Türkiyədə aşıq poeziyası və dastanlar

 

Pir Sultan Abdal öz dövründəki kəndli üsyanlarına çoxlu şeirlər həsr edib

 

Orta yüzillərdə Türkiyədə aşıq poeziyasının aşıq poeziyası güclü inkişafda idi. Aşıq poeziyasının aparıcı şəxsiyyəti Pir Sultan Abdal (1510 — 1590) Sivasın Banas kəndində doğulub. Araşdırmaçı Ramil Əliyev bildirir ki, o, bir sənətkar kimi bəktaşi, ələvi təriqətlərində çox sevilib. Onun həyatı, aşıq ədəbiyyatında mövqeyi haqqında məlumatlar azdır: «Onun haqqında məlumatları yaradıcılığından və ona həsr edilmiş rəvayətlərdən alırıq. Bu məlumatlara görə onun əsil adı Qoca Heydərdir, gəncliyində çobanlıq edib. Güney Azərbaycanın Xoy qəsəbəsindən Sivasa gəliblər. Onun harada təhsil alması da məlum deyil. Rəvayətə görə, Yıldız dağının ətəyində qoyun otararkən onu yuxu tutur, bir nurani kişi əlində tutduğu piyaləni Heydərə içirir. Onun əlindən almanı alarkən nuraninin ovcunda yaşıl xal görür, onun Hacı Bektaş Vəli olduğunu anlayır və əllərindən öpür. Qoca ona «Adın Pir Sultan olsun. Adın dörd tərəfə yayılsın. Sazının üstünə saz, sözünün üstünə söz olmasın. Adını mən verdim, yaşını Tanrı versin» deyir və qeyb olur. Heydər bu yuxudan oyana bilmir, axşam onun evə gəlmədiyini görüb axtarıblar, ağacın dibində yatmış, ağzı köpüklənmiş, üzündə də nur görürlər. Onun pir əlindən piyalə içdiyini bilib saz verirlər. O, sazı alır, əhvalını onlara başa salır. Bundan sonra söyüd ağacının qarşısındakı böyük bir daşın üzərində oturub saz çalarmış. Şah İsmayıl Xətayi də onun sufi şeirlərini çox sevib. Pir Sultan Abdal öz dövründəki kəndli üsyanlarına çoxlu şeirlər həsr edib. Sultan titulunu ona Şah İsmayıl verib. Onun Seyd Əli, Pir Məhəmməd, Ər Qalib adlı üç oğlu, Sənəm adlı qızı varmış. Pir Məhəmməd atdan yıxılıb öldüyü üçün Pir Sultan bu dərdə dözə bilməyib. Onun Şah Xətaiyə yaxınlığı, ələvilərin hərəkatına qoşulması, Şah Təhmasibi təbliğ etməsi Sivas valisi Xızır Paşanın xoşuna gəlmir, 1588 və ya 1590-cı ildə dar ağacından asılır. «Dar ağacı dibində vəsiyyət», «Katib, əhvalımı şaha belə yaz» şeirləri inadından dönmədiyini göstərir».

Onu ilk dəfə elm aləminə tanıdan prof. Fuad Köprülü olur. Onun şeirlərindən səkkizini 1920-ci ildə Dərviş Ruhullah nəşr etdirdiyi kitaba daxil edib, sonra Besim Atalay 17 şeirini öz kitabında verib. Şairin öz kitabı 105 şeir olmaqla 1929-cu ildə Sadəddin Nüzhət tərəfindən çap olunub. O, heca vəznində çoxlu şeirlər yazıb, bu şeirlər ən çox qoşma və gəraylı (səmai) şəklindədir, ən azı 3 bənd, ən çoxu 12 bənddən ibarətdir. Onun çoxlu deyişmələri də var.

Türk aşıq poeziyasının ustad şairi kimi Qaracaoğlan (1606 -1679) aşıq ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. O, 1606-cı ildə anadan olub, onun 1676 və ya 1679-cu ildə vəfat etməsi haqqında müxtəlif fikirlər söylənilir. V.V.Radlovun verdiyi məlumata görə o, Belqradda anadan olub, adı İsmayıl, sevgilisinin adı İstemi Sultandır. Sadəddin Nüshət Ergün də Qaracaoğlanın Sultan Süleyman Qanuni (1520 — 1566) dövründə yaşadığını qeyd edir. Onun həyatı haqqında əfsanələr dolaşmaqdadır: «Şair yeniçəri ordusunda xidmət edib. Onun məhəbbət və qəhrəmanlıq şeirləri qalıb. Xalq şeirinin «qoşma» şəklində şeirlər yazıb. Deyildiyinə görə, onun 500-dən artıq şeirinin 322-si qoşmadır. Onun yaradıcılığında qoşma, varsağı, səmai daha çoxdur. Varsağı şeir şəklinə daha çox Qaracaoğlanın yaradıcılığında rast gəlinir. Onun ustadnamələri də məşhurdur. Şairin yaradıcılığına didaktika hakimdir. Qaracaoğlan aşıq ənənələrinə uyğun olaraq sazı və sözü ilə Osmanlı imperiyasının Konya, Kayseri, Mardin, Karaman, Adana, Diyarbəkir, Hələb, Misir, Ankara, Tokat kimi yerlərini kənd və yaylalarına qədər gəzib dolaşıb, hər yerdə öz aşıqlıq və şairlik gücünü göstərib. O, şeirlərində adının Hasan, Halil, təxəllüsünün isə Qaracaoğlan olduğunu qeyd edir. Onun şeirlərində zəmanədən şikayət motivləri üstünlük təşkil edir. Şair-aşıq təbiət vurğunu olub».

Dastanlar millətin milli qəhrəmanlıq tarixinin mənzum hekayələridir: «Bu qəhrəmanlıq dastanları millətlərin tarixdən öncəki dövrlərini əks etdirir. Son dərəcə hərəkətli və zəngin bir həyat yaşayan türk boylarının müxtəlif dastanlar yaratması təbii bir prosesdir. Miladdan öncə başlayan və yazıya köçürülə bilən dastanların günümüzə gəlib çatanları çox azdır. XIX əsrdən başlayaraq avropalı türkoloqlar və türkiyəli tədqiqatçılar bu dastanlardan bəzilərini ağızlardan toplayaraq yazıya köçürüblər. Dastanlar millətlərin böyük işlər görmək üçün özlərini dərk edib, müxtəlif sosial və tarixi səbəblərlə uzlaşdırdıqları milli mənliklərinə dönmələrində, yenidən böyük millət olmaq, azadlıq və istiqlaliyyətlərini qorumaq üçün ayağa qalxmalarında özünü bir daha göstərir. Türk ədəbiyyatının XV əsrinin ən qiymətli xalq ədəbiyyatı məhsulları Osmanlı dastanlarıdır. Bu dastanlar Osmanlı imperiyasında bir neçə böyük zəfər və qəhrəmanlıq səhifələrinin xalq arasında oyatdığı təsirin yaşantıları olub, xalq ruhunda yazılıb. Bu dastanların əskidən qeydə alınmış variantları xalqın hafizəsində yaşayır, ən qədim dastan xatirələri ilə birləşərək təşəkkül tapıb. Məsələn, Osmanın röyasından danışan dastanda rast gəlinən ağac, bulaq, qılınc, ay, yada daşı, üzük və s. türk dastanlarında rast gəlinən milli dastan ünsürləridir. Bu dövrdə yayılan türk dastanları içərisində «Türk məzarı», «Osman Qazinin röyası», «Biləciyin fəthi», «Rum elinə keçiş», «Satuq Buğra xan» ən məşhurlarıdır. «Türk məzarı» dastanı Kayı xanlı boyunun Anadoluya gəlişini anladır. Dastana və tarixə görə Kayılar Çingiz xan dövründə Xorasandan Anadoluya doğru gəlirlər. Çingiz xanın ölümü ilə onlar ana yurdlarına qayıdırlar. Orada təsvir olunur ki, Süleyman Şah Qazi və onun dəstəsi Rum elində qalmaq istəmədi, onlar Türküstana qayıtdılar. Hələb vilayətinə çatdılar. Caber qalasının önünə gəldilər. Fərat çayını keçmək istədilər. — Çayı necə keçək? — deyə Süleyman şahdan soruşdular. Süleyman şah atını çaya vurdu. At sürüşdü, Süleyman şah çaya düşdü. Xəstələndi, öldü. Onu Caber qalasının önündə dəfn etdilər. Bu məzara «Məzar-i türk» deyirlər. Süleyman şah öləndən sonra Kayılar arasında fikir ayrılığı başlandı. Bir qismi Xorasana, bir qismi Suriyaya və Şama, bir qismi isə Ərtuğrul və qardaşı Dundar bəyin başçılığı ilə Anadoluya gəldilər. Onlar yolda başqa qoşunlarla üzləşdilər. Ərtuğrul «Hey igidlər, cəngə tuş gəldik. Qılınc götürün. Arvad kimi keçib getmək igidlik deyil. Qalibə kömək edək, yoxsa məğluba?» — dedi. Məğluba kömək etmək istədilər. Müharibəyə girdilər və qalib gəldilər. Kömək etdikləri ordu Səlcuq sultanı Əlaəddinin ordusu imiş. Buna görə də Səlcuq sultanı kayılara Soğut vilayətini qışlaq, Domaniçi yaylaq olaraq verdi. Türk məzarında uyuyan Səlcuq sultanı Alp Arslanın Anadolunun fəthi üçün göndərdiyi məşhur sərkərdələrindən olan Anadolu türk dövlətinin qurucusu Kutalmış oğlu Süleyman şahdır.

«Osman Qazinin röyası» da Osmanlı dastanlarının içində əhəmiyyətli yer tutur. Ən əski türk dastanlarından xatirələr daşıyan bu röya bizanslılarla çarpışan Anadolu türkləri arasında dərin sevgi doğurub. Bu röya müxtəlif rəvayətlərdən bütünləşmiş olaraq öz üslub zərifliyi ilə İdrisi-Bitlisi tərəfindən fars dilində qələmə alınıb».

«Osman Qazinin röyası» mənqəbəsində təsvir olunur ki, Osman Qazi Söyüd ətrafındakı bir kənddə yaşayan Ədəbalı adlı bir şeyxin Mal Xatun adlı qızı ilə evlənmək istəyirmiş. Ədəbalı isə 2 il bu evliliyə razı olmamışdı. Osman bir gecə belə bir yuxu görür ki, şeyxin yanında yatıb. Ədəbalının qoynundan bir ay doğub Osmanın qoynuna girir. Bu zaman onun qarnından bir ağac yüksəlməyə başlayır. Ağac gövdəsi ilə bütün dünyanı örtür. Ağac yanındakı bulaqdan hamı istifadə edir. Ağacın yanında Qafqaz, Atlas, Toros və Balkanlar varmış, böyürdən isə Dəclə, Fərat, Nil və Tuna çayları axırmış. Ağacın ətrafında düzlər varmış. Şəhər iki firuzə və iki zümrüd arasında oturulmuş bir almaz kimi idi. Beləcə bir üzüyün qiymətli daşını xatırladırdı. Sultan Osman bu üzüyü taxarkən yuxudan oyanır».

«Biləciyin fəthi». Avropalı tarixçilərin Troyanın yunanlar tərəfindən zəbt olunması hadisəsinə bənzətdikləri bu macəranın bir bənzəri də Səlcuqlar zamanında təsbit edilmiş «Danişməndnamə»də var: «Əslində savaşla alınan biləciyin dastanda hiylə ilə fəth edildiyini göstərən bu rəvayətin Osmanlı dastanlarına «Danişməndnamə»dən keçmə olması da mümkündür. Dastanda göstərilir ki, ilk zamanlar Osman bəylə Biləcik təkfuru dostluq münasibətlərində imiş. Osman bəy yaylağa gedən zaman qiymətli əşyasını Biləcik təkfuruna əmanət edir. Lakin Osman bəyin getdikcə artan qüdrət və səltənətindən qorxuya düşən Biləcik təkfuru toy adı ilə Osmanı dəvət edib əsir götürmək istəyir. Osman bəy hiyləni başa düşür. Biləcik təkfuruna bildirir ki, yaylağa getmək fikrində olduğu üçün toya qiymətli əşyası, qadınları ilə bərabər gələcək. Təkfur Osman bəyi malları və qadınları ilə ələ keçirmək ümidi ilə bu təklifi qəbul edir. Osman bəy 39 türk igidinə qadın libası geyindirərək silahlandırıb toya gəlir. Beləliklə, Osman bəy həm Biləciyi fəth edir, həm də təkfura gəlin olacaq Nilufər Xatunla oğlu Orxanı evləndirir».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 4 may.- S.14.