdi.
Daşnak xislətli erməni kommunistləri daha dəqiq zərbələr
endirir, onu sıradan çıxarmaq üçün ən iyrənc
təxribatlardan belə çəkinmirdilər. N.Nərimanov Leninə müraciətlərində
birmənalı şəkildə “Daşnak kommunistlərin
bütün Zaqafqaziyada, həmçinin Azərbaycanda bu murdar
hərəkətlərinə son qoymağı” dəfələrlə
xahiş edirdi. Ürəyi Vətən
eşqi ilə çırpınan, Azərbaycanın
azadlığı, inkişafı üçün əlindən
gələni əsirgəməyən N.Nərimanov “milli təmayülçülükdə”
ittiham edildi. Onu Azərbaycandan uzaqlaşdırmaq məqsədilə
1923-cü ilin əvvəllərində SSRİ MİK sədrlərindən
biri kimi
Moskvaya çağırdılar. Zahirən vəzifəsinin
Kremlə qədər yüksəldilməsi kimi görünən
bu təyinat mahiyyət etibarı ilə onun Azərbaycandan
sürgün edilməsi demək idi.
Bolşevik
ideyalarının süqutunu dərk edən N. Nərimanovun 1925-ci il yanvarın 28-də
oğluna ünvanladığı məktub nə qədər
yumşaq və zəmanənin təhlükələri nəzərə
alınmaqla yazılsa da, yetərincə
anlaşılandır: “Mən bolşeviklərin
proqramını, xüsusi inamla qəbul etmişəm, mən
bunda dünyada köləliyin məhvinin həyata keçməsini
görürdüm...Hakimiyyət çoxlarını
korlayır”. N.Nərimanov
1925-ci ildə birbaşa bütün bolşevizmi ittiham edə
bilməzdi, ona görə də məktubunda sosializm
ideyalarının məhvi əvəzinə, “hakimiyyətin
çoxlarını korlamasından” yazır. Lakin
ağlasığmaz təzyiqlərə, erməni
daşnaklarının ciddi müqavimətinə baxmayaraq, N.Nərimanov
Azərbaycanda ali təhsilin inkişafı
üçün mühüm işlər görə bildi.
Beynəlmiləl şəhərin təhsil
problemləri
Təhsilin inkişafında müəyyən təzadları
anlamaq üçün Bakının milli tərkibinə,
qısaca da olsa, nəzər salmaq vacibdir. Belə ki,
1850-ci illərdə şəhərin əhalisinin sayı təqribən
on min nəfər və əsasən müsəlmanlardan ibarət
idi. Ermənilərin sürətlə Azərbaycan ərazilərinə
köçürülməsi, neft sənayesinin
sıçrayışla inkişafı, bütün
dünyadan fəhlə axını, mütəxəssislərin
gətirilməsi cəmi 70 il ərzində şəhər əhalisinin
10 mindən 400 minədək artmasına səbəb oldu. Ermənilərin, rusların sayı kəskin surətdə
artdı, on minlərlə gürcü, yəhudi, polyak, alman
üçün Bakı vətənə çevrildi. 1921-ci ilin əvvəlində neft sənayesində
işləmək üçün general Vrangelin 7500 əsgəri
İstanbuldan Azərbaycana – birbaşa neft buruqlarına gətirildi.
Bakı beynəlmiləl şəhərə
çevrilir, milli münasibətlər öz yeni mərhələsinə
qədəm qoyurdu. Erməni vəhşiliklərini
ifşa edən arxivlər bağlanır, “Qızıl ordu”
xilaskar kimi təqdim edilir, yeni sovet beynəlmiləlçiliyi
təbliğ edilirdi. 1922-ci ildən neft
yataqlarında geoloji işlərə rus alimlərindən
Qolubyatnikov və Qubkin cəlb olundu. Ali təhsil
sistemində də qeyri-millətlərin yüzlərlə
nümayəndəsi çalışırdı. 1920-ci ildə Bakıda neft sənayesində
fəhlələrin sayı təxminən 14 mindən 39 minə
çatdı, 1925-ci ildə isə 70 mini keçdi. 1922-25-ci illərdə neft sənayesi
üçün açılan sənət texniki
kurslarında 2199 ixtisaslı fəhlə hazırlandı.
Lakin Azərbaycanda milli kadrların xüsusi
çəkisi yenə aşağı idi. 1924-cü ilin
mayında təhsil alanların 40 faizinin azərbaycanlılar təşkil
etsə də, 1926-cı ilin oktyabrın birinə olan məlumatlara
görə “Azərneft”də işləyənlərin cəmi
27,4 faizi azərbaycanlılardan (güneylilərlə birlikdə)
ibarət idi. Fəhlələrin
31,4 faizini, kiçik xidmət
işçilərinin 30,3 faizini, qulluqçuların isə
6,8 faizini azərbaycanlılar təşkil edirdi.
Fəhlə
və kəndlilər üçün ali
məktəblərə qəbul imtahansız və diplomsuz həyata
keçirilirdi. Bu məqsədlə Bakıda, Gəncədə
və Nuxada fəhlə fakültələri
yaradılmışdı. Bakıda ilk dərslər
rus dilində aparılırdı, sonra azərbaycanlılar və
hətta ermənilər üçün də ana dillərində
80 nəfərlik şöbə yaradıldı. Azərbaycan fəhlə fakültəsinin dinləyiciləri
hər növ mülki və hərbi səfərbərlikdən
azad edildilər. 1922-27-ci illər ərzində fəhlə
fakültələri ali məktəblər
üçün 907 müdavim hazırlamışdı,
onlardan yalnız 227-si azərbaycanlı idi. Artıq 1927-ci ildə
Bakıda 5 mindən artıq tələbənin təhsil
aldığı yeddi ali təhsil müəssisəsi
fəaliyyət göstərirdi. Ali məktəbdə oxuyan tələbələrin
yalnız 27,5 faizini azərbaycanlılar təşkil
edirdi. Azərbaycanlı tələbələrin
sayının az olmasının bir
neçə səbəbi var idi: Bakının əhalisinin tərkibi
ciddi surətdə dəyişmişdi, müsəlmanların
əksəriyyəti kəndlərdə yaşayırdı və
savadsız idi. Digər tərəfdən, Azərbaycan
Kommunist Partiyasının rəhbərliyində oturanların
milli kadrların yetişdirilməsində əsas
üstünlüyü digər millətlərə verməsi
idi.
(ardı var)
Zöhrab
PAŞAYEV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin baş müəllimi
Xalq qəzeti.- 2013.- 7 iyun.- S. 7.