NATO Dağlıq
Qarabağ münaqişəsinin həllinə
ümid edir
NATO Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edir və Cənubi Qafqaz ölkələri ilə münasibətləri möhkəmləndirmək niyyətindədir. Trend-in cümə günü İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Pyatiqorsk-Brüssel telekörpüsündə demişdir:
“Azərbaycan və Ermənistan bizim və Rusiya üçün vacib istiqamətlərdir. Bu ölkələr, xüsusilə, sülhməramlı fəaliyyət məsələlərində Rusiya və NATO ilə yaxşı münasibətlərə malik olmaq istəyirlər. Qeyd etmək istərdim ki, sülhməramlı fəaliyyətdə Rusiya ilə heç bir rəqabət görmürük”.
Onun sözlərinə görə, Azərbaycan öz xarici siyasətində Rusiyadan daha az asılıdır və bizim ölkə ilə geniş əməkdaşlıq proqramımız var: “Bu, hərbi əməliyyatların aparıldığı sahələrin minalardan təmizlənməsi və enerji sahəsində əməkdaşlıqdır. Fikrimcə, daha çox şey edə bilərik”.
Appaturay qeyd etmişdir ki, NATO Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır. Onun sözlərinə görə, alyans hesab edir ki, belə münaqişələrin uzun müddət davam etməsinin təhlükəliliyini dəyərləndirməmək olmaz və təcrübə göstərir ki, bu, yaxşı heç nə vəd etmir.
Appaturay bildirmişdir: “Vəziyyətin olduğu kimi saxlanılması əhalini inteqrasiyadan məhrum edəcək və onlar arasında nifaq davam edəcək. Nəticədə təmas xəttində atışmalar baş verə bilər. Gərginlik artır, sonra azalır. Bu çox təhlükəli vəziyyəti ”dondurulmuş münaqişə” adlandırırıq”.
Appaturayın sözlərinə görə, belə münaqişələr ətraf ölkələr, indiki halda Rusiya və Avropa üçün ciddi fəsadlar törədir: “Bu münaqişələr enerji sahəsinə çox pis təsir edir, buna görə də belə problem dünya ictimaiyyətinin diqqətini tələb edir.
Qeyd edək ki,
cümə günü Pyatiqorskda
Dövlət Linqvistika Universitetində “Regional təhlükəsizliyin yeni
çağırışları” beynəlxalq konfransı öz işinə başlamışdır.
Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 2.