Azərbaycan Xalq Cümhuriyyəti
dövründə ordu quruculuğu
Bakıya hücum ərəfəsində
Nuru Paşanın ordusunda 6 min Azərbaycan türkü var idi
II yazı
Azərbaycan
Xalq Cümhuriyyətinin tarixində 1918-ci ilin 15 sentyabrına
kimi olan dövr dövlətimizin hər mənada varlığını
təsdiq dövrü idi. Bu dövrədək milli ordu
quruculuğu ilə bağlı müəyyən işlər
görülsə də, Bakının düşmən əlində
olması Cümhuriyyətin imkanlarını məhdudlaşırdı.
Ona görə də nəyin bahasına olur-olsun, Bakı azad
olunmalı idi.
1918-ci
ilin 15 sentyabrı isə dövlətçiliyimizin tarixində
əvəzsiz məqamlardandır. Hər şeydən əvvəl
15 Sentyabrın siyasi əhəmiyyəti vardı. Azərbaycan
Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin 15
sentyabrına kimi Gəncədə fəaliyyət göstərirdi.
Xüsusən Sovet Rusiyası gənc Cümhuriyyəti
yıxmaq üçün hər cür fitnə-fəsada əl
atırdı. Təsadüfi deyil ki, bir neçə ay əvvəl
— 1918-ci ilin martında Bakıda bəşər tarixində ən
dəhşətli soyqırımlardan biri törədilmişdi.
2-3 gün ərzində Bakıda 12 min türk
soydaşımız qətlə yetirilmişdi. Belə bir
zamanda gənc cümhuriyyətin ayaqda qalması, millətimizin
siyasi iradəsini təsdiq etməsi üçün Bakı
kimi strateji cəhətdən əhəmiyyətli mövqedə
yerləşmiş, əhalinin daha çox cəmləşdiyi,
sənayenin inkişaf etdiyi, xüsusən zəngin neft mədənlərinin
olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın
halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə
vüsət alması demək olacaqdı. Bu mənada
Bakının azad olunmasının iqtisadi əhəmiyyəti
barədə də bizcə, geniş danışmağa
ehtiyac qalmır. Xarici dövlətlər, o cümlədən
də Rusiya Bakı neftini ələ keçirmək
uğrunda ölüm-dirim savaşına
qalxmışdılar. Belə bir zamanda qəhrəman türk
ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin
sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin
müəyyən dövrdə də olsa, özünə gəlməsinə,
müstəqil dövlət olaraq tanınmasına ciddi təkan
verdi. Digər tərəfdən də bu hadisə iki
qardaş türk xalqının mənəvi birliyinin
sübutu oldu.
Beləliklə,
1918-ci il sentyabrın 15-də Bakı azad
olundu. O zaman neçə aydan bəri Gəncədə
müvəqqəti məskunlaşan ADR hökuməti Bakıya
köçdü. Məhz hökumətin
Bakıya köçməsi yeni yaranmış cümhuriyyətin
müəyyən müddət mövcudluğunu qoruyub
saxlamasında əhəmiyyətli rol oynadı. Bakının azad olunmasında, Azərbaycanın bir
çox bölgələrini erməni vəhşiliyindən,
qatilliyindən xilas olunmasında böyük xidməti olan
Nuru Paşa 1889-cu ildə İstanbulda hərbçi Əhməd
Tofiqin ailəsində anadan olub. Ulu
babalarının Krım türklərindən olduğu
bildirilir. 1906-cı ildə quru qoşunları hərbi məktəbinə
daxil olub, 3 il sonra həmin məktəbi
leytenant rütbəsi ilə bitirərək 3-cü ordu
komandanlığında zabit kimi xidmətə başlayıb.
1910-cu ildə padşaha məxsus piyada
bölüyünə keçirilib. 1911-ci ildə Hərbi
Akademiyanı bitirib, 2 il sonra
yüzbaşı (kapitan), 1916-cı ildə minbaşı
(mayor), 1918-ci ildə isə yarbay (podpolkovnik) rütbələri
alıb. 1-ci Cahan savaşı illərində
Şimali Afrika cəbhəsində Liviya ərazisində cəbhə
komandanı olaraq döyüşlərə rəhbərlik
edib. Şücaətlərinə görə
Almaniyanın, Avstriya-Macarıstanın və Türkiyənin
medalları ilə təltif edilib. 1918-ci
ilin yazında Azərbaycanı və Dağıstanı xilas
etmək üçün qərargah yaradılır. Nuru Paşa Qafqaz İslam Ordusunun komandanı təyin
olunur. O, Osmanlı dövlətinin hərbi naziri Ənvər
paşanın qardaşı idi. Bu dövrdə
Bakı nefti uğrunda gedən mübarizədə
Almaniyanın şübhələndirilməməsi
üçün ordunun məhz belə
adlandırılması, ordunun əsgəri qüvvəsinin Azərbaycan
Türklərindən yaradılacağı ideyası ortada
idi. Əvvəlcə Təbrizə gələn
Nuru Paşa Urmiya ətrafında ermənilərə ağır
zərbələr endirir. Mayın 20-də
Zəngəzura çatır, camaat tərəfindən sevinclə
qarşılanır. Mayın 25-də Gəncəyə
gəlir, qısa müddətdə Gəncədən Zəngəzura
kimi olan bölgələrdə asayiş yaradır. İyunun 20-də Bakının azad edilməsi
planını gerçəkləşdirmək
üçün Ənvər Paşaya müraciət edir, əlavə
qüvvə, hərbi sursat alır. Bu
dövrdə Bakı Sovetinin tabeliyindəki qüvvələrin
sayı 20 min nəfərdən çox idi.
Bakıya
hücum ərəfəsində Nuru Paşanın tabeliyində
14 min nəfər döyüşçü vardı: bunun 8
minini Türkiyə, 6 mini isə Azərbaycan Türkləri təşkil
edirdi. Nuru Paşa işğalçılar
qarşısında şəhərin danışıqsız
təslim olunması, əsgərlərin şəhərin
müdafiəsindən çəkilməsi, silahların,
döyüş sursatlarının, əmlak və binaların
təhvil verilməsi, Bargin adasında saxlanılan türk,
alman, avstriyalı hərbi əsirlərin geri
qaytarılması, zirehli maşın, təyyarə və digər
anbarların təhvil verilməsi kimi tələblər qoyur. Sentyabrın 14-də başlayan hücum 15-də qələbə
ilə başa çatır. Türk
qoşunları Bakının azad olunması zamanı 1130-dan
artıq şəhid verib. 1918-ci il
sentyabrın 23-də Türkiyənin baş naziri Tələt
Paşanın Almaniya ilə bağladığı gizli
protokola əsasən Osmanlı dövləti qüvvələrini
Azərbaycandan çıxarmaqla bağlı öhdəlik
götürür. Noyabrın 30-da Atlanta ilə Osmanlı
dövləti arasında «Mudros» sülh müqaviləsi
imzalanır: Osmanlı dövləti Bolqarıstan və
Avstriya-Macarıstandan sonra məğlubiyyətini etiraf edir. Beləliklə, qəhrəman türk ordusunun Azərbaycanı
tərk etməsi məsələsi qaçılmaz olur.
1920-ci il aprel çevrilişindən sonra
Nuru Paşa gizlincə Dağıstandan keçərək
Qarabağa gəlir, Qarabağda və Zaqatalada xalqı sovet
imperiyası əleyhinə üsyana qaldırır. Lakin o, məğlub olaraq geri dönməyə məcbur
olur.
Ümumiyyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti
qurucularının istər siyasi, istərsə də iqtisadi,
hərbi, mədəni və başqa sahələrdə
gördükləri işləri təhlil edəndə
onların sözün əsl mənasında fədakar, sanki
anadangəlmə bu görəv üçün
doğulduqlarını təsəvvür etməmək olmur. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə müstəqilliyin necə
şirin olduğunu anlayan, ölkənin taleyi sarıdan onu
qarşıda gözləyən təhlükələri
aydınca görən hərbçilərimizin əksəriyyəti
bütün bunlara baxmayaraq tutduqları yoldan çəkilmədilər.
Azərbaycan hökuməti az vaxtda milli
ordu quruculuğu yönündə çox işlər
gördü.
Digər tərəfdən də o dövrdə Azərbaycan
dünyada gedən ictimai-siyasi proseslərin fonunda
«çıxılmazlıq sindromu» qarşısında
qalmışdı. Dünya bolşevik Rusiyasının
qalmasını o dövrdə yaranmış yeni müstəqil
dövlətlərin varlığından üstün tuturdu.
Digər tərəfdən də Azərbaycanın
üzərinə 100 min nəfərlik rus ordusu gəlirdi.
Azərbaycan ordusu düşmən ordusuna qarşı
müqavimət göstərdisə də, az
sonra qüvvələrin qeyri-bərabərliyi səbəbindən
ölkəmiz Rusiya imperiyası tərəfindən yenidən
zəbt olundu.
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin direktoru Maarif Teymur bildirir ki, rəhbərlik etdiyi
arxivdə Fətəlibəyli Düdənginski ilə
bağlı da maraqlı soraqlar var. O, cümhuriyyət qurulan
zaman çox gənc olub. 1937-ci ildə
Moskvadakı Hərbi Akademiyada oxuyub, 2-ci Cahan Savaşında
iştirak edib, əsir düşüb, sonra da legionerlik fəaliyyəti
göstərib. Onun Azərbaycan Xalq
Cümhuriyyəti dövrü hərbi xadimlərimiz
haqqında yazıları olub, təəssüf ki, bizə gəlib
çıxmayıb. Arxivdə
saxlanılan «Azərbaycan» qəzetinin səhifələrində
o dövr milli ordu quruculuğuna dair də xeyli qiymətli
soraqlar var».
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
milli ordumuzun yaranması və yaşamasında mühüm
xidmətlər göstərmiş, 21 döyüş
generalından biri general-leytenant Məmmədbəy
Aleksandroviç Sulkeviç haqqında da söz açmaq
yerinə düşərdi. Bu barədə ətraflı
bilgiyə yazıçı, tanınmış
araşdırmaçı-jurnalist Şəmistan Nəzirlinin
araşdırmalarında rast gəlirik. General
Sulkeviç milliyyətcə Litva tatarıdır.
Atası Aleksandr Qusar alayında xidmət edib, polkovnik rütbəsinə
kimi yüksəlibmiş: «Arxiv sənədlərindən
aydın olur ki, Məmmədbəy Sulkeviç Azərbaycana
1918-ci ilin dekabrında gəlib, 1919-cu il
martın 26-dək Gəncədə yerləşən 1-ci
Müsəlman Korpusunun komandiri olub. Həmin
tarixdə 147 saylı əmrlə baş qərargah rəisi təyin
olunub. General Sulkeviç 1865-ci il
iyunun 20-də Kemeyşi yaşayış məntəqəsində
dünyaya gələndə atası onun adını
Maçeybəy qoysa da, sonralar Krımdakı fəaliyyətinə
görə tatarlar hörmət əlaməti olaraq ona
«Süleyman Paşa» adını vermişlər. Azərbaycanda isə özü könüllü
olaraq «Məmmədbəy» adını qəbul etmişdi».
Ş.Həzirli
arxiv sənədləri əsasında bu qənaətə gəlir
ki, o zaman general Sulkeviç Azərbaycana tək gəlməyib:
«Kazımbəy Sulkeviç Müsavat Hökumətinin Xarici
İşlər Nazirliyinin dəftərxana direktoru olub. Generalın həyat yoldaşı Məryəm
xanım isə N.Tağıyevin qız məktəbində
müəllim işləyib, fəal ictimaiyyətçi
qadın olub. Digər bir ziyalı qadın Leyla xanım
Sulkeviç isə Azərbaycan parlamentinin dəftərxana
işləri idarəsində iş icraçısı vəzifəsində
işləyib». Ş.Həzirlinin araşdırmalarından
daha sonra məlum olur ki, 1919-cu il iyunun 16-da
Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan
arasında hərbi ittifaqın bağlanmasında Məmmədbəy
Sulkeviçin böyük rolu olub: «Bu təşəbbüsü
o, irəli sürmüşdü».
Araşdırmaçı
qeyd edir ki, 1920-ci ilin mayında general Sulkeviçi həbs edib
Bakı Fövqəladə Komitəsinin zirzəmisinə
salırlar: «İyulun 15-də isə əksinqilabi fəaliyyətdə
ittiham edilərək güllələnir. Məhəmməd
Əmin Rəsulzadə «Azərbaycan Cümhuriyyəti»
kitabında güllələnmiş general Məmmədbəy
Sulkeviçin adını yana-yana çəkir. Onun mərd, mübariz bir şəxs olduğunu
iftixarla qeyd edir. O, xatirələrində yazır:
Qardaşım, parlament üzvü Mehmed Əli bəyin hekayətini
ilk dəfə xalqa çatdırmaq istəyirəm. O, qorxmaz
general Sulkeviçin qəhrəmancasına
ölümünün şahididir. Onunla bir kamerada olan Mehmed Əli
bəy söyləyirdi: «Generala əmr etdilər ki,
çekistlərin ardınca getsin. Bizə
aydın oldu ki, onun ölüm saatı çatıb. Onun gözlərinə baxmağa cəsarət
etmirdik, təsəlli sözü tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı, sakit, qətiyyətli
səslə dediyi sözləri ömrüm boyu
unutmayacağam. Əzablı bir
ömür yolu keçərək 55 yaşında
bolşevik-daşnak gülləsinin haqsız qurbanı olan
general Sulkeviçin nəinki Azərbaycanda, heç Rusiya
imperiyası ərazisində də sağ qalan kimsəsi
yoxdur. Şuşadan, Xankəndindən, Zəngəzur
ekspedisiyasından vurduğu teleqramlar, Baş Qərargah rəisi
kimi verdiyi əmr və sərəncamlar onun Azərbaycanı
ürəkdən sevdiyinə əyani sübutdur. Rəyasət
və stol sevməyən Sulkeviç həmişə
ön cəbhədə olmuş, əsgərləri
döyüşə ruhlandırmışdı. General Sulkeviç haqqında heç bir
araşdırma, məhkəmə istintaqı
olmamışdı. O, Azərbaycan Xalq Cümhuriyyətinin
generalı olduğuna görə sorğu-sualsız güllələnmişdi».
Uğur
Xalq Cəbhəsi.-
2013.- 2 mart.- S.11.