Od məbədləri

 

 Atəşgah Avropa və Şərq ölkələri turistlərinin diqqət mərkəzindədir

 

XIX əsrin əvvəllərində fransız şərqşünası M.Ü.Sen-Marten qeyd edirdi: «Bakı şəhəri qədim zamanlardan çoxsaylı neft mənbələri və yer altından sərbəst şəkildə çıxan qazları, təbii alovlari ilə müqəddəs məkan sayılırdı. Bir çox yerlərdə bu «daimi» alovlar altar (mehrab) və od məbədi yaradan atəşpərəstlər tərəfindən müdafiə edilirdi.

Oda sitayiş ayinləri hələ eramızdan əvvəl, təbiətin yaratdığı odun qarşısında aciz qalmış ibtidai insanlar tərəfindən yaradılmışdı. Bu da öz növbəsində e.ə. X-IX əsrlərdə Zərdüşt dininin yaranmasına səbəb olmuşdur. Zərdüştlər həm göy cisimlərinə, həm də oda sitayiş etməklə öz müqəddəs «allahlarına» inanclarını təzahür etdirirdilər. Tarixçilərdən bəziləri zərdüştiliyin məhz qədim Abşeronda, bəziləri isə İran dövləti ərazisində yarandığını iddia edirlər. 400 il hakimiyyətdə olmuş qədim Sasanilər və onlara qədər (b.e. II əsri) mövcud olmuş Əhəmənilər dövləti Zərdüşt dininin təsiri altında şərqdən qərbə kimi böyük bir ərazini fəth etməklə bu dinin sərhədlərini genişləndirməkdə vasitəçi olmuşlar. Sasanilər Şərqi Asiyanın (Çin, Hindistan) böyük bir hissəsini əsarətdə saxlamaqla Zərdüşt dinini dövlət dininə çevirmişistila etdikləri ərazilərdə «od məbədləri» inşa etdirmişlər. Sasanilər dövrünün ibadətgahları «dörd qübbə» (4 tağ) adlanan, günbəzi kub şəklində olan tikilidən ibarət olmuşdur. 4 tağ — 4 müqəddəs ünsürə — (su, od, havatorpaq) xitabən qurulmuşdur. Hər bir məbədin müqəddəs yeri, odun saxlanıldığı kub şəklində kiçik otaqya düzbucaqlı məkandan ibarət idi. İran zərdüştləri onu «günbəz», Hindistan zərdüştləri isə «atəşgah» adlandırırdı. Hind zərdüştlərinin Atəşgahında ibadət edənlərin atəşi uzaqdan görməsi üçün divarlar şəbəkəli otaqdan ibarət olmuşdur. Hətta müasir dövrdə də odu müqəddəs sayan hindlilər iki gəncin izdivacını odun ətrafında dövrə vurmaqla bağlayırlar.

Sasanilər odu əlçatmaz dağlıq ərazilərdə qoruyur, atəşgahları burada inşa etdirirdilər. Oda yaxın yalnız kahinlər buraxılırdı, zəvvarlar isə oda müəyyən məsafədən sitayiş edirdilər. İstila etdikləri Şimali Azərbaycan ərazisində, Dərbənddən Zaqatalaya kimi müdafiə səddinin qurulmasında, Dərbənd şəhərinin qala divarlarının ucaldılmasında, Şimali Azərbaycanın bir sıra şəhərlərinin (Gəncə, Beyləqan, Bərdə və s.) şəhərsalma quruluşunun formalaşmasında müəyyən rola malik olmuş sasanilər bu ərazilərdə də saysız od məbədləri inşa etdirmişlər. Lakin bu məbədlər xristianislam dininin qurbanlarına çevrildiklərindən onların yalnız bir neçə nümunəsi dövrümüzə gəlib çatmışdır. Qubanın Xınalıq kəndi yaxınlığındakı od yeri, Zaqatala rayonunun Üuxarı Çardaqlar kəndinin Xangildağ dağının ətəyində yerləşən «Pəri qala» məbədi bu tipli nümunələrdəndir. Məbəd dəniz səviyyəsindən 977 m hündürlükdə, qayalıq içərisindədir. Abidəyə giriş dərin olmayan yarımdairəvi, ikitağlı portaldandır. Portalın üstündə düzbucaq şəkilli pəncərə açımları işıqlanmanı təmin edir. Məbəd pilləkənlərinin bir hissəsi, yerli əhalinin dediyinə görə, açıq səma altında, bir hissəsi isə qayanın içərisində yerləşibmiş. Bu pilləkənlər uçduğundan hazırda tikiliyə daxil olmaq qeyri-mümkündür. XX əsrin 80-ci illərində burada tədqiqat işləri aparmış alim A.Qarəhmədova məbəddə divarönü səcdəgahın olduğunu qeyd etmişdir. Tədqiqatçıların fikrincə, ibadətgah məhz Sasani dövrü od məbədlərinə uyğunlaşdırılmışdır. Qafqaz Albaniyasının IV əsrdən xristianlığı dövlət dini kimi qəbul etməsilə, bu dövrdə (IV-V əsrlərdə) sasanilərin Alban müdafiə səddinin (Zaqatala səddi) çəkilməsində yaxından iştirak etməsi, ərazidəki «od məbədlərini» qorumaq məqsədilə onları əlçatmaz dağların başına qaldırması «sasani məbədlərinin xarakterik xüsusiyyətlərindən idi. Qayalıqda bir neçə böyük sahəli otaqların olması, ibadətə gələnlərin məhz burada qalaraq odu qoruduqlarını sübut edir.

Eramızın əvvəllərində Azərbaycan ərazisində yüzlərlə od yanır, istər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında minlərlə insan oda sitayiş edirdi. Məhz buna görə Azərbaycanın «Odlar yurdu» adlandırılması təsadüfi deyil. Ölkənin şimal-şərqində — Abşeronda isə «sirli, sönməz alovlar » əbədi olaraq yanmaqda idi. Şərgdən Qərbə gedən Böyük İpək Yolunun keçdiyi orta əsr Azərbaycanı, bir sıra ölkələrin diqqətini öz sərvətlərilə yanaşı od məbədləri ilə də cəlb edirdi. Hindistan tacirləri də Azərbaycan ərazisində, xüsusilə Bakıda dəniz ticarət əlaqələri qurmaqla yanaşı, zəvvarların Abşerona axınına yardımçı olurdular. «Od məbədləri» ilə zəngin olan Bakı Qalasında hindlilərin inşa etdiyi Moltanı karvansarası (XİX əsr) ticarət küçəsinin ayrılmaz memarlıq elementinə çevrilmişdir.

Lakin hindliləri həm də Bakıdan müəyyən məsafədə yerləşən Suraxanının sirli, sönməz alovları cəlb edirdi. İngilis ictimai xadimi Cons Hanney 1743-cü ildə «rus kampaniyasının» taciri kimi İran, Bakı və Abşeronda olmuş, bir sıra səyahətçilər kimi (Kemfer, Villot, Lepz) Suraxanı kəndindəki Atəşgah onun diqqətini cəlb etmişdi. O buralarda ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam kompleksinin mövcudluğu haqqında yazırdı. Məhz ərazidə məbədlər «meşəsinin» yaranması təsadüfi deyildi. Yer səthinə çıxan qaz atəşpərəstlik (Zərdüştilik) təriqətinin yaranmasına səbəb olmuşdu. Hindlilər odu xarici təsirlərdən qorumaqonun ətrafında təvaf etmək üçün üstü günbəzli 4 tağlı pavilyon inşa edirlər. Onilliklər keçdikcə Atəşgahın memarlıq-plan quruluşu kompleks xarakter almaqla genişləndirilmişdir. Məbəd kompleksinə iki böyük karvansara, yaşayış hücrələri, mərkəzi səcdəgah və qonaqlar üçün otaq balaxana daxil edilmişdir. Atəşgah qeyri-bərabər tərəfli, beşbucaqlı plan quruluşudaxili qaralı həyəti ilə Azərbaycanın karvansaralarını xatırladır.

Maraqlı ibadət tikililəri qrupuna daxil olan atəşpərəstlik məbədinin əsas elementi olan od, həyətin mərkəzində atəşgahlar üçün ənənəvi plan quruluşlu kvadrat əsaslı pavilyonun, yəni əsas məbədin mərkəzində yerləşir. Zəvvarlar gündə 5 dəfə, saat əqrəbinin əksi istiqamətində 4 ünsürlə əlaqəli olaraq 4 dəfə alovun dövrəsində təvaf edirdilər. Təvaf zamanı alovun ətrafında meyvələr düzülürdü. Xüsusilə nar alov, günəş rəmzi sayıldığı üçün, ibadət zamanı onun mütləq olmasına diqqət ayrılırdı. Məbəd yer səthindən 40-50 sm hündürlükdəki kürsü üzərində qurulub.

Məbəd ətrafında, həyətin perimetri boyu qurulmuş 24 hücrə və 1 otaq zəvvarlara, kahinlərə və onların rəiyyətlərinə xidmət etmişdir. Balaxanaya daxili həyətdən bir marşlı pilləkən qəfəsəsi qalxır. Məbəd kompleksinin qərb tikililəri ikicərgəli plan kompozisiyasına əsasən qurulmuşdur. Məbədin balaxanaya baxan hissəsində, şimal divarında, tağın üstündə hind dilində məbədin 1713-cü ildə inşa olunduğu haqda məlumat verilir. Bu kitabələr məbədin hind tacir və ziyarətçilərinə məxsus olduğunu sübut edir.

Atəşgahın hücrələri karvansara rolunu oynamaqla hindlilərin qısa müddətli dincəlməsi və ibadəti üçün nəzərdə tutulmuşdur. Balaxana avropalı səyyahlar üçün idi. Onlar hindlilərin ibadətini buradan müşahidə edirdilər. 1613-cü ildə məbədin ilkin tikilisi tacirlər üçün karvansara tipli iki hücrədən ibarət olmuşdur. 14 saylı hücrə tacirlərin gecələməsi, 13 saylı hücrə isə (buradakı daş halqalar və heyvanların yemlənməsi üçün axurlardan bəlli olduğu kimi) heyvanların saxlanması üçün nəzərdə tutulmuşdur. 17 saylı hücrədəki alov izləri ilkin ibadət məbədinin məhz burada yerləşdiyini sübut edir.

Daha sonralar, XVIII əsrdə mərkəzdəki alov üzərində dörd tağlı məbəd qurulmuşdur. Digər hücrələrdən mətbəx, yaşayış və işgəncə otaqları kimi istifadə olunmuşdur. 5 saylı hücrədə quyu yerləşmişdir, lakin bu quyunun hansı məqsədə xidmət etdiyi məlum deyil. Bu tipli quyular arxeoloji qazıntılar zamanı həyətdə də aşkarlanmışdır. Bunların bəzilərinin ərzaq quyuları olduğu bildirilir. Otaqlar çatma tağlı, tağ-tavan konstruksiyası ilə örtülmüşdür. Künc mövqe tutan hücrələrin örtük konstruksiyası günbəzli olmaqla kahinlərə xidmət etmişdir. 18 saylı hücrədə günbəz konstruksiyası ilə zəng otağı olmuş, zəvvarları ibadətə səsləmişdir.

Od məbədi yerli usta və sənətkarlar tərəfindən inşa olunmuşdur. Daş kitabələri ovulduğundan abidə Şirvan-Abşeron memarlıq ənənələrini özündə əks etdirməklə, bu məktəbin bariz nümunələrindən sayılır. Perimetr boyu yerləşmiş birmərtəbəli otaqlar sadə memarlıq kompozisiyası ilə Abşeronun əhəng daşıyla inşa olunmuşdur.

Unikal abidə olan Atəşgah məbədi Dövlət tarix-memarlıq qoruğu, XX əsrin 70-ci illərində bərpa edilmiş, hazırda muzey kimi fəaliyyət göstərir. Qoruq-muzeydə turistlərin təkcə tarixi-memarlıq abidəsilə deyil, həm də muzey materialları ilə tanış olmaq imkanı yaradılmışdır. Hücrələrdə Atəşgahın tarixini özündə əks etdirən müxtəlif eksponatlar yerləşdirilmişdir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 2 mart.- S.13.