Həkim-musiqiçi

 

Mirkazım Sarəng bir çox ideyaların müəllifidir

 

Uzun əsrlər boyu yaranıb inkişaf edən zəngin və rəngarəng Azərbaycan musiqisi hələ qədim zamanlardan böyük şöhrət qazanmışdır. Dahi şəxsiyyətlərimizin miniatür, ədəbi və tarixi mənbələrindən musiqimiz haqqında dərin məlumatlar əldə olunmuşdur. Musiqimizin keçmişini öyrənənlər, indisinə sevgi ilə yanaşıb təbliğinə çalışanlar arasında bu il 100 yaşı tamamlanan Mirkazım Aslanlı da olmuşdur. O, əməlləri ilə insanların dəra-sərinə yarayan, hələ o vaxtlar vətənini daim azad, firavan görmək arzusu ilə yaşayan alimlərdəndir.

Özünə Sarəng ləqəbini götürən Mirkazım Aslanlı ensiklopedik biliyə malik idi. Sarənc (g) bir quşun adıdır. İbrahim Xəlili (ə.s) oda atan zaman nalə çəkərək ahu-fəğan etmişdir. Bu, həm də Şərq ölkələrində, daha çox İran, Pakistan, Əfqanıstan, Hindistans. ölkələrdə yayılmış kamançaya oxşar kamanla ifa edilən iniltili səsli musiqi alətidir. Bəlkə də bu aləti təkmilləşdirib çalmaq istəyinə görə Sarəng təxəllüsünü seçmişdir.

Mirkazım Aslanlı sağlığında alim, həkim, şair, həvəskar bəstəkar, aqronom, mahir musiqi ifaçısı, səhiyyə təşkilatçısı kimi tanınmışdır. Qeyri-adi qabiliyyət sahibi malik olan bu insan 12 dildə yazıb oxumağı bacarırdı.

O, 1913-ci ildə Masallının gözəl, axarlı — baxarlı guşələrindən sayılan İsi kəndində dünyaya göz açmışdır. Uşaq ikən atasını itirmiş, məhrumiyyətlərlə dolu həyat yaşamışdır.

Lənkəran PedaqojiZaqatala Kənd Təsərrüfatı Texnikumlarını, Kənd Təsərrüfatı İnstitutunu, Tibb İnstitutunu, Dövlət Konservatoriyasını bitirmişdir.

Zaqatala Kənd Təsərrüfatı texnikumunda müəllimlik etmiş, Tibb İnstitutunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri elmi dərəcəsi almış, xeyli elmi əsərin müəllifi və tərcüməçi kimi tanınmış, Tibb İnstitutunda tələbə xalq çalğı alətləri ansamblına, «Çeşmə» ədəbi birliyinə rəhbərlik etmişdir.

Çox maraqlıdır ki, bir çox həkimlər qəlbləri riqqətə gətirən musiqini özlərinə ikinci ixtisas kimi seçmişlər. Məsələn, İbrahim Topçubaşov, Hacı Məmmədov, Flora Kərimova, Şamo İsayev, Paşa Qəlbinur və b. kimi həkim-musiqiçiləri nümunə göstərə bilərik. Mirkazım Aslanlı da bu yolu seçmişdir.

Musiqi bəstələmək, qəzəllər yazmaqla yanaşı Mirkazım Aslanlı Azərbaycanın rayonlarını qarış-qarış gəzərək xalq mahnılarını, musiqiləri, folkloru, bayatı və rəvayətləri toplamışdır.

Öz dövrünün tanınmış simaları ilə dostluq əlaqəsi quran Sarəng Üzeyir Hacıbəyli, İbrahim Topçubaşov, Süleyman Ələsgərov və başqaları ilə yaxın münasibətdə olmuşdur. Dahi bəstəkar Üzeyir Hacıbəyli ilə tanışlığında Süleyman Ələsgərovun xüsusi rolu vardır. Belə ki, Mirkazımın istedadına heyran olan Üzeyir bəy öz şəxsi fortepianosunu ona bağışlamış, Dövlət Konservatoriyasında təhsil almasında köməyini əsirgəməmişdir.

Konservatoriyada o, vokal ifaçılığını və skripkada çalmağı öyrənmiş, milli ruhda böyüdüyü üçün kamançada da bir çox havaları ifa etməyi bacarmışdır. Onun kamança ifaçılarının yetişməsində böyük rolu olmuşdur. Xalq artisti, görkəmli kamança ustası Habil Əliyev də məhz bu insanın ifasını dinləmiş və ondan bəhrələnmişdir. Mirkazımın ifasında skripkada çaldığı «Zaqatala lövhələri», «Dəmbəlov şikəstəsi», «Sarı bülbül», «İntizar» fantaziyaları və bir neçə musiqi nümunələri indiyəcən Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.

Ölümündən sonra Sarəngin arxivindən bir çox dəyərli əsərlər tapılmışdır. «Tomris» tarixi mənzum dramı, 2-3 poeması, elmi məqalələri, musiqiyə dair elmi əsərləri, farsingilis dilindən tərcümələri miras qalmışdır. Onun «Qəhrəman qız», «Şirvan gözəli», «Oxu, oxu nazlı gözəl», «Misirli qız» mahnılarını görkəmli xanəndələrimiz Fatma Mehrəliyeva, Töhfə Əliyeva ifa etmişdir.

Masallıdakı İstisuyun müalicəvi əhəmiyyətli olduğunu ictimaiyyətin diqqətinə ilk dəfə Sarəng çatdırmışdır. Bu mövzuda daha sonra dissertasiya üzərində işləmiş, bu ərazinin perspektivli olduğunu elmi əsaslarla sübut etmişdir. Masallını kurort şəhərinə çevirmək və ona «Gülüstan» adı vermək istəmişdir.

Mirkazım Aslanlı bir çox ideyaların müəllifi olmuş, Viləş çayının üzərində su bəndinin tikilməsi, dəryaçanın yaradılması, meliorasiya suvarma şəbəkəsinin ilk layihəsini tərtib etmişdir. 1961-ci ildə doğma Masallı haqda «Masallının İstisuyu» adlı əsər yazmışdır. Onu görənlərin yaddaşında Mirkazım Sarəng həssas bir vətəndaş, dəyərli bir ziyalı, qeyri-adi bir istedad sahibi kimi qalmışdır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 16 mart.- S.14.