Milli mətbəxdə Novruz elementləri
Tahir Əmiraslanov: «Novruz bayramını Novruz mətbəxindən
ayrılıqda təsəvvür
etmək mümkün
deyil»
Azərbaycan milli mətbəxində Novruz elementlərinə kifayət qədər rast gəlmək olur. Bu da təsadüfi
deyil. Novruz Azərbaycan Türkünün
qədimliyinin, yaşam
tərzinin, mədəniyyətinin,
eləcə də özünəməxsus mətbəx
mədəniyyətinin ifadəsi
kimi ağlımızda
anlaşılır. Novruzda milli
mətbəximizin ən
ləziz, əlvan, özündə xəlqi mənanı daşıyan
yeməkləri təqdim
olunur. Milli mətbəx mədəniyyətimiz
olduqca zəngin ənənələrə malikdir.
Zənginliyimiz tariximizin qədimliyindən,
böyüklüyündən irəli gəlir. Azərbaycanın kulinariya
tarixinin tanınmış
araşdırıcısı, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyir: «Mədəniyyətdə bir-birini
qoruyub yaşadan bayram və mətbəx amillərinin
sıx bağlılığı
şübhə doğurmur.
Konkret olaraq bu gün
çox tanıdığımız
Novruz bayramını Novruz mətbəxindən
ayrılıqda təsəvvür
etmək mümkün
deyil. Novruz bayramında mətbəx
elementləri (paxlava, şəkərbura bişirmək,
yumurta döyüşdürmək,
qonağa pay qoymaq, səməni bişirmək
və s.) götürülsə,
şübhəsiz ki,
bayramın bu sarıdan mahiyyəti itər və bu mətbəxin elementləri tənəzzüllə
uğrayar».
Sovet dönəmində
Novruz bayramına xeyli qadağalar qoyulub. Xalq buna baxmayaraq həmin bayramı ürəyincə
qeyd etməyə çalışıb: «Novruz
bayramına qadağa qoymaqla xalqın müqavimətini qırmaq
üçün bu bayram ətrafında səs-küy yaradıldı.
Ancaq əslində bilmədən
və istəmədən
əhalinin diqqəti Novruza yönəldildi və Novruz yaddaşımızda, ürəyimizdə
daha möhkəm həkk olundu. Novruz haqqında yazılı araşdırmalar ortaya çıxdı. Sovet dövrünün
«bayramlar» həşirində
digər bayramlarımız
— Xıdır Nəbi,
Azər bayramı sükutla unuduldu. Onlarla birgə bayram mətbəxlərimiz də
yoxa çıxdı».
T.Əmiraslanovun fikrincə,
Azərbaycan kulinariya elminin ən gərəkli məsələlərindən
biri itirilmiş milli mətbəximizi bərpa etməkdir: «Biz kulinarlarımızı, tarixçilərimizi,
etnoqraflarımızı bu
məsələlərin açılmasına,
araşdırılmasına dəvət edirik».
Yazıçı-araşdırmaçı Yusif Vəzir Çəmənzəminli
yazır: «Novruz qədər əhəmiyyətli
bayramlardan biri də «Azər» (noyabr ayında) imiş. «Novruz» yazı təsdiq
edən kimi «Azər» bayramı da qışı zəmm edərmiş və hər kəs quzu və
yağlı ət kimi istilik gətirən
yeməklər yeyərmiş».
T.Əmiraslanov deyir: «Azər bayramını daha çox atəşpərəstliklə bağlayanlar unudurlar ki, orta yüzillərdə
belə bayramın keçirilməsinə islam
dini imkan verməzdi. Azər bayramı da Novruz kimi dini
deyil, astronomik, təqvim bayramı idi və atəşpərəstlikdən
də öncə Asların, Azların, Az adamlarının,
Az ərlərinin təqvim bayramı idi. Onu da
deyək ki, çinlilərdə, yaponlarda,
monqollarda, tibetlərdə
də qırovdüşmə
ilə bağlı ayin və mərasimlər
var. Bu da Azər bayramının dinlərlə
deyil, təbiətlə,
təbii hadisələrlə
bağlı bayram olduğunu göstərir.
Böyük çillə — 22 dekabr-2 fevral (40 gün) qışın oğlan çağı (kişilik
vaxtı, sərt vaxtı) adlanır və kişilərin bayramı hesab edilir. 2-22 fevral
isə kiçik çillə, yəni qadınlar bayramıdır».
Azər bayramı Azər ayında (indiki təqvimlə 21 noyabr — 21
dekabr) girərdi və Azər ayının 9-cu günü
bayram edilərdi.
İndiki təqvimlə
bu, 30 noyabr — 1 dekabra düşür: «Zərdüştilər təzə
ilin ilk ayının
(21 mart-21 aprel) ilk gününə
isə «Novruz» deyərdilər. Bu təqvimlə Azər ayı 9-cu ay olurdu, qışın ilkin çağına düşərdi.
Azər bayramından sonra daha çox istilik gətirən qış yeməkləri
bişirilməliydi. Bu
zaman buxarlı, yəni duru yeməklərə üstünlük
verilməliydi. Çəmənzəminlinin — «Novruz yazı
təqdis etdiyi kimi Azər bayramı da qışı zəmm edərmiş»- ifadəsini
artıq qışa hazırlığın bayram
edilməsi, qışa
acıq verilməsi, hədə-qorxu gəlinməsi
bayramı kimi də başa düşülə bilər.
Yəni bu, qışa hazırlığın son bayramı
idi. İndi də dilimizdə
«düşmən qabağında
özünü sındırma»,
«kədərini düşmənə
bildirmə», «düşmənə
gül, özünü
şən göstər»
ifadələri şüuraltı
təfəkkürümüzdən gəlir. Ola bilsin, Azər bayramı qışı düşmən bilənlərin,
ona sinə gərənlərin, onun önündə gülənlərin,
qışı qorxudanların
bayramı idi».
Dünyanın qədim, ləziz
və zəngin mətbəxlərindən biri
olan Azərbaycan mətbəxinin milli ruhumuzu yüksək səviyyədə ifadə
etməsi sevindirici haldır: «Azərbaycan mətbəxi dedikdə yalnız xörəklər,
onların bişirilmə
qaydaları deyil, həm də tarix, fəlsəfə, süfrə psixologiyası,
adət-ənənələr, xalqın etika və estetikası və s. bu kimi
amilləri ahəngdar
surətdə birləşdirən
mətbəx mədəniyyəti
başa düşülür.
Azərbaycan mətbəxi
Azərbaycan Respublikası,
Güney Azərbaycan,
İrəvan xanlığı,
Zəngəzur, Göyçə
mahalı, Borçalı
başda olmaqla Gürcüstanın bir sıra bölgələrində,
Dərbənd başda
olmaqla Dağıstanda
soydaşlarımızın yaşadıqları ərazilərdə
yaranıb. Şübhəsiz, mətbəxi yaradan
və formalaşdıran
ən başlıca amil iqlimdir. Azərbaycanın ərazisindən 9 iqlim qurşağı keçir ki, bu da flora və
faunanın zənginliyini
təmin edərək
zəngin mətbəxin
yaranması üçün
şərait yaradır».
Ancaq görəsən,
soydaşlarımızın zəngin əkinçilik
və maldarlıq mədəniyyətinə malik
olmaları özünəməxsus
mətbəx mədəniyyətimizin
formalaşmasına təkan
verən əsas amil kimi nəzərdən
keçirilə bilərmi? T.Əmiraslanovun
fikrincə, zəngin mətbəx yaratmaq üçün ovçuluq
məhsullarından və
qidaya yabanı bitkilər əlavə etməkdən başqa həm də çoxlu mədəni bitkilər tələb olunur: «Bunun üçün əhalinin
əkinçilik və
maldarlıq sarıdan
yüksək mədəniyyətə
malik olması gərəkli idi. Məsələn, dənli bitkilərdən
və xəmirdən mürəkkəb xörəklər
yalnız o zaman meydana gələ bilərdi ki, məhsul istehsalı adi çörək və çörəkəvəzi
yeməklərin hazırlanması
üçün tələb
olunan miqdardan çox olsun. Təkcə çətənin
(aşsüzənin ibtidai
növü) mövcudluğu
dənli bitkilərdən
və xəmirdən bişirilən xörəklərin
tarixini bizim eradan 5-6 min il
əvvələ aparmaqla
yanaşı, artıq
bu dövrdə taxılın tələbatdan
çox istehsal edilməsini göstərir.
Gürcü alimi M.İ.Txeşelov
1888-ci ildə İrəvan
xanlığında yaşayan
azərbaycanlı (türk-red.)
əhali haqqında yazırdı: «Kəndlərdə
taxılçılıqla, əkinçiliklə, balıqçılıqla
məşğul olurlar.
Əlbəttə ki, aran yerlərdə. Yaylaqlarda isə
yalnız heyvandarlıqla
məşğuldurlar. Azərbaycanlılar əsasən çaysahili
torpaqlarda yaşadıqları
üçün onları
əkinçi xalq adlandırmaq olar».
İ.L.Seqal 1902-ci ildə yazırdı:
«Müsəlman (Azərbaycan-türk
— red.) əhalisi əsasən Bazarçay,
Ayrıçay, Bərgüşad,
Oxçuçay, Ağyara,
onların qolları, həmçinin Araz çayı sahillərində
yaşayırlar. Erməni əhalisi
isə sərt dağ və qayaların başında dağınıq haldadırlar.
Erməni kişilərinin
çox böyük hissəsi (15 yaşından
40 yaşınadək) ehtiyac
üzündən hər
il qışda
Tiflisə, Bakıya, Xəzərsahili vilayətlərə
gedib özlərinə
qazanc tapırlar. Buralarda onları nökərçilik
(lakey, qulluqçu) və ya küçə
həyatı cəlb edir. Azərbaycanlılara gəlincə, onlar
düzən yerlərdə
daha yaxşı əkinçilik şəraitində
yaşayırlar».
Yüzillər boyu Qafqaz bazarlarının
əsasən azərbaycanlıların
istehsal etdiyi əkinçilik və maldarlıq məhsulları
ilə təmin edildiyi təkzibolunmazdır. Qafqazın ərazisində
zəngin mətbəx
yarada bilən və bu mətbəxi
yaşadan əsaslı
xammal bazasına malik yeganə xalq azərbaycanlılar (Azərbaycan türkləri-red.)
idi. Erməni və gürcü
mətbəxlərinin Azərbaycan
mətbəxindən gen-bol
faydalanması da bu amillə bağlıdır».
Uğur
Xalq Cəbhəsi.-
2013.- 14 mart.- S.13.