45 yaşlı Səs Yazıları Arxivi

 

Burada Güney Azərbaycan və Türkiyənin mədəni-ədəbi mühitinə dair səs yazıları da mühafizə edilir

 

Milli Arxiv İdarəsinin nəzdində fəaliyyət göstərən Səs Yazıları arxivinin yaradılmasından 45 il ötdü. Arxivin direktoru Yaqub Mədətovu sözün gerçək mənasında öz işinin fanatı saymaq olar: arxiv yaranandan bəri burada çalışır, ömrünü gerçəkdən bu işə fədakarcasına həsr edib, hər bir qiymətli səs, görüntü sorağı ilə bağlı qayğılanıb,

nüsxəsinin, surətinin arxivdə olması, sabaha çatması üçün

çalışıb. Bu kimi fədakarlıqlar 45 il yaşı olan nadir Səs Yazıları arxivinin yaşamasına, var olmasına, onillər ərzində ayaqda qalmasına səbəb oldu. Arxiv əməkdaşlarının hamısını işinə məsuliyyətlə yanaşan gördüm. Şəxsən mənim üçün belə insanların varlığı qiymətlidir. Ona görə ki, millətimizin arxiv yaratmaq, onu qorumaq, artırmaq ənənəsi hələ də istənilən dərəcədə yaşarı deyil. Söhbət ayrı-ayrı fərdlərin arxiv işinə məsuliyyətlə yanaşması gərəkliyindən gedir.

Xalq o zaman var olur ki, fərdlərin yaratdıqları millətin böyük mənada təsdiqi olur. Əlbəttə, hər sıradan yaradılan arxiv sorağı sayıla bilməz. Arxivlə bağlı o soraqlar qəbul edilir ki, milli-xəlqi, dövləti əhəmiyyətə malik olsun.

Zəngin ruha, mədəniyyətə, həyatın hər sahəsində özünəməxsus yaradıcılığa malik Azərbaycanda müxtəlif istiqamətli arxivlər fəaliyyət göstərir və bunların hamısında

zənginliklə fərqliliyin vəhdətini görmək olur. Səs Yazıları Arxivinin tamamilə fərqli yönü qaçılmaz gərəkliyi ilə diqqəti çəkir. Arxivin direktoru Yaqub Mədətov bildirir ki, yarandığı vaxtdan arxiv ölkəmizin ictimai, siyasi, mədəni həyatını əks etdirən səs və video yazılarını toplayıb saxlamaq kimi vacib bir işlə məşğuldur: «Arxivin səs yazıları ötən yüzilin əvvəlindən bu günə kimi olan dövrü əhatə edir. Tarixi abidələrlə yanaşı səs və video yazılarının da qiymətli arxiv sənədləri kimi mühafizəsinə dair Nazirlər Kabinetinin göstərişi var. Dövlət Səs Yazıları Arxivi Respublika Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən 6 dövlət arxivləri arasında ən gəncidir, MDB məkanında ikinci arxivdir (ilk belə arxiv 1967-ci ildə Rusiyada təşkil edilib). Digər sənədlərdən fərqli olaraq bizim arxivin istər sənədlərinin qeyri-ənənəviliyi və istərsə də şifahi tarix kimi özünəməxsus xarakterik özəlliyi var. Ümumiyyətlə isə arxivlərin hamısı həmişə eyni məqsədə xidmət edib: tarixi sənədlərin, stenoqramların, daş kitabələrin, qayaüstü təsvirlərin, əlyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların, kolleksiyaların qorunmasına, mühafizə edilərək gələcək nəslə çatdırılmasına çalışılıb. Səs Yazıları Arxivinin qarşısında duran əsas məqsəd isə Vətənimizin ictimayi-siyasi həyatını, tarixini, elm və mədəniyyətini özündə əks etdirən bədii və sənədli audio-video sənədləri, habelə dövlət, siyasi və ictimai xadimlərinin çıxışlarının müxtəlif səs və video daşıyıcılarında olan yazıları, müharibə və əmək veteranlarının, elm və incəsənət xadimlərinin, ölkəmizə gələn xarici qonaqların səs və video yazılarını toplayıb onların dövlət mühafizəsini təmin etmək kimi vacib vəzifə qoyulub. Mühafizəxanalara, iş otaqlarına nəzər yetirdikcə köhnə qrammofon vallarının, karton qutularda səliqə ilə saxlanılan foto sənədlərin, videoyazıların, qədim musiqi qutusu, patefon, qrammofon, əsrimizin son nailiyyətləri olan audio və video cihazları, bir sözlə, dünənlə bugünü qovuşduran bu ecazkar səs xəzinəsinin sehrinə düşürsən. Bu müqəddəs səs xəzinəsində neçə-neçə görkəmli şəxsin canlı səsi, nəfəsi yaşayır. Elm, incəsənət, siyasət, bir sözlə, nadir şəxsiyyətlər və tarixi hadisələr haqqında yazılan ən dolğun kitablardan, söylənilən ən gözəl xatirələrdən yaxşı qorunub saxlanılan fotoşəkillərdən daha təsirli, daha qiymətlidir bu foto və video sənədlər. Çünki bu səslərdə həmin insanlar, həmin tarixi anlar dirilirlər, canlıdırlar».

Arxivin ən qədim sənədi XIX əsrin ikinci yarısına aiddir. Bərk sıxılmış deşikli kartondan olan bu val «Herafon» adlı cihazda səsləndirilir. Valın kənarında rus dilində mürəkkəblə Ştrausun «Qaraçı Baronu» və «Mazurka-polka» sözləri qeyd edilib, Mirzə Fətəli Axundzadənin dəst-xəttidir. Hadir val Şəki şəhərindən, dramaturqun ev-muzeyindən gətirilib: «Yola saldığımız yüzilin əvvəllərində milli musiqimizi xüsusi bir mərhələyə qaldıran, başqa xalqlara çatdıran çox istedadlı sənətkarlar fəaliyyət göstərib ki, onlardan qalan yadigarlar mədəni irsimizin əvəzsiz sərvətlərindəndir. İlk axtarışlar arxiv əməkdaşları üçün gözlənildiyindən də uğurlu oldu və qısa müddət ərzində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammofon valları əldə edildi. Onlar ötən əsrin əvvəllərində dünyanın müxtəlif səsyazma şirkətləri — İngiltərənin Riqa şəhərində fəaliyyət göstərən məşhur «Qrammofon», Parisin — «Pete» qardaşları, Almaniyanın Varşava şəhərindəki «Sport-Rekord», eləcə də Kiyevin «Ekstrafon», Tbilisinin «Monarx-Rekord», Bakının «Qrammofon-Rekord» və başqa səhmdar səsyazma şirkətləri tərəfindən istehsal edilmiş qrammofon vallarıdır ki, onlarda Azərbaycan musiqisinin korifeyləri Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev (Şəkili Ələsgər), Məcid Behbudov (Rəşid Behbudovun atası), Seyid Şuşinski, Musa Şuşinski, Mirzə Güllər xanım, İslam Abdullayev (Segah İslam), qəribə taleli xanəndə Seyid Mirbabayev, Zabul Qasım, Məşədi Hilal Zeynalov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Həmid və Əsgər Malıbəyli qardaşları, məşhur tarzənlərdən Şirin Axundov (Salyanlı Şirin), Mirzə Fərəc, Qurban Pirimov, Mansur Mansurov, Cəmil Əmirov (bəstəkar Fikrət Əmirovun atası) və bir çox başqalarının ifasında muğam, mahnı və el havaları əbədiləşib. Sayı 1500-ə qədər olan belə sənət inciləri arxivin «Qızıl fondu»nun əsasını təşkil edir, hamısı 1901-1914-cü illər arasında yazılıb. Arxivin əməkdaşları uzun illərdən bəri unudulmuş bir çox sənətkarların sorağına düşərək onlardan yadigar qalan sənət incilərini tapıb üzə çıxarıblar. Məşhur xanəndə Mirzə Güllər xanım, xanəndə Aslan, Musa Səfərov, Qasım Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazılanlardan biri Əbdülqədir Cabbarov (Qədir bala), o zamanlar üçün nadir peşə sayılan qarmonçalan Məmmədtağı və başqaları belə sənətkarlardandır. Belə tapıntılar arxivin fondlarını zənginləşdirdiyi kimi mədəniyyət tariximizin araşdırılmasında da xüsusi əhəmiyyət kəsb edir. Dini mövhumatın hökm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllər xanımın taleyinə diqqət yetirək. Zamanəsinin haqsızlıqları gənc qızı doğma Cavad kəndindən, ata evindən qaçmağa məcbur edir. Əyninə kişi paltarı geyərək el şənliklərində Mirzə Güllər adı ilə, sönməz bir eşqlə oxuyan bu sənət fədaisinin səsi sonralar Şamaxı, Gəncə, İrəvan və başqa şəhərlərdən gəlir.

Artıq xeyli məşhur olan Mirzə Güllər Kiyevə dəvət edilərək «Monark-Rekord» Səhmdar Səsyazma Cəmiyyəti 1914-cü ildə onun ifasında «Mirzə Hüseyn Segahı», «Bayatı-Şiraz» muğamlarını, «Yeri, dam üstə yeri» və başqa el havalarını qrammofon valına yazdırır. Təəssüf ki, axtarışlarımız zamanı onun yalnız bir valını tapa bildik. Lakin axtarışlar zamanı onu şənliklərdə, toyda-mağarda görənlərin bir neçəsi ilə söhbətləşdik və xeyli məlumat əldə etdik. Sonralar alim- yazıçı mərhum Əzizə Cəfərzadə xanəndənin keşməkeşli həyatından bəhs edən «Bir səsin faciəsi» romanını yazdı».

O dövrün mühüm hadisələrindən biri də səhnə əsərlərinin qrammofon valına yazılması olub: «1914-cü ildə Varşavanın «Sport-Rekord» şirkəti Zülfüqar Hacıbəylinin «Əlli yaşında cavan» və «Evlikən subay» əsərlərindən parçaları görkəmli səhnə ustası Hacıağa Abbasovun ifasında vala yazıblar. Müəllifin «Əlli yaşında cavan» əsəri beş, «Evlikən subay» əsəri isə iki valdan ibarətdir və arxivin nadir fono sənədləri kimi qorunub saxlanılır. Maraqlıdır ki, burada xalq artisti Hacıağa Abbasovla barəbər əsərin müəllifi Zülfüqar Hacıbəyli də iştirak edib. Azərbaycan teatr tarixi və onun ilk yaradıcılarına dair səs və video yazıları arxiv fondlarında xüsusi yer tutur. Burada Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Fatma Qədri, Ağadadaş Qurbanov, Ülvi Rəcəb, Hökümə Qurbanova, Kazım Ziya, Hacıağa Abbasov, Ağasadıq Gəraybəyli və daha neçə-neçə ölməz sənətkarlarımızın səsi, coşğun səhnə fəaliyyətləri arxivin nadir incilərindəndir».

Arxivin fondlarında «Ədəbiyyat» bölməsi daha zəngindir: «Güney Azərbaycan və Türkiyə Cümhuriyyətinin mədəni-ədəbi mühitinə dair mühafizə edilən xeyli miqdarda qiymətli səs yazıları mühüm əhəmiyyət kəsb edir. Arxivdə digər fono sənədlərlə yanaşı Güney Azərbaycanın və Türkiyə aşıqlarının da xeyli audio-video yazıları qorunur. Son illərin məlum hadisələri ilə əlaqədar olaraq «Qanlı Yanvar», «Köçkünlər», «Qarabağ hadisələri» kimi fondlar da yaradılıb. Qondarma «Dağlıq Qarabağ» probleminin ciddiliyini nəzərə alan arxiv əməkdaşları, havadarlarının köməyilə erməni daşnakları tərəfindən öz ata-baba torpaqlarından vəhşicəsinə qovulan azərbaycanlıların ah-naləsi, onların ittihamları, hətta uşaq hıçqırtısını belə lentə alıblar. 1973-cü ildə DQMV-in 50 illiyinə həsr edilmiş təntənəli yığıncağın lent yazısına qulaq assaq, Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu və ermənilər buraya köçüb gələndən sonra xöşbəxt yaşadıqlarını onların öz dilindən eşidirik».

Dövlət Səs Yazıları Arxivi öz profilinə görə ölkəmizdə yeganə elmi-metodiki mərkəzdir: «Səs yazıları qiymətli tarixi mənbə, geniş dinləyici kütləsinə təsiretmə dərəcəsinə görə əvəzsiz təbliğat materialıdır. Səs yazılarına tələbat gündən-günə artır və onlardan istifadə genişlənir. Arxivin audio-video materiallarından radio və televiziya verilişlərində, kinofilmlərin çəkilişində, müxtəlif yığıncaq və bayram tədbirlərində, xatirə və yaradıcılıq gecələrində, elmi işlərdə, muzey sərgilərində və sair tədbirlərdə istifadə edilir. Arxivin fondlarını yeni sənədlər hesabına zənginləşdirmək işin bir tərəfidir. Əsas və vacib məsələ isə onların mühafizəsini təmin etməkdir. Əgər qoruyub saxlaya bilmirsənsə, onu toplamağın heç bir mənası yoxdur.

Elə bu məqsədlə də sənədlərin mühafizəsi yönündə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bunlardan ən vacibi tabeliyində olduğumuz Milli Arxiv İdarəsinin maliyyə dəstəyi ilə fono-video sənədlərin xüsusi proqramla rəqəmsal formata keçirilməsidir. Respublika arxiv sistemində ilk olaraq bu çox gərəkli işə biz başlamışıq və hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono sənədin və 20 mindən artıq video süjetin 40%-ə qədəri artıq rəqəmsal formatda SD və DVD disklərinə köçürülüb və bu iş müntəzəm olaraq davam etdirilir. Məqsədimiz yaxın bir neçə il ərzində tam elektron arxiv yaratmaqdır».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 22 may.- S.14.