«Oqtay Eloğlu» əsərində milli teatr ənənəsi

 

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən böyük simalarından biridir. Professor T.Əfəndiyev «Azərbaycan dramaturgiyasında metodlar» (2002) adlı qiymətli monoqrafiyasında yazır: «C.Cabbarlı yaradıcılığının orijinallığı, novator zənginliyi bir də burasındadır ki, bu yaradıcılıqda bir çox bədii metodlar həm maarifçilik realizm, həm tənqidi realizm, həm sentimentalizm, həm romantizm, həm də Azərbaycan sovet alimlərinin iddia etdiyi kimi sosializm realizmi iştirak etmişdir. Ədəbin yaradıcılığında bədii metod müxtəlifliyi və paralelliyi XX əsr ədəbi tarixi prosesinin öz təbiətindən irəli gəlirdi».

C.Cabbarlı yaradıcılığında metodlar müxtəlifliyi onun görünməmiş vüsətli yaradıcılıq axtarışlarından irəli gəlir, o, şad və əzmlə yeni mədəniyyətin əsaslarını qurmağa çalışır, istedad və ehtirasla yaratmağa tələsirdi. Ən azı bunu xatırlamaq yerinə düşər ki, o, iyirmi ildə 20 dram əsəri yazmışdır. Bu əsərlərdən ikisi «Oqtay Eloğlu» (1922) və » Dönüş» (1932) bilavasitə teatr mövzusunda idi. «Oqtay Eloğlu» ilk dəfə 1923-cü ildə Dövlət Türk Bədaye Teatrosunda Abbas Mirzə Şərifzadə tərəfindən tamaşaya qoyulub. Tamaşada Mərziyyə Davudova, Kazım Ziya, Ağasadıq Gəraybəyli, Möhsüm Sənani, İsmayıl Hidayətzadə, Bülbül kimi o zaman gənc sonralar korifeyə çevrilmiş qüdrətli sənətkarlar da oynayıb.

Əlbəttə, C.Cabbarlının məqsədi teatrın necə yaranmasının səhnədə əks etdirmək deyildir. «Oqtay Eloğlu» əsərində teatr bir mövzu, C.Cabbarlının yaxşı bildiyi bir həyat faktı, bir bədii vasitə idi. Əsas məqsəd isə cəmiyyət və fərd probleminin həlli idi. C.Cabbarlı bu aktual problemə teatr prizmasından nəzər salıb həyat içində səhnəni, səhnə içində səhnə kimi təqdim edir. Fikrimizcə, T.Əfəndiyev bu situasiyanı doğru təhlil edərək açır: «Oqtay sənət fədaisidir. Müəllif onu iki bədii zamanda təqdim edir: Həyatda və səhnədə. Lakin Oqtay üçün həyat səhnə naminə mövcud idi, həyatda milli səhnə yaratmaq üçün yaşayan Oqtay milli həyatı səhnəyə gətirmək istəyir. O, insanları olduğu kimi görmək arzusundadır. O görəndə ki, həyat özü bir səhnə, insanlar qrimlənmiş aktyor, sərvət, altun isə amansız bir rejissordur, həyata səhnəyə də nifrət edib anarxist bir etirazçıya «səfillər padşahı»na çevrilir. Tanrısı qədər sevdiyi səhnədən uzaqlaşmaq onun üçün böyük faciə idi».

«Oqtay Eloğlu» faciəsi Oqtayın öz həmfikirləri ilə əl-ələ verib səhnə-teatro yartmaq uğrunda fədakar mübarizəsi ilə başlayır. Burada o, yeganə amacı pul qazanmaq olan Mazandaranski, pula satılıb tamaşanı pozmaq istəyən Şəkinski, Tamara kimi adamlarla üz-üzə gəlməli olur. Lakin onun Səməd bəy kimi dostu, Xaspolat kimi sənətini başa düşən həmdəm və ən başlıcası bütün ehkamları dağıdaraq cəsarətlə səhnəyə atılan Firəngiz kimi sevgilisi də vardır. C.Cabbarlının milli teatr konsepsiyasını açmaq üçün əvvəlcə əsərdə Oqtayın bu istiqamətdəki düşüncələrini izləyək. Səhnənin qurulmasında texniki çətinlik yarananda o, Mazandaranskiyə deyir: «Bir nəfər də olsa oyun getməlidir». Dostu Səməd bəy onu xəstə anasını, ac qalmış körpə bacısının yanına qayıtmağı təkid edəndə Oqtay deyir: «Səməd bəy mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qarının istirahətinə fəda edə bilmərəm… Mən bu yola gəlirkən xalqmızdan altun taclar gözləmirdim… Xalq və mən: bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır ya o, olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm və o gündən Oqtay bir şəxsiyyət üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik parçasıdır».

Bu sözlər səhnədə 1923-cü ildə deyilirdi. Bu mədəni inqilabın amansız bir ideoloji basqı ilə həyata keçdiyi dövr idi. Elə bir dövr idi ki, müxtəlif sinfi cəbhələrdə dayanaraq komsomolçu oğul atasının başını kəsir və belə adamlar dövrün qəhramanı kimi təqdir olunurdu.

Göründüyü kimi, Oqtayın sözlərində də ictimai borc amili konkret insan amilini üstələyir. Fərd itib batır, şəxsi arzular fərdiyyətçi könüllərin işıltısı kimi rədd edilir, inqilabi revanşizm yeni sənətin inqilabi pafosu kimi ön plana çıxır. Ədəbii tənqid və nəzəriyyəsi sahəsində köhnəliklə mübarizə şüarı irəli sürülür: tar və muğamat inləyən siniflərin musiqi vasitələri kimi inkar olunur, tənqidçi və maarif komissarı M.Quliyev təkcə bunların yox, əruz və heca vəznlərini də yeni ədəbiyyat üçün yararsız elan edirdi.

Oqtay həqiqətən istədiyinə nail olur. Ancaq hansı itki və əzabların, nəyin bahasına… Məşhur tənqidçi Əli Nazim «Aydın» və «Oqtay Eloğlu» əsərlərini və qəhrəmanlarını nəzərdə tutub yazırdı: «Hər iki əsərdə Cabbarlı Şillerçidir. Cabbarlının bu əsərlərdə hər zaman Şillerə müraciəti hətta Şillerin «Qaçaqlar»ından bütün bu səhnəni «Oqtay Eloğlu»ya əlavəsi təsadüfən deyildir. Şillerin — tendensiyalı olsa da, sentimental romantizmi bütün xususiyyətləri ilə bərabər bu pyeslərdə əsas üslubi istiqaməti təşkil edir. Aydın və Oqtay mübarizəçi deyil, bəlkə fikir carçısıdırlar. Hər iki pyes xitabətçilik, ritorika, aforizimlərlə doludur. Burada iki fakt maraqlıdır: sentimental romantizm onun Cabbarlı üslubunu formalaşdırması». Ə.Nazim C.Cabbarlı romantizmini «sentemental romantizm» adlandırmaqla faktiki olaraq ədibin yaradıcılığındakı iki cərayanısentementalizmi romantizmi birləşdirir.

Cəfər Cabbarlının müasir tədqiqatçısı R.Əliyev Ə.Nazimin şillerçi adlandırması ilə razılaşmır. Onun alman filosofu F.Nitşe ilə yaxınlığını iddia edərək yazır: «Böyük Avropa klassiklərinin o sıradan C.Cabbarlının Nitşeyə üz tutması, onun təsiri ilə qəhramanlarını fikir üfüqlərini genişləndirməsi ondan irəli gəlirdi ki, alman filosofunun həyat fəlsəfəsində burjua cəmiyyətində təklənmiş, bütün ümüd ideallarını itirmiş fərdi şüurun faciəsi qeyri-adi dərinliklə açılıb göstərilmişdir. Ə.Nazimin 1934-cü ildə söylədiyi şillerçilik məsələsində , R.Əliyevin ondan 55 il sonra gəldiyi nitşeçilik qənaətində müəyyən həqiqət vardır. Məsələ burasındadır ki, C.Cabbarlı həm Aydının, həm Oqtay Eloğlunun timsalında fərdi şüurun faciəsini ictimai quruluşun faciəsinə çevirməyə nail olur. C.Cabbarlı dramaturgiyasının bədii-fəlsəfi gücü, estetik novatorluğu da məhz bunda idi.

Əsərdən bəzi detallara, rəmz ironiyalara nəzər salaq. Əsərin əvvəlində — «Mən bir heçəm» — deyən Oqtay deyir: «Mən öz fikrimi əgər ki, ümumiyyə qorxusundan gizlədən qorxaqlardan deyiləm». Burada artıq fərd cəmiyyətlə hesablaşmır. «Mən dünyada qarşısında əyiləcəyim, mənliyimi sarsıldacaq bir qüvvət təsəvvür etmirdim. Mən bir yumuruğumla bütün kainatı alt-üst edəcəyimi düşünürdüm. Fəqət indi isə hiss edirəm elə bir qüvvət var ki, mən ona qarşı gücsüzəm».

Bu qüvvət eşqdir, məhəbbətdir, Oqtayın Firəngizə olan dərin sevgisidir. Sevgi fərdin, şəxsiyyətin ən böyük özünüdərki deməkdir. «Avropa Gündoğuşu anlamır. Onu heç vaxt doğru təsəvvür etməmişdir. Bir azərbaycanlı qızı (aktrisası!) yaratmaq üçün xalqın bütün ruhunu, hissiyyatını, tarixini, adət ənənəsini görünməz incəliklərinə qədər bilməli, onun dərinliklərindən, onun mühütündən çıxmalı, bəlkə bir azərbaycanlı olmalıdır».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 16 may.- S.13.