Muğam kökləri

 

Xalq musiqisinin lad sisteminə funksional yanaşma müasir muğamın xüsusiyyətlərini açıqlayan bir metoddur

 

Dahi Azərbaycan bəstəkarı və musiqişünası Üzeyir Hacıbəyli öz lad nəzəriyyəsini Şərq və Qərb musiqi elminin, şifahi və yazılı ənənələrə əsaslanan yaradıcılıq təcrübəsinin qovşağında yaratmışdır. Buna görə də biz Azərbaycan ladlarının nəzəri əsaslarını araşdırarkən həm Şərq, həm də Qərb musiqi-nəzəri sistemlərinə müraciət edir, lad quruluşlarını bilavasitə muğamlarla və tar musiqi alətinin kök sistemi ilə, həmçinin, Avropa major-minor lad sistemi ilə, bəstəkarlıq təcrübəsi ilə əlaqəli surətdə öyrənməyi məqsədəuyğun hesab edirik. Fikrimizcə, məhz bu cür müqayisəli təhlil uzun illər boyu lad nəzəriyyəsi və musiqi yaradıcılığı təcrübəsinin qarşılıqlı təsiri nəticəsində üzə çıxan bir sıra müddəaları izah etməyə şərait yarada bilər.

Musiqişünas T.Kərimova «Üzeyir Hacıbəyovun lad nəzəriyyəsinə tarixi mövqedən bir baxış» məqaləsində yazır: «Azərbaycan xalq musiqisinin əsasları»nın həqiqi əhəmiyyətini yalnız o zamankı Azərbaycanın tarixi şəraiti ilə əlaqədə, Üzeyir Hacıbəyovun üzərinə götürdüyü mədəni-maarif missiyasını dərk etməklə, Azərbaycan musiqi mədəniyyəti kontekstində canlı bir mexanizm kimi götürməklə dərk etmək olar».

Z.Səfərova Ü.Hacıbəyli tərəfindən ladların sistemləşdirilməsini irəli atılmış mühüm addım hesab edərək, göstərir ki, «o, öz əhəmiyyətini gələcək dövr üçün də saxlayır». Bununla belə, Z.Səfərova haqlı olaraq hesab edir ki, bu sistemləşmə Azərbaycanda lad əlaqələrinin zənginliyini tamamilə əsaslandıran yeganə imkan deyil, çünki bəstəkarın yaradıcı təcrübəsi daha zəngin və çoxcəhətlidir. Tədqiqatçının fikrincə, Azərbaycan musiqisində ladların təsnifatına digər münasibət də mümkündür. R.Məmmədova qeyd edir ki, Azərbaycan lad-funksional sistemi Ü.Hacıbəyli tərəfindən inkişaf etmiş tonal təfəkkürün məhsulu kimi nəzərdən keçirilmişdir. Onun fikrincə, Azərbaycan xalq musiqisinin lad sisteminə funksional yanaşma müasir Azərbaycan muğamının xüsusiyyətlərini, formalaşması yollarını, mənbələrini açıqlayan bir metoddur. Buna görə də R.Məmmədova Azərbaycan musiqisinin lad sisteminin unikallığını və rəngarəngliyini dərk etmək üçün Azərbaycan lad sisteminin formalaşması prosesinin öyrənilməsini; lad təşkilinin müxtəlif növlərinin modifikasiyalarının mənimsənilməsini; ladların səs sırasının Azərbaycan musiqi sisteminin inkişafının yekunu kimi, tamamlanmış, əsaslı, stabil bir təzahür kimi açılmasını; Azərbaycan lad sisteminin təşəkkül yolunu əks etdirən daxili funksional proseslərin açıqlanmasını» vacib sayır.

Biz də bu mövqedən çıxış edərək, ladların nəzəri əsasları ilə bağlı bəzi məsələlərə diqqət yetirməyi lazım bilirik.

Məlum olduğu kimi, lad — məntiqi düzülüş qaydasına malik bir sistem olub, qeyri-sabit səslərin sabit səslərdən — dayaq pillələrdən asılılığı prinsipinə əsaslanır. Lad pillələrinin hər birinin xüsusi funksiyası vardır. Həmin funksiyalar bir pillənin digər pillələrlə, ilk növbədə isə tonika (mayə) ilə münasibətində müəyyənləşir. Tetraxordların miqdarından və onların hansı üsulla birləşməsindən asılı olaraq, lad pillələrinin sayı müxtəlif olur. Ü.Hacıbəylinin üzə çıxardığı Azərbaycan ladlarından rast, şur, segah 10 pilləli, çahargah 11 pilləli, bayatı-şiraz və hümayun 9 pilləli, şüştər 8 pilləlidir.

Üzeyir Hacıbəyli öz tədqiqatında Azərbaycan ladlarının funksionallığını önə çəkmişdir. O, yazır: «Səs qatarında pərdələrin funksional münasibətləri aydınlaşdırılmamış olsa, o, yenə də bir səs qatarı olaraq qalır. Əgər pərdələrdən biri mayə vəziyyətini alarsa, o zaman başqa pərdələrin də funksional vəziyyəti müəyyənləşdirilir və səs qatarı lada çevrilir». Ü.Hacıbəyliyə görə, tonika lad səs qatarı pillələrinin fəal qarşılıqlı əlaqələrini göstərir.

Avropa ladlarından fərqli olaraq, Azərbaycan ladlarında tonika və əsas ton, lad pillələrinin vəzifələri, melodiyalarda, tam və yarım kadanslarda dayaq pillələri mövqeyinə və əhəmiyyətinə görə özünəməxsus cəhətlərə malikdir ki, bütün bunları Ü.Hacıbəyli əsaslandırmış, bununla bağlı bir sıra cəhətlər isə sonradan M.İsmayılov tərəfindən şərh olunmuşdur.

Ü.Hacıbəyli Azərbaycan ladlarında mayə — tonika və əsas ton anlayışlarına xüsusi önəm verir. Onu da deyək ki, bununla bağlı bəzi cəhətlər Ü.Hacıbəyli tərəfindən tezis şəklində irəli sürüldüyünə görə, mayə və əsas ton funksiyaları ilə bağlı daha dərin araşdırmalar tələb olunur ki, bu da ladlarda pillələrin funksionallığının əsaslandırılmasına yol açır.

Bizcə, tonika və əsas ton funksiyalarının izahına iki mövqedən yanaşmaq olar. Birincisi, Azərbaycan ladlarının major-minor sistemi ilə əlaqələndirilməsi və ladların bir-birilə qarşılıqlı münasibətləri baxımından; ikincisi, tarın muğam köklərinin lad strukturları ilə müqayisəli təhlili aspektində. Musiqi nəzəriyyəsinin qanun-qaydalarına əsasən, major və minorda tonika lad mərkəzi olub, bütün pillələri oz ətrafında cəmləşdirir və onların funksiyalarını müəyyənləşdirir. Ladın bütün pillələri tonikaya tabedir. Deyilən bu müddəalar Azərbaycan ladlarına da tətbiq olunur.

Tonika eyni zamanda, səs sırasının baş pilləsidir və tonallığı təyinedici əhəmiyyətə malikdir: məsələn, do major, lya minor olduğu kimi, do rast, re segah, mi segah kimi lad-tonallıq göstəriciləri qəbul olunur. Ladın pillələrinin tonikaya tabe olması, tonika ətrafında düzülüş qaydası ladın quruluş formulunu əmələ gətirir. Tonika, müəyyən mənada melodikanın cazibə mərkəzidir. Bununla belə, tonikanın ətrafında pillələrin müəyyən interval məsafəsində düzülüşü ilə ladın funksional əsası üzə çıxır.

Ü.Hacıbəylinin harmoniyaya aid olan əsas ton anlayışını ladın funksional pillələri sırasına daxil etməkdə məqsədi nə idi? Ümumiyyətlə, «Azərbaycan xalq musiqisinin əsasları» əsərində Üzeyir bəy özü lad pillələrinin vəzifələri ilə əlaqədar olaraq tədqiqatçılar qarşısında bir sıra suallar irəli sürür.

Ü.Hacıbəyli «Azərbaycan xalq musiqisinin əsasları» əsərinin «Azərbaycan ladlarının mayələri haqqında» bölməsində mayə və əsas tonun lad səs sırasındakı yerini müəyyənləşdirərək yazır ki, rast, şüştər, bayatı-şiraz və hümayun ladlarında mayə və əsas ton eyni pillələyə düşür. Buradan sual meydana gəlir: hümayun ladı Ü.Hacıbəyli tərəfindən iki mayəli (IV və IX pillələr) lad kimi göstərilmişdir; şüştərdə isə tonika (VI pillə) natamam xarakterli olub, tamamlayıcı tonda (III pillə) yekunlaşma tələb edir? Üzeyir bəyin yazdığına görə, «şur və segah ladlarının mayəsi səs qatarlarının əsas tonu deyildir. Çahargah ladının mayəsi əsas ton olmaqla bərabər, eyni zamanda, bu ladın səs qatarına daxil olan əsas tonların tersiyası və alt kvartası vəzifəsini daşıyır».Burada müəllif başqa bir fikir də irəli sürür: «Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən mayələrdən heç birinin alt kvintası yoxdur. Bu o deməkdir ki, alt kvinta nəinki mayəyə tabe olur, əksinə öz üst kvintası kimi mayəni özünə tabe edir».

Ü.Hacıbəylinin bu şərhlərində lad pillələrinin funksional münasibətlərinin aydınlaşdırılması üçün bir istiqamət verildiyini görürük.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 6 mart.- S.13.