Ailədə zorakılığa məruz qalan qadınlar
Belə qadınların sosial
hüquqları pozulmaqla yanaşı cəmiyyətdə
özlərinə yer tutmaq imkanları məhdudlaşdırılır
Hər
gün ətrafımızda nə qədər çətinliklər
içində yaşayan ailələr və bu ailələrdə
problemləri çiynində daşıyan, eyni zamanda həyat
yoldaşının daimi psixoloji zorakılığına
tuş gələn qadınlar görürük. Qadın
anadır, sevgi və şəfqət abidəsidir. Zərif
görünüşünün altında gizlətdiyi bu iki
güc ona həm həyat yoldaşının sevgi və
etimadını qazanmaq, həm də övladları ilə bir
yerdə xoşbəxt bir yuva qurmaq üçün kifayətdir.
Yetər ki, yanında olan həyat yoldaşı haqqını
unutmadığı kimi ağılını da unutmasın. Hər
kəs sağlam və təhlükəsiz ailə münasibətlərinə
layiqdir.
BMT-nin
«Gender inkişafda» layihəsi çərçivəsində
19-60 yaşında qadınlar arasında aparılan sorğu
respondent qadınların 37 fizinin zorakılığa məruz
qalması faktını aşkara çıxarıb. Hadisələrin
58 faizi ailədə, 32 faizi ata evində, 10 faizi ictimai həyatda
(işdə, küçədə) baş verib.
Ailədə
zorakılıq deyərkən adətən ər (arvad) və
ya partnyor tərəfindən baş verən fiziki təsir nəzərdə
tutulmur, eyni zamanda bu, böyüklər tərəfindən
uşaqlara edilən fiziki təsirlərə də aid edilir.
Feministlər təsdiq edirlər ki, ailədə
zorakılığın, qadınlara münasibətdə ev
zorakılığının kökləri həyatın
patriarxal quruluşunda idi, bu quruluşda kişilərə
qadınlar üzərində hakimiyyət verilmişdi.
Qadından itaətkarlıq gözlənilir, çox zaman
qadın özü mənəvi cəhətdən tabe rolunu
yerinə yetirməyə hazır olur.
Hüquq
mühafizə orqanlarının qeyri-effektiv fəaliyyəti,
zorakılıq qurbanlarını qorumalı olan sosial
institutların olmaması, zorakılıq faktlarının
kütləvi müzakirəsinin qadınlar tərəfindən
təkidlə rədd edilməsi qadınların hüquq
mühafizə orqanlarına müraciət etməkdən
çəkindirir. Aparılan monitorinqlər göstərir ki,
Azərbaycanda qadınlara qarşı zorakılıq
faktları çoxalıb. Statistikaya əsasən, hər il
Azərbaycanda yaşı 17-43 arasında olan 100 qadın
döyülməkdən ya şikəst olur, ya da
dünyasını dəyişir. Bu fakt özü
qadınlara qarşı zorakılıq faktlarını
araşdırmağa əsas verir. Azərbaycanda bu cür həlak
olan qadınların 73 faizi əri və ya qanunsuz nikahda
olduqları kişilər tərəfindən
öldürülür. Hər il 4 minə yaxın qadın
evdə ağır şəkildə döyülür, hər
gün 1000-ə yaxın qadın fiziki zərbələrə
tuş gəlir. Qadınların 28 faizi əri tərəfindən
mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin
40 faizində isə ər heç olmasa bir dəfə
arvadını döyüb. Təəssüf ki, Azərbaycanda
qadınların döyülməsi ilə bağlı
kişilərin 52 faizi hesab edir ki, «qadın döyülürsə,
deməli, buna layiq nəsə edib». Qadınların 24 faizi isə
bu qorxunc düşüncəni paylaşır. Yeniyetmə
qızların 17 faizi mütəmadi depressiyalara mübtəla
olur. Həmin qızların 3 faizi nə zamansa intihar edə
biləcəyini istisna etməyib.
Tədqiqatlar
onu da göstərir ki, hər 6 azərbaycanlı qadından
biri əri tərəfindən döyülür. Döyülən
qadınların 45 faizi ərinin «hücum»larına məruz
qaldığı vaxt ya hamilə, ya da azyaşlı uşaq
anası olub. Qadınların 90 faizi ya öz valideynlərinin,
ya da qohumlarının arasında yaşanan «ailə
haqq-hesab»larının şahidi olub. Azərbaycanlı
qadınların 36 faizi onlara nə zamansa əl
qaldırmış həyat yoldaşlarına bu və digər
formada haqq qazandırır. KİV-dən toplanan
informasiyaları tədqiq edərkən belə qənaətə
gəlmək olar ki, məişət zəminində baş
verən münaqişələrin 36,5 faizi (31 fakt) sosial
problemlərin təsirindəndir. Məişət zəminində
baş verən cinayətlərin 60 faizi uşaq və yeniyetmələrin
gözü qarşısında törədilir. Bu isə
sonradan uşaqların fiziki və psixi inkişafına mənfi
təsir göstərir. Ailədə zorakılıq cinayətlərinin
analizi göstərir ki, cinayətkarların 68,5 faizi
zorakılığın hökm sürdüyü ailələrdə
böyüyüb. Fiziki zorakılıqla üzləşən
qadınların 20 faizi ümumiyyətlə bu barədə
heç bir zaman heç kəsə danışmır, məlumat
vermir. Aldıqları xəsarətlərin nəticələrinə
baxmayaraq, qadınların çox az bir qismi rəsmi surətdə
səhiyyə, polis orqanlarına və ya fərdi şəkildə
səlahiyyətli şəxslərə, dostlarına və
ailə üzvlərinə yardım üçün
müraciət edir.
Tədqiqatlar
göstərir ki, təhsil səviyyəsi aşağı
olan kişilər ailədə zorakılığa daha az meyl
göstərir. Bəlkə də bu, onunla əlaqədardır
ki, belə insanlar adətən, az maaşlı işlərdə
çalışdıqlarından tələbləri elə də
yüksək olmur. Fiziki zorakılığa ən az məruz
qalan qadınlar ali və natamam ali təhsillilər, eləcə
də, həyat yoldaşı ali təhsilli olanlardır. Lakin
qeyd etmək lazımdır ki, ailədə zorakılıq ər-arvadın
öz təhsillərindən daha çox, onların təhsil
səviyyələri arasındakı fərqlə əlaqədardır.
Ailədə zorakılıq hallarının sayı kişilərin
təhsil səviyyəsinin yüksəlməsi ilə əhəmiyyətli
dərəcədə dayişir. Daha yüksək təhsilli
kişilərə (16,3%) nisbətən orta təhsilli
kişilər zorakılığa daha çox meyllidirlər
(25,1%). Bakalavr dərəcəsi olan qadınların 64,3 faizi
səbəbi nə olursa olsun, ailədə
zorakılığı bəyənmir. Lakin ibtidai və orta təhsilli
qadınlar zorakılığa daha dözümlü
yanaşmağa meyl göstərirlər. Tədqiqatlara görə,
kənddə yaşayan qadınlar ən çox 21-30
yaşları arasında zorakılıqdan əziyyət
çəkir (24,14%), 31-40 yaşlılar arasında isə
zorakılıq nisbəti 16,1 faizə düşür. Nikahda
olanlar arasında ən müdafiəsiz qrup 21-30
yaşlılardır. Onların, ehtimal ki, uşağı
olmur, iqtisadi vəziyyətləri nisbətən zəifdir və
onlar bütün ailə tərəfindən güclü
patriarxal nəzarət altında olurlar. Şəhərdə
yaşayan qadınlar arasında ən çox
zorakılığa məruz qalanlar 41-50 yaşlılar, ən
az zorakılığa məruz qalanlar isə 21-30
yaşlılardır. Qadın Krizis Mərkəzinin rəhbəri
Mətanət Əzizovanın sözlərinə görə,
ötən il ərzində mərkəzə 908 qadın
zorakılıq faktı ilə bağlı müraciət
edib. Müraciətlər arasında birinci yerdə psixoloji
zorakılıqlar durub. Artıq fiziki zorakılıq ikinci
sıraya düşüb: «Psixoloji zorakılıq ona görə
birinci yerdədir ki, digər bütün növ
zorakılıqlarla da bağlılığı var.
Döyülmə ilə bağlı zorakılıq daha
çox həyat yoldaşı tərəfindən olur. Amma
qayınana və ya baldızla baş verən münaqişələrdə
də döyülmə faktları olur». Psixoloji
zorakılığın nəticəsində qadınlarda daha
çox özünə qəsd etmək fikirləri
yaranır. Depressiya, qorxu, yuxusuzluq problemi ortaya
çıxır. Eyni zamanda, bəzən qadınların həddən
artıq kökəlməsi də psixoloji zorakılığın
təzahürüdür. Psixoloji zorakılığa məruz
qalan qadınların arasında daha çox yeməyə
başlayanlar və nəticədə kökələnlər
də az deyil: «Ola bilsin ki, insan öz həyat yoldaşına
heç əl qaldırmasın. Amma öz hərəkətləri
ilə psixoloji zorakılığa səbəb olur. Bizə müraciət
edən qadınlardan biri öz həyat yoldaşının
hansı günlərdə ona zorakılıq tətbiq edəcəyini
müəyyənləşdirdiyini deyirdi. Belə ki, ərinin
gözündə parıltı gördüyü günlərdə
rahat nəfəs aldığını, bu
parıltının olmadığı günlərdə isə
onun tərəfindən müxtəlif təzyiqlərə məruz
qalacağını bildiyini deyirdi».
Mətanət
Əzizova psixoloji zorakılıqdan kişilərin çox
istifadə etdiyini bildirdi: «Adətən ər tərəfindən
qadına belə fikir aşılanır ki, sənin həyatının
mənası yalnız mənəm. Mən olmasam, küçədə
qalacaqsan. Və yaxud da boşanmaya cəhd etsən, dəlixanaya
saldıracam. Polisə müraciət etsən və ya kiməsə
danışsan, uşaqları əlindən alacağam.
Qadının heç kim olduğu, valideynlərinin evində
adam yerinə qoyulmadığı kimi sözlər də
çox işlədilir. Bu yolla onun başına elə bir fikir
yeridilir ki, əgər həmin insan olmasa, qadın, doğrudan
da, məhvə məhkum olar. Bu isə ona gətirib
çıxarır ki, qadın işgəncəyə məruz
qalsa da, öz həyat yoldaşına müqəddəs
varlıq kimi baxmaqda davam edir. Həyatını onsuz təsəvvür
edə bilmir».
Mətənət
xanım qadının kişidən maddi cəhətdən
asılılığının psixoloji zorakılığa
münbit şərait yaratdığını da bildirdi.
Hansı
vasitə ilə olmasından asılı olmayaraq
zorakılıq qəbuledilməz faktdır və ailədə
zorakılığın hansı növündən istifadə
olunmasından asılı olmayaraq nəticə eyni olur.
Qadın özünü lazımsız insan hesab edir. Son nəticədə
depressiya və intihar meylləri yaranır. Amma söhbət
hüquqi yanaşmadan gedirsə, psixoloji zorakılıq
zamanı faktları üzə çıxarmaq çətin
olur: «Əgər fiziki zorakılıq varsa, nəticə əldə
etmək daha asandır. Bu zaman məhkəməyə
müraciət etməklə cəza tətbiq etmək olar.
Döyülmə faktı zamanı hansısa izlərin
qalması qaçılmaz olur. Amma psixoloji və ya iqtisadi
zorakılıq elədir ki, elementlər görünmür.
Qanunda psixoloji zorakılığın hansı elementlərlə
bağlı olduğu sadalanmır, belə bir termin yoxdur. Buna
görə də psixoloji zorakılıq törədənlərə
qarşı faktlar tapmaq çətin olur. Bu baxımdan da
hüquqi baxımdan psixoloji zorakılığa məruz qalma
daha ağır hesab olunur. Çünki bunun cəzası
yoxdur».
Mətanət
Əzizova seksual zorakılıq faktları ilə müraciət
edənlərin sayının artdığını da
bildirdi: «Bir neçə il bundan əvvəl seksual
zorakılığa görə çox nadir hallarda müraciətlər
olurdu. Bu gün isə bu məsələ ilə bağlı
müraciət edənlər çoxalıb. Seksual
zorakılıqla psixoloji zorakılığın əlaqəsi
yaranıb. Nəticədə bu cür zorakılığa məruz
qalanlar bizə daha çox psixoloji yardım almaq
üçün müraciət edirlər. İkinci ciddi incə
bir problem yaranıb. Bu problemə QHT və jurnalistlər də
az müraciət edirlər. Söhbət uşaqların
seksual zorakılığa məruz qalmasından gedir. Həqiqətən,
problem bu gün Azərbaycanda mövcuddur. Ötən il bizə
bununla bağlı 7 müraciət olub. Bir neçə il
bundan əvvəl bu cür müraciətlər sensasiya kimi qəbul
olunurdusa, bu gün artıq biz buna zorakılığın bir
elementi kimi baxırıq. Belə ki, qadınlar və
uşaqlar zorakılığa məruz qalan tərəflər
kimi qəbul olunurlar. Uşaqlarla bağlı əsasən
analar müraciət edirlər. Maraqlı məqamlardan biri də
odur ki, müraciətlər dağılmaq, boşanmaq ərəfəsində
olan ailələrdən gəlir. Onlar daha çox psixoloji
yardım üçün müraciət edirlər.
Uşaqların psixoloji vəziyyətində problem
gördükləri üçün. Polisə isə qətiyyən
müraciət etmək istəmirlər».
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 22 may.-
S.11.