Qədim oğuz
dastanı
Dilavər Əzimli:
«Kitabi-Dədə Qorqud» Türk
Dünyasının qiymətli xəzinəsidir»
2015-ci
ildə məşhur alman tədqiqatçısı Dits tərəfindən
qorqudşünaslığın əsasının
qoyulmasının 200 ili tamam olacaq. Tarixçi Dilavər Əzimli
Dədə Qorqud dastanı və tariximizlə bağlı qənaətlərini
bölüşür: «»Kitabi-Dədə Qorqud» dastanı
türk dünyasının qiymətli bir xəzinəsi
olmaqla, onun qeyrət əsəridir. Bu adla
yaddaşımıza həkk olunan qədim oğuz
dastanları Türk Dünyasının yaratdığı
milli mədəniyyətin ən zəngin, ulu qaynaqlarından
biridir. «Kitabi-Dədə Qorqud» dastanı əsrlərdən gələn
bahar çiçəkləri kimi təravətli, həmişə
təzə-tər qalan, zaman-zaman onunla tanış olanları
heyrətə salan bir mədəniyyət
bağçasıdır. Bu qiymətli sənət əsəri
Azərbaycan şifahi və yazılı ədəbiyyatının,
tarixinin babasıdır. «Kitabi-Dədə Qorqud» dastanı
oğuzların əfsanəvi keçmişini poetik dildə
bizə çatdırır. Dastanı tədqiq edənlərin
fikrincə, dastanda olan hadisələrin çoxu tarixidir, ancaq
burada ziddiyyətlər də var. Tərcüməçilər
bunu əllərinə gəlib çıxan son nüsxənin
daim dəyişə-dəyişə bu hala düşməsi
ilə əlaqələndirirlər. Məsələ
ondadır ki, oğuzlarla bağlı çoxlu sayda epik əfsanələr
mövcuddur. Bu əfsanələr müxtəlif şəkildə
mənbələrə düşüb. Tərcüməçiləri
çaşdıran da budur. Oğuz-türkmən mənbələrinin
tədqiqatçısı A.N.Kononov bununla bağlı
yazır ki, türkmənlərin əfsanəvi Oğuzdan
yaranması ilə bağlı olan türkmən epik əfsanələri
demək olar ki, öyrənilməyib. Bu əfsanələr
özünəməxsus bir özəlliklə olduqca qədimlərdə-türkmənlər
islamı qəbul etməmişdən əvvəl yaranıb».
Dədə
Qorqudun tarixi şəxsiyət hesab edilməsi isə
danılmazdır: «XIII-XIV əsr tarixçisi Rəşidəddinin
məşhur «Came-ət-təvarix» adlı əsərinin
Türkiyədə saxlanılan nüsxəsində Dədə
Qorqud VII əsrdə Məhəmməd peyğəmbərin
dövründə yaşamış bir şəxs kimi qələmə
alınıb. Çox təəssüf ki, dastan tarixilik
baxımından az tədqiq olunub. Dastanın nə vaxt
yazıya alınması barədə mübahisələr olsa
da, tədqiqatçıların əksəriyyəti onun
XII-XIV əsrlərdən qabaq yazıya alındığı
fikrindədirlər. Dastanın bəzi boylarının IX əsrdən
qabaq yazıya alındığını qeyd edənlər də
var. Tərcüməçilər dastanları
bütövlükdə tarixi yox, bəlkə epik əsər
hesab edirlər. Kitaba yazılan müqəddimədə
oğuz ittifaqlarının həyat tərzi, əxlaq-etika
normaları, şamanizmlə bağlı cəhətləri,
islam dininə münasibətləri və dövlət
quruluşu haqqında maraqlı fikirlərə rast gəlirik.
Dastanlar təhlil olunaraq göstərilir ki, oğuzlar
İç və Daş oğuz deyə iki qrupa
bölünürlər. Onların arasında ciddi bir fərq
yoxdur. Onların hamısının ümumi rəhbəri,
başbiləni Bayandır xandır. Ancaq əsl qəhrəmanlıq
göstərən, hamının sevimlisi isə Salur Qazan
xandır. Dastanlar öz igidliyi və qəhrəmanlığı
ilə fərqlənən bəylərin şəninə həsr
olunub. Dastanlardakı qəhrəmanlar, xüsusilə Dədə
Qorqud həddindən artıq idealizə edilir və nəticədə
reallıqdan uzaqlaşır. Tərcüməçilərin
fikrincə, fövqəltəbii ünsürlər (oğuz qəhrəmanları,
eləcə də Dədə Qorqud haqqında mübaliğələr)
türk xalqlarının folklorundan gəlir. Dastanlarda verilən
düşmənlərin adları da türk adlarıdır,
özləri də ziddiyyətlidir. Belə ki, Şəklü
Məlik dörd döyüşdə dörd dəfə
öldürülür. Bunlar boyların bir şəxs (ozan) tərəfindən
yaradılmadığını göstərir. Maraqlı məqamlardan
biri də Dədə Qorqudun tarixi şəxsiyyət
olması və hansı dövrdə yaşaması ilə
bağlıdır. Bu məsələdə fikirlərin
haçalanması dastanların ayrı-ayrı dövrlərdə
yarandığının bariz nümunəsidir. Tərcüməçilərin
bəziləri belə hesab edirlər ki, Dədə Qorqud
oğuzların X-XI əsrlərdə Yenikənddə (paytaxt)
hökmranlığı vaxtı dövlət xadimi, diplomat
olub. Kiçik Asiyada isə o, müqəddəsləşdirilib,
övliya səviyyəsinə qaldırılmış əfsanəvi
bir adama çevrilib».
Araşdırmaçı
hesab edir ki, «Kitabi-Dədə Qorqud» dastanının yaranma
tarixi haqqında fikirlər haçalanır: «Bir sıra tədqiqatçılar
da qeyd edirlər ki, boylar IX-X əsrlərdə meydana
çıxıb, yazıya alınıb, ancaq ədəbi cəhətdən
XV əsrdə tamamilə yenidən işlənib,
cilalanıb. Tədqiqatçılardan V.M.Jirmunskiyə görə,
bu boylardan bəzisi hətta V-VII əsrlərə gedib
çıxır (Domrul və b.). 1962-ci ildə H.Araslı tərəfindən
«Kitabi-Dədə Qorqud yenidən nəşr olunur. Girişdə
H.Araslı həmin dastanların XI-XII əsrlərdə qələmə
alındığını, XV-XVI əsrlərdə yenidən
üzünün köçürüldüyünü qeyd
edir. H.Araslıya görə, bu dastanlar haqqında çoxlu
mübahisələr var və hələ bu «mübahisələrə
yekun vuran dərin elmi-tədqiqat əsəri yaranmayıb».
Onun fikrincə, dastanların ilk variantı — orijinalda Azərbaycanda
yazıya alınıb. H.Araslı göstərir ki, Dədə
Qorqud adı və bir çox motivlər türk
xalqlarının (qazax, qırğız, başqırd,
türkmən və b.) şifahi ədəbiyyatında qeyd
olunur. Bizi də burada daha çox boyların yenidən
üzünün nə vaxtlarda
köçürüldüyü maraqlandırır. Tədqiqatçıların
çoxu bunu XV əsrə, daha doğrusu, XV əsrin II
yarısına aid edirlər. Bu zaman XV əsrdə Azərbaycanın
siyasi səhnəsində Qaraqoyunlu, Ağqoyunlu dövlətləri,
bir də Ərdəbil şeyxliyi, Kiçik Asiyada isə
Osmanlı dövləti, onun qonşuluğunda, Qara dəniz
sahillərində Trabzon imperatorluğu var idi. Ağqoyunlular
qaraqoyunlularla və osmanlılarla pis münasibətdə, Ərdəbil
şeyxliyi ilə isə yaxşı münasibətdə idilər.
Ağqoyunlularla Trabzon arasındakı əlaqələrə
gəlincə, Ağqoyunlu sultanları tez-tez ora səfərlər
edir və bol qənimətlə qayıdırdılar. Onlar
arasında qız qohumluğu da var idi. Osmanlı dövləti
gücləndikdən sonra maraqlar ağqoyunlularla Trabzonu birləşdirdi
və müttəfiq oldular. Daha doğrusu, Trabzon sanki
ağqoyunluların vassalına çevrildi.
Apardığımız
tədqiqatlar bizə imkan verir deyək ki, «Kitabi-Dədə
Qorqud» dastanları məhz XV əsrdə, ağqoyunlular və
osmanlılar tərəfindən yenidən işlənib və
cilalanıb. Dastanlara ağqoyunlulara dair yeniliklər əlavə
olunub. Bəlli olur ki, Dədə Qorqud öncəgörəndir,
övliyadır, müqəddəs bir şəxsdir.
Kitabın giriş hissəsində VII əsrdə yaşayan Dədə
Qorqud XV əsrə dair hadisələrdən xəbər
verir. Bildirir ki, axırda xanlıq geriyə — Qayıya dönər,
heç kim əllərindən hakimiyyəti ala bilməz.
Göründüyü kimi, Qorqud ata Osmanlı nəslinə
işarə edir. Bəllidir ki, ağqoyunlular da, osmanlılar
da 24 oğuz tayfalarından yaranıblar. Hər biri də
özünün Oğuzun şəcərəsindən gəldiyini
qeyd edir. Lakin ağqoyunlular bayandurilər, osmanlılar isə
Qayı tayfasına məxsusdurlar. Bəllidir ki, ağqoyunlular
ilkin dönəmlərdə osmanlılardan güclü
olmaqla, daha böyük ərazidə məskunlaşmışdılar.
İstər ağqoyunlular, istərsə də osmanlılar
bütün türk elinə rəhbərlikdə iddialı
idilər. Bu məsələdə ağqoyunlularla ziddiyyətləri
olan qaraqoyunlular (baharlı tayfası) osmanlılarla müttəfiq
idilər. Göründüyü kimi, məsələ
aydınlaşır. Yəni XV əsrdə əlavə olunan
bu deyim Dədə Qorqudun adından verilir və osmanlılara
işarə olunur. Ağqoyunlular hesab edirdilər ki, xanlıq
yalnız bayandurilərə məxsusdur. Osmanlılar da hesab
edirdilər ki, xanlıq Qayı tayfasına məxsusdur. Bu mənada
dastanın yazılmasına dair V.V.Bartoldun fikirləri
maraqlıdır. O, yazır: «Boyların tədqiqi göstərir
ki, dastan Osmanlı hakimiyyətinin qəti şəkildə
Kiçik Asiyada möhkəmlənməsindən qabaq
yazıla bilməzdi. Onun fikrincə, dastanda Osmanın
adının verilməsi buna sübutdur. Daha doğrusu, dastan
Sultan II Murad (1421-1451) üçün tarixçi Əli
Yazıçıoğlu tərəfindən yazıya
alınıb». Bu mənada V.A.Qordlevskinin də fikirləri
maraqlıdır. O, qeyd edir ki, «Əli
Yazıçıoğlu tərəfindən dastanın
yazılması Osmanlı hakimiyyətinin daimiliyi barədə
ideoloji baza yaratmaqdan başqa bir şey deyil. Ona görə də
dastanda sapın ucu Osmanlı sultanlarından başlayaraq səlcuqlardan
keçməklə oğuzların əcdadı sayılan
Oğuz xana qədər aparılır».
Bu məsələni
Əli Yazıçıoğlunun ardınca XVI-XVII əsr
Osmanlı tarixçiləri də qeyd edirlər. Məsələn,
Ədirnədən (Adrianopol) olan Osmanlı tarixçisi Ruhi
XVI əsrin əvvəlində yazırdı: «Qorqud ata
söyləyib ki, Oğuz xanın vəsiyyətinə görə,
xanlıq sonuncu Qayı xanın varislərinə keçəcək
və bu, dünyanın sonuna qədər belə olacaq». Bunu
münəccimbaşı da özünün «Tarix» (1676-cı
il) əsərində təkrarlayır: «Qədim zamanlarda
türkmən tayfalarının içərisində müqəddəs
bir mömin var idi. Onun adı Qorqud ata idi. Bir gün o, belə
buyurdu ki, Oğuz xanın vəsiyyətinə görə, səltənət
sonda Qayı xanın nəvə-nəticələrinə
keçəcəkdir. Bu, sona qədər belə davam edəcəkdir».
Bütün bunları araşdıran V.V.Bartold belə bir
fikir ortaya atır ki, görəsən, bu sözləri
tarixçi Əli Yazıçıoğlu Dədə
Qorqudun dilindən götürüb, yoxsa əksinə,
özü artırıb? Göründüyü kimi, Dədə
Qorquda istinadən verilən bu öncəgörmənin tarixi ənənəsi
şübhə altına düşür. Orta əsrlərin
məşhur tarixçisi Rəşidəddinin (XIV əsrin əvvəli)
və Əbülqazi xan Xivəlinin (1660-cı il) məlumatlarına
görə, «Dədə Qorqudun əfsanəvi zamanlarında,
yəni IX-X əsrlərdə Oğuz xanları Qayı
tayfasından seçilirdilər».
Rəşidəddin
məlumat verir ki, Dədə Qorqud Bayat tayfasındandır:
«Bu məsələ «Kitabi-Dədə Qorqud»da daha geniş əksini
tapır. Orada Dədə Qorqudun Bayat boyundan olduğu verilir.
Bu iki mənbədəki məlumatların üst-üstə
düşməsini qədim ənənələr təsdiqləyir.
Bunlardan fərqli olaraq Əbülqazinin göstərdiyi «Dədə
Qorqudun əsli Qayı tayfasındandır» sözləri
görünür ki, yenidir, daha doğrusu, dastana əlavə
edilib. Bu da çox güman ki, Qayı tayfasının
adının xüsusi olaraq qeyd olunması və
xanlığın yalnız onlara məxsus olduğunu əsaslandırmaqdan
irəli gəlir. Əbülqazinin məlumatına görə,
Qayı Oğuz xaqanın böyük nəvəsidir. Oğuz
xanları və onların nəvələri də Dədə
Qorqud zamanında xüsusi seçilirdilər. Diqqətlə
fikir versəniz, dastana bu əlavə Osmanlı hakimiyyəti
dövründə olunub və Osmanlı iqtidarının
maraqlarına xidmət edirdi. Maraqlıdır ki, Səlcuqlarım
imperiyası zamanında Dədə Qorqudun bu cür peyğəmbərliyi
barədə yazmağa əsas yox idi. Bu mənada V.V.Bartoldun
fikirləri yerinə düşür. O, hesab edir ki, bu məsələnin
ortaya çıxması, xüsusilə də, XV əsrdən
tez olmayaraq osmanlılar arasında yayılması Ağqoyunlu
sülaləsi (Bayandurilər sülaləsi) ilə
osmanlılar (Qayı tayfası) arasındakı rəqabətlə
bağlıdır. Belə olan halda, doğrudan da Dədə
Qorqudun dastandakı öncəgörməsi
(xanlığın Qayı tayfasına məxsus olması barədə)
şübhə altına düşür. V.A.Qordlevski də
göstərir ki, XV əsrdə Osmanlı sultanları özlərini
səlcuqların qanuni varisləri sayırdılar. Bununla da
hesab edirdilər ki, özlərinin əcdadları olan
oğuzların tayfa ənənələrinin birmənalı
şəkildə qoruyucularıdılar. Belə olan halda hesab
etmək olar ki, məhz bu şəraitdə şifahi şəkildə
olan oğuz epik rəvayətləri yazıya alınaraq «Dədə
Qorqud kitabı» adı altında birləşdirilib».
Uğur
Xalq Cəbhəsi.-
2013.- 16 may.- S.14.