«Bozoxu» havası
«Şahsevəni», «Əfşarı»,
«Şah İsmayılı»,
«Misri Koroğlu»… Hər bir aşıq
havasının dərin
qatlarında keçmişin
neçə-neçə açılmamış
səhifəsinin, tarixin
keşməkeşli olaylarının
işartısı gizlənir…
Ənənəvi aşıq havalarının
mənşəyini araşdırarkən
bir daha belə qənaətə gəlirsən ki, bəzi hallarda incəsənət nümunəsi
tarixi sənədlərlə
müqayisədə ötüb-keçmiş
dönəmlər haqqında
daha dolğun təəssürat yaratmaq
iqtidarındadır. Bəlkə məhz
elə bu səbəbdən birbaşa
bizim etnogenetik yaddaşımıza ünvanlanan
aşıq havaları
varlığımızın ən dərin qatlarına sirayət edərək, bəzi hallarda rasional üsulla çətinliklə
ifadə oluna biləcək həqiqətləri
bizə aşılayır?
«Bozoxu Koroğlu»… Bəzi çağdaş aşıq
mühitlərinin təmsilçilərinin
repertuarında qorunub-saxlanılmış
bu havanın genetik kökləri, zənnimizcə, türksoylu
xalqların etnik tarixinin ən dərin qatlarına gedib çıxır.
Oxucuların diqqətinə təqdim
etdiyimiz bu yazının əsas məqsədi fərziyyə
şəklində irəli
sürülən həmin
müddəanı etnomusiqişünaslıq
nöqteyi-nəzərindən əsaslandırmaqdan ibarətdir.
Araşdırmamızı havanın adının
etimoloji təhlilindən
başlamaq məqsədəuyğun
olardı.
Türk dilləri tarixinin ən əski çağları ilə
bağlı olan bu sözün bir neçə semantik yozumu mövcuddur. VII-XIII əsrlərə
aid olan qədim türk yazılı abidələrin leksikası
əsasında tərtib
edilmiş lüğətdə
«buzuq» sözü iki anlamda təqdim
edilir: 1) pozulmuş, dağılmış (məsələn,
«buzuq ev»
); 2)oğuz tayfalarının
adı kimi. Xatırladaq ki, oğuz mənşəli
bozoklar Azərbaycan, Anadolu, Türkmənistan türklərinin və b. xalqların soykökünün
formalaşmasında iştirak
edən qəbilə birləşmələrindən birinin adıdır.
Mahmud Kaşqarinin məşhur
«Divani-luğat-it türk» əsərində
«qırıq», «yıkık»
mənalarında işlənilən
«bozuk» sözü ilə yanaşı «bozla» sözü də yer almışdır
ki, onun da «səs vermək»,
«bağırmaq», «bozlamaq»
semantik çalarları
mövcuddur. Səciyyəvidir ki, polisemantizmi
ilə seçilən
«bozlamaq» felinin məna çalarlarından
biri də «Kitabi-Dədə Qorqud» boylarında qorunub saxlanılmışdır. «Mərə qız,
nə ağlarsan, nə bozlarsan ağa deyü» misrasında «bozlamaq» feli «ucadan ağlamaq»
mənasında işlənmişdir.
Təbii
ki, «Bozoxu Koroğlu» havasının
semantik məzmununu bilavasitə həm onun ifaçılıq özəllikləri ilə,
yəni yüksək tessiturada zil səslə ifa olunması ilə, həm də «Koroğlu» eposunun verbal mətnində rast gəlinən «pozmaq», «dağıtmaq» felləri ilə bağlamaq mümkündür. Hətta bu
tarixi semantikanın qanunları nöqteyi-nəzərindən
təbii bir hal kimi də
qəbul edilə bilər. Lakin düşünürük ki, təhlil etdiyimiz havanın mənşəyini, onun genetik qaynaqlarını qədim türk etnoslarından biri ilə əlaqələndirmək
elmi baxımdan daha düzgün olardı. Onu da qeyd edək ki, elmi
ədəbiyyatda «Bozoxu
Koroğlu» havasının
etnik mənsubiyyətinə
dair artıq müəyyən fikirlər
söylənilmişdir. Məsələn, professor Sədnik
Paşayevin fikrincə,
«Bozoxu» Boz oq»un təhrif
olunmuş forması hesab etmək olar. Tədqiqatçının
«Azərbaycan xalq yaradıcılığının inkişafı» əsərində
qeyd olunduğu kimi, «saz havaları
içərisindəki «Bozuğular»
ozan qopuzundan qopmuş ilk musiqi sədalarıdır ki, əsrlərdən bəri
zənginləşə-zənginləşə
«Bozuğu» və «Koroğlu bozuğu» kimi bitkin aşıq
melodiyalarına çevrilmişlər.
İç oğuz — Boz
oq və eləcə də Daş oğuz — Üç oq ellərinin coğrafi mövqeyinə və mühitinə uyğun qopuzda çalınan «Bozaq» (mahal, el havası) olduğu kimi, əcdadı Qazan xan olan
Koroğlunun da Çənlibelə uyğun
sazda çalınan «Koroğlu bozuğu» («Bozoq Koroğlu»su) havası yaradılmışdır».
Gördüyümüz kimi, tədqiqatçı
birmənalı şəkildə
bizim günlərə
qədər gəlib çatmış «Bozoxu» havasının mənşəyini
oğuz qəbilələrindən
olan «Boz oq»larla bağlayır.
Yeri gəlmişkən qeyd edək ki, Bozoqların
«Kitabi — Dədə Qorqud» dastanlarında adı çəkilən
İç oğuzlarla
identifikasiyası haqqında
fikirlər digər Azərbaycan alimləri tərəfindən də
irəli sürülmüşdür.
Ş.Cəmşidovun «Kitabi — Dədə
Qorqud» mətninin təhlili nəticəsində
gəldiyi qənaətə
görə, «İç
oğuz — Boz oqdur, Daş oğuz — Üç oqdur. Deməli, oğuzun başçısı,
hamisi «Boz oq»du, ona tabe
olan hissəsinin başçısı isə
«Üç oq»da olmalıdır».
Qədim
türklərin mifik təfəkkürünü araşdıran
M.Seyidovun fikrincə isə, «əski oğuzlar dual təşkilat
quruluşunun qanuna dayanaraq toplunu, cəmiyyəti — soyu, eləcə də yaradılışı iki
hissəyə bölmüşlər
İki soy — Bozoq, Üçoq (adlarındakı
«oq» tərkibi oxşarlıq, «boz», «üç» isə ayrılıq əlamətidir),
iki qoyun (ağ, qara), iki tam əks istiqamətli (sağ, sol) yurddakı ikilik, tam əks istiqamətlərin
olması adi, təsadüfi deyil, əfsanə yaradıcısı
ozanın istəyinin nəticəsi deyil. Bu, dual təşkilat quruluşunun əksliklər
görüşü ilə
səsləşir. Bu
durum yuxarıda sadalanan
quruşların, görüşlərin
oğuzların həyatında,
məişətində oynadığı
rolun əksi, təkzibolunmaz təzahürüdür».
Sonucda tədqiqatçının gəldiyi
qənaətə görə,
Bozoqların bir adı İçoğuz,
Ağqoyun, Üçoqların
isə Dışoğuz,
Qaraqoyun olmuşdur.
Aparılan araşdırmalar
kontekstində M.Seyidovun
aşağıdakı mülahizələri
xüsusi önəm daşıyır: «Bizcə,
Dədə Qorqud boylarındakı «Bozoq» adının önündəki
«boz», bir sıra bilicilərin dedikləri kimi, «bozmaq» (lomat) — dan deyil, boz(rəng)dandı. Bozoq, yəni Ülgenə məxsus «oq» deməkdir».
İçoğuzların (Ağqoyunluların)
türk xalqlarının
tarixi arenasında oynadığı önəmli
rolu nəzərə alaraq onların əcdadları olan bozoqların adına
ozanlar tərəfindən
hava həsr edilməsi (aşıq leksikonunda «hava bağlanması») təsadüfi
hal kimi qiymətləndirilməməlidir. Mənşəyi bozoqlarla bağlı
olması ehtimal edilən bu hava zamanın qaçılmaz təsirinə
məruz qalsa da, müxtəlif modifikasiyalara uğrasa da, arxetipik xüsusiyyətlərini
qoruyub saxlaya bilmişdir.
Oktay
Xalq Cəbhəsi.- 2013.- 22 may.- S.13.