Azərbaycan və Anadolu musiqisi

 

Son illərdə musiqi elmində Azərbaycan və Türk musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqələrinin öyrənilməsinə həsr olunmuş araşdırmalar sübut edir ki, bu iki mədəniyyət arasında çoxtəbəqəli ümumi fond mövcuddur. Hər bir konkret mədəniyyət baxımından bu fondun müxtəlif səviyyədə reallaşdırılması özünü büruzə verir. Hazırda söhbət həm Azərbaycan, həm də Anadolu türk mədəniyyəti ənənələrinin vahid türk məkanına aidiyyəti məsələsindən, hər iki mədəniyyətdə eyni janr-üslub kompleksinin fəaliyyətindən, həmçinin, qohum nitq-intonasiya genofondundan gedir.

Ümumiyyətlə, Azərbaycan və Anadolu türklərinin musiqi ənənələrinin oxşarlığı, hər şeydən əvvəl, onların uzun əsrlər boyu bir coğrafi ərazidə yaşamaları ilə bağlı olaraq, tarixi talelərinin ümumiliyindən irəli gəlir və bu iki xalqın mənəvi mədəniyyətinin oxşarlığını şərtləndirir.

Orta əsrlər dövründə Azərbaycan və Anadolu türkləri vahid dövlətdə yaşayırdılar. Ümumi düşmənlərə — yadelli işğalçılara qarşı birgə mübarizə aparırdılar. Coğrafi mühitin yaxınlığı bu iki türkdilli xalqın təsərrüfat fəaliyyətinin, məişətin təşkilinin ümumi tipinin formalaşmasına gətirib çıxardı. Hər iki türkdilli xalqın mənəvi həyatı da eyni adət-ənənələr üzərində inkişaf etmişdir ki, bu da əsasən eyni dini və mənəvi əsaslarla, əxlaqi tələblərlə bağlı idi. Eyni dini təsəvvürlər həmçinin ümumi zövqün, yaşayış qaydalarının müəyyən olunmasında vacib şərtlərdəndir. Mənəvi etik normaların oxşarlığı da buradan yaranmışdır. Mədəniyyət də məhz vahid dil mühiti çərçivəsində formalaşıb təşəkkül tapmış, bununla belə dil və şifahi xalq yaradıcılığı sahəsində etnik özünəməxsusluq qorunub saxlanmışdır.

Tədqiqatçı Qiyasəddin Qeybullayevin qənaətinə görə, Azərbaycan dilinin müasir dialektləri, əsasən XII-XIII əsrlərdə səlcuq-oğuz və monqol işğallarından sonra meydana gəlmişdir. Beləliklə, «Azərbaycan dili səlcuq-oğuz dillərinə yaxın bir dilə çevrilmiş və onu türk, türkmən, qaqauz dillərinə yaxınlaşdıran cəhətlər əldə etmişdir».

Azərbaycanın cənub-qərb zonasının qədim türk toponimlərinin təhlili və digər türk xalqları ilə müqayisə olunması sayəsində tədqiqatçı L.Hüseynova onları bütün türk dünyasına xas mədəni, dini və mifoloji təsəvvürlərlə bağlayan xüsusi bir təbəqənin mövcudluğunu üzə çıxarmışdır.

Ümumtürk kontekstində qədim Azərbaycanın bədii simvollarının genetik mənşəsi F.Əfəndinin tədqiqatlarında öz əksini tapmışdır. Müəllif qeyd edir ki, bədii simvolların timsalında türk dünyasının ümumetnik dünyagörüşünə xas mənəvi və maddi mədəni abidələrin yaranmasını görürük.

Bundan əlavə, musiqi elmində türk xalqlarının musiqi mədəniyyətinin müqayisəli-tipoloji tədqiqat metodologiyası formalaşmışdır. Adı çəkilən nəzəri konsepsiyanın müəllifi R.Məmmədova yazır: «Qeyd etmək lazımdır ki, türkdilli xalqların musiqi əlaqələrinin yaranması və bu əlaqələrin genetik əsasının izahı türk musiqi sisteminin vahidliyini və monolitliyini üzə çıxarmaqla yanaşı, onun ayrı-ayrı komponentlərinin tam surətdə xarakterizə olunmasına imkan verir».

Ümumtürk mədəniyyətinin tarixən formalaşması prosesinin araşdırılmasının ilkin sahəsi Azərbaycan və Türk musiqisidir. İki xalqın musiqi ənənələrinin tarixi qarşılıqlı əlaqələrinin öyrənilməsi onların janr sisteminin qeyri-adi dərəcədə identik olduğunu üzə çıxarır. Bu baxımdan, lirik, toy mərasim, tarixi mahnıların və aşıq musiqisinin məzmun və bədii cəhətdən qohumluğu diqqətəlayiqdir. R.Məmmədovanın fikrincə, janr sisteminin uyğunluğu mühüm genetik köklərin mövcud olmasını sübut edir. Bunlar həm Azərbaycan, həm də Türk folklorunun ən dərin qatlarından qidalanaraq, bu xalqların dünyagörüşünün formalaşması ilə bağlıdır.

Bununla yanaşı, türk etnosunun mədəniyyəti kontekstində Azərbaycan və türk xalqlarının mərasim ənənəsinin müqayisəli öyrənilməsi onların struktur baxımından oxşarlığını üzə çıxarır. İki qardaş xalqın mərasim ənənəsinin səciyyəvi cəhəti türk regionunun mədəniyyəti çərcivəsində onlara məxsus tipik vəziyyətlərin və sabit formulların, süjet uyğunluğunun toplanmasından ibarətdir. Eyni zamanda, oxşar formullar və tipik süjet motivləri yüksək dərəcədə variasiya imkanlarına malik olub, söz və intonasiya ifadəliliyi baxımından müəyyən interpretasiyaya məruz qalır. Bu halda ümumilikdə ənənəvi üslub fonu saxlanılır.

Burada Azərbaycanın mərasim mədəniyyətinin tədqiqatçısı S.Fərhadovanın aşağıdakı fikrini xatırlatmaq yerinə düşərdi: «Müxtəlif millətlərə xas mərasimlərin yaxınlığı həm də dərin özünəməxsus cəhətlərə malikdir. Hər bir xalqın mərasimləri öz köklərinə görə vahid mənbəyə malik olmaqla yanaşı, onların milli tarixi inkişafı ilə də sıx bağlıdır və milli-səciyyəvi cəhətlərini: psixologiyasını, dil xüsusiyyətlərini, coğrafi şərait, iqlim, ictimai-iqtisadi quruluşla bağlı cəhətləri, eyni zamanda, təkrarolunmaz, fərdi, yalnız ona xas olan simasını əks etdirir».

Azərbaycan və Anadolu türklərinin mərasimlərində musiqi folklorunun janr məzmununu bir çox cəhətdən eynilik təşkil edir. O cümlədən, iki musiqi ənənəsinin türk mənbələri ilə genetik əlaqələrini əks etdirən intonasiya tipoloji modellər də eynidir. Məsələn, Azərbaycan və Anadolu türklərinə məxsus toy mərasimlərinin musiqi folklorunun müqayisəli öyrənilməsi nəticəsində tədqiqatçı C.Nəsirova ümumi, birləşdirici qanunauyğunluqları üzə çıxara bilmişdir.

Qeyd etməliyik ki, Azərbaycan və Anadolu türklərinin mərasim musiqi folklorunda janr qohumluğunun parametrlərinin öyrənilməsi musiqi dilinin xüsusiyyətləri ilə sıx bağlıdır. Bütün bu xüsusiyyətlərin dərindən araşdırılması musiqişünaslığın qarşısında duran həlli vacib məsələlərdəndir. Eyni zamanda, milli folklorun mühüm tərkib hissəsi olan xalq rəqslərinin bu baxımdan araşdırılması dəyərli nəticələr verir.

Parlaq milli xüsusiyyətlərə malik, xalq musiqi-poetik mənbələrindən qidalanan aşıq yaradıcılığının öyrənilməsi də türkdilli xalqların musiqi mədəniyyətləri arasında qohumluq əlaqələrinin tədqiqi baxımından dəyərli mənbədir. Belə ki, Azərbaycan və Anadolu aşıq sənəti — mifologiyadan tutmuş qəhrəmanlıq eposlarına kimi, ozan yaradıcılığından başlayaraq, aşıq sənətinə kimi böyük inkişaf mərhələlərindən keçmişdir. Hər iki xalqın mədəni mühitində «aşıq» sözünün eyni mənaya malik olaraq qorunub saxlanması və istifadə olunması bunu əyani şəkildə sübut edir. Təbiidir ki, Azərbaycan və Anadolu türk aşıq sənətlərindəki eyni cəhətlər iki musiqi ənənəsinin qohumluq dərəcəsini müxtəlif səviyyələrdə üzə çıxaran zəruri dəlillərlə zəngindir.

Azərbaycan və Anadolu türklərinin musiqi mədəniyyətlərinin qohumluq ənənələrinin üzə çıxarılmasında önəmli olan sahələrdən biri də şifahi ənənəli professional musiqidir. Şərq xalqlarının şifahi ənənəli professional musiqi sənəti kontekstində Azərbaycan və Anadolu musiqisinin araşdırılması, onlar arasındakı qarşılıqlı əlaqələrin müqayisəli tədqiqi musiqi elmində böyük diqqət tələb edən problemlərdəndir. Şifahi ənənəli musiqinin əsasını təşkil edən ciddi qayda-qanunlar, janrların oxşar cəhətləri, musiqi dilinin lad-intonasiya, melodik, ritmik və digər xüsusiyyətlərinin uyğunluğu Azərbaycan və Anadolu türklərinin ümumi köklərini, eləcə də onların vahid türk dünyasında mövcudluğunu bir daha vurğulamağa imkan verir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 24 may.- S.13.