Şabranın tarixinə səyahət
Arxeoloji qazıntılar Şabran şəhərinin
bir vaxtlar inkişaf etmiş iqtisadi-siyasi-mədəni mərkəzi
olduğunu sübut edir
Karvan ağır-ağır, yorğun-yorğun yol gəlirdi. Lök dəvələr lökküldəyə-lökküldəyə, adamların tozlu-torpaqlı sir-sifətlərindən, saç-saqqallarından tər-su damcılaya-damcılaya, istidən-bürküdən ayaqlarını çəkə-çəkə yol gəlirdi karvan ...
Və birdən alnına dəyən sərin mehdən diskinən kimi oldu yorğun karvanbaşı.
Sarban başını qaldırıb gözlərini irəli zillədi. Az qala sönüb öləzimiş gözlərinə birdən işıq gəldi.
Sarban cadar-cadar olmuş dodaqlarını qurumuş dili ilə islatmağa çalışıb əllərini göyə qaldırdı:
– Şükür sənə, Allah, çatırıq Şabrana!..
Karvan əhli-zəvvarlar bu sözləri eşitmişdilər və hamı bir-birlərini muştuluqlayırdılar: “Şabrana çatırıq, Şabrana çatırıq...”
İşıqlaşan gözlər uzaqdan görünən məscid minarələrinə zilləndi ...
Alimlərin araşdırmalarına, tədqiqlərinə, bir də elmi mənbələrin təsdiqinə görə Azərbaycanın keçmiş tarixinin bütün dövrlərində, ta ki, ötən yüzilliyimizin əvvəllərinə qədər İrandan, Gürcüstandan, Aran yurdunun digər bölgələrindən gətirilən bütün ticarət, alış-veriş malları və hərbi yüklər Şamaxıdan keçərək Dərbənd və Niyazabad limanlarına daşınmış, oradan da Dağıstana, Rusiyaya və başqa ölkələrə quru və su yolu ilə göndərilmişdir.
Bu yolu xalq “Şirvan yolu” adlandırıb.
Orta əsrlər ərəb müəlliflərinin də təsvir etdikləri bu yoldan iki min il istifadə edilib.
Şabran şəhəri də Cənub-Şərqi Avropa ilə Ön Asiyanı birləşdirən bu böyük karvan yolunun üstündə yerləşir.
II. İlk
sözü arxeoloqlar dedi ...
Şabran
şəhərinin arxeoloji qalıqlarını ulu
keçmişimizin daş yaddaşına çevirib bu
günəcən qoynunda yaşadan Şabran torpağı,
keçmişi ilə öyünməyə haqqı
çatan yurd yerimiz ...
Şabran xarabalıqlarında arxeoloji kəşfiyyat
işlərinə ilk dəfə 1935-ci ildə professor
E.A.Poxomov tərəfindən başlanılıb. Qısa fasilədən
sonra 1939-cu ildə qazıntılar yenidən davam etdirilib.
Tədqiqatçılar
bir də aradan 40 il keçəndən
sonra görkəmli arxeoloq C.Ə.Xəlilovun rəhbərliyi
ilə Şabrana qayıdıblar.
1980-1993-cü
illərdə isə Qazıməmməd-Mozdok qaz kəməri
xəttinin çəkilişi ilə bağlı Azərbaycan
EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsinin
daimi fəaliyyət göstərən ekspedisiyası tarix elmləri
doktoru, professor R.B.Göyüşovun rəhbərliyi
altında Şabranda geniş miqyasda arxeoloji qazıntı
işlərini davam etdirərək bu qədim şəhəri
daha ətraflı tədqiq edib öyrənmişlər.
Tarix elmləri namizədi F.Ə.Abbasovanın
başçılığı ilə 2002-ci ildə
Şabranda yenidən tədqiqat işlərinə
başlanıb. Uzun müddət Şabranda aparılan
arxeoloji qazıntılarda yaxından iştirak edən Fatma
xanım nəticədə “Şabran” adlı sanballı və
geniş oxucu kütləsi üçün maraqlı olan bir
kitab (Bakı-“Elm” nəşriyyatı-2002) yazıb nəşr
etdirib.
Və Şabran haqda bu yazımızda elə bizim də
ara-sıra üz tutduğumuz bir mötəbər elmi mənbə
də elə bu tarixi-arxeoloji tədqiqat işidir. Arxeoloji tədqiqatların
ilk dövrlərində şəhərin ərazisi təxminən
40 hektar hesab olunurdu. Son tədqiqatlar nəticəsində
isə Şabran çayın hər iki sahilində binə-bölgə
bağlamış bu qədim yurd yerinin 110 hektardan çox bir
ərazini əhatə etdiyi müəyyənləşib.
Arxeoloqlar Şabran şəhərinin IV əsrdə,
özündən əvvəlki möhtəşəm
yaşayış yeri zəminində meydana gəldiyini
söyləyirlər.
Doğma tariximizin mühüm qaynaqlarından biri olan
Abbasqulu ağa Bakıxanovun məşhur
“Gülüs-tani-İrəm” kitabında qeyd edilir ki,
“Gülüstani- İrəm”i Qaf dağının
yaxınlığında, son dərəcə təravətli,
axar-baxarlı, gözəl çeşməli və meyvə
ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da
Qubanın Şabran adlı səfalı obasından ibarətdir,
bu söz xalq arasında da çox məşhurdur.
Şabran şəhəri XVIII əsrədək intensiv
yaşayış məskəni olub. Mənbələrdə
şəhərin adı 1796-cı ilədək çəkilir.
Tariximizin “bir ayrılmaz yoldaşı, addımbaaddım
onu izləyən qəm karvanı-müharibə, vuruş,
qan” (Sabir Rüstəmxanlı) Şabran torpağından da
yan keçməyib.
Çox
da uzaq olmayan ötən əsrlərdən gələn bu səs
də Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”
kitabındandır: “Şirvan bəylərbəyi Həsənəli
xan Şəki mahalında öldürüldü. Üsmi Mürtəzaəli Əmir Həmzə
oğlu Üsminin komandası altında bir dəstə əsgər
göndərdi.
...Şabran şəhərinin üstünə
yürüdülər. Şiddətli müharibədən sonra buranı
aldılar və dağıdıb od
vurdular.
Üsmi xanədanına aid olan və bu hadisəni təsvir
edən bir nüsxədə (salnamədə) yazıldığına
görə onlar beşikdəki uşaqları belə
öldürmüşlər. Şabran
çayının sağ kənarında olan bu məşhur
şəhərin xarabaları indi də buranın
böyüklüyünü və abadlığını
göstərməkdədir.
Elə həmin müharibə zamanı su kəməri də
dağılıb sıradan çıxdığından
şəhər tamamilə boşaldı.
Qeyd etdiyimiz kimi, Şabran şəhəri çox əlverişli
mövqeyə malik olub. Dəniz və quru ticarət yolunun kəsişdiyi
bir yerdə yerləşib. Çox
mühüm ticarət karvanı dəniz yolunun lap
yaxınlığından keçib. Və
bəlkə də elə buna görə xalq etimologiyasında
Şabranın – Şəbi (gecə) “ran”-məkan şəkilçisi,
gecələmək yeri, gecə karvansarası mənasında
yozulur.
III. Əsrlərdən gələn səslər
Şabran şəhərinin adı çox qədim
tarixi mənbələrdə qeyd edilir. Şəhərin adına II əsrdə yaşamış məşhur
yunan alimi Ptolemeyin əsərində başqa şəkildə
rast gəlmək mümkündür.
Şabran
şəhərinin salınması yazılı mənbələrdə
əsa-sən Sasani hökmdarı Xosrov Ənuşirvanın
adı ilə bağlansa da, etnoqrafik, toponimik və bir sıra
yazılı mənbələrə istinad edən tədqiqatçılar
onu hunlara mənsub sabar-subar-Sabir tayfalarının adı ilə
əlaqələndirib əvvəlcə Sabiran (“Sabirlər
ölkəsi”), daha sonra isə Şabran şəklində
işlənməsi qənaətinə gəlmiş,
yaşayış yeri kimi şəhərin əsasının
bizim eradan əvvəl I minilliyin ortalarında qoyulduğunu
ehtimal edirlər.
XII əsrdə yaşamış ərəb
tarixçiləri İbn Xordabeh və Əl-İdrisi xəbər
verirlər ki, Sasani hökmdarı Xosrov Ənuşirvan Əş-Şabran
və başqa şəhərləri saldırdı.
Orta əsrlərin digər ərəb tarixçisi
İbn Əl-Əsir özü-nün məşhur “Əl-Kamil
fit-tarix” kitabında yazır ki, Qubad öldükdən sonra Ənuşirvan
onun yerinə keçərək padşah oldu,
onun-atasının işlərini daha da qüvvətləndirdi. Ənuşirvan
Fərqanə və Əl-Bərcanda müharibə etdikdən
sonra qayıdıb Şabran və bir sıra başqa şəhərləri
bina etdirdi.
“Kitabi-məsalik
ül-məmalik” əsərinin müəllifi, IX əsr məşhur
ərəb coğrafiyaçılarından İstəxri və
İbn Hövqəl isə Azərbaycanın Şamaxı,
Beyləqan, Qəbələ və s. şəhərləri
ilə yanaşı Şabranın da gözəl, geniş və
məhsuldar yararlı torpaqlara malik olduğunu yazırlar.
Əl-İdrisi
(1154-cü il) özünün
“Coğrafiya” kita-bında və tərtib etdiyi xəritədə
Arranın və Şirvanın əsas şəhərləri
sırasında Əş-Şabranı qeyd edir.
“Əcayib-ad-dünya” adlı kitabında isə ərəb
müəllifi Şirvan və Tiflis arasında “çox əlverişli”
yaşayış məntəqəsi olan Şabrandan bəhs
edir ki, “onun əsas istehsal malı ipəkdən ibarətdir”.
“Hüdud – əl-Ələm” ə görəsə
(982-83-cü illər) Şabran (Şaburan) Şirvanın
inzibati mərkəzidir və dənizə yaxın, əlverişli
bir yerdə yerləşir.
XIII əsrin yazılı mənbələri içərisində
Azərbaycanın bir çox şəhərlərini
qısaca şəkildə xarakterizə edən Yaqut Həmavi
“Coğrafiya lüğəti” adlı əsərində
Şabrandan da söhbət açır.
İstəxri və Yaqutinin (təqribən 930-cu illər)
əlyazmalarında isə deyilir ki, “Xəzər dənizinin
sahilində kiçik, lakin çox möhkəmləndirilmiş
Şabran şəhəri yerləşir”.
Müqəddəsi (təqribən 985-ci illər)
Şabran haqqında belə məlumat verir ki, o, düzəngahda
yerləşir, böyük şəhərdir, tikililəri
daşdandır, bazar meydanında məscid yerləşir, ətəyindən
çay axır.
Ötən əsrin görkəmli alimlərindən
akademik A.Y.Krımski özünün “Nizami və müasirləri”
kita-bında Şabranın mərkəzi şəhər
olduğunu, yalnız orta əsrlərdə əhalisinin seyrəldiyini,
paytaxtın öz əvvəlki gurluğunu itirdiyini göstərir.
IV. Axtarışlar, tapıntılar
Şabran şəhərində aparılan arxeoloji
qazıntı işlərinə əsasən tədqiqatçılar
dörd tikinti dövrünü aşkara
çıxartmışlar.
III əsrdən başlayan birinci dövr VIII əsrədək
davam edir. İkinci dövr XI-XIII, axırıncı dövr isə
XIV- XVIII əsrləri əhatə edir.
Şabranda aparılan arxeoloji tədqiqatlar burada mədəni
təbəqənin qalınlığını ayrı-ayrı
sahələrdə müxtəlif olduğunu göstərir.
Arxeoloji qazıntılar Şabran şəhərinin bir
vaxt Azərbaycanın inkişaf etmiş iqtisadi-siyasi-mədəni
mərkəzlərindən biri olduğunu sübut edir. Yüksək
şəhər mədəniyyətinə məxsus olan
Şabranda sənətkarlığın müxtəlif sahələri-dulusçuluq,
dəmirçilik, misgərlik, zərgərlik, dabbaqlıq,
tikinti quruculuğu, hərb sənəti yüksək
inkişaf etmişdi. Əlverişli təbii-coğrafi
mövqedə yerləşməsi burada iqtisadiyyatın, xalq təsərrüfatının
geniş sahələrinin inkişafına şərait
yaratmışdı.
Bunu elə tədqiqatlar zamanı əldə edilən
maddi-mədəniyyət nümunələri də sübut
edir.
Aşkar
edilən xüsusi formalı təsərrüfat quyuları, dənəzənlər,
üzüm şirəsi sıxmaq üçün daşlar,
kirkirələr, vəl hissələri, oraq, çin, dəhrə
və s. təsərrüfat alətləri, arxeoloji qazıntılar
zamanı Şabranda çörək bişirmək, meyvə
qurutmaq və evləri qızdırmaq üçün
ayrı-ayrı təndirlər aşkar olunmuşdur. Şabranda taxılçılığın,
çəltikçiliyin, üzümçülüyün
inkişaf etdiyini göstərir.
Şabranda istehsal edilən kənd təsərrüfatı
məhsul-ları əsasən satış üçün
hazırlanır, qonşu ölkələrə ixrac olunurdu.
XVI əsrdə
Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streysin qeyd
etdiyi kimi, Şabranda başqa yerlərə nisbətən
ucuz, keyfiyyətli və əla növ düyü
yetişdirilməsi, ingilis dənizçisi – taciri Cenkinsonun isə
buradan ucuz ipək alıb gəmilərə yükləyərək
Həştərxana yola düşmələri Şabranda
çəltikçiliyin və
baramaçılığın ənənəvi təsərrüfat
sahəsi kimi yüksək inkişafından xəbər verir.
XIII əsr farsdilli “Əcayib əd-Dünya” adlı mənbədə
də Şirvan və Tiflis şəhərləri arasında
yerləşən, zəngin sərvətli Şabranın əsas
məhsulunun çoxlu ipək olduğu göstərilir.
XVII əsr məşhur türk səyyahı və
tarixçisi Övliyya Çələbi Şamaxı paytaxt
olanadək Şirvanşahların baş şəhəri
olmuş Şabranda orta əsrlər dövründə
istehlakın böyük ehtiyac olan qırmızı boya-manera
bitkisi becərilməsi haqqında məlumat verir. Əbdürəşid
əl-Bakuvi isə Şabranda yetişdirilən bu boyaq otunun
başqa ölkələrə ixrac olduğunu yazır.
Şabran ulu tariximizin uzun bir dövründə
şimaldan-cənuba və cənubdan şimala olan bütün
hücumlar, döyüş və basqınlar zamanı əsas
dayaq meydanına çevrilmiş, savaşların
bütün ağırlığı məhz
şabranlıların üzərinə
düşmüşdür.
Lakin qanlı-qadalı müharibələrin
ağrı-acısına baxmayaraq, Şabranın mövcud
olduğu tarix boyu bura-da sənətkarlıq yüksək səviyyədə
olmuşdur.
Şabran sənətkarlarının fəaliyyəti
çox geniş bir sahəni əhatə edirdi. Şəhərdə
dulusçuların sayı daha çox olub, şəhər
dulusçuları hazırladıqları qablara öz
möhürlərini vururmuşlar və bu möhürlərə
əsasən də tədqiqatçılar Şabranda 14 məşhur
dulusçuluq emalatxanası olduğunu ehtimal edirlər.
Şabranda aşkar olunan saxsı məmulatlar dörd
dövrü əhatə edir.
III-VIII əsrlərə aid olan saxsı qablar əsasən
əldə formalaşdırılmış və
şirsizdirlər.
İkinci dövr-IX-XI əsrlərə aid əşyaların
hazırlanması texnikası isə nisbətən təkmilləşir
və anqoblu (astarlı) monoxrom (yaşıl və qəhvəyi
rəngli) şirli qablar meydana çıxır.
XI-XIII əsrlərə aid dulusçuluq məmulatları
içərisində isə kaşılar, su tüngləri,
nəbati heyvan və insan təsvirləri ilə bəzədilmiş
saxsı qablar, fayans əşyalar, möhürlü,
inkrustasiyalı saxsılar, zoomorf əşyalar
üstünlük təşkil edir.
Dördüncü tikinti dövrünün-XIV-XVIII əsrlərin
saxsı məmulatları içərisində isə
artıq zoomorf əşyalara təsadüf olunur, çoxrəngli
saxsı qablar daha çox diqqəti cəlb edir.
Şabranın müxtəlif tarixi dövrlərə aid
aşkar olunub tapılan şirli və şirsiz qabların
növləri çox müxtəlifdir. Qazıntılar zamanı
üzə çıxarılan təsərrüfat küpləri,
nehrə, sərnic, bardaq, kuzə, süddan tipli qablar, küpə,
bərni, dolça, stəkanabənzər əşyalar, silbic,
aftafa, manqal, qazan, çörək təknəsi, boşqab,
xeyrə-bulud, kasa, piyalə, nəlbəkivari qablar, duz
qabları, şamdan, çıraqlar və s. dulusçuluq məmulatları
həm də tariximizin maraqlı maddi-mədəniyyət
nümunələridir.
Şabran dulusçuları məişətdə
işlədilən müxtəlif təyinatlı əşyalarla
yanaşı gildən bəzək əşyaları da
düzəldirlər. Üzüklər, muncuqlar, düymələr
onların hazırladığı maraqlı əl işləridir.
XIV-XVII əsrlərə aid bəzək əşyaları
içərisində mavi rəngli muncuqlar, o cümlədən
gözmuncuqları, üzüklər daha çox
üstünlük təşkil edir.
Orta əsrlər Azərbaycan tarixinin görkəmli tədqiqatçılarından
biri olan Sara xanım Aşurbəyli Şabranı ölkənin
digər şəhərlərini də öz məhsulları
ilə təmin edən iri saxsı istehsalı mərkəzlərindən
biri hesab etməkdə haqlı idi.
Şirvanşahlar dövlətinin tarixinin bir çox
maraqlı səhifələri Şabranla bağlı olub, XI əsrdə
Şirvanşahların ailə sərdabələri bu şəhərdə
yerləşib və Şirvanşah Yezid ibn Əhməd və
qızı Şəmkiyə burada dəfn ediliblər.
Qızıl Orda xanı Toxtamışla
döyüşdə zəfər çalan Teymurləngi
Şabranda qarşılayan Şirvanşah İbrahim öz rəqibi
üzərində qələbəsinə görə
qalıb hökmdarın şərəfinə böyük bir
ziyafət verir.
Bir qəmli məkan-Şirvanşahların mərkəzi
zindanxanaları da uzun müddət Şabran şəhərində
yerləşib və şahlıq üçün xüsusilə
təhlükəli hesab edilən dustaqlar da məhz bu
zindanxanalarda cəzalarını çəkməli olublar.
V. Əcnəbi səyyahlar
Şabranda
Yurdumuz həmişə qonaq-qaralı olub. Xoş niyyətlə
torpağımıza ayaq basanları duz-çörəklə
qarşılamışıqsa, düşmənin
qabağına silahla çıxmışıq.
Kraliça Yelizaveta Tudorun hakimiyyəti illərində
İngiltərənin Səfəvilər dövləti ilə
ticarət əlaqəsi yarat-maq üçün Təbrizə
gələn nümayəndələri 1562-ci ildə gəmi
ilə Şabran şəhərində sahilə yan
almışlar.
Elə həmin yüzillikdə Hollandiya dənizçisi
Yan Streys də bu şəhər haqda maraqlı məlumatlar
qoyub getmişdir. O, Şabranda “son dərəcə yaxşı və
ağ düyü” olduğunu qeyd edir. Şabran
şəhərinin qədim zamanlarda sədlə əhatə
olunduğunu, burada hətta “vaxtı ilə Makedoniyalı
İskəndərin qoşunları üçün
çörək bişirilən təndirlərin
qalıqlarını gördüyünü” söyləyir.
Xəzər
sahilindəki bu limandan bəhs edən dövrü-nün
tanınmış alimi, XVI əsr Almaniyasında olan xırda
feodal dövlətlərindən birinin – Holşteyn Hersoqunun
sarayında çalışan Adam Oleari isə yazır: “ Şabran təmiz bir şəhərcikdir,
orada biz limana-sahilə yan almışdıq, dənizin sahilində
yerləşir”.
XVII əsrin
məşhur türk səyyahı və tarixçisi
Övliya Çələbinin verdiyi məlumata görəsə,
Şabranda 70 məhəllə, hər məhəllənin də
öz məscidi olmuşdur. Çələbinin
yazdığına görə, Şabran öz saf havası və
şirin suyu ilə Təbrizdən sonra ikinci şəhər
hesab olunurdu. O, şəhərin memarlıq abidələrindən,
xüsusi ilə Toxmaq xan , Əfşar xan, Uzun Həsən məscidlərindən
söz açır, onları bir memarlıq abidəsi kimi
yüksək qiymətləndirir.
VI. Qaynaqlar nələr deyir ...
Fəzlullah
Rəşiddin “Cami Ət-Tavarix.
(“Tarixlər
toplusu”-XIII əsr)
“Oğuz
Dərbənd vilayətindəki işlərini
tamamladıq-dan sonra Şirvan və Şamaxıya elçi
göndərib bu xəbəri verdi: “Buraya
gəldiyimizi hər halda eşitmiş olacaqsınız. Vardığımız hər bir ölkə bizdən
nə əmr edilmişsə yerinə yetirdi. Keçdiyimiz yerlərdə
almadığımız bir ölkə, boyun əyməyən
və itaət yolunu tutmayan bir hökmdar qoymadıq qalsın.
Əgər indi siz öz istəyinizlə bizə
el olursunuzsa, cavab göndərərək qulluq göstərməyiniz
gərəkdir. Yox, əgər
dikbaşlıq və üsyanda inad edəcəksinizsə,
savaşa hazır olun. Biz də bu
elçilərin həmən ardınca gəlirik.
Bu xəbər onlara
yetişincə, Oğuzun elçisinə hər cür
hörmət göstərdilər. İtaət
və qulluq yolunu tutub hədiyyə olaraq doqquz qır at
göndərdilər. Oğuz Şamaxıya
gəlib 14 gün orada qaldı. O günlərdə
Şaberan əhalisi xəzinə vergisini gətirib ödədi
...”
Əl-Kufi. “Kitab Əl-Fütuh”.
926-cı ildə ölmüş ərəb
tarixçisinin bu əsərində hadisələr xəlifə
əl-Müstainin hakimiyyətinin sonu-nadək izlənilmişdir. (632-866-cı
illər).
“Salman ibn Rəbiyyə və İran əhalisindən
onunla olanlar ... Şirvan torpaqlarına yaxınlaşıb
düşərgə saldılar. Şirvan hakimini
çağırıb onunla təzminat vermək şərti
ilə barışıq bağladılar. Sonra
Şirvandan hərəkət edərək Şabran və
Maskata çatdılar. Bundan sonra o, dağlardakı
hakimlərin (mülük əl–cibal) yanına öz
elçilərini göndərərək onları yanına gəlmək
üçün dəvət edir, onlar hamısı ona pul, hədiyyələr
gətirərək, hər il məlum təzminat
verməyə razılaşırlar. Bütün bunlara o da
razılığını verdi”.
Oktay
Xalq Cəbhəsi.-
2013.- 29 mart.- S.14.