Qarabağ xanlığının
işğalı
Kürəkçay faciəsi
— Qarabağın Rusiya imperiyası tərəfindən faktiki
işğalı tarixidir
208 il qabaq mayın 14-də Rusiya imperiyası ilə
Qarabağ xanlığı arasında «Kürəkçay»
müqaviləsi bağlandı. Bu dönəm
Qarabağın Rusiya imperiyası tərəfindən faktiki
işğalı tarixidir. Ötən onillərdə
Qarabağın başına gələnlər Rusiyanın bu
tarixi bölgəyə daim imperiya maraqlarından
yanaşdığını dəfələrlə sübut
etdi. Rusiya-İran müharibəsinin
(1804-1813) ilk yekununa əsasən birinci Kürəkçay
(indiki Goranboy rayonu ərazisi) müqaviləsi mayın 14-də,
ikinci müqavilə mayın 21-də imzalandı. Kürəkçay müqavilələrinə əsasən,
Qarabağ və Şəki xanlıqları Rusiya
imperiyasına birləşdirilirdi. Çar
Rusiyasının Qafqaz qoşunlarının komandanı general
Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən
imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında
Qarabağda muxtar hakimiyyət vəd etmişdilər.
Ancaq 1 il sonra (1806) İbrahimxəlil xan ailəsi
ilə birlikdə rus hərbçiləri tərəfindən
vəhşicəsinə qətlə yetirildi. Qarabağ
xanlığı isə 1822-ci ilədək formal mövcud
olduqdan sonra ləğv edildi.
1805-ci ilin mayında, eləcə də ondan əvvəl
Azərbaycanın tarixi taleyində baş verən hadisələr
faciəvi «Gülüstan» müqaviləsinə gətirib
çıxartdı. Həticədə 1813-cü il
oktyabrın 12-də Qarabağın Gülüstan kəndində
Azərbaycanın tarixi torpaqları Rusiya və İran
arasında bölüşdürüldü. Tarixçi-alim
Vaqif Abışov bildirir ki, həmişə olduğu kimi o
dövrdə də dünyada vəziyyət hədsiz gərgin
idi. Azərbaycanı bu faciəyə gətirib
çıxaran ən başlıca səbəblərdən
biri Azərbaycanın vahid dövlətinin olmaması idi.
Qarabağ xanlığı 1748-1805-ci illərdə
çağdaş Azərbaycan Respublikasının ərazisində,
Kür və Araz çayları arasındakı sahədə
mövcud olub.
Başqa Azərbaycan xanlıqları kimi Səfəvilərin
süqutundan sonra yaranıb və Rusiyanın Qafqazı
işğalı zamanı zəbt edilib. «Gülüstan»
və «Türkmənçay» müqavilələri nəticəsində
Rusiya imperiyasının, daha sonra Sovet Azərbaycanının
tərkibində olub. Qarabağ
xanlığı Səfəvilər imperiyasının
süqutundan sonra hakimiyyətə gələn Nadir şahın
öldürülməsi nəticəsində yaranmış
Azərbaycan xanlıqlarından idi. Xanlığın
əsasını Pənahəli bəy 1748-ci ildə qoyaraq
özünü xan elan etmişdi. Qarabağ
xanlığı İrəvan xanlığı, Şəki
xanlığı, Gəncə xanlığı,
Naxçıvan xanlığı, Qaradağ
xanlığı, Cavad xanlığı və Şamaxı
xanlığı ilə həmsərhəd idi. Pənahəli xan 1748-ci ildə Kəbirli
mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə
Şahbulaq qalasını tikdirdi. Şuşa qalası
daha məşhur idi: əlçatmaz dağlarda yerləşirdi,
tədricən xanlığın iqtisadi, siyasi paytaxtına
çevrildi.
Tarixçi Mirzə Adıgözəl bəyin və
başqalarının yazdığına görə,
Şuşada həmişə barıt istehsal edən zavod
işləyirdi. Xəncər, qılınc hazırlayan sənətkarlar,
misgərlər daşdan müxtəlif istehsal vasitələri
— dəyirman daşları, kirkirələr, daş qazanlar və
başqa əşyaları hazırlayn ustalar da Şuşada
yerləşirdilər. Xanlıqda 500-ə
yaxın işləyən dəyirmanın ayrı-ayrı hissələri
daşdan və taxtadan hazırlanırdı. Bazar günləri isə istər Şuşada (həm
də qala ətrafında) və bir çox mahallarda yarmarka
tipli ticarət həftə bazarı təşkil edilirdi.
İbrahim xanın dövründə
xanlığın tacirləri Şəki, Şamaxı, Gəncə
xanlıqlarında istehsal olunan ipəyi alıb onu xarici bazara
çıxara bilmişdilər. Məşhur
Qarabağ atları, Qarabağ xalçaları da ticarətin
mühüm sahələri idi. İrana
aparılan malların şəhərlər üzrə
kömrük xərci müəyyən edilmişdi. Türkiyə Qarabağ tacirlərini özünə
cəlb etmək məqsədilə onları bu xərcdən
azad etmişdi. Qarabağ
xanlığının heç yerdə işlənməyən
özünəməxsus ölçü vahidləri
vardı. Şuşada məşhur daş
karxanaları ilə yanaşı 2 kərpic zavodu da vardı.
Sabun bişirən müəssisə şəhəri
və ətrafı sabunla təmin edirdi.
Qarabağ xanlığının Rusiya tərkibinə
daxil edilməsi ərəfəsində Şimali Azərbaycanda
əhalinin sayına görə Şirvan xanlığından
(135.000) sonra ikinci yerdə olmuşdu. Həmin dövrdə
Qarabağda 1 şəhər, 638 kənd olmuşdu, əhali
90 min nəfərə çatırdı. Salnaməçilərin fikrincə,
xanlığın varlığı dövründə əhalinin
sayı və sıxlığı təxminən iki dəfə
artmışdı. Rusiya-İran müharibəsinin
II hissəsinin qurtarmasını bildirən Türkmənçay
sülh müqaviləsinin XV bəndinə əsasən ermənilərin
İrandan Cənubi Qafqaza hərəkətinə icazə
verildi. Nəticədə İranda məskunlaşmış
ermənilər Cənubi Qafqaza köçürüldü.
İlk vaxtlar erməni ailələri əsasən
Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana,
Göyçəyə və Şamaxıya
köçürüldü. Təkcə
1828-ci ilin sonunda Bərdədə mindən çox erməni
ailəsi məskunlaşdırılmışdı.
Q.D.Lazarev, İ.F.Paskeviç və s. rus generalları erməniləri
daha çox İrəvan ərazisinə köçürməyə
çalışırdılar. Bu da təsadüfi
deyildi, Osmanlı imperiyası, gürcü xanlıqları,
İranla isə Naxçıvan vasitəsi ilə qonşu
olan İrəvan xanlığının ərazisi hər
üç dövlətə təzyiq etmək
üçün gözəl ərazi idi. Buna
görə də ermənilərin sonradan bura
köçürülməsinə başlandı.
V.Abışov
«Türkmənçay» müqaviləsinə qədər olan
dövrün ictimai-siyasi vəziyyətini belə xarakterizə
edir: «O dövrdə Azərbaycanda mövcud olan xanlıqlar 3
qismə bölünmüşdü. Bunların
bir qismi İrana meyl edirdi, bir qismi Rusiyaya
sığınmağı əhəmiyyətli
sayırdı, qalanları isə Osmanlı imperiyasının
himayəsini qəbul edirdi. Bu
xanlıqların içərisində elə bir güclü
siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə
birləşdirə bilsin. XIX yüzilin əvvəllərində
Azərbaycan xanlıqlarının Rusiya tərəfindən
işğalına başlanıldı. 1804-cü
ilin yanvarında Gəncə xanlığı işğal
olundu, orada xanlıq sistemi ləğv edildi. Bundan sonra bir çox xanlıqlar Rusiyaya meyl etməyə
başladılar. Artıq qorxu prinsipi
yaranmışdı. Qorxu həm də
Qacarlar sarıdan idi. Gəncə
xanlığı işğal olunandan sonra Qarabağ, Şəki
və Şamaxı xanlıqları Rusiyanın himayəsinə
keçmək haqqında razılığa gəlirlər.
Azərbaycanın şimal xanlıqları birləşə
bilmədilər. Rusiya bu vəziyyətdən
məharətlə istifadə etdi, I Pyotrun vəsiyyətinə
uyğun olaraq Azərbaycan xanlıqlarını işğala
girişdi. Azərbaycan xanlıqları
öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər,
xaricdən isə Rusiyanın himayəsini qəbul edirdilər».
1805-ci il mayın 14-də Qarabağ xanı
İbrahimxəlilxan Rusiya ilə Qarabağ xanlığı
arasında bağlanan «Kürəkçay» müqaviləsinə
əsasən xarici siyasətdən məhrum oldu, daxildə isə
xanlığın idarəetməsini qoruyub saxladı. Habelə ərazisində rus qoşunlarını
saxlamağı öhdəsinə götürdü. Səlim xan İbrahimxəlil xanın qohumu idi.
Mayın 21-də Şəki xanlığı
da Rusiyanın təəbəliyini qəbul etdi.
Qısaca
müqavilə haqda: «Kürəkçay» müqaviləsi
Qarabağ və Şəki xanlıqlarının Rusiyanın
tərkibinə keçməsi barədədir.
Kürəkçay
çayı sahilində Knyaz Sisianovun düşərgəsində,
(indiki Goranboy rayonu ərazisi) birinci olaraq Qarabağ xanı
İbrahimxəlil xan tərəfindən, sonra isə Şəki
xanı Səlim xan tərəfindən imzalanıb. Rusiya İmperiyası adından isə müqaviləyə
Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz
Sisianov imza atıb. M.Adıgözəl bəy və
M.Camal Cavanşir əslində Şəki
xanlığının Qarabağ xanlığı ilə bir
gündə, Kürəkçay görüşlərində
Rusiyaya tabe edildiyini yazırlar: «Kürəkçayın
qırağında bir neçə gün bayram, şənlik
və qonaqlıq oldu. Sonra traktat və əhdnamə
yazıldı. İbrahim xan və Şəki
hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar
(Sisianov) isə qol çəkdi».
Qarabağ
xanı İbrahim xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları
müqavilə göstərir ki, imperiya Azərbaycan
torpaqlarını işğal edib, ermənilər isə bura
sonralar Türkiyə və İrandan
köçürülüb gətiriliblər. Bu
sənədlərin heç birində Qarabağda erməni
malikanələri və onların Rusiya təbəəliyinə
keçməsi haqqında işarə belə yoxdur.
Bu hadisədən
sonra Şirvan xanı Mustafa xan ruslara qarşı bir az müqavimət göstərdi, ancaq o da Rusiya
imperiyasından az sonra bərk ehtiyatlandığından
1805-ci il dekabrın 27-də Rusiyanın himayəsini qəbul
etdi, «Kürəkçay» müqaviləsinə qoşulduğunu
bəyan etdi, ərazisində rus qoşunlarını
saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 min
çervo xərac verməli idilər. Xanların
hər birinə çar general-rütbəsi verilir, onlara
dövlət büdcəsindən əməkhaqqı kəsilirdi.
Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli
bir vəziyyət yaranmışdı. Fəlakətli
vəziyyətdən artıq qaçmaq mümkün deyildi.
Bu məqamlarda Azərbaycan xanlıqları
artıq vəziyyətdən salamat çıxmaq haqqında
da düşünməyə başladılar. Ancaq bəziləri üçün bu, fəlakətlə
nəticələndi. Qarabağ xanı
İbrahimxəlil xan ruslar tərəfindən qətlə
yetirildi. Bu mənada Türkmənçay
fəlakətinə qədər olan mərhələdə Azərbaycan
xanlıqlarının daxili vəziyyəti son dərəcə
gərgin idi. İqtisadiyyat
dağılmışdı, xanlıqların həyat tərzi,
daxili qaydaları da istər-istəməz dağınıq
bir vəziyyətdə idi. Məhz həmin
dövrün siyasi ab-havası, başlıcası isə
xalqın müqavimət ruhuna yetkin səviyyədə
kökləndirilməməsi böyük mənada mübarizəni
mümkünsüz etdi. Azərbaycan
ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim
xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə
müstəqil hesab edirdi. Müqavilədən əvvəl
ayrı-ayrı Azərbaycan xanları — Quba xanı Fətəli
xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli
xan Əfşar, Qarabağ xanı Pənahəli xan
ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək
üçün xeyli cəhd etmişdilər. Ancaq
təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini
gerçəkləşdirməkdə Güney Azərbaycanda
Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə
də Şəki xanı Çələbi xan mane olurdu.
Hacı Çələbinin Azərbaycanı
birləşdirmək istəyinə Pənahəli xan, Gəncə
xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın
birliyi daxili və xarici səbəblərdən gerçəkləşmədi.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 14 may.-S.14.