Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ordu quruculuğu
Əzizağa
Ələkbərov: «Əhəmiyyətli hərbi strukturlardan
biri Bakının möhkəmləndirilmiş müdafiə
rayonunun yaradılması idi»
Ataxan
Paşayev: «Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi
heyətini 40 min nəfərə çatdırmağı
planlaşdırırdı».
I yazı
1918-ci
il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan
edildikdən az sonra Azərbaycan milli ordusunun
yaradılmasına başlanıldı. Milli dövlətçiliyin
bərqərar olmasının ən vacib amillərindən,
atributlarından biri milli ordunun yaranması idi. 1918-ci il
dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi
naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə
Azərbaycan türkcəsinin orduda dövlət dili kimi tətbiq
edilməsinə başlandı. Bu dövrdə Azərbaycan
ordusunda Azərbaycan dilini öyrənmək və hətta
savadsızlığın ləğvi ilə bağlı
kurslar açmağa başladılar. 1919-cu ildə Azərbaycan
Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə
çatdırmaq məqsədilə dövlət büdcəsindən
400 milyon manat vəsait ayırdı. Gürcüstandakı hərbi
məktəblərdə təhsil almaq üçün ora
yüzlərlə azərbaycanlı zabit və əsgər
göndərildi. Gürcüstan Azərbaycan ordusuna 12
kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşatılan
tüfəng, 211 qılınc, 295 nizə və hərbi ləvazimat
verdi. 1919-cu il yanvarın 11-dən orduda hərbi
qulluqçular üçün yeni hərbi geyim forması tətbiq
edildi. Türk qoşunlarının Gəncədə
olduğu vaxtda fəaliyyət göstərən praporşiklər
məktəbinin işi yenidən quruldu. Onun əsasında hərbi
məktəb təşkil edildi. Ordunu milli-hərbi kadrlarla təmin
edəcək hərbi dəmiryolçular,
istehkamçılar və hərbi feldşerlər məktəbləri
açıldı.
Tarixçi
Əzizağa Ələkbərov bildirir ki, müttəfiq
dövlətlərin hərbi komandanlığı 1919-cu il
aprelin əvvəllərində milli qoşun hissələrinin
azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə
razılıq verdi: «Martın 31-də hərbi nazirin əmri
ilə Bakı şəhərində yerləşəcək
hərbi hissə və bölmələr müəyyənləşdirildi.
Həmin qüvvələrə 1 piyada taboru, 400 nəfərlik
süvari və bir topçu batareyası daxil idi. Bütün
bu qüvvələrə birinci süvari alayının komandiri
polkovnik Fərhad Ağalarov rəhbərlik edirdi. Bakı
qarnizonunun rəisi vəzifəsi də ilk dəfə ona həvalə
olunmuşdu. 1919-cu il aprelin 15-də hərbi qüvvələr
Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi.
İngiltərə hərbi qüvvələri Azərbaycanı
tərk etdikdən sonra hərbi nazirliyin rəhbər
orqanları iyunun 28-dən iyulun 10-a qədər Bakıya
köçürüldü. 1919-cu ilin payızında təşkil
edilən ən əhəmiyyətli hərbi strukturlardan biri
Bakının möhkəmləndirilmiş müdafiə
rayonunun yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin
təşkilatçılıq işləri sayəsində
1919-cu ilin avqust ayında ingilis hərbi birləşmələri
Azərbaycanı tərk etdikdən sonra hərbi dəniz
qüvvələri yaradıldı. Bu donanmanın tərkibində
75, 3 və 120 millimetrlik kalibrli toplarla silahlanmış iki gəmi
vardı. Bura digər gəmilər, katerlər də daxil idi.
Xəzər hərbi donanmasının şəxsi heyəti
1170 nəfərdən ibarət idi.
1920-ci
ilin aprelində Azərbaycan ordusunda 3 piyada diviziyalarında
birləşmiş 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə,
4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan,
8-ci Ağdaş piyada alayları, süvari diviziyasında isə
birləşmiş olan olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü
Şəki süvari alayları və 2 topçu
briqadaları vardı».
Yenicə
yaranmış olan Milli Ordunun döyüşçülərinin
sonrakı taleyi son dərəcə kədərlidir. 1920-ci il
aprelin 28-dən 1921-ci ilin avqustunadək olan müddətdə
Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı
olmuşdu. Təkcə 1921-ci ilə qədər ancaq Azərbaycan-türk
hərbçilərindən 12 general, 27 polkovnik və
podpolkovnik, 46 kapitan, 266 nəfər hərbi işçi
güllələnmişdi. Suskeviç, Usubov, Haşımbəyov,
İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar, Həmid
Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy
Şıxlinski, İsgəndər bəy Seyfulin, Ziyadxanov və
digər tanınmış hərbçilər güllələnənlər
sırasında idilər. Azərbaycan Milli ordusunun əsgərləri
«qırmızıların» gəlişi ilə qətiyyən
barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın
ayrı-ayrı bölgələrində bolşevizmə
qarşı güclü müqavimət göstərirdilər.
1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə
qarşı 10-12 minə qədər şəxsin iştirak
etdiyi güclü silahlı çıxış olmuşdu.
Üsyanın əsas qüvvəsini yeni hökumətə
itaət göstərmək istəməyən Azərbaycan
Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana
general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə
Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və
başqalarından ibarət Şura rəhbərlik edirdi.
Mayın 31-də XI Qızıl Ordu hissələri şəhərə
nəzarəti ələ keçirmişdilər. Düz 3
gün Gəncədə terror və qarət həyata
keçirildi. Bir məlumata görə, Gəncə
döyüşləri zamanı 8800 nəfər
«qırmızılardan», üsyançılardan isə 13 min
nəfər öldürülmüşdü. Üsyanın
yatırılması zamanı Milli Ordunun 6 generalı, o
cümlədən general-mayor Cavad bəy Şıxlinski,
general-mayor Məhəmməd Mirzə Qacar qətlə
yetirilmişdi. 72 nəfər zabit Hargin adasına aparılaraq
orada güllələnmişdi. Cavanşir bəy Şəfibəyovun
başçılığı ilə hərbçilərdən
bir qrupu mühasirədən çıxaraq Qarabağ
üsyançılarına qoşulmağa getmişdilər.
Onların arasında təqsiri olmayan generallar Səməd bəy
Mehmandarov və Əliağa Şıxlinski də vardı. Həriman
Hərimanovun böyük səyilə bu iki general həbsdən
azad olunmaqla hərbi xidməti istifadə üçün
Moskvaya göndərilmişdilər. Qarabağda hərbçilərin
üsyanı 1920-ci il iyunun əvvəllərində
başlanmışdı. Üsyana özünü
Qarabağın hakimi elan etmiş türk generalı Huru
paşa başçılıq edirdi. Üsyanın əsas
qüvvəsini Milli Ordumuzun Qarabağın müxtəlif yerlərində
olan hissələri, Ağdam, Cavanşir və başqa
süvari alayları, Bakı piyada alayı, 2 topçu
diviziyası təşkil edirdi. Tərkibində 6 minə
yaxın zabit və əsgəri olan bu birləşmələr
əslində Qarabağa tam nəzarət edirdilər. Ehsan xan
Haxçıvanskinin rəhbərlik etdiyi Şəki alayı
Gəncədən Yevlax istiqamətində hərəkət
edərkən bir qrup hərbçi ilə 11-ci Qızıl
Ordu qərargahında güllələnmişdilər. 32 nəfər
üsyançı — döyüşçü düşmənlə
vuruşa-vuruşa mühasirədən çıxmışdı.
Tarixi mənbələrdə bu məqam hətta «32-lər əfsanəsi»
kimi xatırlanır.
İyulun
10-da Tərtər, iyulun 11-də Ağdam, iyulun 14-də Xankəndi,
iyulun 15-də Şuşa 11-ci Qırmızı Ordu hissələri
tərəfindən tutuldu. Yerli dinc əhaliyə də
amansız divan tutulurdu. Kəndlər tamamilə qəsb edilir,
əhalisi didərgin salınırdı.
Üsyançılara qarşı döyüşlərdə
ermənilər də ruslara yaxından kömək göstərirdilər.
Əzizağa
Ələkbərov sonda deyir: «1918-ci il iyunun 26-da
yaradılmış Azərbaycan Milli Ordusunun taleyi uğurla nəticələnməsə
də, Vətən tariximizdə, xalqımızın
azadlıq mübarizəsində silinməz izini qoydu. O zaman
rusların mövqeyi və onların müttəfiqlərinin
siyasəti, siması bu gün də həmin hadisələrin
eyniyyətlə təkrarlandığını əyani şəkildə
bizə göstərir. Qoca, qarı düşmən yenə də
öz ənənəsini davam etdirir. Bütün bunlar bizə
deyir ki, tariximizdən, dünənimizdən ibrət dərsi
götürməliyik. Bu gün Azərbaycan ərazisinin 20
faizi işğal olunub. Bizim ümidimiz yalnız Azərbaycan
ordusunadır. Qarabağımızın, itirilən
torpaqlarımızın taleyini, həmçinin müstəqilliyimizin
gələcək inkişafını da Milli Ordumuz həll eləyəcək».
O
zaman Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərqərar
olunması eşqiylə yaşayan neçə-neçə
şəxsləri sovet rejimi ailəlikcə məhv etdi,
sürgünlərdə çürütdü. Bu gün həmin
şəxslərin nəvə-nəticələri o dövrlərdə
soylarının başlarına gələnlər barədə
eşitdiklərini ürəklərində yaşadırlar.
1918-1920-ci
illər dövrünün fəal
iştirakçılarından biri olan Rəhim bəy Vəkilov
«1920-ci il üçün Azərbaycan Respublikasının
ünvan təqvimi. Bakı, 1919″ nəşrində
çap edilmiş «Azərbaycan Respublikasının yaranma
tarixi» adlı əsərində o dövrdə baş verən
gərgin siyasi hadisələrin xeyrimizə həll
olunmasında milli ordumuz yaranandan sonra tədricən güclənməsinin
mühüm təsirə malik olduğu vurğulanır: «Azərbaycan
və bütün Zaqafqaziya üçün Avropa müharibəsini
qurtarmasının ən yaxın nəticəsi türk
qoşunlarının getməsi və onların yerini ingilis
qoşunlarının tutması oldu». Noyabrın 17-də
ingilis generalı V.M.Tomson deyir: «…Biz nə indi, nə də gələcəkdə
sizin daxili işlərinizə qarışmaq məqsədi
güdmürük. Mən ümid edirəm ki, sizin köməyinizlə
hər şey yoluna düşəcək.»
Respublika
Milli Arxivinin rəisi, tanınmış
araşdırmaçı Ataxan Paşayev bildirir ki, «1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti
hökuməti Gəncədə çətin şəraitdə
fəaliyyətə başlamışdı. Yaranmış
mürəkkəb şəraitdə hökumətin ilk tədbiri
iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin
elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş «Hərbi
mükəlləfiyyət haqqında qanun»a müvafiq olaraq 19
yaşına çatmış vətəndaşların ordu
sıralarına səfərbər olunması elan edildi.
Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu
iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi
nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə
çatdırmağı planlaşdırırdı. Ordunu
müvafiq silahlarla təmin etmək hökumətin
başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və
hərbi nazirlik bunun üçün əlindən gələni
edirdi». Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay
müddətində özünün sülh yaratma cəhdlərinə
baxmayaraq daim Ermənistanla rəsmən elan edilməmiş
müharibə vəziyyətində olmuşdu. Ermənistan
1918-ci ilin dekabrında qədim Azərbaycan torpaqları olan
Lori və Borçalı uğrunda Gürcüstana
qarşı rəsmi müharibə elan etdi. O, Cənubi
Qafqazın çox hissəsini «tarixi erməni torpaqları»
elan edərək onları ələ keçirməyə, nə
olursa-olsun, ərazilərini genişləndirməyə
çalışırdı. Təsadüfi deyil ki, 1920-ci ilin
aprelində 11-ci Ordu Azərbaycanı işğal edərkən
Azərbaycan Cümhuriyyəti ordusunun əsas qüvvələri
Dağlıq Qarabağda erməni qiyamçılarına
qarşı mübarizə ilə məşğul idi.
Dövlət
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
Maarif
Teymur bildirir ki, rəhbərlik etdiyi arxivdə ADR dövrü
hərbiyyə, milli ordu quruculuğu mövzusunda xeyli soraqlar
qorunub saxlanılır. Əliağa Şıxlinskinin «Xatirələrim»
əsərinin orijinalı bu qəbildəndir.
Uğur
Xalq Cəbhəsi.- 2013.- 11 fevral.- S.11.