Ailədaxili münaqişələrin uşaqlara mənfi təsirləri

 

«Gərginlik yaşanan ailələrdə uşaqlar arasında intihara cəhd halları artıb»

 

İnsanın həyat eşqinin yüksək olması onun ailədaxili münasibətlərinin normal olmasından xəbər verir. Ailə daxilində yaşanan münaqişələr stress yaradan böhranlarla yekunlaşır ki, bunun da nəticələri bir çox hallarda acınacaqlı olur. Adətən valideynlər arasındakı münaqişələrdə ən çox əziyyət çəkən uşaqlardır. Mütəxəssislərin bildirdiyinə görə, ata-ana arasındakı çəkişmələrdə uşağın vəziyyətinə dair ümumilikdə iki yanaşma var: birinci yanaşmaya görə, evin içərisində və uşağın gözü qarşısında baş verən münaqişələr uşaq üçün travmatikdir. Məhz bu səbəbdən uşaq yanında münaqişədən, mübahisə etməkdən çəkinmək lazımdır. Belə ki, mübahisələrə şahid olan uşağın yaşadığı hisslər onun şəxsiyyətinə və gələcəkdəki münasibətlərinə neqativ yönümdə təsir edir.

Digər yanaşmaya görə isə böyüklərin mübahisələrinə şahid olan uşaq bu münaqişələrin həyatın bir hissəsi olduğunu öyrənər və barışıqla nəticələnən bir mübahisədən dəyərli bir həyat dərsi alar. Gələcək həyatında gərginlik yaşayan vaxtlarda tez həyacanlanan və narahatlıq keçirən bir şəxsiyyət inkişaf etməz və münaqişəni təbii bir hadisə kimi qəbul edər.

Əslində bu iki nöqteyi-nəzər bir-birinə heç də əks deyil. Əksinə, hər ikisi bir-birinin tamamlayıcısıdır. Hər münasibətin öz gerçəkliyi daxilində arabir bu anlayışlardan biri digərinə nisbətən daha funksional və ya zərərverici ola bilir. Ata-anaların münasibətlərini başa düşmək üçün ilk növbədə keçişə baxmaq lazımdır. Evlənmə qərarı almış şəxslərin münasibətlərinin möhkəmliyi sonrakı həyatlarında da vacib təsirə malikdir. Evliliyin insan həyatındakı dəstəkləyici və müsbət xüsusiyyətlərindən başqa, öz təbiətindən qaynaqlanan bəzi çətinlikləri də var. Bu çətinliklər tərəflərarası münasibətlər sistemində yaşanmaqla bərabər, daha rəsmi qeydiyyatlı bir münasibət olan evlilikdə özünəməxsus formada daha qabarıq üzə çıxır. İnsanların həyat döngələri olduğu kimi münasibətlərin də həyat döngələri var. Evli olmaqdan ailə olmağa keçid qadın və kişi üçün həyat döngəsində vacib mərhələdir. Ər-arvadın uşaq sahibi olaraq ailə olmağa keçidi eyni zamanda evlilik münasibətləri ilə necə əlaqə qurduqları ilə sıx bağlıdır. Uşaq sahibi olmağa qərar vermək münasibətin fərdi olaraq necə yaşanıldığı və qavranıldığı ilə əlaqədardır. Hamiləliyin ixtiyari olması və ya olmaması, münasibət daxilində anadan olacaq uşağa və yoldaşa necə yer verildiyi, daha sonrakı münasibət ailə böhranlarında vacib bir yer tutur. Uşağın dünyaya gəlməsi ilə birgə münasibəti formalaşdırma cəhdlərimiz (artıq uşaqlı bir qadınsan və ya kişisən, bəzi məsələlərdə daha diqqətli, məsuliyyətli olmalısan!), öz ailə sistemlərimizdən evlilik daxilinə şamil etdiyimiz fərdi inam sistemlərimiz (bizim evdə belə idi, uşaq da belə böyüyəcək!) və s. ailə olmağın ilk böhran nöqtələridir. Azyaşlı uşağın maddi və mənəvi ehtiyaclarının ödənilməsində tez-tez çətinlik yaşanıla bilər. Ata-ana arasındakı münaqişələr müxtəlif səbəblərdən ola bilər. Uşağa dair öhdəliklər, uşağı böyütmə, tərbiyələndirmə barəsində ziddiyyətlər, ər-arvad münasibətindəki problemlər, bu problemlərlə bağlı olaraq meydana çıxan alkoqolizm, qumar, iqtisadi çətinliklər, münasibətdə fərdiləşmə (tənhalıq) həddən artıq qısqanclıq kimi bir çox səbəblər mübahisəyə yol açır. Adətən mübahisələr psixoloji auranı ağırlaşdırır. Bəzi hallarda emosional və ya fiziki şiddət belə tətbiq olunur. Bəzən bu mübahisələr keçici ayrılıqlara gətirib çıxara və tərəflərdən biri evi tərk edə bilər. Bəs valideynlər arasında olan mübahisələr zamanı uşaqlar hansı hissləri yaşayır? Mütəxəssislərin bildirdiyinə görə, bu qorxu, narahatlıq, əlacsızlıq, nifrət, qəzəb hissləridir. Fiziki şiddət, yüksəlmiş səs tonu və gərginlik mühitində uşaq ilk olaraq qorxunu yaşayır. Körpə başa düşə bilmədiyi səbəblərdən ötrü ata-anasının bir-biri ilə mübahisə etmələrinə görə özünün və ya valideynlərinin zərər çəkəcəklərindən qorxur. Mübahisə zamanı qulaqlarını tutar, qışqırar, yataqdadırsa yorğanın altına girib ağlaya bilər. Əgər səsini eşitdirə bilsə, qorxduğunu və mübahisə etməmələrini söyləyə bilər.

Uşaqda narahatlıq hissi isə qeyri-ixtiyari, şüursuz bir prossesdə ifadə oluna bilər. Uşağın məktəb həyatında, dostluq münasibətlərində problemlər üzə çıxar. Məktəb dostları ilə tez-tez mübahisələr edər, kənardan sakitliyi pozan bir təsəvvür yaradar, diqqəti yayınar, dərslərinə maraq və uğurları azalar. Yuxu rejimi pozular, gecə qorxuları artar, öz otağında yatan uşaq ata-anası ilə yatmaq istəyə bilər. Bu davranışları ilə uşaq qapalı şəkildə ata-anasının mübahisələrinin qarşısını almağa cəhd edər. Bu davranışların əsasında duran əsl narahatlıq isə uşağın özünün varlığı ilə bağlı narahatlıqdır.

Uşaqlar həyatlarını davam etdirmək üçün böyüklərə möhtac olduqlarını bilirlər. Bu şüursuz bir bilim halıdır və təkcə maddi bir həyat narahatlığı deyil. Uşaqlar yaşamaq üçün fiziki qayğı qədər sevgi, ünsiyyət, mənəvi olaraq qorunmağa ehtiyac duyurlar. Ata-ananın davamlı münaqişələrinin uşaqda şüursuz olaraq xəbərdarlıq etdiyi ilk narahatlıq həyat-ölüm narahatlığıdır. Uşaq yuxarıda saydığımız davranışlarla ata-anasını münaqişələrini nəzarət altına almağa çalışaraq əslində öz varlığını qorumağa çalışır.

Digər bir duyğu isə günahkarlıqdır. Uşaqlarda günah hissinin meydana çıxması psixodinamik inkişafın erkən mərhələlərinə təsadüf edir. Qayğı göstərən anaya bütövlükdə sahib olmaq istəyən uşaq bunu fiziki olaraq qeyri-mümkün olduğunu görəndə anaya qarşı ikili — ziddiyyətli hisslər yaşayar. Həm onu çox sevər, həm də ona həmişə aid olmadığı üçün anaya qəzəblənər. Bu hirslə fantaziyasında (xəyal dünyasında) anasına cəza verər. Bu cəzalandırmalara baxmayaraq ananın kifayət qədər yaxşı və qayğı göstərən valideyn olması günahkarlıq hissini formalaşdırır. Bu səbəbdən də uşaqda günahkarlıq hissinin izlənilməsi vacibdir. Özünü günahkar hiss edən uşaq bu günahı əfv etdirməyə çalışar və böyüklərin münaqişə səbəblərini dərk edə bilmədiyi üçün üst-üstə səhvlərə yol verərək özünü daha da pis hiss edər və bir sıra döngələr yaşayar. Digər hisslər isə çarəsizlik və görməzlikdən gəlmək səyidir. Bu hisslərin çoxluğunda uşaq ya baş verənləri görməzdən gəlməyə çalışar, ya da depressiv bir vəziyyət yaşamağa başlayar. Necə reaksiya verəcəyi ilə bağlı qərarsızlıq yaşayar. Verəcəyi reaksiyanın mümkün nəticələrini qabaqcadan təxmin edə bilməz, çaşqın və ürkək bir halda donub qalar.

Əgər ata-ana mübahisəni ər-arvadın soyuqqanlı olmağı ilə müəyyən həddlər daxilində qalırsa, uşaq bu mübahisələrdən müsbət şeylər də öyrənə bilər. Ata-ana arasında fikir ayrılığının olması və bununla əlaqədar olaraq onun müzakirə olunmasını görmək uşaq üçün faydalı ola bilər. Baş verən konfliktlər haqda uşağa izahatın verilməsi konfliktlər zamanı uşağın bunları normal, təbii vəziyyət kimi qəbul etməsinə kömək etməkdir. Dünyanın təkcə xoşbəxtlik və həzzdən ibarət olmadığını dərk edər və bu vəziyyətləri təbii qarşılayar. Beləliklə, xoşagəlməyən vəziyyətlərə qarşı dayanıqlılığı yüksələr və hər mübahisədə tez təsirlənməz. Uşaqlar bir çox müsbət və mənfi hissləri ailə daxilində yaşayıb öyrənər və təkcə sevginin, sevincin deyil, qəzəb və hirslənmənin də təbii ifadələr olduğunun fərqinə vararlar. Təbii ki, qəzəb və hirsin mübahisədə necə göstərildiyi də vacibdir.

Mübahisələr hər nə qədər spontan formalaşsa da, ata-ana bu tip vəziyyətlər üçün əvvəlcədən öz aralarında danışır, mümkün olan dərəcədə baxacaqları bir yol xəritəsi hazırlaya bilərlər. Ər-arvad uşaqlarının yanında ikən dərinləşmə ehtimalı yüksək olan münaqişələrdən uzaq durmağı seçə bilərlər. Uşaqların öz vəziyyətləri ilə bağlı olaraq narahatlığa düşə biləcəkləri və başa düşməyəcəkləri maddi mövzular onların yanında müzakirə olunmaya bilər. Evi dəyişdirmə, köçmə, boşanma, yaxın insanlardan birinin vəfatı, məcburi səyahətlər, işlə əlaqədar şam yeməyi və digər mövzulardakı mübahisələri isə ər-arvad müəyyən sərhədlər daxilində tutmalı, bu mövzuyla bağlı fikirlərində bir ortaq nöqtə tapdıqlarında münaqişə səbəbləri və nəticələrini yaşına uyğun şəkildə uşaqla bölüşməlidirlər. Uşaqla bağlı digər bir mübahisə uşağı böyütmə, tərbiyələndirmə ilə bağlı fikirlərindəki fərqlilikdən yaranar və bir valideynin etdiyinə digəri müdaxilə edə bilər. Bu vəziyyətlərdə əksər hallarda uşaq hansı valideynin davranışı ona sərf edirsə, ona üstünlük verir. Bu üstünlük pis niyyətli deyil və insan varlığının təbiətində var. Uşağı böyütməklə bağlı fikirlərdən meydana çıxan mübahisələr valideynlər arasında həll ediləndən sonra uşağa da yaşına uyğun şəkildə anlatılmalıdır. Uşaq yanında böyüyən mübahisəyə xüsusi bir işarə ilə fasilə verilə bilər. Dörd yaşındakı uşaqla yeniyetməyə ediləcək açıqlama təbii olaraq fərqli olacaq. Yaş və inkişaf xüsusiyyətləri nəzərə alınaraq ediləcək açıqlamalar, bəzən qanedici olmasa belə ən azından uşağa öz sual-cavabları ilə tək qalmağa imkan vermir. Əgər bütün görülən tədbirlərə baxmayaraq uşaq xoşagəlməz mənzərinin şahidi olursa, valideynlər uşağı olduğu mühitdən bir müddət uzaqlaşdıraraq gərginliyi azalda bilər.

İngilis psixoanalisti Fairbainin dediyi kimi mübahisə edib, həm də ruhi sağlamlığı qorumaq heç də həmişə asan deyil.

Əgər bu dinamik prosesdə münasibəti davam etdirmək və qorumaq nöqtəsində çətinlik çəkirsinizsə, aranızdakı mübahisələr sizin və uşağınızın psixi sağlamlığına neqativ yöndə təsir etməyə başlayıbsa, bildiklərinizə baxmayaraq buna mane ola bilmirsinizsə, o zaman psixoloqa müraciət edin.

Yeri gəlmişkən, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova 12-13 yaşlı uşaqlar arasında valideynlər arasındakı münaqişələri yatırmaq və onları barışdırmaq üçün daha təhlükəli üsula əl atdıqlarını söyləyir. Belə ki, son zamanlar gərginlik yaşanan ailələrdə uşaqlar arasında intihara cəhd halları artıb. Mətanət Əzizovanın bildirdiyinə görə, əslində bu intihar yox, bir oyundur. Belə ki, ailələrində gərgin münaqişələrin və boşanmaların qarşısını almaq üçün uşaqlar bir çox hallarda özlərinə xəsarət yetirərək diqqətləri üzərlərinə cəlb etmək və beləliklə də valideynlərinin bundan sonra mehriban yaşamasının təmin edəcəklərini düşünürlər: «Bunlar əsasən valideynləri boşanan və ya ayrılmaq ərəfəsində olan uşaqlardır. Bu uşaqlar bundan sonrakı həyatlarını necə olacağını bilmir və buna görə narahatlıq keçirirlər. Əsas sualları isə nə etmələri ilə bağlı olur. Ən dəhşətlisi bu uşaqlar arasında intihara əl atmaqla valideynlərini qorxutmaq istədiklərini bildirənlərin sayının çox olmasıdır. Ailəni bir yerdə saxlamaq üçün olduqca təhlükəli bir ssenari yazırlar və heç kəs zəmanət verə bilməz ki, oyun kimi düşünülən bu ssenarinin nəticəsi faciəvi olmayacaq».

 

 

  Ülviyyə Tahirqızı

 

  Xalq Cəbhəsi.-2013  .- 3 may.-S.13.