«Dəli könül,
səndə nələr dolanır»
Qədim Oğuz
yurdunun aşığı — Aşıq Musa
İndi
«Ermənistan» adlandırılan qədim Türk yurdunda
aşıq sənətinin güclü inkişafı ilk
növbədə orada köklü-köməcli Türk
ulusumuzun yaşamasından soraq verir. Araşdırmaçı
İslam Ələsgər bildirir ki, Qədim Oğuz yurdu olan
Göyçə mahalında onlarla aşıq yetişib.
Onlardan biri də Aşıq Musadır. Öz sazı və
sözü ilə məclisləri zinətləndirən bu el
sənətkarının həyat və
yaradıcılığı layiqincə tədqiq edilməyib:
«1970-ci ilə qədərki şeir kitablarında və digər
yazılarda aşığın 1795-1840-cı illərdə
yaşadığı və Göyçənin Qaraqoyunlu kəndindən
olduğu göstərilib. Bu sətirlərin müəllifi tərəfindən
aparılan araşdırmalar nəticəsində aydın oldu
ki, iki-üç cümlədən ibarət olan buradakı
fikirlər yanlışdır. Yaşlı adamların, o
cümlədən də Musa ilə qohumluqları olan,
Göyçənin Zod kənd sakinləri Cəfərov
Müseyib və Cəfərov Qurbanın söyləmələrinə
görə, Musanın atası Səfər və əmisi Cəfər
gənc yaşlarında bir çoxları kimi Qazax
mahalının Tatlı kəndindən köçüb Zod kəndinə
gəliblər. Bir müddət burada yaşadıqdan sonra Səfər
Zod kəndinin ağaları ilə yola getməyib və
köçüb qonşu Ağkilsə kəndində məskunlaşıb.
Haqqında söhbət açdığımız
Aşıq Musa Ağkilsə kəndində doğulub.
Aşığın neçənci ildə doğulduğu dəqiq
deyil. 1912-ci ildə vəfat edən sənətkarın dəfn
mərasimində onun 80 ilə qədər
yaşadığı barədə camaat arasında söhbət
gedirmiş. Buradan nəticə çıxarmaq olur ki, o, təxminən
1830-cu ildə anadan olub. Axtarışlar nəticəsində
Ağkilsə kəndinin cənubi-şərqindəki qəbiristanlıqda
Aşıq Musanın qəbir daşı tapılıb.
Daşda onun vəfat etdiyi hicri ilə 1331-ci il yazılıb
ki, bu da indiki tarixlə 1912-ci ilə düşür. Qəbir
daşında olan bu yazı təkzibedilməz həqiqəti
təsdiq edir».
Saz sənətinə
yiyələnən, onu bütün incəliklərinə qədər
mənimsəyən Aşıq Musanın ustadının kim
olması məlum deyil: «Ustad olan bu el sənətkarının
bir neçə şəyirdi onun yanında püxtələşib
ki, bunlardan biri də Göyçənin Zərzibil kəndindən
olan Aşıq Mehralı idi: Aşıq Musa
aşıqlığı ilə yanaşı, həm də
yaxşı təsərrüfatçı olub. Onun bir dəyirmanı
da varmış. Qəbir daşının arxa tərəfində
həkk edilmiş cüt (xış) şəkli onun
bacarıqlı bir rəncbər olmasına işarədir.
Aşıq Musa yaz və yay aylarında əkinçiliklə
məşğul olar, payız və qışda sazını
götürüb, el-el, oba-oba gəzər, şənlik məclisləri
keçirərmiş.
Aşığı
görmüş qocaların, eləcə də Aşıq
Talıbın və Aşıq Ağayanın (Aşıq Ələsgərin
şəyirdi) demələrinə görə, Aşıq
Musa alçaq boylu, dolu bədənli, enlikürək, «polad
kimi sağlam» bir adam imiş. İri bığlar sifətinə
yaraşıq verirmiş. Başqa aşıqlardan fərqli
olaraq, o, belinə qılınc bağlarmış. Koroğlu
havalarını heç kəs onun kimi oxuya bilmirmiş.
Aşıq
Ələsgərdən təxminən 10 yaş kiçik olan
Aşıq Musa ona həmişə ehtiram göstərib. Əlimizdə
olan «Ay üzə-üzə», «De bir üz-üz», «Birisin»,
«Yüküm», «Mərd» rədifli şeirləri Ələsgərin
eyni rədifli şeirlərinə nəzirədir. Aşıq
Musa davranışı ilə də xalq arasında hörmət
qazanıb. Heç kəsdən qorxub-çəkinməyən
aşıq qonum-qonşu ilə çox mülayim rəftar
edib. Aşıq Musanın iki oğlu olub. Böyük oğlu
Əli gənc yaşlarında, o biri oğlu İmamqulu
Böyük Vətən müharibəsindən 2-3 il sonra
ölüb. Onların da şeir qoşmaq qabiliyyəti olub.
Yazı-pozu bilməyən Aşıq Musanın
yaradıcılığı zəngin olub. Təəssüf
ki, vaxtında yazıya alınmadığına görə,
çoxusu itib-batıb».
1960-cı
ildə axtarışlar zamanı aşığın nəvəsi,
Göyçənin Sarıyaqub kəndində yaşayan Musa
Süleymanovdan vərəqlərinin bir hissəsi
cırılmış dəftər əldə edilib: «Dəftərdəki
şeirlərin hamısı Aşıq Musanındır. Lakin
onun kim tərəfindən qələmə
alındığı məlum deyil. Yazının latın
qrafikası ilə olması göstərir ki, o, 1939-cu ildən
əvvəllərdə yazılıb.
İndi
əlimizdə aşığın 50-dən artıq şeiri
var. Bunların çoxu qoşma, 8-i gəraylı, 5-i divani,
4-ü təcnis və 4-ü müxəmməsdir. Son vaxtlar
«Aşıq Musa və Mələknisə xanım» adlı bir
dastan da meydana çıxıb. Bu dastan «Göyçə
dastanları və aşıq rəvayətləri»
(Toplayanı Hüseyn İsmayılov. Bakı, «Səda» nəşriyyatı,
2001.) kitabında oxuculara təqdim edilib. Aşıq Musanın
yaradıcılığı çoxşaxəlidir. Müxtəlif
şeir şəkillərinə müraciət edən sənətkar
müxtəlif mövzularda xoşagələn bədii sənət
nümunələri yaradıb. Aşıq Musa aşıq ədəbiyyatında
məşhur «Nə günahı telli sazın» rədifli gəraylısı
ilə şöhrət qazanıb. Aşıq sənətindən
söhbət açan qələm sahiblərimiz
yazılarında aşığın bu gəraylısını
xatırlayıb, ayrı-ayrı bəndlərini sitat veriblər.
Sazı, ümumiyyətlə, aşıq sənətini avam,
fırıldaqçı din xadimlərinin haqsız
hücumlarından qoruyan aşıq göstərir ki,
sazın, saz çalmağın heç bir günahı
yoxdur. Əksinə, saz məclisləri abad edir, qəmli
könülləri şadlandırır. Başqa sözlə,
saz insana ruhi qida verir. Elə oradaca aşıq, saz
çalmağın günah olduğunu iddia edənlərə
çox kəskin cavab verir:
Yek şəcər, yek dəmir,
Ara vurmur, yalan demir.
Qazı
kimi rüşvət yemir,
Nə günahı telli sazın!?
Aşıq bir-birinə zidd olan iki cəbhəni
— saz sənəti ilə onun haram
olduğunu deyənlər
cəbhəsini qarşılaşdırır. Hansı cəbhənin
əməlləri günah
sayılmalıdır? Şənlik məclislərinə
yaraşıq verən,
insanların könlünü
açan, təbiət,
insan gözəlliklərini
vəsf edən, dinləyiciləri ustadnamələri
ilə tərbiyələndirən,
onlara mərdlik, qəhrəmanlıq, düzlük,
səxavətlik, vətənpərvərlik
duyğuları aşılayan
saz sənətimi, yoxsa saz sənətini
haram buyuranların ara vurmaları, yalan danışmaları,
rüşvət yemələri,
cadu yazmaları, sələmçiliklə xalqı
soymaları kimi çirkin əməllərimi!?
Cavab öz-özlüyündə aydındır.
Mövhumatın çox
güclü olduğu,
din xadimlərinin «qılıncının
dalı da, qabağı da kəsdiyi» bir zamanda həmin
gəraylı sənətsevərlərin
dilində əzbər
olub, aşıqlarımızın
repertuarında özünə
möhkəm yer tutub».
İ.Ələsgər bildirir ki, aşıq
Musanın yaradıcılığında
dövrünün ictimai
haqsızlıqlarına qarşı
bir etiraz sədası eşidilməkdədir. Yaradıcılığında Vətən məhəbbəti
çox güclüdür.
Təbiətin gözəlliklərindən
doymayan; səfalı yaylaqlarını, buz kimi sərin bulaqlarını, ağ sürülərini,
ağır ellərini
tərifləyən aşıq,
qürbət ellərə
yönü düşəndə,
şənlik məclisləri
keçirsə də,
yenə kədərlənir,
Vətən həsrəti
çəkir. Bu cəhətdən onun «Balabançı», «Dağlar»,
«Görüşməyə», «Göndərrəm» rədifli
qoşmaları daha səciyyəvidir. O, qucağında
boy atdığı, havası
ilə nəfəs aldığı, doğma
yurdu olan Göyçəni yeri gəldikcə tərifləyib,
ona xüsusi bir qoşma da həsr edib.
Şeirdə Göyçənin
təbii gözəlliklərini
sadalamaqla yanaşı,
həm də orada yaşayan insanların məhəbbət
əhli olmaları, qonağa göstərdikləri
iftixar hissi ilə qeyd olunur:
Hər dağdan ucadı Çalmalı dağı,
Car olur köysündən
Qumlubulağı.
Əziz
saxlayırlar gələn
qonağı,
Dad verir dahana balı Göyçənin.
Aşıq Musanın yaradıcılığında
insan gözəlliklərinin
təsviri və tərənnümü, məhəbbət
motivləri xüsusi yer tutur. O, rast gəldiyi sadə gözəl qız və gəlinləri səmimi bir dillə, pak məhəbbətlə tərifləyir.
Bu təriflərdə zahiri gözəlliklə mənəvi gözəllik
vəhdət təşkil
edir. O, «günəş
camallı», «büllur
buxaqlı», «lalə yanaqlı», «kaman qaşlı», «şahmar zülflü», «sərv boylu», gözəl libaslı qız-gəlinləri
həm də mərifətinə, dərdbilənliyinə,
sədaqətinə görə
tərifləyir. Bu təriflərdə
heç bir açıq-saçıq və
şit ifadəyə rast gəlmirik. Aşıq ancaq gözəllik aşiqi kimi gözümüz önündə
təcəssüm edir.
Gözəllərin tərifinə
həsr edilən şeirlər içərisində
«İndi», «Dilbər»,
«Sinəsin», «Güllər»,
«Sənsən», «Gülə-gülə»,
«Gözlər», «Maral»,
«Gilas» və s. rədifli
şeirlər daha çox diqqəti cəlb edir.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 7 may.- S.14.