Yuğ mərasimi…

 

Azərbaycan teatrının tarixinə aid kitabların, demək olar ki, hamısında professional teatrdan öncəki dövrdə meydan tamaşaları ilə bərabər tamaşa formalı mərasimləri də teatrın ilkin formaları kimi qəbul ediblər. Bu formalardan artıq aktyorluq və rejissorluğu özünə peşə kimi seçən, bu vasitə ilə özünə pul qazanan insanlar qrupunun yarandığını görmək olar. Müəyyən təbiət hadisələri, məişət hadisələri, siyasi hadisələrlə bağlı olaraq yaranan mərasimlər xalqın incəsənətə olan ehtiyacı nəticəsində maraqlı tamaşa xüsusiyyətləri almağa başladı. Qodu-qodu, Yelbaba, Novruz kimi təbiətlə bağlı mərasimlərin adına milli teatrın tarixinə həsr olunmuş dərsliklərdə rast gəlinir. Bir çoxları bu mərasimləri teatrdan daha çox əkinçiliklə məşğul olanların «təbiətlə sazişi» kimi dəyərləndirməkdə haqlı olsalar da xatırladaq ki, Novruz şənliklərinin bu gün də geniş, təmtəraqlı şəkildə qeyd olunması müasir insanın qışın soyuqluğu ilə yazın bərəkətliyi arasındakı mübarizəni görmək istəyinin deyil, bu təsəvvürlərin stilizəsindən alınan təəssüratın əsas olmasının göstəricisidir. Belə ki, sonrakı mərhələlərə aid olan qaravəlli, məzhəkə, məsxərə, hoqqa kimi formaların artıq ilkin teatr olması heç kimdə şübhə doğurmur. Bu tipli komik məzmunlu meydan tamaşalarına dünyanın bir çox yerlərində rast gəlinə bilər. Bu günkü faciə janrına yaxın xalq teatr formaları ilə vəziyyət bir qədər fərqlidir. Çünki bu formalar nəzərdən keçirildikdə görürük ki, onlar da mərasim tamaşaları kimi öncə daha funksional məqsəd güdmüş, daha sonralar isə tamaşa forması almışdır. Bunlardan xüsusi olaraq adını çəkmək və daha ətraflı üzərində dayanmaq istədiyimiz yuğ mərasimləridir.

Yuğ mərasimləri barədə kitablarda mövcud məlumatların ümumiləşdirilməsi aşağıdakı kimi ifadə oluna bilər: yuğlar qədim qam-şamançı türklərin ölübasdırma mərasimi olub. Buradan görünür ki, yuğ mərasimləri haqqında məlumat almaq üçün söhbətin konkret olaraq hansı qədim türk tayfalarından getdiyini və onların inanclarının nə olmasını tədqiq etmək lazımdır. Qeyd etdiyimiz kimi, Azərbaycan teatr tarixinə dair bütün əsərlərdə yuğ mərasimləri faciə janrının Azərbaycandakı ilkin forması kimi qəbul olunmuşdur. Buna görə də, yuxarıda qoyduğumuz suallar yalnız teatrımızın deyil, ümumilikdə tariximizin vacib məsələlərindəndir.

Bildiyimiz kimi, qədimdən bəri türklərin Azərbaycan ərazisinə üç böyük axını olub: sakların gəlişi (e.ə. VIII — VII əsrlər), hunların gəlişi (II — V əsrlər) və səlcuq oğuzlarının gəlişi (XI — XII əsrlər). Yuğ haqqındakı mənbələrdə sadəcə türk sözü işlədilməyən hallarda hunların adı çəkilir. O da məlumdur ki, hunlar gəldikdən sonra Azərbaycan ərazisində onların gəlişindən öncə yaşayan türkdilli tayfalara da hun deməyə başladılar. Həmçinin qeyd etmək lazımdır ki, tarixçilərimiz bu üç böyük köçdən əvvəl qədim Azərbayhanın aborigen tayfalarının əsas etibarilə türkdilli olmaları fikrindədirlər. Bunu qədim Manna adlarının təhlili sübut edir. Burada belə bir sual yaranır: yuğ mərasimləri konkret olaraq Azərbaycan ərazisinə II — V əsrlərdə köçən hunların, yoxsa ümumilikdə bir çox türk qəbilələrinin mərasimi olub? Məsələ bundadır ki, sual yalnız yuğ mərasimlərinin hun, yoxsa başqa qəbilələrə məxsus olmasında deyil, onların xalq, yoxsa məkanla bağlı olmasından ibarətdir.

Məsələnin bu cür qoyulması bir çoxlarına qəribə də görünsə, deməliyik ki, bu mövzu ilə bağlı qaranlıq məqamlar yox deyildir. Belə ki, yuğ mərasimlərinin hunlara və «türk» sözünün işlənməyə başladığı dövrdən sonra isə ümumilikdə bir çox türklərə məxsus mərasim olduğu dəqiq məlumdur. Çünki bu barədə konkret yazılı abidələr mövcuddur. Bunlardan da əlavə, yuxarıda qeyd etdik ki, Azərbaycan ərazisində türkdilli qəbilələr hələ saklardan və hunlardan öncə də mövcud idilər və ola bilsin, onların da ölübasdırma mərasimləri olmuş, bu mərasimlər də «yuğ» adlandırılmışdı. Sadəcə olaraq, bu barədə Azərbaycana aid yazılı məlumatlarımız yoxdur. Kifayət qədər böyük ərazilərdə yaşayan türklərin hunlardan öncəki dövrdən qalan «ibtidai ağı» nümunələri sözsüz ki, mövcuddur. Məsələ bu nümunələrin bilavasitə Azərbaycan teatrının institussionallıqdan öncəki dövrünə təsir etmiş fakt olub-olmamasındadır.

Bu məsələni araşdırmaq üçün biz, çox güman ki, yuğ mərasimləri haqqında mövcud və mümkün bütün informasiyanı özündə ehtiva edən iki kitaba istinad edəcəyik. Bunlardan biri Mahmud Allahverdiyevin «Azərbaycan xalq teatrı tarixi», o birisi isə Mirəli Seyidovun «Azərbaycan xalqının soykökünü düşünərkən» əsərləridir. Hər iki əsərdə yuğ mərasimləri, əsasən, eyni məzmunda nəzərdən keçirilir. Bu əsərləri fərqləndirən əsas cəhət müəlliflərin yuğ mərasimlərini hansı problemlə əlaqədar araşdırmalarındadır. Belə ki, Mirəli Seyidov yuğ mərasimlərinin Azərbaycanda peyda olmasını bilavasitə hunlarla bağlayır. Bundan əlavə, qədim hunların teatr ənənəli olmalarını xatırlayır. Burada qəribə heç nə yoxdur: dünyanın ən qədim teatrlarından sayılan Çin teatrı onlarda maraq oyatmaya bilməzdi (xunların qərbə köç etməsi və yerli qəbilələrlə birləşməsindən hunlar yaranmışdı ki, bunlar artıq tamamilə yeni bir xalq sayılırdı).

Mahmud Allahverdiyev isə yuğları sırf Azərbaycan teatr ənənələri çərçivəsində nəzərdən keçirir. Bu səbəbdən də yaxın qeyri-türk qonşuların da ağı mərasimlərinin tamaşaya çevrilməsində rol oynaya biləcəklərini nəzərə alır. Belə ki, müəllif Esxilin «Farslar» faciəsində Kserksin «Sinənə vur, Midiya mahnısını oxu, saç yolub paltarını dart, üz-gözünü cırıb fəryad et» — sözlərini xatırladaraq ağı mərasimlərinin qədim Azərbaycan, İran və Hindistan üçün xarakterik olduğunu söyləyir. Əbdürrəhim bəy Haqverdiyev də yuğ haqqında yazarkən bu mərasimlərin yunanların Dionis və cavalıların (yavalıların) Budda üçün ağlamaqlarına oxşadığını qeyd edir. Yəni bu tipli yas mərasimlərini haqqında söhbət açdığımız yuğla müqayisə etmək çox maraqlı olardı. Daha doğrusu, maraqlı olan bilavasitə mərasimlərin müqayisəsi yox, yunanların, eləcə də uzaq şərqlilərin dini dünyagörüşlərinin artıq professional teatra necə keçməsi, burada necə təzahür etməsi olardı. Bununla yanaşı, yuğ mərasimlərinin professional teatra keçəcəyi təqdirdə bu prosesin hansı qanunauyğunluqları əks etdirəcəyinə dair paralellər aparmaq daha maraqlı nəticələr verə bilər.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 18 may.- S.13.