Qumuqların yazılı ədəbiyyatı

 

Yırçı Kazak, Abdurrahman, Aşıq Ensar, Mahammat Efendi Osmanov, Nuray Batırmirzayev…

 

II yazı

 

Qumuqlar qədim tarixləri ilə qürur duysalar da, uzun illər yazılı ədəbiyyatlarının tarixini XIX yüzillikdə yaşamış Yırçı Kazakla başlayıblar. Qumuq ədəbiyyatı ilə bağlı araşdırmalar aparan Əli Şamil bildirir ki, bu da səbəbsiz deyildi. Doğumölüm ili dəqiq məlum olmayan, təxminən 1830-cu ildə Tarkovsk uyezdinin Muslumavul (indiki Buynaksk rayonunun Atlanavul) kəndində anadan olan Kazak Tatarxan oğlu gəncliyindən gözəl yırlar — şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınıb: «Doğulduğu bölgədə xarakterik olan bir işdə — qızqaçırmada (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək etmişdi) iştirak etdiyinə görə həbs edilərək Sibirə sürgün edilir. Sibirdə olarkən vətən həsrətli, ayrılıq nisgili və zəmanəsindən, məmurların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazır. Vətənə döndükdən sonra da yazı üslubuna sadiq qalır. Şairin şeirləri arasında aşiqanə, lirik nəğmələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düşmənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirlərilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri təxminən 1879-cu ildə öldürtdürürlər».

Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri sovet ideoloqlarının işinə yarayır: «Onun həyatına və yaradıcılığına bir sinfi mübarizə donu geydirərək təbliğ etməyə başlayırlar. Hansı ki, Yırçı Kazakdan öncə yaşamış və müasiri olmuş, ənənəvi doğu şeir üslubundadidaktik, əxlaqi, lirik şerlər yazmış Kamal Ümminin, Abdürrahman Kakaşuralının (Atlıboyunlu), Muhammat Efendi Osmanov və başqalarının adı çəkilmirdi. Bu tendensiya tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüdrətli türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzilliklərdə mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodalların hakim olduğu Pargu Şavhallığı, Mehtulu xanlığı, Endrey, KöstekYahsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və bunlarla qürur duymaları təbliğ olunurdu. Onlar ulu babalarının qurduqları qüdrətli dövlətlərdən uzaqlaşdırıldıqca, bu dövlətlərin yaranmış və yaratmış şair və yazıçılarından, elm adamlarından da uzaqlaşdırırdılar. Beləliklə ümumtürk ədəbiyyatından ayrılmış olurdular».

Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji təsirlər də aradan qalxmağa başladı: «Hələlik qumuqlar ədəbiyyatlarını zəngin folklorları və XV yüzildə yaşamış Kamal Ümmi (Nuri) ilə başlayırlar. Kamal Ümminin (Nuri) qumuq olduğunu isbatlamaq üçün aşağıdakı misraları nümunə göstərirlər.

 

Elter qönqül ol ellerqe

Misqin kumuk sümbünlerin:

Gezdim, tuzdum çox devleşdim,

Axır vatanım oylaşdım,

Hay aman, Koünqa yol görmedim

İnq son barıp Şama döndüm.

 

Misralardakı «Misqin kumuk» ifadəsinə dayanaraq şairin qumuq olduğunu «Koünqa» ifadəsinə dayanaraq Koünqalı olduğunu söyləyirlər. Araşdırıcılar Koünqanı indiki Dağıstan Respublikasındakı Bavaqay Çirürt yaylasındakı Koysun çayının sahilindəki Koünqala ilə eyniləşdirirlər. Şairin öncə kəndlərində, sonra Şirvanda (indiki Azərbaycan) dərin bilik aldığını, əsgəri bölüklərdə qazı olduğunu, Osmanlı orduları ilə birlikdə döyüşlərdədə iştirak etdiyini, sonralar indiki Türkiyədə yaşadığını 1475-ci ildə Konya şəhərində öldüyünü yazırlar. Qumuq araşdırıcıları orta yuzilliklərin qaynaqlarını diqqətlə gözdən keçirərək ədiblərinə sahib çıxırlar. Buna Ümmi Kamalın (Nuri) yaradıcılığının öyrənilməsi gözəl nümunə ola bilər.

 

Ümmi Kamala aid edilən:

Dengizde bir saz olur,

Gül açılır, yaz olur.

Men yarıma gül demen

Gülün ömrü az olur.

 

- şeiri bu gün Azərbaycanda xalq mahnısı kimi oxunur «Bayatılar» kitablarına müəllifi məlum olmayan mətn kimi daxil edilir. Şairin «Haşıq ellerine kim geter şeirində Yunis İmrə ruhu aydın duyulur. Kakaşura kəndində anadan olan Abdurrahman 1870-ci ildə yaşadığı Atlıboyunlu kəndində öldüyünə görə onun şeirlərində hər iki kəndin adı çəkilir. Doğu poeziyası ənənələrinə sadiq qalan Abdurrahman didaktik, lirik şeirlər yazıb».

Aşıq Ensarı (1838-1934), Mahammat Efendi Osmanovu (1860-1934) da qumuq klassikləri sırasına daxil edirlər: «Əslində onların yaradıcılığı istər dil-üslub, istərsə mövzu baxımından Azərbaycanda, Ön Asiyada, Krımda, Türkmənistanda yaşamış el şairlərinin, aşıqların əsərlərindən o qədər seçilmir. Qumuq ədəbiyyatşünaslarının Yırçı Kazakın yaradıcılığına daha çox önəm vermələrinə səbəb orada haqsızlığa, zülmə, ədalətsizliyə etiraz, insanları düzlüyə, doğruluğa, xeyirxahlığa, yardımsevərliyə çağırış notlarının güclü olmasıdır. Sovet dövründə tərbiyə almış ədəbiyyatşünaslar buna bir sinfi mübarizə motivi verməyə çalışıblar. Əslində Yırçı Kazak sinfi mübarizədən uzaq, cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların pis əməllərini kəskin tənqid edən, beləliklə insanları tərbiyələndirməyə çalışan bir sənətkardır. Çox vaxt Yırçı Kazakla Muhammat Efendi Osmanovu qarşı-qarşıya qoyublar. 1838-ci ildə Yahsay kəndində anadan olan M.E.Osmanovun atası Ömər Osmanov çarın mühafizə alayında xidmət edib, təqaüdə çıxdıqdan sonra bu işi oğlu davam etdirib. M.E.Osmanov çarın mühafizə dəstəsindən tərxis olunduqdan sonra — 1867-ci ildən Peterburq Universitetinin şərqşünaslıq fakültəsində türk-tatar dilindən dərs deməyə başlayıb. 1889-cu ildə Kazanda «Nəsihət» adlı kitabını çap etdirən M.E.Osmanov 1904-cü ildə doğulduğu kənddə ölüb. Yırçı Kazakla M.E.Osmanov müasir olduqlarından yaradıcılıqlarında bir yaxınlıq var. Hər ikisi cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların hərəkətlərini poetik dillə tənqid edib, onu islaha çalışıb. Aralarındakı fərq ömür yollarının ayrılığı birinin bu mövzuda çox, o birinin az yazmasından başqa bir şey deyil. Yırçı Kazakın şeirlərini ilk dəfə toplayıb nəşr etdirən M.E.Osmanov olub. XIX yüzilliyin ortalarında Avropada sosial-demokrat hərəkatının güclənməsi, XX yüzildə Rusiyanın bir imperiya kimi zəifləməsi Rusiya Sosial Demokratik Fəhlə partiyası təbliğatının fəallaşması qumuq ədəbiyyatına öz təsirini göstərmişdi».

1865-ci ildə Yahsayda doğulan gənc yaşlarından bədii yaradıcılığa başlayan Nuray Batırmirzayevin yaradıcılığında sosial ədalət uğrunda mübarizə özünü qabarıqlığı ilə göstərir: «O, qumuq poeziyasının nəsrinin banilərindən biri olub. «Davud bulan layla», «Yazıq Habibat», «Nəsipsiz Canbike» kimi povest hekayələr yazmaqla yanaşı ərəbcədən «Canşah» «Sinbad» əsərlərini qumuqcaya çevirib. N.Batırmirzayev «Tanqcolnan» adlı jurnal nəşr etdirib. Çox təəssüf ki, bu mübariz insan, eləcə oğlu Zeynalabid 1919-cu ildə Denikinçilər tərəfindən güllələniblər. 1897-ci ildə Tersk vilayətinin Yaxsay kəndində (indiki Dağıstan Respublikasının Xasavyurt rayonu) anadan olan Zeynalabid gənc yaşlarından bədii yaradıcılığa başlayıb, atasıyla birgə «Tanqcolnan» jurnalını çıxarıb. Onun yaradıcılığında inqilabi ruh hakimdir. Minay Alibekovun (1861-1920) «Yaxsaydaqı qumuq qızlarının arzuları», «Hakimlərin işləri», «Starşına», «Mollalar» b. şeirləri qumuq yazılı ədəbiyyatının təməl daşlarından sayılır».

 

 

Xalq Cəbhəsi.- 2013.- 2 mart.- S.14.