«Novruzun əsasında
əski xalq mərasimləri dayanır»
«Səməni qoymaq» təbiəti
canlandırmaq, ona təsir etmək vasitəsi kimi
anlaşılır
Novruzun
mahiyyəti, milli ruhumuzun mayasını özündə
daşımasını ifadə edən araşdırmalar
artdıqca sözügedən mövzu ilə bağlı
müəyyən ciddi aydınlıqlar yaranır.
Araşdırmaçı Ağaverdi Xəlil hesab edir ki,
Novruz bayramına tarixi inkişaf boyunca
baxdığımız zaman onun qədim mədəni köklərə
və mənəvi qaynaqlara bağlı olduğunu görmək
olur: «Novruzun əsasında əski xalq mərasimləri
dayanır. Dünya xalqlarının bir çox mərasimləri
də belədir. «Novruz» — hərfi mənada «yeni gün»
(«nou»-yeni, «ruz»-gün) deməkdir. Ancaq ifadə etdiyi mərasim
semantikasına görə keçidin bitdiyi və yeni
nizamın başlandığı kosmosdur. Novruza Bozqurd,
Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və
s. də deyilib. «Novruz» anlayışı bəzi deyiliş fərqlərilə
bir çox türk xalqlarının dillərində işlənməkdədir:
Azərbaycan türkcəsində Novruz/Noruz, Qırğız
türkcəsində Nooruz, Özbəkistan türkcəsində
Növroz, Başqırd türkcəsində Nevruz, Tatar
türkcəsində Navruz, Uyğur türkcəsində Noruz,
Çuvaş türkcəsində Naurus, Krım türkcəsində
Nevrez və s.»
Novruz
haqda məlumatlara Biruni Əbu Reyhanın «Asarul Baqiye»,
Kaşğarlı Mahmudun «Divani-lüğət-it türk»,
Balasaqunlu Yusif Has Hacibin «Kutadqu biliq», Ömər Xəyyamın
«Novruznamə», Nizamülmülkün «Siyasətnamə», Nizami
Gəncəvinin «İsgəndərnamə» və başqa əsərlərdə
rast gəlinir: «Ömər Xəyyamın məlumatına
görə, Novruzun 2600 ildən artıq yaşı var. Yenə
də həmin müəllifin məlumatına görə, Novruz
bayramında müharibələr və
qarşılıqlı çəkişmələr
dayandırılır, sülh müqavilələri
bağlanır, hətta dəfn belə növbəti günlərə
təxirə salınırdı. Bu bayram o qədər şad
və şən bir bayram olub ki, o günlərdə təkcə
təmtəraqlı təntənələr deyil, eyni zamanda xəstələrə
müstəsna diqqət və qayğı göstərilib,
qohum və dostlara baş çəkilib, qohum və
yaxınların məzarları ziyarət edilib, bir-birinə
qarşılıqlı inam və simpatiya ifadə edilərək
ümumbəşəri dəyərlər üstün
tutulub».
Novruzun
həm də təqvim bayramı, ilin başlanğıcı
olması onun möhtəşəmliyini və təntənəsini
artırır. Novruz mövcud olduğu tarixi boyu bir neçə
təqvim mərasimindən keçib. Bunların icərisində
əski türk təqvimi, zərdüştlüklə
bağlı təqvim, Səlcuqlu Məlikşahın Cəlali
təqvimi, Elxanilərin Elxani təqvimi və s. var:
«1074-1075-ci illərdə İsfahan, Bağdad, Rey ve
Nişaburda rəsədxanalar qurduraraq bir təqvimin təsbitini
əmr edən böyük Səlcuqlu sultanı Məlikşah
Cəlali təqvimi deyilən bir türk təqvimi
hazırlatdırıb. Bu rəsədxanalarda Ömər Xəyyam,
Əbül Müzəffər İsfirazı, Mömin ən Nəcib
əl Vasti kimi dövrün alimləri işləyib. Qısa
bir müddət işlənən (Məlikşahın
ölümünə kimi) bu təqvimə Sultanın adına
görə «Cəlaliyə», «Tarixi-Cəlali» və ya «Tarixi Məliki»
adları verilib. Günəş ilini əsas götürən
Cəlali təqvimində günəşin qoç
bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul
edilib. Səlcuqlulardan sonra bölgədə hakim olan Elxanilərin
zamanında bu təqvim üzərində düzəlişlər
edilib və «Tarixi Elxan» adı verilən bir təqvim meydana gəlib.
1925-ci ilin 31 martına kimi bu türk təqvimi İranda
işlənib. Məlikşahın
hazırlatdırdığı Cəlali təqvimi Əfqanıstanda
son zamanlara qədər istifadə olunub. Bugünkü İran
və Əfqanıstanda ilbaşını Novruz olaraq qəbul
edən təqvim Cəlali adlı türk təqviminin dəyişik
bir şəklidir. Qazax xalq təqvimində martın adı
Naurızdır. Bu ay ilin birinci ayıdır və mart
ayının 22-dən başlanır. Keçmiş hicri təqviminə
görə gecə ilə gündüzün bərabərləşdiyi
həmin gün köhnə yeni il xalq təqvimində
qalır və Naurız toy adı ilə qeyd olunur. Həmin
gün bir sıra Ön və Orta Asiya ölkələrində
qədim zamanlardan bu günədək yeni ilin
başlanğıcı olaraq bayram edilməkdədir. Novruzun
kökləri, ritualları və təbiətlə
bağlı izlərinin zərdüştlük Yeni ilindən
gəldiyi haqda mülahizələr var. İnanclara görə,
həmin gün xalq qışın əziyyətlərindən
xilas olur, mal-qarasını saxlamaq üçün daha rahat
şəraitin yaranmasına sevinir. Nauruz üçün hər
bir ailə öncədən yeddi ənənəvi ərzaqdan
təşkil olunan ritual yeməkləri (nauruzdık)
hazırlayır. Qazaxlar həmin yeməklərlə il ərzində
qidalanmağa ümid edirlər. Naurız şənliyi
üç gün davam edir. Bu müddət ərzində
bütün aul bir-birini təbrik edir, xoşbəxtlik və
rifah arzulayırlar».
Novruzun
mənşəyi ilə bağlı danışan A.Xəlil
deyir ki, müxtəlif mülahizələr mövcuddur.
Bunlardan biri «Novruz»un «Yaradılış bayramı» olmasıdır.
Bu mülahizəyə görə Tanrının
dünyanı və insanı yaratması təbiətin yazda
dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi
qeyd olunur. Dünyanın yaranmasında iştirak edən
dörd ünsür dörd çərşənbədə
qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir.
Digər bir mülahizəyə görə, Novruz
Turanlıların «Tura» bayramıdır. Bu mülahizəni
K.Hüseynoğlu irəli sürüb. Novruz yazın gəlişinin
bayram edilməsidir. Bu, çox geniş yayılmış
ümumi fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli
gedən araşdırmaçılara görə, Novruz əski
«inisiasiya» mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin
qışla ölüb yazla dirilməsini bayram edirlər.
«Novruz»un türklərin Ergenekon bayramının davamı
olması haqda da fikirlər çox geniş yayılıb.
İndi «Hovruz» adı ilə keçirilən bu bayramın
türklərin əski «Ergenekon bayramı» olması haqda fikirlər
var. Bu mülahizəyə görə türklərin əskidən
bəri keçirdikləri «Ergenekon bayramı» müəyyən
dövrdən sonra Novruz adı ilə qeyd olunmağa
başlayıb.
Novruz
bayramının Ərgənəkon dastanı ilə
bağlılığını əks etdirən bir fakt da
maraqlıdır. Novruz günü Orta Asiya türklərində,
xüsusilə, uyğur, qazan, ufa türklərində «Ərgənəkon»
dastanı oxunmaqdadır. Ergenekon bayramı təkcə törəyiş
deyil, eyni zamanda əski türklərin 400 il əziyyət
çəkərək qaldıqları yerdən bir boz qurdun
yol göstərməsi ilə xilas olub çox gözəl
bir yerə gəlib çıxmaları və yerləşmələrinin
bayramıdır. Türklər xilas olduqları günə və
yerləşdikləri yerə «Ergenekon» deyiblər. Bu mənada
Ergenekon həm zamandır, xilas, qurtuluş günüdür,
həm də məkandır, yeni və çox zəngin bir
yerdir. Türklər həmin yerə gəldikləri
günü, həmin gündə və həmin yerdə ənənəvi
olaraq qeyd ediblər. Yeni zamanın və məkanın qeyd
olunduğu hadisə, Tanrıya alqışetmə «Ergenekon
ritualı»dır. Əski türklərdə günəş
həm Tanrıdır, həm də yaradıcı əcdaddır,
tonqal günəşi simvolizə edir. Məsələnin
gerçək mərasimi mahiyyəti də bu münasibətlər
kontekstində izah oluna bilər. İnsanların tonqal ətrafına
toplaşması, onun üzərindən tullanması, ilk
öncə hər hansı bir şəkildə onunla təmas
yaratmağa cəhd etməsi diqqəti çəkməkdədir.
Novruz bayramı ərəfəsində bayram
hazırlıqları başlanır. Bura ev-eşiyin, həyət-bacanın
təmizlənməsi, yeni paltarların alınması, bayram
bazarlığı, bayram yeməklərinin hazırlanması
və s. daxildir. Bayramda qohumlara baş çəkilir,
bayramlaşılır, küsülülər
barışır, kasıblara yardım edilir, bayram payı
paylanır və s. Təmizlənməmiş həyət-baca,
köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə
edir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik,
köhnəlik, aclıq kimi formalarını aradan
qaldırır və onları yeni nizamla əvəz edir.
Küsülülük barışla əvəzlənəndə
sosial harmoniya bərpa olunur. Təbiətdən alınan təbii
boyalarla yumurta boyanması dünyanın və təbiətin
yenidən rənglənməsi və ya dirilməsi mənasını
simvolizə etməkdədir. Döyüşdürülən
yumurtalar da iki dünyanın — qışla yazın, soyuqla
istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir.
«Toxum cücərtmək» və ya «Səməni qoymaq» da bir
şəkildə təbiəti canlandırmaq, ona təsir etmək
vasitəsi kimi anlaşılır. «Qulaq falı» və ya «qapı
pusmaq» da yeniləşmənin məlumat səviyyəsini əks
etdirir. Ən yeni dövrün «torba atmaq» mədəniyyətində
«dəsmal atmaq» və «papaq atmaq» kimi yeni vasitələrdən
istifadə edildiyi müşahidə olunmaqdadır. «Papaq atmaq»
ilk öncə aldatmaq mənasını ifadə edir. Ancaq onun
fiziki mənada işlənməsi sevinc hissini göstərən
psixoloji situasiydır. «Sevincdən papağını göyə
atmaq» xalq deyimi milli paremiologiyada mövcuddur. Demək «papaq
atmağ»ın həm neqativ, həm də pozitiv funksiyaları
var».
Uğur
Xalq Cəbhəsi.-
2013.- 13 mart.- S.13.