«Mən Muradlar
övladıyam»
Şirvan aşıq sənəti ilə
bağlı yeni kitab
işıq üzü görüb
Araşdırmaçı
Yaqut Bahadurqızının «Mən Muradlar övladıyam»
kitabı işıq üzü görüb. Kitabın
redaktoru filologiya elmləri namizədi Elxan Məmmədlidir.
Kitabda Şirvan aşıq mühitinin tanınmış sənətkarı,
əməkdar mədəniyyət işçisi Aşıq
Ağamurad Mərzəngəlinin ömür yolundan,
yaradıcılığı və sənətkarlıq
xüsusiyyətlərindən söz açılır. Eyni
zamanda ziyalıların, sənət dostlarının onun
haqında fikirləri oxuculara təqdim olunur. Yaqut Bahadurqızı
kitabın girişində yazır: «İşlədiyim AMEA
Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Aran
Regional şöbəsində tez-tez maraqlı tədbirlər,
ədəbi-bədii məclislər, yubiley, təqdimat mərasimləri
keçiririk. Bu məclislərin çoxu ustad
aşıqlarımıza,
el sənətkarlarına
həsr olunur. Yəqin folklor tədqiqatçısı
olduğumdan irəli gəlir bu münasibət. Bu məclislərin
sözü-söhbəti, sorağı xeyli müddət gəzir
dillərdə. Çünki məşhur xanəndələr,
ustad aşıqlar, görkəmli alimlər, şairlər,
yazıçılar olur qonaqlarımız. Sazın,
sözün, muğamın hikməti zinət verir məclislərimizə.
Məclislərimizə hər zaman aşıq Ağamurad
şuxluq gətirər. Ən vacib işini, xeyir-şərini
ertələyər, məclislərimizdən, dəvətimizdən
qalmaz, özü də təmənnasız».
Kitabın
redaktoru Elxan Məmmədli yazır ki, Şirvan aşıq məktəbi
qədim köklərə söykənən şərəfli
bir yol keçib: «XIII yüzilliyə söykənən mənbələrdə
adları keçən Şirvanlı Molla Qasım, bir qədər
sonralar aşıq Paşa, XVIII-XIX yüzilliklərdə
aşıq İbrahim, aşıq Oruc, Kolanlı Mustafa, XX
yüzilin əvvəllərində Şirvan aşıq məktəbinin
atası sayılan, repressiya qurbanı Mirzə Bilal kimi ustad
ozanlar həqiqətən Şirvan
aşıqlığının sarsılmaz
sütunlarıdır. Bu ölməzlər haqqında
zaman-zaman araşdırıcılarımızın
yazdıqlarından oxumuşuq. Ancaq Şirvan
aşıqlığının tarixi mənzərəsini
daha aydın təsəvvür etmək üçün
çox işlər görmək gərəkdir. Repressiya
qurbanı Salman Mümtazın başladığı, ancaq
obyektiv səbəbdən axıra çatdıra bilmədiyi
bu mövzu aktuallığını bu gün də itirməyib.
Ancaq bu sahədə görülənlərə kölgə
salmaq fikrindən çox uzağıq. Uzun illər
çiyin-çiyinə çalışdığım «Dəmir
Mürsəl» təxəllüslü müharibə əlili
mərhum Mürsəl Mürsəlovun yazdığı
«Şirvanlı Mirzə Bilalın həyat və
yaradıcılığı» ilə bağlı
dissertasiyası, filologiya elmləri doktorları, professor Əzizə
Cəfərzadə, Cəfər Cəfərzadə, Rafael
Hüseynov, Seyfəddin Qəniyevin araya-ərsəyə gətirdiyi
onlarla kitablar Şirvan aşıq məktəbinə
güzgü tutan yorulmaz tədqiqatçı əməyinin məhsulu
kimi çox qiymətlidir. Son 10-15 ildə Şirvan
aşıq məktəbinin görkəmli nümayəndələri
ilə bağlı ciddi tədqiqatlar aparan alimlərimizdən
filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun və
jurnalist Tofiq Abdullayevin xidmətlərini də qeyd etməyi
özümə borc bilirəm. Bu sahədə daha çox cəfakeşliyi
ilə seçilənlərdən biri də filologiya üzrə
fəlsəfə doktoru Yaqut xanım Bahadurqızıdır.
Yaqut xanımın böyük can yanğısı ilə
Aşıq Əhməd Rüstəmovun həyat və sənətinə
həsr etdiyi kitabı ona ilk alim şöhrəti gətirdi.
Şirvan aşıq məktəbinin görkəmli nümayəndələri
ilə bağlı yazdığı məqalələr, nəşr
etdirdiyi kitablar, təşkil etdiyi tədbirlər (Aşıq
Əhməd, Aşıq Şakir, Aşıq Mirzə Bilal,
Aşıq Əhliman, Şirvanlı Mahmud Ağa, Həsrət
Hüseynov, Eynulla Cəbrayılov və b. təşkil etdiyi
tədbirlər) bu gün də xatırlanmaqdadır. Kitab
Şirvan aşıq məktəbinin çağdaş dəyərli
nümayəndələrindən biri, kamil ustad dərsi
almış istedadlı aşığımız Ağamurad
İsrafilova həsr olunub.
Oxucular
kitabı səhifələdikcə aşığın həyatı,
yaradıcılığı və Ağamurad pərəstişkarlarının
ürək sözləri ilə yaxından tanış
olacaqlar. Aşıq Ağamurad elini-obasını,
doğulduğu Mərzəngəli kəndindən
başlayaraq böyük Azərbaycanımızı
canı-dildən sevən bir vətənpərvərdir.
Aşıq Ağamurad ustadı Aşıq Rzaya və onun
şəxsində tanıdığı bütün
ustadların adlarını uca tutmaqdan qürur duyan cavan
aşığımızdır. Aşıq Ağamurad sənətə
başladığı ilk illərdən el məhəbbəti
qazanmağı bacardı. Bu, həm müsbət keyfiyyətlərlə,
həm də Ağamuradın silsilə zənguləli, zəngin
havacatlı olması ilə bağlıdır. O, bir
çoxları kimi təkcə Şirvan aşıq məktəbinə
məxsus olan hava və havacatlarla kifayətlənməyib, qərb
aşıq məktəbinin havacatlarına da kifayət qədər
bələddir. Dəfələrlə Ağamuradın «Orta
sarıtel», «Baş sarıtel», «Mirzəcanı», «Dübeyt»,
«Qaraçı», «Qəhrəmanı» və s. havaları
mükəmməl şəkildə ifa etdiyinin şahidi
olmuşam. O, ustadlarından öyrəndiyi xalq
dastanlarımızın bir neçəsini tamam-kamal mənimsəyən
və bununla da aşıqlığımızı ürəklə,
qeyrətlə yaşadan, bundan sonrakı ömründə də
böyük uğurlara imza atmasını
arzuladığımız aşığımızdır».
Yaqut
xanım yazır ki, Şirvan aşığının
başqa aşıq mühitlərindən fərqliliyi,
özünəməxsusluğu onun muğam sənəti ilə
sintezindədir. Xanəndə öz kiçik ansamblı — tar,
kaman, qaval üçlüyü, aşıq isə saz,
balaban, nağara üçlüyü ilə ayrılıqda
fəaliyyət göstərsə də, sonralar bir-birinə
yaxınlaşıb, qaynayıb-qarışıb,
doğmalaşıb, böyük bir ansambl şəklində
formalaşıb. Getdikcə müasirləşən
ansambllarda aşıqdan, balabançıdan,
nağaraçıdan başqa ayrıca olaraq xanəndə,
zurnaçı, dəmkeş, qoşanağaraçı da fəaliyyət
göstərib. Şirvan aşıqlarının bəstələdikləri,
yaratdıqları saz havalarının sayı 20-dən
artıqdır. «Peşrov», «Şəşəngi», «Şirvan
şikəstəsi», «Əlicadi», «Sarıtorpaq şikəstəsi»,
«Qocaman şikəstə», «Qara qafiyə», «Qobustani»,
«Cığdan çıxmaz», «Ordubadi», «Gəraylı» və
s. aşıq mahnıları əsrlərlə Şirvan məclislərinin
bəzəyi olub.
Aşıq
Ağamurad 1988-ci ildən sərbəst aşıq kimi el məclislərində
çıxış edir. Həmin vaxtdan Azərbaycanın
bütün bölgələrini qarış-qarış gəzib,
özünə çoxlu pərəstişkarlar qazanıb. Səsi-sorağı
radio dalğalarından, televiziya kanallarından, festivallardan gələn
aşıq Şirvan aşıq mühitinin dastan, havacat
repertuarına hərtərəfli yiyələnib, Şirvan
aşıq məktəbini yaşadan uluların, dədələrin
ruhunu sahdan qərib düşməyə qoymayıb.
Şagirdləri Amil Çingizoğlunun, Rza Məmmədovun
aşıq kimi yetişməsində səylərini əsirgəmir.
O, ifaçı aşıq olmaqla yanaşı
yaradıcılıqla da məşğul olur. 2009-cu ildən
Azərbaycan Aşıqlar Birliyinin Şirvan şöbəsinə
rəhbərlik edir.
Aşıq
Ağamuradın ədəbi irsi üzərində
müşahidələrdən aydın olur ki, onun özünəməxsus
poetik üslubu xalq şeirinin bütün mükəmməl ənənələrini
özündə birləşdirməklə yanaşı,
poetik gücünü xalqımızın qəhrəman
keçmişi, mənəvi dəyərlərimiz, yurdun
gözəllikləri, vətən və millət sevgisindən
alıb.
O, həm
özündən qabaq yaradılanları, həm də öz
yaradıcılığını yaddaşında qoruyur,
yaddaşlara ötürür, yayır, ona sosial mahiyyət
qazandırır. Bu mənada o, informasiya
daşıyıcısı və əsl sənətkardır.
Aşıq Ağamurad Azərbaycan dastanlarından on birini
bilir və onların Şirvan variantlarını məclislərdə,
el şənliklərində yüksək sənətkarlıqla
söyləyir. Aşıq Ağamuradın musiqi
yaradıcılığı da var. «Qara qafiyə»,
«Güllü şəşəngi», «Yayma peşrev» və s.
Şirvan havacatlarına yeni nəfəs verib, ilk olaraq o,
ekranda, efirdə səsləndirib. O, hələ cavandır,
yaradıcılığının çiçəklənən
dövründədir».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 21 may.- S.14.