Fərhad MƏMMƏDOV: Bölgədə status-kvonun möhkəmləndirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsi yolverilməzdir

 

Münaqişələr həll olunmadan da birgə layihələr keçirilə bilər. Bu, absurd deyil, amma onların müəyyən bir dərəcəsi olmalıdır. Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirmişdir.

O, qeyd etmişdir ki, onsuz da Azərbaycanla Ermənistan arasında həm jurnalistlər səviyyəsində, həm də qarşılıqlı nifrətin qarşısının alınması istiqamətində görüşlər həyata keçirilir. Amma bu görüşlər, xalq diplomatiyası prosesə həm müsbət, həm də mənfi təsir göstərə bilər: “Əgər siyasi həll yoxdursa, xalq diplomatiyasının dərinləşməsi status-kvonun daha da möhkəmləndirməsinə xidmət edəcək. Biz status-kvonun möhkəmləndirilməsinə yönələn layihələrə qarşıyıq. Çünki bu, Azərbaycanın xeyrinə deyil”.

F.Məmmədovun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların və ictimai təşkilatların Qarabağ münaqişəsi ilə bağlı mövqeləri öyrənilib. Məlum olub ki, Azərbaycanda bu istiqamətdə birmənalı olaraq konsensus var. Ona görə də danışıqlar prosesinin gedişini Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqələndirmək doğru deyil: “Bütün siyasi qüvvələr Azərbaycanın ərazi bütövlüyü istiqamətində aparılan işləri dəyərləndirir və Dağlıq Qarabağ münaqişəsini məhz bu çərçivədə görürlər. Azərbaycan Respublikasının Prezidenti bu mövqeyin ən güclü ifaçısıdır və Azərbaycanda bununla bağlı hər hansı bir alternativ fikir yoxdur. Ona görə də Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesini prezident seçkiləri ilə şərtləndirmək qeyri-məqbul məsələdir”.

SAM direktorunun fikrincə, Avropa İttifaqı Cənubi Qafqazda getdikcə fəallaşır. Onun sözlərinə görə,  Aİ Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret addımlar atmalıdır: “Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi elçisi var, Cənubi Qafqaz Şərq Tərəfdaşlığı Proqramının bir hissəsidir, regionla ticarət dövriyyəsi artır, Aİ-nin burada enerji təhlükəsizliyi məsələsində maraqları var. Sadəcə, bir məsələ var ki, bu fəallıq bütün istiqamətlərdə - həm siyasi, həm də iqtisadi istiqamətdə, eyni zamanda, münaqişəyə dair proporsional olmalıdır. Münaqişəyə dair fəallıq dedikdə, işğalçı ölkənin geri çəkilməsi və status-kvonun dəyişdirilməsi istiqamətində Aİ tərəfindən əməli addımların atılması nəzərdə tutulur.”

F.Məmmədovun sözlərinə görə, Avropa İttifaqı yeganə beynəlxalq strukturdur ki, Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi beynəlxalq təşkilatların konsorsiumunu maliyyələşdirir. Həmin beynəlxalq təşkilatlar da Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın formallaşdırılması istiqamətində layihələr həyata keçirir. Lakin Fərhad Məmmədov hesab edir ki, bölgədə status-kvonun saxlanılmasına yönəlmiş layihələrin həyata keçirilməsi yolverilməzdir: “Hər bir danışıqlar prosesinin özünə uyğun etimad yaradan mexanizmləri mövcuddur. Əfsuslar olsun ki, elə anlar olur ki, danışıqlar prosesinin hazırkı vəziyyətindən kənarlaşıb, ona ziddona mənfi təsir göstərə biləcək layihələr həyata keçirilir. Heç vaxt arabanı atın qarşısına qoymaq olmaz. Əgər bu prosesin adı ”track two", yəni “ikinci dövrə” adlanırsa, o zaman birinci dövrə bitməlidir ki, ikinci başlasın. Biz bu danışıqların sülh yolu ilə bitməsinin tərəfdarıyıq və bu proses başlayandan sonra, yəni hərbi qüvvələr geri çəkiləndən və əhali evlərinə qayıdandan sonra biz özümüz maraqlı olacağıq ki, Dağlıq Qarabağda azərbaycanlılar və ermənilər üçün bu cür layihələr həyata keçirilsin və əhali qarşılıqlı etimad şəraitində yaşasın”.

 

Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 2.