Qədim türk eli — Kərkük

  

1258-ci ildə Hülakilər, 1508-ci ildə Şah İsmayıl Xətai hətta Bağdadı da Azərbaycana birləşdirmişdilər

 

Çağdaş dönəmdə tez-tez Türk Dünyasının problemlərindən danışılır. Ancaq indiyə kimi görülmüş bütün işlərə baxmayaraq türk xalqlarının ədəbiyyatının, mədəniyyətinin, dünyabaxışının araşdırılması istiqamətində görülməli işlər hələ çoxdur. Çox zaman mədəniyyətimizin soraqları, tariximiz haqqında bizi sevməyənlər daha çox yazıblar, dünyada artıq əsaslı sayılan fikir yönü formalaşdırmağa nail olublar. Gedişat göstərir ki, bu gün Türk Dünyasının problemlərinin hərtərəfli araşdırılması yönündə daha ciddi işlər getməlidir. Güney Azərbaycan mövzusu bu gün hər bir soyaşımızın vətəndaşlıq məsuliyyəti ilə düşünməli olduğu məsələdir. Bu gün soydaşlarımızın bu məsələdə müəyyən mənada yetkinliyə çatmaması problemin dərinləşməsini şərtləndirir. Habelə bu gün İraqda Kərkük problemi böyük mənada həll olunmamış qalır. Müəyyən zahiri irəliləyişlər problemin köklü həllinə imkan yaratmır.

Türk Dünyası çoxsaylı birliklərdən nicat ummaq əvəzinə özünə üz tutmalıdır. Bu birliklərdən bizə xeyir olmayacaq. Əgər Türk Dünyası yaranarsa, o, problemlərini kimsəyə möhtac olmadan özü həll edə bilər. Xilasımız üçün yalnız özümüzə üz tutmalıyıq. Ayılmaq və düşünmək gərək. Türk soyları olaraq biri-birimizi aramalıyıq, dərd-sərimizin tarixi səbəblərini, köklərini çözələməliyik.

Bu yazımızda Türk Dünyasının hələlik daha çox ruhumuzda ayrılmaz parçası olan Kərkük elimizdən danışırıq. O Kərkükdən ki, adını çəkəndə istər-istəməz ruhumuz bizi ora çəkir, mahnıları ağlımızı başımızdan alır, bizi xəyallandırır…

Kərkük tarix boyu türkmənlərin daha çox toplu şəklində yaşadığı bir ərazidir. Bu gün başı bəlalı İraqın ərazisində mövcud olan Kərkük eli qədim tarixi torpağımızdır. Kərkükdə bu gün bizimlə dilruh eyniliyi olan 3 milyonadək soydaşımız yaşayır. Professor Qəzənfər Kazımov yazır: «Akademik Ziya Bünyadovun qeyd etdiyi kimi, şimaldan cənuba doğru Haxçıvan, Ordubad, Təbriz, Marağa, Mərənd, Ərbil, Kərkük şəhərləri bir xətt üzrə yerləşib. Haxçıvanla Kərkükün arası 500 kilometrdən də azdır. Cənub-qərbi Azərbaycanla Kərkükün, Ərbilin arası daha yaxındır və cəmi bir neçə saatlıq yoldur. 1258-ci ildə Hülakilər son Abbasi xəlifəsini edam edib xilafətə son qoyduqdan sonra Bağdadı və ətraf əraziləri yenidən Azərbaycana birləşdirirlər. Adətən işğalçılar əvvəlki işğalçıların səhv inzibati qurumlarını qaydaya salmağa çalışmışdılar. Qədim türk torpaqları olduğu üçün Hülakilər bu cür bölgü aparmışlar. Bu hal Qaraqoyunlular, Ağqoyunlular dövründə də olub, Bağdadonun ətrafı Azərbaycanın təbii əyalətləri sırasına daxil edilib. Şah İsmayıl da 1508-ci ildə eyni işi görüb, Bağdadı Azərbaycana birləşdirib.

Vaxtaşırı ərəblər irəliləyib və türklər öz müstəqilliklərini yenidən bərpa edib. Təkcə Bayat qəbiləsilə bağlı 64 kəndin olması da bu ərazilərin qədimdən oğuzların yurdu olduğunu təsdiq edir. Şah İsmayıl xeyli müddət bu yerlərin əhalisini onların öz doğma elinə qatıb, bu torpaqları Güney Azərbaycanla birləşdirib. Lakin sonrakı sərhədlər onları Azərbaycan torpağından ayrı salıb, XVIII yüzilin ortalarından (1746) Azərbaycanla əlaqələri daha çox zəifləyib. Tarixi saxtalaşdıranlar gənc nəslə öz keçmiş sərhədlərini göstərməkdə acizdir. İraq ərazisindəki türklərin kiminsə tərəfindən bura köçürüldüyünü, gəlmə olduqlarını fəhm edənlər tarixçilərimiz tərəfindən yaradılmış yanlış təsəvvürün mexaniki daşıyıcılarıdır. Tarix kitablarımızın elmi obyektivlikdən uzaq olmasının nəticəsidir ki, insanların öz tarixi barədə təsəvvürləri də yanlışdır. İraqın türk əhalisindən danışarkən elə bilirlər ki, onlar qürbətdədir. Düşünmürlər və mövcud tarix kitabları düşünməyə imkan vermir ki, onlar qürbətdə deyil, öz vətənlərindədir. Kök oradır, tarix ilk türkləri — turukkiləri, suları, lulluları, kutiləri Urmiya

gölü ətrafında təsvir edir. Türkmanların əcdadları bu yerlərin çox qədim sakinləridir. Əgər bir möcüzə ilə onların 6 min il əvvəlki babaları göz önünə gətirilsəydi, biz onların arasında qarapapaqları görə bilərdik. Onlar böyük rəşadətlə o yerlərdə neçə min il duruş gətirə bilmiş, vətənlərini tərk etməmişlər. Onların tarixi bizim əsl tariximizdir. Biz tariximizi onların hesabına dərinləşdirə bilirik. Onların babaları hələ eradan əvvəl XXVIII yüzildə Arattanı yaratmışlar, qohum Şumerlərlə əlaqədar dastanlar meydana gətirmişlər. Qədim «EnmerkarAratta hakimi» onların və onların vasitəsilə bizim babalarımız haqqında yaranmış əfsanəvi və şirin bir dastandır».

İraqda — Kərkük elində yaşayan soydaşlarımızın «türkman» adlandırılmasına gəlincə, Q.Kazımov belə düşünür: «»Türk» — aydındır; «man-mən» sözü «adam» deməkdir və ulu dildən gələn bir söz kimi özünü bir sıra müasir dillərdə (ingiliss.) daha işlək formada saxlayıb. Lakin sonralar «man» sözü «ulu», «cəsur», «igid adam» mənalarını da qazanıb. Həm maraqlıdır ki, onlar bizi türkman adlandırırlar. Deməli, bu söz tarixin dərinliklərindən gəlir. Parçalanmış, ikiyə bölünmüş xalqlar çoxdur, lakin Azərbaycan xalqı Aşağı Azərbaycanı, Yuxarı Azərbaycanı, Şərqi Anadolunu, İraqı, Dərbəndi, Borçalını nəzərə aldıqda saysız parçalanmalara məruz qalıb ki, İraq türkmanları da bu qollardan biridir».

Əslən Kərkükdən olan folklorçu Seyfəddin Çaxmaqçının araşdırmalarında Kərkük folkloru ilə bağlı məsələlərə xalqın canlı yaşam tərzi, gerçəkliyi kontekstində baxılır. Uzun illər Avropada yaşamağa məcbur olan S.Çaxmaqçı bu müddətdə xəlqi soraqlarımızdan, Kərkük türkmanlarının adət-ənənələrindən qətiyyən ayrılmayıb, əksinə, milli keyfiyyətlərimizə daha da bağlanıb. Avropada yaşadığı müddətdə daim özünü elində, yurdunda elilə, yurduyla bir hesab edib, Vətən, türk təəssübünü daim ürəyində gəzdirib, onu bir an da olsun, sönməyə qoymayıb. Təsadüfi deyil ki, o, elə bu duyğuyla, sevgiylə qızlarından birinin adını Yurdum, o birisinin adını isə Yurdal qoyub. İstəyib ki, balaları yurdlarını sevsinlər, onu bir an belə unutmasınlar: Yurdum-yəni Vətənim. Yurdal-yəni yurduna sahib ol. Seyfəddin Çaxmaqçı əslən Kərküklü olmasıyla yanaşı həmin elin, yurdun adət-ənənələrinə, folkloruna, orada yaşayan türkmanların həyat tərzini gözəl bələddir. Digər tərəfdən Kərkük folklorunun nümunələrinin yenidən araşdırılması, tədqiqata cəlb edilməsi Azərbaycan Kərkük folkloru arasındakı mənəvi bağların qədimliyinin yeni səviyyədə təsdiqi olacaq. Hər şeydən əvvəl Kərkük folkloru Azərbaycan türklərinin folkloruna nəinki hədsiz dərəcədə yaxındır, çox hallarda bu folklor nümunələrini biri-birindən ayırmaq olmur. Burada söhbət ilk növbədə doğma ruhların ifadəsindən, birliyindən gedir. Bu tükənməz xəzinə milli kimliyimizdən, qədimliyimizdən, bir millət olaraq özümüzəməxsusluğumuzdan soraq verir.

Azərbaycan ruhuna, torpağına böyük sayğılarını dilə gətirən Seyfəddin Çaxmaqçının fikrincə, Azərbaycan türkcəsi ilə Kərkük türkmanlarının dili arasında böyük fərq yoxdur: «Başqa bir torpaqda doğulmağıma baxmayaraq hər ikimizin kökümüz, soyumuz birdir». Tanınmış tarzən Ağasəlim Abdullayev vaxtilə İraqda Kərkük türkmanlarının qonağı olmasını xatırlayır: «İraqa səfərimiz yadımdadır: O zaman Sinan Səidlə görüşdük, Əbdüllətif Bəndəroğlu ilə söhbətləşdik».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 12 mart.- S.14.