Azərbaycan Xalq
Cümhuriyyətinin generalları
Şəmistan Nəzirli:
«Əliağa Şıxlinskin Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmaqla Azərbaycan
ordusunun təməl daşını qoyub»
Əliağa
Şıxlinski 1863-ci il martın 3-də
Qazax qəzasının Qazaxlı (indiki Aşağı
Salahlı) kəndində anadan olub. Anası Yəmən
xanım Qayıbova şair Molla Vəli Vidadinin nəvəsi
idi. 1883-cü ildə rus ordusunda hərbi
xidmətə başlayan Şıxlinski 1886-cı ildə
Peterburq artilleriya məktəbini əla qiymətlərlə
bitirir. 1904-1905-ci illərdə rus-yapon
müharibəsində batareya komandiri kimi vuruşur. Müharibədən sonra topçu zabitlər
hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi
kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə
polkovnik rütbəsi alır. Hərb
elminin daha da dərindən mənimsənilməsi
üçün yazdığı, dərs vəsaiti kimi
istifadə edilən «Səhra toplarının cəbhədə
işlədilməsi» əsəri 1910-cu ildə çap
olunur. Onun «Şıxlinski
üçbucağı», «Şıxlinski formulu» adlı hərbi
yenilikləri topçu zabitlər üçün
hazırlanmış dərsliklərə daxil edilir. Xidmətlərinə görə 1912-ci ildə
general-mayor rütbəsi verilir. Beləcə
o, çar ordusunun aparıcı mütəxəssislərindən
birinə çevrilir. 1914-cü ildə I
Dünya Müharibəsi zamanı Petroqradın artilleriya
müdafiəsi general Əliağa Şıxlinskiyə
tapşırılır. Sonralar Qərb cəbhəsi
artilleriya qoşunlarının rəisi, 1917-ci ilin
sentyabrından isə 10-cu ordunun komandanı təyin olunur.
1918-ci il mayın 28-də Azərbaycan
Demokratik Respublikasının yaranması Əliağa
Şıxlinskini vətəninə qayıtmağa məcbur
edir. 1918-ci ilin dekabr ayında artilleriya
general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin
müavini təyin edilir.
Tanınmış araşdırmaçı Şəmistan
Nəzirli bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin
qurulduğu dövrdə Səməd bəy Mehmandarov, Əliağa
Şıxlinski və başqa generallarımızın
olması sübut etdi ki, bu xalq döyüşkənlik ruhunu
qətiyyən itirməyib. Fitri istedada malik, anadangəlmə hərbçi
olan artilleriya generalı Əliağa Şıxlinski
bütün varlığı ilə sevdiyi xalqına sədaqətlə
xidmət edib: «Onun hərbi fəaliyyəti ilə
bağlı araşdırmalar aparan zaman bir çox sahələrdə
ilkin şəxs olduğunu gördüm. Yəni
təkcə general kimi vəzifəsini bitmiş hesab etməyən
bu məşhur sərkərdə həm də hərb elminin
görkəmli alimi idi. Hələ əsrin əvvəllərində
hərbi mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilən «Şıxlinski
üçbucağı»ndan təkcə Rusiyada deyil, Fransa,
Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin
artilleriya məktəblərində dərslik kimi istifadə
olunub. «Şıxlınski
üçbucağı»nda artilleriya tarixində ilk dəfə
topların gözlə görünməyən hədəfə
atəş açmaq texnikası işlənib
hazırlanıb».
Əliağa
Şıxlinskinin Azərbaycan Demokratik Cümhuriyyətinin
dövründə göstərdiyi rəşadətlər barədə
araşdırmaçı bu qənaətdədir: «Əlli ildən
çox nizami orduda qüsursuz xidmət edən
Şıxlinski həmişə birincilər sırasında
olub. O, dörd müharibənin şahidi,
üçünün iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Artur, 1914-1918-ci illərdə
I Cahan Savaşında, 1918-20-ci illərdə isə
torpaqlarımızın bütövlüyü uğrunda
daşnak Ermənistanına qarşı
döyüşüb. Maraqlıdır ki,
hətta Böyük Vətən müharibəsinin şahidi
olan qoca general yenə də fəaliyyətini
dayandırmamışdı. Onun məşhur
«Xatirələrim» kitabı bu gün də hərbi
memuarın ən qiymətli nümunələrindən biri
hesab edilir. «Xatirələrim»
kitabının yazılmasında Heydər Hüseynovun
mühüm xidmətləri olub. Qoca
general «leçkomissiya»da yerləşdirildikdən sonra onun
xatirələrini yazıya almaq üçün bir nəfəri
bu işə təhkim edib. Şıxlinskinin
«Xatirələrim» kitabı hələlik Azərbaycan hərb
tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı
dövrlərlə məşğul olan hərb elminin elə
bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, qiymətli bir mənbə
kimi ondan istifadə etməsin. Əliağa
Şıxlinskin 1917-ci il noyabrın 15-də
Qafqaza qayıdıb. İlk dəfə Tiflisdə
azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, milli Azərbaycan ordusunun təməl
daşını qoyub».
Tale
Şıxlinskiyə övlad nəsib etməmişdi: «Sevimli
həyat yoldaşı Nigar xanımın ölümündən
sonra demək olar ki, yaşamaq onun üçün artıq mənasızlaşmışdı.
1931-ci ildə vəfat etmiş Higar xanımdan sonra o, 13 il yaşadı. Hər cümə
axşamı sevimli həyat yoldaşının qəbrini
ziyarət edər, hər ildönümündə ehsan verərmiş.
General 1943-cü il avqustun 18-də
Bakıda vəfat edib. 1983-cü ildə Azərbaycan
Dövlət Tarix Muzeyinin arxivindəki «Şıxlinkski
fondu»nda ağzı bağlı bir məktuba rast gəldim.
Mavi rəngli zərfin üzərində rusca
yazılmışdı: «Vəsiyyət. Mən öləndən
sonra açmalı.» O zaman vəsiyyətdən
düz qırx il keçirdi. Məni maraqlandıran o idi ki, nə əcəb bu
vaxtacan generalın vəsiyyətini oxuyan olmayıb? Ehtiyatla məktubu açdım. İçindən
adi dəftər kağızında yazılmış dörd
vərəq çıxdı. Vəsiyyatnamədə
deyilirdi ki, «ölümümdən sonra əmlakımdan nə
qalarsa… həyatımın kimsəsiz illərində mənə
qayğı göstərmiş həkim Bahadır Qayıbova
və onun həyat yoldaşı Qayıbovaya vəsiyyət
edirəm».
1933-cü ildə yazılmış vəsiyyət yenidən
1938-ci ildə işlənib. Bu zaman Şıxlinski
yazırdı ki, gözlənildiyindən də artıq
yaşadım, satmalı nə vardısa, satıb xərclədim,
bununla da vəsiyyətnaməm mənasını itirmiş
oldu. O, son xahişini belə edirdi: «Əgər mən
yataqda xəstə qalası olsam, xəstəxanaya göndərin.
Xəstəxanada ölsəm, nəşimi evə
yox, xəstəxanadan qəbiristanlığa aparın. Qəzetdə elan verməyin. Heç
bir ehsan verməyin. Mənə əziz olan Nigar
xanımın qəbri ilə yanaşı qəbri yastı
tava daşı ilə örtüb üstündə
yazarsınız: «Əliağa Şıxlinski». Heç bir tarix lazım deyil. Bakı.
13.03.1942-ci il».
Azərbaycan hərbi xadimi, general-leytenant (1915),
krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti
ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi
Süleyman bəy Sulkeviç 1865-ci ildə Vilna
quberniyasında (indiki Kemeyşı, Voranava rayonu, Qrodno vilayəti,
Belarusda) anadan olub. Süleyman bəy Voronejdə Mixaylovski kadet korpusunu və
Peterburqda Mixaylovski artilleriya məktəbini bitirib, poruçik
rütbəsində 1888-ci il oktyabrın
3-də Rusiyanın Baş Qərargah Akademiyasına daxil olur. Sonradan qərargah zabiti kimi Odessa hərbi dairəsində
xidmətini davam etdirib.
1899-cu ildə Sulkeviç həm podpolkovnik rütbəsi,
həm də Müqəddəs Stanislav ordeninə layiq
görülür, Odessa hərbi dairəsi qərargahının
baş yavəri vəzifəsinə təyin olunur. 1904-1905-ci illər
Rusiya-Yaponiya müharibəsində iştirak edir, xidmətlərinə
görə II dərəcəli Müqəddəs Anna və
IV dərəcəli Müqəddəs Vladimir ordenləri ilə
təltif edilir.
1910-cu ildə general-mayor rütbəsinə layiq
görülərək İrkutsk hərbi dairəsinin
general-kvartirmeysteri vəzifəsinə irəli çəkilir. 1912-ci ildə
ona VII ordu korpusunun qərargah rəisi vəzifəsi həvalə
olunur. 1915-ci il aprelin 26-da Süleyman
bəyə növbəti general-leytenant rütbəsi verilir. I Dünya müharibəsi illərində
yaradılmış ilk müsəlman korpusunun komandiri olur.
Çar hakimiyyətinin devrilməsindən sonra
1918-ci ildə Sulkeviç Krıma gəlir və 25 iyun 1918-ci
ildə burada yaradılan Krım diyar hökumətinin sədri,
daxili və hərbi işlər naziri seçilir.
1919-cu ilin martında Sulkeviç Azərbaycana gəlir. Həmin
vaxtdan o, Azərbaycanda «Məmməd bəy Sulkeviç» kimi
tanınır. Sulkeviçin 19 mart 1919-cu
ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah
rəisi təyin edilməsi ilə Azərbaycanın milli
qoşun hissələrinin formalaşdırılması
sürətləndirilir, onların döyüş
hazırlığı xeyli təkmilləşdirilir. Onun rəhbərliyi ilə hissə və birləşmələrdə
çavuş məktəbləri yaradılır,
döyüş hazırlığının proqram və cədvəlləri
tərtib edilir, qoşun və agentura kəşfiyyatı
işinin təşkilinə diqqət artırılır.
Bakıdakı ingilis qüvvələrinin
komandanlığı ilə razılaşma əsasında
ingilis toplarının öyrənilməsi üçün
50-80 nəfərlik qrupun yaradılmasına nail olunur.
Qoşun hissələrinin atəş
hazırlığının yüksəldilməsi
üçün Sulkeviç 1919-cu ilin mayında Gəncə,
Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı
qarnizonlarının rəisləri qarşısında atəş
meydanlarının təchiz olunması məsələsini
qoyur. Atəş hazırlığı üçün
metodik göstərişlər və rəhbər sənədlər
hazırlanır. Hərbi məktəblərin
zabit və yunkerlərinin geyim forması, ölkədə səfərbərlik
planının hazırlanması istiqamətində
görülən işlər də Sulkeviçin rəhbərliyi
ilə həyata keçirilir.
Denikin təhlükəsi güclənən zaman Bakı
müdafiə sisteminin, Bakının dənizdən və
qurudan müdafiəsinin, Abşeronun, Şimal sərhədinin
müdafiə sistemlərinin qurulması da Sulkeviçin
gördüyü əhəmiyyətli işlərdəndir. Bakı
limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin
hərbiləşdirilərək şəhərin müdafiəsinə
cəlb edilməsi ideyası da ona məxsusdur.
Səfərbərlik
elan ediləcəyi təqdirdə dəmir yolu xətlərinin
qorunması haqqında təlimat, Ermənistanın və
könüllü ordunun Azərbaycana təcavüzünün
geniş miqyas alacağı halda qoşun hissələrinin
yerləşdirilməsi, müharibə başlanarsa, Gəncədə
arxa cəbhə komandanlığının yaradılması
planları və digər mühüm sənədlər
Sulkeviç tərəfindən hazırlanır.
1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin
sabitləşdirilməsi və qoşun hissələrinin
möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər
həyata keçirir, erməni-daşnak silahlı dəstələrinin
ləğv edilməsi üçün azərbaycanlı hərbi
pilotların Gürcüstan təyyarələrində
döyüşə cəlb edilməsi barədə təkliflər
irəli sürür. 1920-ci il fevralın 17-də öz
xahişi ilə ordu sıralarından tərxis edilən
Sulkeviç az sonra Nazirlər Şurasının qərarı
ilə Bakıdan keçərək Rusiyaya gedən
könüllü ordu qalıqlarından silah və təchizatı
qəbul edən idarələrarası komissiyanın sədri
təyin olunur. 1920-ci il Aprel
işğalından sonra Sulkeviç bolşeviklər tərəfindən
həbs olunur, ölüm cəzasına məhkum edilir və
15 iyul 1920-ci ildə Bayıl həbsxanasında güllələnir.
Məhəmməd
Əmin Rəsulzadə öz kitabında Süleyman bəy
Sulkeviçin həyatının son anları haqqında
yazır: «Onunla birlikdə olan Mehmet Əli bəy deyirdi:
«Generala çekistlərin arxasınca getməyi əmr etdilər.
Biz başa düşdük ki, onun ölüm
anı çatıb. Biz onun gözlərinə
baxmağa cürət etmirdik, lazımi söz tapa bilmirdik.
General Sulkeviç özü bizi qabaqladı və sakit, ancaq
inamlı səslə dedi: «Əlvida!»
Uğur
Xalq Cəbhəsi.-
2013.-15 mart.- S.11.