Türkiyə ədəbiyyatının yüksəliş dövrü

 

Türkiyə ədəbiyyatında renesans (intibah) dövrü (XV əsrin ikinci yarısı — XVI əsr) qızıl dövrdür. 1453-cü ildə Konstantinopol Sultan Məhəmməd Fateh tərəfindən fəth edildi. Sultan Məhəmməd Fateh özü də şeirlər yazırdı və ədəbiyyatı himayə edirdi. Bu dövrdə riyaziyyat, coğrafiya, təbiət elmləri inkişaf edirdi. Səyahətlər başlanmışdı. Həm səyyah, həm də şair olan Seyid (Sidi) Ali Rəis əsərində Hind okeanını təsvir etmişdi. Bu dövrün böyük rəssamı Nigari idi (1492-1577). O, miniatür üslubda şəkillər çəkirdi.

1493-cü ildə İstanbulda yəhudilər tərəfindən mətbəənin yaradılması Şərqdə kitab işinin yayılmasına səbəb oldu. 1567-ci ildə ermənilərin, 1627-ci ildə yunanların mətbəəsi fəaliyyətə başlamışdı. XV-XVI əsrlərdə təzkirə ədəbiyyatı yaradılırdı. «Səkkiz cənnət» (1358) adlanan birinci türk təzkirəsi Seol (Süheyl) adlı şair tərəfindən yazılmışdı. Kastamonulu Lətifinin təzkirəsi (1546), Aşıq Çələbinin, Kınalızadə Həsən Çələbinin (1586), Mustafa Alinin «Ustadlıq kitabı» (1587) əlyazmaları da bu dövrdə yazılmışdı.

Əhməd Paşa (?-1497) türk intibahı dövrünün tanınmış şairidir. O, Ədirnədə doğulmuş, Bursa mədrəsəsində təhsil almış, Ədirnədə qazi (hakim) olmuşdu. «Bağışlanma haqqında qəsidə»sini sultana göndərmiş, edam cəzası sürgünlə əvəz olunmuş, Bursaya göndərilmişdi. Məhəbbət mövzusunda çoxlu qəzəllər yazmışdı. Nəvai onunla şeirləşləşmişdi. Bu şeirləşmə nəticəsində Nəvai ona 33 şeirini göndərmişdi. Əhməd Paşanın Hafiz ruhunda qəzəlləri də var. Şair «Saray haqqında qəsidə»sini İstanbul sarayına həsr edib. Əhməd Paşanın ardıcılı Nəcatidir (?-1509). Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlmiş, şairliyi ilə məşhurlaşandan sonra İstanbula, Sultan Məhəmməd Fatehin sarayına dəvət olunmuşdu. Sultan Məhəmməd Fatehə yazdığı «Bahariyyə» və «Şitaiyə» qəsidələri ilə Fatehin rəğbətini qazanmış, sultanın divan katibi olmuşdu. Şair şöhrətinin zirvəsinə sultan II Bayazidin hakimiyyəti illərində çatır.

Sultan Məhəmməd Fateh dövrünün sonunda Kastamonudan gələn karvan onun «Dönə-dönə» rədifli qəzəlini Bursaya gətirir. Bununla bağlı Kınalızadə Həsən Çələbinin atası Əli Əfəndi öz atası Miri Əfəndidən eşitdiyini danışır: «Zamanın şairləri bursalı Əhməd Paşanın ətrafında toplanır, söhbət edirdik. Bir gün Kastamonudan bir karvan gəldi və o şəhərdə Nuh isimli və «Nəcati» ləqəbli bir şairin zühur etdiyini və «Dönə-dönə» rədifli iki qəzəllə böyük şöhrət tapdığını xəbər verdi. O, Sultan Məhəmməd Fatehə qəzəllər ithaf etmiş, onun diqqətini cəlb etmişdi. Nəcatinin Sultan Bayazidə də qəsidələr həsr etməsi məlumdur. O, 1483-1504-cü illərdə Sultan Bayazidə qəsidələr yazıb təqdim etmiş və mükafatlandırılmışdı. Nəcati Sultan Mahmudun sarayında nişançı olmuşdu. Şair Şahzadə Mahmud 913-cü ildə (1508) Manisada vəfat edəndə — «Dünya evi məşəqqətü rəncü ana imiş,

Səhni-səfa dedikləri matəm sera imiş» — mərsiyəsini yazmışdı. Özü Sultan Mahmud öləndən bir il sonra — 27 mart 1509-cu ildə vəfat edir. Nəcatinin divanı qalıb. Divanını onu himayə edən Müəyyəd Zadə Əbdürrəhman Çələbiyə ithaf edib.

Aşıq Çələbi onun haqqında bir rəvayəti nəql edir. Bir gün Nəcati Fatehlə şətrəng oynarkən — «Əsər etməz nidəlim ahi-səhər gah sana, Məgər insaf verə sevdiyim Allah sana» — qəzəl yazıb onun nədimlərindən Cekerginin sarığına qoyur. Sultan kağızı görüb alır. Özü şair olan Fateh başa düşüb 7 ağça ilə onu divan katibi təyin edir. Türk tədqiqatçıları bu hadisəni Sultanın hakimiyyətinin axırına yaxın, 1481-cı ildən bir il əvvələ aid edirlər. Onun yaşının da bu dövrdə təxminən 25 olduğunu güman edib doğulduğu ili 855-859-cu illər arasında təxmin edirlər. Nəcati qocalandan sonra oğlu Hüseyn Çələbi, damadı Əbdüləziz Çələbi, yaxın dostu Sehi bəy Nəqqaş Bayramla çox ünsiyyətdə olurdu, söhbət edirdilər. Nəcati ölərkən son qəzəlini onlara vermişdi. Qəzəl bu beytlə başlanır:

 

Bir dəm ikən dövləti-dünyayi bir dəm sandılar,

Bu rəna ilə gülzarının ayşını aləm sandılar.

 

Onun sözügedən əsərlərindən yalnız divanı əldədir. Divanından başqa «Münazarayi-gülü Husrev» adlı bir məsnəvisinin olduğunu, amma tapılmadığı söylənilir. Bu barədə məlumat verən Sehi bəy təzkirəsində bu məsnəvidən 5 beyti örnək verir. Təzkirələr XV əsrdə Şeyxinin məsnəvidə, Əhməd Paşanın qəsidədə, Nəcatinin qəzəldə usta olduğunu yazırlar. O, qəzəllərində xalqdan gələn deyimlərdən, atalar sözlərindən məharətlə istifadə edib. Onun şeirlərinə çoxlu nəzirələr yazılıb. Qaynaqlar ondan «Husrevi-Rum» (Rumun hökmdarı) deyə bəhs ediblər. Onun əsərlərinə Əhməd Paşa, Zati, Xəyali, Baki, Füzuli, Yəhya bəy Nədim kimi şairlər nəzirələr yazıblar.

Mihri xatun (1456 — 1514), Məsihi, Cəfər Çələbi, İlyas Rəvani kimi şairlər bu dövrdə yetişiblər. XV əsrdə yaşamış İlyas Rəvaninin «İşrətnamə» adlı əsəri divanı var. Mihri xatun Nəcati ilə eyni dövrdə yaşayıb. Onun amasiyalı olduğu söylənilir. Onun şeirlərində Nəcatinin təsiri hiss olunur. O, Nəcatinin «Dönə-dönə» rədifli qəzəlinə nəzirə yazıb. Mihri xatunun özündən sonra divanı qalıb. Bu divanın İstanbulda 3 nüsxəsi var. Divan E.İ.Maştakova tərəfindən 1967-ci ildə Moskvada çap olunub.

Məsihi II Bayazid dövründə yaşayan şairlərdəndir. O, divan şeirinin ustad sənətkarlarındandır. Qaynaqlar onun Üsküb nahiyəsində yerləşən Priştina şəhərində doğulduğunu qeyd edir. Şair gənc yaşlarında İstanbula gəlib, xəttatlığı öyrənib, usta xəttat olduqdan sonra sədr-əzəm Əli Paşanın divan katibi olub. Qaynaqlar onun dərbədər düşdüyünü yazıb, kimə xidmət etdiyini təyin edə bilməyiblər, buna görə onun haqqında çox məlumat verə bilməyiblər. Sədr-əzəm Əli Paşa öləndən bir il sonra 1512-ci ildə vəfat edib.

O, divan şeiri ənənələrinə sadiq qalıb, şeirlərinin bir qismini lirik mövzuda yazıb. Yaşadığı dövrdə ərəb fars dilləri poeziyada hakim idi, ancaq şair şeirlərini öz dilində, sadə bir dildə yazıb. 3 əsəri gəlib çatıb: bunlar divan, «Şəhr-əngiz» «Gül-i şad bərg»dir. Onun «Şəhr-əngiz» əsəri türk ədəbiyyatında yazılan şəhrəngizlərin ilk örnəklərindəndir. «Şəhrəngiz» şeirləri klassik Şərq poeziyasında bilavasitə şəhər həyatının, məişətinin, şəhərlilərin güzəranının təsviri və tərənnümü ilə bağlı olub. Bu şeirlərə bəzən «şəhraşub» da deyiblər. Mənası «şəhərə qarışıqlıq salmaq» deməkdir. Ümumilikdə şəhər həyatının təsviri ilə bağlı olsalar da, şəhrəngizlər konkret təsvir predmeti baxımından çox müxtəlifdir. Burada həm bir gözəlin tərənnümünü verən, həm şəhərin görkəmli yerlərini təsvir edən, həm də şəhər sakinlərini peşə və maraqlarına görə səciyyələndirən lirik parçalara rast gəlmək olur. Ayrı-ayrı sənət sahiblərinin işini, məşğuliyyətini işıqlandıran şəhrəngizlər «peşə poeziyası» adı ilə tanınır.

Şəhrəngizlərin vahid forması yoxdur, əsasən rübai, qoşma və məsnəvi formasında yazılır. Məsihinin «Gül-i şad bərg» əsəri isə 100 məktubdan ibarət mənsur bir əsərdir.

Dramatik incəsənət. Bu dövrdə meydan tamaşalarının mövzusu, əsasən yunan mifologiyasından götürülürdü. Yunanların «Müqəddəs Georginin əjdahaya məğlubiyyəti», «PerseyAndromeda», «DianaKupidon» əsərləri türkcələşdirilərək oynanılırdı. Təqlid (imitasiya) oyunlarında «Qaragöz» tamaşası kukla tamaşası kimi göstərilirdi.

XV əsrdə türk nəsri. Bu dövrdə müxtəlif dillərdən hekayələr də tərcümə olunurdu. «Sindibadın kitabı», «40 vəzirin hekayəsi» kimi əsərlər ərəb və fars dillərindən tərcümə olunmuşdu. Lütfü Tokatlının «Qəmdən sonrakı sevinc» toplusu yaranmışdı.

Lətifə janrı. Lətifə ustası Məhəmməd ibn Osman Lyamin (1471 — 1531) «Lətifələr toplusu» yazmışdı. Xoca Nəsrəddin lətifələri də bura daxil idi. Xoca Nəsrəddin türk şifahi xalq ədəbiyyatının böyük nümayəndəsidir. O, XIII əsrdə Ağşəhirdə anadan olub, bu şəhərdə yaşayıb-yaradıb. Xoca Nəsrəddin Əmir Teymurla bir dövrdə yaşamasa da, onunla bağlı çoxlu lətifələr yayılıb. Qəbri Ağşəhirdədir.

 

 

Ramil Əliyev,

filologiya elmlər doktoru

 

Xalq Cəbhəsi.- 20133.- 8 may.- S.14.